ƏGƏR…

 Sağlam həyat tərzi keçirə bilsən,

İçməsən, çəkməsən, qızarma, yağlı,

Qıcqırmış, turşumuş, köhnə, dünəndən
Qalanı yeməsən, lap ertə qalxıb

+

Səhərlər  ya qaçsan, işləsən ya da,
Axşam da yerinə lap ertə girsən,
“Gecən xeyrə qalsın” deyib arvada,
Yuxuda bir özgə xanımı görsən,

+

Yenə ertə qalxıb yorğa yerisən,

Hər yoldan keçənin gülsən üzünə,
İlıq yumurta və “herkules” yesən,
Ələ ala bilsən işdə özünü,

+

Özündən böyüklər danlasa birdən,
Özünü o yerə əgər qoymasan.

Naharda iştahın olsa yerində,

Həzm eləyə bilsən yeməyi asan,

+

Gəzsən axşam üstü su qırağında,
Gələnə qabaqdan, gedənə daldan,
Baxsan, cavanlığı salaraq yada,

Gəlib evə çıxsan kefi kök halda,

+

Oturub şam yesən arvad-uşaqla,
Doymamış süfrədən çəkilə bilsən,
Və yatsan, mətbəxdə qabla-qaşıqla,

Arvadın əlləşib düşəndə əldən,

+

Səhər yorğa qaçıb, herkules, omlet

Yeyib yenə getsən işinə  əgər,

Nə siyasi durum, nə də siyasət,
Maraq oyatmasa səndə tük qədər,

+

Yanında əzsələr kimisə birdən,

Ötüb keçərsənsə gözüyumulu
Əlsiz-ayaqsızın olduğu yerdən,

Uzaq sala bilsən həmişə yolu,

+

Yanında hönkürüb biri ağlalsa,
Səni də tutmasa əgər ağlamaq,
Həmişə, hər yerdə ağıllı olsan,

Çəksən öz fikrini, dərdini ancaq,

+

Yüz il nədir, min il bəlkə yaşarsan.

Ölər həndəvərin, uzaq da ölər,
Qalmaz tanıdığın daha bir insan,
Ölüb gedər səni tanıyan itlər.

+
Yaxından, uzaqdan qurd ulaşması,
Eşidib titrərsən – qiyamətdəsən.
Nə bir kəsin qalar danışılası,
Nə bir yerin olar durub gedəsən.

+

İştahın da qaçar, qaçar  yuxun da,

Qüssədən açarsan televizoru.

Görərsən ekranda dünya həmindir,
Müstəbid də həmin, ya da ki, oğlu…

08-09. 02. 2019

Samara