Архив тегов | qocalıq haqqında şeir

YETMİŞİN ÜSTÜNƏ BİR İL DƏ GƏLDİ…

            

qardaşlarımın, bacılarımın xatirəsinə…

 

Yetmişin üstünə bir il də gəldi,

Saydır bu ömürdə təkcə möhtəşəm.
Evim yanmasaydı, elə bilərdim,
Bu ildə bir gün də yaşamamşam.

 +

Özüm can atmadan və gözləmədən,
Mən bütün ehtimal hədləri keçdim.

Bacı-qardaşlardan çox yaşadım mən,
Hamıdan böyüyəm – qəribə işdir…

+
Ailə süfrəsi  başında sanki,
Yenə oturmusan bardaş quraraq,
Qabına qoyulub ən ləziz tikə,
Yeyirsən, baxmırsan heç kimə ancaq…

 22. 11. 2024, Samara

 

QOCALIQDA ƏKSİN

İYUL 2023

Qocalıq ki, gəlir, baş açmır insan:

Bayırın dəyişib, içdən həminsən.

Haçan ki, güzgüyə çaşıb baxırsan,
Tanıya bilmirsən gördüyün əksi.

 +

Dəhşətə gətirir duruş, həm sifət,
Gözlərinə axıb canındakı su.

Nə rəğbət doğurur, nə də mərhəmət,
Mərhəmət diləmir  o da, doğrusu.

 +

(Ayna qabağında beləcə heyvan,

Tanımır kimindir gördüyü şəkil.
Əksinin üstünə olur atılan,
Tanıyıb atılıır bəlkə, kim bilir…)

 +

Qarşına düşmənin çıxıb elə bil,
Qeyzlə güzgüdən üz çevirirsən,

O da həmin anda çəkilib gedir,
Xəcil və məyussan ancaq indi sən.

 +

Yüz il yaşayasan, içində gəncsən,
Bayırın tanınmaz haldadır ancaq.

Hər kəsin gözündə görünür əksin,
Necə güzgülərdən qaçasan uzaq…

 

06.11. 2024, Samara

İQOR SEVERYANİN. QOCALAN ŞAİR

ИГОРЬ СЕВЕРЯНИН

Qocalan şair…İki sözdə iki məna var

Birinci sözdə qış var. Yazdır ikincisində.

Sevinc gətirmir bizə bəzən hətta ağuşlar,
Yazsa həmişə yazdır, necə qüssəlisə də.

 +

Qocalan şair… Kədər var bu yanaşılıqda!

Hələ yetişəcəksə misraların meyvə tək,
İlhamın şiddətindən ürəyin xəstə halda —

Məşəqqətdir yaşamaq, duymaq və nəğmə demək…

 +

Qocalan şair… yenə kipriklərində nəm var,

Səsini təlaş sıxır, içində ah çəkirsən.

Tez-tez yuxuna girir görmədiyin qadınlar,

Görüşsən hansıyla da, şübhələnirsən hökmən…

 +

Qocalan şair… Zərif, sadəlövh və həlimdir,

Asılı olmayaraq yaşdan, gəncdir həmişə,

İşvəkar qarılara daha çox bənzəmirmi

Qocalan şair, eşqi  çevirən pərəstişə?

1933

ruscadan tərcümə

21-22. 10. 2024, Samara

 +++++++++++++++++

ИГОРЬ СЕВЕРЯНИН

СТАРЕЮЩИЙ ПОЭТ

Стареющий поэт… Два слова — два понятья.
Есть в первом от зимы. Второе — все весна.
И если иногда нерадостны объятья,
Весна — всегда весна, как ни была б грустна.
Читать далее

71 YAŞIN TAMAMINA

İqlim dəyişimindən,

Tapılmaz danışmayan.
İnanan döyüşdədir,
İnanmayanla çoxdan.

 +

Iqlim dəyişiminə,

İnansam da arabir,

Elə ki, üşüyürəm,

İnamım itib gedir…

 +

Ağalar və xanımlar!

İqlim iqlimlimliyində,

Ondan önəmli iş var,

Aktualdır  həlli də.

 +

Zaman! Zaman dəyişir!

Sürət ikiqat artıb,

Ayrı cür hərlənir Yer,

Həminki deyil artıq.

 +

Həminki deyil saat,
Gün həminki gün deyil.

Gecə başını at yat,

Səhər durdun – keçib il!

 +

Qırx beş-əlliyə indi

On beş ilə çatırsan,

Əlli elə dünəndi,

İndi neçə? Ay aman!

 +

Duyğuların enable,

Libido yerindədir.

Bu, error ola bilər –

Yetmiş, yetmiş bir nədir?!

+

 Yeri birlə yeddinin,

Düşüb bəlkə dəyişik?

Səhvi düzəldək indi,

Eləyək redirection!

24. 09. 2024, Samara

ANNA AXMATOVA. «SÜKUTDUR HƏMİŞƏ YALNIZ HAY VERƏN…»

Anna_Axmatova

Haçan çağırıram adəti üzrə,

Əziz adlarını dostlarımın mən,

Cavab gözləyirəm mən hədər yerə,

Sükutdur həmişə yalnız hay verən.

1943

 

Когда я называю по привычке
Моих друзей заветных имена,
Всегда на этой странной перекличке
Мне отвечает только тишина.

+++++++++++++++++++++++

 

Qəlbin ki zəngindir – təkrar eləmə,

Haçansa və kimsə deyəni heç vaxt.

Poeziya, ola bilər ki, amma,
Özü bir sitatdır – möhtəşəm sitat.
1956

Не повторяй — душа твоя богата —
Того, что было сказано когда-то,
Но, может быть, поэзия сама —
Одна великолепная цитата.

 ruscadan tərcümə

10. 03. 2024, Samara

…EV №26, DOSTUM CƏFƏRƏ

Elə həminkiyəm, bilmək istəsən,

Sıravi qocanın adi həyatı.

Pensiya ödəyir rus hökuməti,

Çatar boğazacan yeyib-içməsən.

 +

Rus davam eləyir müharibəyə,
Yekdil dəstəkləyir Putini də xalq,

Milyonlar ölümə gedir qalxaraq,
Kim ayrı söz desə, gedir türməyə.

 +

Mən heç danışmıram — ayrı söz nədir! —
Dilim dinc həmişə, başım aşağı.

Ya “bəli” deyərən, ya “yox” uzağı,

Sükut içində də günlərim gedir.

 +

Ömür də uzandı gözlənilmədən,
Gün var, həvəssə yox gün keçirməyə,

Bilmirsən cəzadır yoxsa hədiyyə.
Bu haqda özün nə fikirdəsən sən?

 +

Yetişdim yetmişə — bu rəqəm çətin,
Ali riyaziyyat məsələsindən.
Dolaşıb qalıram, çünki kütəm mən,
Qəlbdə, həm beyində ağrısa kəskin…

 +

Doğrultdum əsaslı şübhələrini,

Mənə əzizlərin və yaxınların,

Qaçmadım dalınca adın və varın,
Haqlıdır “uğursuz” görənlər məni.

 +

Təkcə uzaq deyil, yaddır həm Vətən,

Unudulur, ölür nə yazıramsa.
Özüm yaşayıram, canlııyam, sağam,

Nə etmək, belə bir klassikəm mən…

07.11. 2023, Samara

«ELƏ Kİ, QOCALDIN…»

20230721_135628

Elə ki, qocaldın, çevrilir bədən

Döyüş meydanına; başlanır ağır
Tankların üstündən keçidi birdən.

Aramsız  mərmilər, bombalar yağır.

 +

Bu hələ nədir ki – görünməz əllə,

Düzülür içinə partlayıcıylar,

Nə yaradan bəlli, göndərən nə də,
Üstündə kiminsə nə də adı var.

 +

Eləsi mürəkkəb, eləsi sadə,

Vardır hər birində amma vaxt sayan.

Kim həssassa əgər kifayət qədər,

Saatın səsini eşidir hər an,

+

Yığılır başına itehkamçılar,

Baxırlar ki, nədir içindəkilər.
Elə yerində məhv ediləni var,
Eləsinə dəysən, dağıdıb tökər.

 +

Partlayıcılarla dolu içimiz,
Müxtəlif trotil ekvivalentli.

Sarsılır, partlayır, dağılıırıq biz —

Yaradan, göndərən bəlli deyildir…

 

11.09. 2023, Samara

“YADDAŞ ADLI XƏZİNƏN GEDƏ, QALASAN AĞLAR…”

U LENİ. KİNO

 Rahat ölənlərin də guya öz yatağında,
Fərqlənmir ölümləri o qədər də qətldən.

Yuxudan ayılmadan ölsən də, ya qəfildən,
Məşəqqətin bitməyib ölüm ayağında da.

 +

Sarsıdılır ayağın, əlin də sarsıdılır,
Danışmaq çətinləşir, əyilməsə də ağzın,

Min hoqqadan çıxırsan, azalmır ancaq ağrın,
Bütün tələbatların kimdənsə asılıdır.

 +

Zindana dönür otaq, qəfəsə dönür yataq,

Səkməyin, uçmağın yox, daha qıvraq deyilsən,

Pəncərədən baxırsan, boynunu bura bilsən,

Dustaqlıq yaşayırsan sanki qətldən qabaq.

 +

Vay halına üstəlik qarət də ediləsən,
Ən qiymətli nəyin var, alına, aparıla,
Yaddaş adlı xəzinən gedə, qalasan ağlar,
Niyə ağladığını ancaq bilməyəsən sən.

 +

Tanrı dəftərindədir nə etsək, nə törətsək,

Bəs bizə edilənlər? Elə buna görə mən,

Şəxsiyyəti müəyyən olunmamış şəxsdən,

Fikrim var bir ərizə göylərə yazam gərək…

 

20. 07. 2023, Samara….

 

 

 

ÖLƏRİK – GÖRƏRİK…

U LENİ. KİNO

Bir zaman “yaşarıq – görərik” deyən

İnsan o həddinə gəlir həyatın,

Gəlişi növbəti hətta saatın,
Şübhəli görünür özünə bəzən.

 + 

Ay nədir, il nədir… sabahkı günə,
Yox əzmin nəyisə planlayasan.

Eşitsə (ya görsə?) Baş plan yazan,
Güman edirsən ki, güləcək sənə…

 +

Həmişə sabahkı günə tələsdik,

Yaşayıb illəri, onillikləri.

Yaxşılı-pislidir gördük hər biri,

Təzəni görməkdən ümidi kəsdik.

 +

Salaraq səsinin yoğun yerinə,

Mənə axirətdən danışan insan!

Sən özün dediyin yerdə olmusan? –

Ölərik – görərik… nə deyim sənə…

 09. 07. 2023, Samara

«QƏFİL GƏLMƏSƏ DƏ BİZƏ QOCALIQ…»

2021 лето

Qəfil gəlməsə də bizə qocalıq,
Gözlənilməz olur, sarsıdır hətta.

Hər gün özümüzdə azar tapırıq,

Vurnuxur, çıxırıq min hoqqadan da.

 —

Onlayn həkimlər, həkimxanalar,

İynə, dava-dərman, türkəçarələr.

Cürbəcür pəhrizlər sınaqdan çıxar.
Orucluq – taqətdən düşənə qədər.

 —

Birdən cin elə bil bizə buyurar  —

Qaçarıq – parklarda, yol qırağında.

Sprinterə dönüb quş tək uçan var,
At kimi çapan da, yorğa gedən də.

 —

Qaçırıq, qanrılıb dala baxmadan,

Eşitməsək də səs, duyuruq hənir.

Qəlbdə, əzalarda artır həyəcan:

Dabanbasma ölüm mələyi gəlir…

 —

A dost! Yaşıdımsan, bəlkə cavansan,
Ayaq saxla, eşit mən deyənləri.

Nə qaçış, nə pəhriz, həkim və dərman? –

Əzrail bunlara aldanan deyil.

 —

Qalın bir kitabı hər gün aç oxu
Ya da yığ yanına yüzünü birdən.

Oxu yatağında gəlincə yuxu,
Oxu birnəfəsə, ara vermədən.

 —

Almanları oxu, Kantı xüsusən.

Oxu yunanları, oxu farsları,
“Min bir gecəni” də elə oxu sən,
Yaşa ərəbdəki ehtirasları.

 —

Oxu Şekspiri, oxu Bodleri,

Jül Vern yaxşıdır yataqda gecə.
Mirzə Cəlili də oxu arabir,
Oxü gözlərinə yuxu gəlincə.

 —

Hər gün təzə kitab, təzə əhvalat,

Yeni bir aləmdir yeni səhifə.

Çiyninin üstündən boylanıb bu vaxt,

Bəlkə oxuyan var səninlə birgə.

 —

Tanrı özü ya da ölüm mələyi,
Elə təsirlənər sən oxuyandan,

Ömrünün üstünə qoyar ay və il —
Çıxar hətta ölüm söhbəti yaddan…

 

04. 08. 2022, Samara