ŞAPQA

salyan 2009

         1960-cı illər

Salyanın abırlı küçələrində.

“Şapqa” dükanının neçəsi vardı,

Yanından kimin ki, yolu keçərdi,

Hökmən şapqalarda gözü  qalardı.

 

 

Dükan qabağından səhər ertədən,
Şapqa asılardı əlli də, yüz də.

Müxtəlif ölçüdə, diametrdə,
Bahalı da vardı, vardı ucuz da.

 

 

O vaxt şapqalıydı hamının başı,
Ciddi qınanardı şapqasız gəzən.

Kişinin belində gərək qayışı,

Başda da şapqası olaydı hökmən.

 

 

 

Bazarı gur idi şapqaçıların,

Sifariş il boyu, həmişə vardı.

Oğlan uşaqları ayaq açcağın,
Tumançaq gəzsə də, şapqa qoyardı…

 

 

Kişi qeyrətinə əsil rəmz idi,

Çoxuna əzizdi bəlkə başından.

Şapqaya nalayiq kim nə desəydi,

Bıçaq çıxacaqdı, axacaqdı qan.

 

Raykom katibləri, prokurorlar,
Hakimlər və  başqa vəzifəlilər —

Başa şapqa qoyan deyildi onlar,
Panama, şlyapa qoyub gəzirlər.

 

 

Dik furajka qoyur başına milis,
“Qırmızıpapaqlı” deyir ona xalq.

Kimə yaxın gəlsə, qızır şapqası,
Az qalır qayışı belindən sala…

 

 

Panamalı görür – çaşır şapqalı,
Yapışır ətinə köynəyi tərdən.

Boybuxunlu igid, bığı, saqqalı — 

Məmur qabağında titrəyir nədən…

 
Yolum oralara düşərdi bir vaxt,

Başaçıq gedirdim, ya da papaqlı.

Şapqa dükanları görmədim, ancaq,
Görən mənə baxdı əyri, qınaqlı….

 

18.02. 2020, Samara