SABİR ALMAZOV

                                 

Ötən əsrin 70-ci illərin ortalarında universitetə yay sessiyasına gedəndə yazdığım yekə bir tənqidi məqaləni də götürdüm və elə sessiyanın birinci günü macal tapıb “Ədəbiyyat və incəsənət” qəzetinə getdim. Orda mənə dedilər ki, bu cür yazılara Sabir Almazov baxır. Mənə Sabir Almazovu nişan verdilər. Səhv etmirəmsə, orta boylu, arıq, üzü təmiz qırxılmış qırx yaşlı bir adamdı. Mənə dedi ki, bu otaqda hay-küy var, çıxaq. Çıxdıq – ya aralıq bir otağa, ya da dəhlizə. Köhnə bir divan vardı, özü də oturdu, mənə də yer göstərib dedi ki, oxu. Mən də başladım oxumağa. Yenə də hay-küy kəsilmədiyindən mən ucadan oxuyurdum. Sabir Almazov da ağzını marçıldadırdı, hərdən deyəsən “bəh-bəh” də deyirdi. Bəlkə də məni lağa qoyurmuş, deyə bilmərəm, o vaxt belə düşünmürdüm. Ancaq sonralar eşitmişdim ki, məsələn, “Ulduz” jurnalına şer gətirən bir qadını stolun üstünə çıxarıblar, deyiblər ki, elə belə durduğun yerdə oxu, o qadın da qolunu-qıçını ata-ata oxuyurmuş…

Sabir Almazov ağzını marçıldada-marçıldada mənim uzun məqaləmə qulaq asdı, dedi ki, iki gündən sonra gəl, deyərəm sənə qərarımızı. İki gündən sonra gəldim, dedi ki, hələ qərar qəbul olunmayıb, ancaq qərar müsbət olacaq, çünki məqalə yaxşı məqalədir, Belinski, Dobrolyubov və s. Getdim, yenə gəldim. 30 günlük sessiya da əriyib qurtarmaqda. Növbəti dəfə gələndə dedi “dördüncü gün gəl”. Dördüncü gün gəldim, otağa çatmamış məni bur arvad saxladı, dedi ki, hara gedirsən. Dedim Sabir Almazovun yanına. Dedi bala, niyə ürəyimizi qana dödərirsən, Sabir Almazov ölüb…

Bunu eşidəndə az qaldım mən də ayaq üstdə öləm. Xəcalətdən…

İndi baxıram İnternetə, Sabir Almazovdan bircə səhifə məlumat var, yerliləri qoyublar. 1976-cı ildə ölüb. 39 yaşında…

Görəsən məni niyə get-gələ salırmış? Elə bilirmiş bu oyun min il çəkəcək?

Bəlkə öləcəyini bilirmiş və ölümqabağı mənimlə məzələnirmiş?

İndiyəcən bu əhvalat başımdan çıxmır…

Sabir Almazov şöbənin əməkdaşı idi, müdir Sabir Rüstəmxanlı idi, otağa girənlərə eynəyinin altından əfi ilan kimi baxırdı, yəni yaxın gəlmə, çalaram…

Belə-belə işlər…Öləcəyimiz günü bilmirik…

24.05. 2013 Samara