MESSENCER          

2

Bir zaman vətəndən beş aya gedən,
Hər kəsi yaxınlar qərib bilirdi.

Şəkli asılırdı yuxarı başdan,
Qərib canına da and içilirdi.

 

Məktub yazılırdı hər gün az qala,
Marka çıxardanı qarğıyırdılar.

Məktubu gətirən muştuluq alar,
Məktub saxlanardı ipək sarıqda.

 

Hərdənbir, Novruzda Yeni ildə ya,
Zəng sifariş verib danışardılar.

Bir kəlmə deyən tək ana ağlayar,
Kövrəlib ağlardı o başdakı da…

 

İndi messencerlər…rabitə müftə,
Yox yaxın ya uzaq indi dünyada.

Zəng elə, haranı ürəyin istər,
Yaxının, əzizin düşən tək yada.

 

De necə yatırsan, necə yeyirsən,

De haran ağrıyır, necə ağrıyır.

Göstərə bilərsən, ayıb deyilsə,
Ağrıyan yerini, pis nə var axı…

 

 

Göstər mebelini, yatacağını,
Kamera önünə yığ uşaqları.

Göstər küçənizi, qapı-bacanı,

Göstər fərasətlə yığıdığın varı…

 

 

İndi nə qəriblik… Yurdunu hər an.
Sənə göstərərlər canlı yayımda.

Daha qəriblikdən üzülmür insan,
Yox daha qəribi qərib sayan da.

 

 

Ayrı azar olur…Sovxanın adı,
Dilin ucundadır… Hə, depressiya.

Bilmirsən qəlbini nədir sızladan,
Küsür iştahınsa çörəyə, suya…

 

 

Danışa bilsəydim anamla indi…

“Məmə, azarlısan? Haran ağrayır?”

“Heç yerim… Yaxşıyam…” anam deyəndi,

Susardıq, ikimiz birdən ağlayıb…

 

28. 02. 2020, Samara