İSGƏNDƏRNAMƏ — 2

Mənim keçmiş şagirdlərimdən biri danışırdı ki, Politexnik institutunda oxuyanda daxili işlər naziri İsgəndər Həmidov tələbələrlə görüşə gəlib və çıxışında deyib ki, onun atom bombası var, bu yaxınlarda atacaq ermənilərin üstünə…

İsgəndərin atom bombası yox idi və ola bilməzdi, ancaq vaxtaşırı dəyənəkdən başqa silah görməmiş əlli-altımış polis işçisini cəbhəyə aparır, o yazıqları orda qırdırıb qayıdırdı…

Əslində Elçibəyi Heydər Əliyev yıxmadı, Elçibəyi yanındakı Həmidov kimi adamlar yıxdılar.

Həmidov sovet dövründə OBXSS kapitanı olmuşdu, sovet milisində bu, ən pozğun bölmə idi, yəni burda işləyən adamlar sosialist əmlakını oğurlayanlarla mübarizə aparmaq əvəzinə oğrulara qoşulub o əmlakı yeyirdilər. Elçibəy dövründə kapitan İsgəndər general-leytenant rütbəsi aldı və general mundirini utanmaz-utanmaz geyib redaksiyalara girir, jurnalistləri şillələyirdi… O vaxt insanlardan nə qədər daş-qaş yığıdığı və bunun hara xərcləndiyi məlum deyil. Ancaq yenə ən ağırı o polislərin vaxtaşırı qırğına verilməsi idi, Həmidov bununla özünün müharibədə iştirakını göstərmək istəyirdi…

Belə adam ya türmədə, ya dəlixanada ola. Ancaq indi bu adam hörmətli mxalifət liderləriylə yanaşı durub nitq söyləyir…

Atalar deyib ki, dostunu mənə göstər, sənin kim olduğunu deyim. İndi İsgəndərə baxıb İsa Qəmbər haqqında nə deyək? İsa Qəmbərin dalınca getmək nə dərəcədə ağıllı hərəkət olar? Birdən İsa Qəmbər (fantaziyamızı boş buraxaq) prezident olur. Deməli, İsgəndər yenə nazir olacaq, yenə redaksiyalara girib jurnalistləri şillələyəcək, yenə dəyənəkdən başqa silah görməmiş polisləri cəbhəyə göndərəcək?

Camaat, ağlınızı başınıza yığın, oturun yerinizdə, heç kimin dalınca getməyin. Allahdan diləyin ki, İlham Əliyevi üstünüzdən əskik eləməsin…

Оставьте комментарий