1981-ci il martın 1-də dustaqlar üçün “xüsusi status”un ləğv edilməyinin ildönümündə Belfastdan 9 mil aralıda yerləşən Meyz türməsində İrlandiya Respublika Partiyasının (İRA) üzvü Bobbi Sends aclığa başladı. Sonrakı günlərdə ona başqa dustaqlar da qoşuldular. Etirazçıların tələbləri:
Türmə uinformasını geyməmək hüququ
Türmə işini görməmək hüququ
Başqa dustaqlarla əlaqə və maarif və əyləncə xarakterli tədbirlərin təşkili hüququ
Hər həftə bir görüş, bir məktub və bir sovqat almaq hüququ
Şərti-müddətdən əvvəl azad edilmək hüququnun saxlanılması
Britaniyanın baş naziri Marqaret Tetçer güzəştı getmədi və aclıq 10 (on) respublikaçının ölümü ilə nəticələndi. Sends 66 gün aclıqdan sonra üzgünlükdən türmə hospitalında öldü. 7 mayda keçirilən dəfnində 100 min adamın iştirak etdiyi deyilir.
Aclıqdan etiraz vasitəsi kimi istifadə İrlandiyada xristianlıqdan da əvvəl yaranan ənənədir. Sahibinin qapısı ağzında aclıq keçirən insan ya tələbini ona qəbul elətdirir ya da ölürdü. Aclıq vasitəsiylə ədalətə nail olmaq — Cealachan – səkkizinci əsrdə qədim İrlandiyanın hüquq kodeksinə salınıb…
Bu gün FB-da Tofiq Yaqublunu dəstəkləyərək aclıq keçirən bir nəfərin 5 (beş) gündən sonra “səhhətinin pisləşməsi ilə əlaqədar” aclığı dayandırdığı barədə xəbərə rast gəldim.
Maraqlıdır eləmi? Mən deyərim ki, güməlidir də. Aclıq elan adam nə gözləyirdi? Səhhətinin yaxşılaşmağını? Buğaya dönüb atım-atım atılmalıydı?
Son illər nə qədər aclıq elan edib və “səhhətinin pislə.diyi ilə əlaqədar” bir neçə gündən sonra dayandırıb!
Niyə bu adamlar düşməni özlərinə güldürürlər?
Tofiq Yaqubluya belə komik həmrəylik lazım deyil. Tofiq Yaqubluya minlərlə, on minlərlə, yüz minlərlə insanın onun aclıq çəkdiyi türmənin qabağına yığışmağı lazımdır. Mən azərbaycanlıların belə bir hərəkətə və hərəkata qadir olduqlarına inanmıram. Çünki biz zoğal dəyənək ya yumruq altında yaşamağa öyrənmiş xalqıq. Qorbaçov dövrünün kütləvi mitinqləri, balaqana, sirkə çevrilmiş Meydan toplantıları heç kimi aldatmasın. Qorbaçov heç kimi tutmurdu, Meydan ora yığışanlar üçün xalq teatrı, zorxana kimi bir yer idi.
Müharibədə fəhlə-kəndli balalarının fədakarlıqla döyüşməsi də illyüziyalar yaratmamılıdır. Dəyənəklə arvad-uşağı əzən polislər də fəhlə-kəndli balalarıdır. Nizami orduda sərt subordinasiya şəraitində döyüşə getmək və demokratik azadlıqlar, vətəndaş hüquqları uğrunda mübarizə aparmaq ayrı-ayrı şeylərdir. Rus kəndliləri dönə-dönə müharibələrdə böyük qələbələr qazanıblar, tərxis olunan kimi yenə sahiblərinin dilsiz-ağızsız iş heyvanına çevriliblər. Azərbaycanlıda demokratika azadlıqlar tələbatı yoxdur. Vətəndaş hüquqları, şəxsi ləyaqətə hörmət hissi azərbaycanlıların böyük hissəsi üçün uğrunda mübarizə aparılası, can veriləsi dəyər deyil.
Biz başı qapazlı şərq və sovet xalqıyıq. Dünənəcən bizi partkomlar, biriqadirlər, kolxoz sədrləri əzirdilər. İndi də elə o adamlar əzirlər, vəzifələrinin adları dəyişib, daha da harınlaşıbar.
Biz özümüzü irlandlılara oxşatmaq oistəyəndə komik sitüasiya yaradırıq. İrlandlıların necə qüdrətli xalq olduğu barədə təsəvvür yaratmaq üçün Britaniyanın nə qədər görkəmli şəxsiyyətinin bu millətdən olduğunu öyrənin. Birləşmiş Ştatların əhalisinin 40 faizinin irland kökü var.
Biz harda olmuşuq? İndi hardayıq? İlham Əliyevin yumruğundan başqa bizi dünyada tanıdan nəsə var?
Yoxdur!
Mən özüm qorxaq adamam, Azərbaycanda yaşasaydım, özümü lallığa və karlığa qoyardım, heç nə danışmaz, heç nə eşitməzdim, kömpüteri də onu mənə hədiyyə eləmiş adama bağışlayıb qoyun otarardım. Mən beləyəm, bunu boynuma alıram. Ancaq özünü mübariz, xüsusən siyasi rəhbər sayan adamlar yumruğun üstünə getməlidirlər. Biz daha Əli Kərimlinin nitqlərindən bezdik!
Soljenitsın “QULAQ arxipelaqı”nda litvalı dustaqlardan yazır. Litvalılar zona əsarətindən qurtulmaq üçün özləri avtomatçı əsgərlərin üstünə hücum çəkirdilər ki, güllələnsinlər…
Kimin belə cəsarəti yoxdursa, sussun. Yoxsa saf qəlbli namuslu insanları fövqəladə hərəkətlərə sövq edib cəfəng nitqlər söyləmək ayıbdır.
Vallah, ayıbdlr…
X.X.
26. 04. 2025, Samara








