RAMİL USUBOV TƏKCƏ BAŞ QIRXMIR…

            

 

Azərbaycan demokratik inkişaf yolunda arşın addımlarla irəliləyir. Bakıda həbs olunan müxalifətçi gənclərin indi ancaq saçları qırxılır. Tükdür də, bu gün qırxırsan, sabah əvvəlkindən də yaxşı gəlir. Ölkələr var ki, orda müxalifətçilərin başını qırxmılar, başın özünü kəsib atırlar. Fərqi görürsünüz?

İndi özünüz deyin: bir ovuc tükdən ötrü hay-küy salmağa dəyərmi?

Yeri gəlmişkən, deyilənlərə görə, Ramil Usubov əvvəllər dəllək olub. Baş da qırxırmış, sünnət də eləyirmiş.

Yəni ki, özünüzü gözləyin. Nazir geniş profilli sənətkardır!

 

Mirzə Əlil

HACIBALANIN ÖLÜM YUXUSU

Günərin bir günü Hacıbala Abutalıbov ölür və düşür cənnətə. Hər tərəfdə sərin bulaqlar, xurma ağacları, yan-yörəsi ala gözlü hurilər. Ancaq Hacıbalanın kefi açılmır, huriləri də itələyib qovlayır: “Bakının jurnalist qızları kimi nə ilişirsiniz mənə! Qoyun heç olmasa cənnətdə asudə nəfəs alaq də!” Ancaq yenə qanı qaradır ki,qaradır. Mələklərin böyüklərindən biri ona yaxın gəlib soruşur: “Bəlkə şəraitimizdən narazılığınız var?” Hacıbala coşur: “Narazılığım var! Mən burda öndərin heykəlini görmürəm! Öndər parkı görmürəm!” Mələk soruşur: “Bağışlayınız, adınız nədir?” “Adam Hacıbala! Sağlığımda bütün Bakı başıma and içirdi!” Mələk harasa zəng vurub Hacıbalaya deyir: “Hacıbala bəy! Bir az səbrinizi basın. Mən öyrəndim ki, siz cənnətə səhvən düşmüsünüz. Elə indicə yerinizi dəyşırlər, orda ürəyiniz nə istəsə, olacaq!”

Mirzə Əlil