HEÇ ZAMAN HEÇ NƏYİ ARZULAMADIM…

U LENİ. KİNO

Pay ala bilməzdik özgə əlindən,

Qonşuda da çörək, çay qadağandı.

Ağlımız kəsəndən deyərdi lələm:

“Çox insan suyu da başa qaxandı”.

 

 

Kişinin zəhmi də elə ağırdı,

Qorxardım yay günü su alıb içim.

Elə bil hər yerdən mənə baxırdı,
Su da boğazımda olurdu pərçim.

 

 

Sonralar çıxmadı qorxu canımdan,
Daş kimi uduldu özgə tikəsi.

Mənə haram oldu doğma bacımdan,
Doğma qardaşımdan alıb nə yesəm…

 

 

Ayrı istəklər də içimdə qaldı,
Nə şöhrət dilədim, yüksəliş nə də.

Heç nəyi heç zaman arzulamadım,
Bəlkə təvazödür, qorxu bəlkə də.

 

 

Bunusa lələm yox, demişdi Tanrım:

“Dövlət də, övlad da fitnədir sənə…”

Çəkindim Tanrıdan, bəlkə utandım,

Yayındım ev-eşik, mal həvəsindən…

 

16. 02. 2000, Samara