Архив | 22.02.2020

SƏKÇƏ

U LENİ. KİNO

1960-cı illər

               

Yay günü Salyanda  olanlar  bilir:

İnsan diri-diri bişir istidən.

Altdan alov dəlir ayaqlarını,

Aramsız, amansız od yağır üstdən.

 

 

Əvvəl tər isladır küçədəkini,

Paltarı əynində əskiyə dönür.

Sonra su bədəndə  tükənib gedir,

Sinənin, üzünün duzu görünür.

 

 

Sanki Xeyir və Şər dünyasındasan,
Ölürsən, bir damla suyun möhtacı.

Gözünü verərsən bir udum suya,

Hanı Şər, tuluğun ağzını aça?

 

 

Tindən uşaq çıxır səkçə əlində,
Ağac kömürü tək qara və kövrək.
Cin çıxır gözündən, Şər deyil hərçənd,

Yanana su verən mələkdir, mələk!

 

 

İt yalasa, doyar üzündə kiri,

Rəngi köynəyinin gedib haçandan.

Nemətdir, dərmandır səkçəsindəki:

Elə bil şərabla dolur stəkan!

 

 

Beş qəpik…on qəpik… alıb içirsən,
Ayıldır səkçənin suyu, dirildir.

“İlahi, min şükr!” deyib keçirsən,

Uşaq səkçəsini qaldırıb gedir…

 

 

Su satan salyanlı… səkçəli uşaq…

Kimin haqqı çatar qınaya axı?
Ölkə eləydisə, eləydisə xalq,

Nə günahı vardı zirək uşağın?

 

 

Torpaq zəngin idi, çörəksə qıtdı,
Təzək yandırırdıq neft, qaz olsa da.

Qızmarda bir qurtum su axtarırdıq,
Ölkəmiz həmişə sudan bolsa da…

 

 

Heykələ layiqdir səkçəli oğlan,
Özü də şəhərin düz ortasında.

Bəli, səkçədə su satırdı Salyan,
Dadlı heç nə yoxdu o sərin sudan…

 

22. 02. 2020, Samara