Архив тегов | kitab haqqında şeir

«QƏFİL GƏLMƏSƏ DƏ BİZƏ QOCALIQ…»

2021 лето

Qəfil gəlməsə də bizə qocalıq,
Gözlənilməz olur, sarsıdır hətta.

Hər gün özümüzdə azar tapırıq,

Vurnuxur, çıxırıq min hoqqadan da.

 —

Onlayn həkimlər, həkimxanalar,

İynə, dava-dərman, türkəçarələr.

Cürbəcür pəhrizlər sınaqdan çıxar.
Orucluq – taqətdən düşənə qədər.

 —

Birdən cin elə bil bizə buyurar  —

Qaçarıq – parklarda, yol qırağında.

Sprinterə dönüb quş tək uçan var,
At kimi çapan da, yorğa gedən də.

 —

Qaçırıq, qanrılıb dala baxmadan,

Eşitməsək də səs, duyuruq hənir.

Qəlbdə, əzalarda artır həyəcan:

Dabanbasma ölüm mələyi gəlir…

 —

A dost! Yaşıdımsan, bəlkə cavansan,
Ayaq saxla, eşit mən deyənləri.

Nə qaçış, nə pəhriz, həkim və dərman? –

Əzrail bunlara aldanan deyil.

 —

Qalın bir kitabı hər gün aç oxu
Ya da yığ yanına yüzünü birdən.

Oxu yatağında gəlincə yuxu,
Oxu birnəfəsə, ara vermədən.

 —

Almanları oxu, Kantı xüsusən.

Oxu yunanları, oxu farsları,
“Min bir gecəni” də elə oxu sən,
Yaşa ərəbdəki ehtirasları.

 —

Oxu Şekspiri, oxu Bodleri,

Jül Vern yaxşıdır yataqda gecə.
Mirzə Cəlili də oxu arabir,
Oxü gözlərinə yuxu gəlincə.

 —

Hər gün təzə kitab, təzə əhvalat,

Yeni bir aləmdir yeni səhifə.

Çiyninin üstündən boylanıb bu vaxt,

Bəlkə oxuyan var səninlə birgə.

 —

Tanrı özü ya da ölüm mələyi,
Elə təsirlənər sən oxuyandan,

Ömrünün üstünə qoyar ay və il —
Çıxar hətta ölüm söhbəti yaddan…

 

04. 08. 2022, Samara

 

«YADDAŞIM ZƏİFDİR, NƏ OXUSAM DA…»

Yaddaşım zəifdir, nə oxusam da,
Unudulub gedir ikicə gündə.
Nə əsər, nə yazan qalır yadımda,
Qəhrəman qovuşur əbədiyyətə.

Ancaq bu dünyada adamlar qədər,
Sevinc daddırıblar mənə kitablar.

Təsəlli veriblər, ümid veriblər,
Bəlkə tərbiyə də, bir az ağıl da.

Palıd meşəsində, şam meşəsində,
Ciyər təmizlənər, qan təzələnər,

Saf meşə havası gəlib-getsə də.

Oxunan hər yaxşı kitab da belə…

18.10 2018

Samara