OBAŞLILAR, BUBAŞLILAR…

Uzanıb getsə də Kür qırağıyla,
Kəndimiz elə də böyük deyildi.

Evləri yöndəmsiz, kifirlik yağan,

Hamısının üzü Qibləyə idi.

 

 

Nə klubu vardı, məscidi nə də,

Məktəbin də məktəb adıydı elə…

Tanrının adısa min dəfə gündə,

Qarğış eləyəndə gəlirdi dilə…

 

Kənd qəbiristanı düz ortadaydı,

Bir tərəfi yoldu, bir yanı Kürdü.

Xeyri də, şəri də birgə olsa da,

Əslində ikiyə kənd bölünürdü.

 

 

Kənddə o baş vardı, bu baş da vardı.

Obaşlılar vardı, bubaşlılar da.

Orda obaşlılar bubaşlılardı,
Bubaşlı içində obaşlı yaddı.

 

 

O başla bu başın naxırı ayrı,
Ayrıca gəlirdi suyu bu başın.

Elə ki bu başda toyuq axsayır,
Deyirlər o başdan atıblar daşı.

 

 

O baş bəyənmirdi bubaşlıları,
Bu baş yaralıydı obaşlılardan.

Qoyurdu ənginə hərdən, arabir,

O baş bubaşlının, əksinə ya da.

 

Ancaq qəbiristan yenə ortada.
Həm bu başdan ölən, həm də o başdan,

Torpağa yanaşı girib yatırdı,

Oxşardı başların üstdəki daş da.

 
O başı, bu başı vardı Kürün də,

Yol iki başlıydl, kənd ikibaşlı.

Haçansa başlanan hər ömürün də,

Sonunu bu daşlar nişanlamışdı.

 

 

Ruhlar oyanaraq bəlkə gecələr,

Kəndi bu baş-o baş dolaşırdılar.

Ölüm  — ömürsonu nöqtəyə bənzər,
Nöqtədə nə o baş, nə də bu baş var…

 

06-07. 02. 2019

Samara

Реклама