QƏHRƏMANLAR VƏ LOTULAR: DİLQƏM ƏSGƏROV VƏ BAŞQALARI

İNSANI MƏHV ETMƏK OLAR, MƏĞLUB ETMƏK OLMAZ»

DİLQƏM

Dostoyevski  “Don Kixot” romanı haqqında belə yazır:

“Bütün dünyada bundan dərin və güclü əsər yoxdur. Bu, hələlik insan fikrinin ən son və ən böyük sözüdür, bu, insanın ifadə edə biləcəyi ən acı ironiyadır, və əgər dünya bitsəydi və orda, hardasa, insanlardan soruşsaydılar: “Deyin, yer üzündə həyatınızı başa düşdünüzmü və onun haqqında hansı nəticəyə gəldiniz?” – onda insan dinməzcə “Don Kixotu” uzada bilərdi: “Budur yer üzündəki həyat barəsində mənim çıxardığım nəticə — ona görə məni mühakimə edə bilərsinizmi?” (tərcümə mənimdir –X.X.)

Burda Servantesin romanına yüksək qiymətdən başqa maraqlı olan bu əsərin bir növ İncildən üstün tutulmasıdır, axı İncil də “yer üzündəki həyat”ın, İsanın dünyəvi həyatının tarixidir. İsa haqqında isə Dostoyevsri belə yazırdı: “Yer üzündə təkcə bir müsbət gözəl şəxs var – Xristos”.

Quranda deyilir ki, hər icma qiyamət günü öz kitabıyla mühakimə olunacaq. Və hər insanın da öz kitab seçimi ola bilər. Kəlbəcərli Dilqəmin haqqında oxuyandan sonra fikirləşirəm ki, “Həyatda nə başa düşdünüz sualına” cavab kimi biz azərbaycanlılar bu Dilqəmin anasının qəbri üstündə çəkdirdiyi şəkli də göstərə bilərik, və yaradanın vaxtı olsa – Yaradanın vaxtı olmalıdır, çünçi onun vaxtı tükənməzdir – Dilqəmin əhvalatını danışardıq…

Bu nə əhvalatdır? İnsanın doğulduğu yerə məhəbbətin metafizik təbiəti haqqındamı?

Heminquey deyirdi: “İnsanı məhv etmək olar, məğlub etmək olmaz”. Dilqəm əhvalatı bu barədəmi?

Dilqəm, bu sadə, kələ-kötür adam, tikanlı məftilləri, toplu-tüfəngli postları adlayıb. Ancaq bu əhvalatın ən ibrətli tərəfi odur ki, Dilqəm erməni qorxusundan çox, azərbaycanlı qorxusunu adlayıb, azərbaycanlılarda vətənpərvərliyi əliyevlərə məhəbbət ya əliyevlərdən qorxu ilə əvəz etməyə çalışan rejimin qadağalarını pozub.

Dilqəm İnternetdə, çayxanada, restoranda, tərəzi dalında, hamamda, əcnəbi kurortlarda vətənpərvərlikdən, millətə, torpağa məhəbbətdən dil boğaza qoymadan danışan, yazan insanlara əxlaq dərsi verib.

Ey sadə, kələ-kötür insan! Sənin qarşında, sənin qanına südüylə, Tsvetayevanın dediyi kimi, vətən məhəbbəti yeritmiş ananın xatirəsi önündə baş əyirəm!

24.07. 2014 Samara

 

İSMAYIL ŞIXLI İLƏ GÖRÜŞ

ismayil-sixli-yazici

1984-cü ilin dekabrın 4-dən beşinə keçən gecə Moskvanın Domodedovo aeroportundan əlli-altmış kiloqram kitabla Bakıya uçdum, məni rəhmətlik Rafiq Tağıyev ötürürdü…
Səhər Bakıda Yazıçılar İttifaqına gəldim ki, iş məsələsini öyrənim. Mən Moskvaya gedəndə İttifaqın rəhbəri Mirzə İbrahimov idi, məni özü sorğu-sual eləyib demişdi ki, “hazırlıqlı oğlansan, qayıdıb gələrsən, millətimizə gərək olarsan”. Düzdür, Moskvadan yaxşı nəticəylə dönmürdüm, iş başa çatsa da, müdafiə olunmamışdı – qismən səhlənkarlıqdan, qismən mövzuya soyumaqdan, qismən maliyyə çətinliyindən. Ancaq müdafiə bir nçə aya başa gələ bilərdi, bu hal gərək mənə bir iş verilməyinə mane olmayaydı, həm də Yazıçılar İttifaqına girəndə Ədəbiyyat institutunda tələbə olduqları vaxt tanıdığım bir neçə nəfəri gördüm, məsləhətçi işləyirdilər — əgər bu azsavadlı cənablara iş tapılmışdısa, mənə də gərək tapılaydı – mən belə fikirləşirdim. Məni yeni rəhbər İsmayıl Şıxlının yanına göndərdilər. Qapını döyüb içəri girəndə İsmayıl Şıxlı mənə elə baxdı ki, elə bil yenə dilənməyə gəlmiş narkoman qonşusunu görür. “Niyə gəlmisən?” – o məndən soruşdu və başa düşdüm ki, mənə “siz” deyilən vaxtlar qaldı Moskvada. Dedim ki, aspiranturadan sonra gəlmişəm, ittifaqın zəmanəti var ki, məni işlə təmin eləsin… İsmayıl Şıxlı sözümü yarımçıq qoyub qışqırdı: “Bu köpəyoğlu Pimenov (bəlkə İ. Şıxlı Ədəbiyyat isnstitunun o vaxtkı rektoru barədə “köpəyoğlu yox, ayrı söyüş dedi, ancaq yadımda nədənsə belə qalıb) götürür instuta burdan adamları, sonra gəlib tökülüşürlər üstümüzə!” Bunu deyə-deyə İsmayıl Şıxlı yekə stolunun arxasında əl-qol atırdı, yəqin xəyalən Pimenovu, ya məni vururdu, ya da hər ikimizi qatırdı bir-birinə… Sonra telefonu qamarlayıb nömrəni yığdı, elə əsəbiydi ki, az qalırdı barmaqları telefonun deşiklərinə ilişib qalsın. “Akif! (Bildim ki, Nəşriyyat komitəsinin sədri Akif Mustafazadəyə zəng vurur, A.M. təzəlilkə uzun illər işlədiyi Moskvadan qayıtmışdı) Görürsən bu köpəyoğlu Pimenovu? Göndərir hər yetəni üstümüzə! Nə? Tutublar Pimenovu? Vay, əccəb eləyiblər…”

Mən bir neçə ay işsiz gəzəndən onra Salyanda məktəbə müəllim təyin olundum ( bu, ayrı söhbətdir), yeddi ya səkkiz gündən sonra işdən çıxıb getdim Samaraya ( o vaxtlar Kuybışev).
Yüz faiz əminəm ki, əgər Yazıçılar İttifaqında mənə lap yaxşı iş versəydilər də, yeddi-səkkiz gündən sonra atıb gedərdim Rusiyaya. Belə ki, ahıl vaxtında İsmayıl Şıxlının kabinetdə bambılı kimi atılıb-düşməyi çox mənasız və yersiz idi…
O ki qaldı Pimenova, onun tutulmağı barədə xəbər yalan idi…

26.07. 2013 Samara

 

 

QƏHRƏMANLAR VƏ LOTULAR

Qarabağ müharibəsində iki böyük yazıçının oğlu həlak olub: Xəlil Rzanın və Sabir Əhmədovun.

Xəlil Rza mürəkkəb, hətta qatışıq adam olub, ancaq onun vətənpərvərliyi səmimi, qatqısız idi. Təbriz Xəlilbəylidəki vətənpərvərliyin, cəsurluğun ata irsi olduğu şübhəsizdir.

TƏBRİZ XƏLİLBƏYLİ

Sabir Əhmədov qüdrətli nasir idi, “Qanköçürmə stansiyasında” bəlkə də “Danabaş kənidinin əhvalatlarından” sonra nəsrimizin ən yaxşı əsəridir. Sabir Əhmədovun böyük qardaşı Cəmil Əhmədov Sovet İttifaqəı Qəhrəmanıdır.

Cəmil_ƏhmədovCəmil Əhmədov

sabir_ahmedli_bdel_fee_c_nocreditSabir Əhmədov (Əhmədli) və şəhid  oğlu Məhəmməd

İndi götürək Sabr Rüstəmxanlını. Bu adam ömründə poeziya sayıla biləcək bir misra da yazymayıb. Ali məktəbi qurtarandan həmişə vəzifərlrdə olub. Xalqa bir qara qəpiklik xeyri olmayan bu adam xalqın hesabına qarın yekəldib.

SABİR RÜSTƏMXANLI

Ramiz Rövşən 20-25 yaşlarında bir neçə şirin aşıq yamsılaması yazıb, o vaxtdan əlli ildir ki, cəfəngiyyat cızma-qarayla başını dolandırır. Ata yurduna ermənilər işəyirlər, özü toybaşıyla araq vurur.

SABİR RÜSTƏMXANLI RAMİZ

Yəni əsilli, ləyaqətli valideynlərin oğullarından ləyaqətli həyat nümunəsi gözləmək olar. Lotu valideynlər isə məsləksiz uşaqlar böyüdürlər. Yaxşı, müharibə bunların uşaqlarına aid deyil, heç olmasa, özlərini bir az təvazölü aparaydılar. Ümumxalq yası vaxtı toy çaldırmaq və selfi çəkdirib bütün dünyaya yaymaq xalqın ölüsünə-dirisinə tüpürmək deyilmi?

18.04. 2018

Samara

 

TƏBRİZ XƏLİLBƏYLİNİN XATİRƏSİNƏ

 

Vətənin dərdindən nə qədər ölən,

Vətənə nə qədər şeir yazan var!

İndi klavitura, haçansa qələm,

Yerdən duran yazar, durmayan yazar!

 

 

Kimi istəyir ki, daşına dönsün,
Kimi qayasaında mamıra dönmək.

Bütün ölkələrdən badam gözlüsü,
Dünyada ölkə yox gözəl vətən tək.

 

 

Qərib ölkələrdə gün yubadanlar,
Deyirlər ölməyə vətən yaxşıdır.

Dünən heç neçəyə vətən satanlar,
Bu gün “anam!” deyir, yaş da axıdır…

 

 

Dayanmır, yorulmur şeir yazanlar,
Müqəddəs deyirlər, ulu deyirlər.

“Özüm sənə qurban, anam da qurban,

Sənsən gözümüzün nuru” deyirlər…

 

 

Deyirlər başını alsa buludlar,
Qanı axıdarıq, canı verərik,

Sevgimiz qədər də qeyrətimiz var,

Hər birimiz şair, həm igid ərik!

 

 

Deyirlər oğlumuz, qızımız gedər,

Biz ölsək, vətəni müdafiəyə.

Balamız qurbandır sənə, deyirlər,
Hazırıq itkiyə, sən yaşa deyə.

 

 

Şairlər yazırlar alov saçaraq,
Haray qoparırlar qafiylərlə.

Deyirlər, ay millət, nə yatmısan, qalx,
Vətən əldən gedir, tələs, irəli!

 

 

Millət də şairi eşidib gedir,
Gedir səmimilər, saf ürəklilər.

Gedir kasıb-kusub, adamsız, adi,

Onların adları “sıravi”, “nəfər”…

 

 

Axır döyüşlərdə qızıl qanları,
Ölüb baş qoyurlar qara torpağa.

Şair pəncərədən bəlkə boylanar,
Yas çadırlarına uzaqdan baxar…

 

 

Tapılmaz şəhidlər siyahısında,
Millətin şairi, şair övladı.

Çağırmaq, qaldırmaq necə asandır,
Ölmək asan deyil Vətən yolunda!

 

20.12. 2018

Samara

 

SEYRAN SƏXAVƏTLƏ ƏDƏBİYYAT İNSTİTUTUNUN YATAQXANASINDA GÖRÜŞ

Seyran_Səxavət

Səhv etmirəmsə, 1982-ci ilin lap əvvəlində Seyran Səxavət Moskvaya gəlmişdi və Ədəbiyyat institutunun yataqxanasında qalırdı. Mən onu tanıdığım azərbaycanlı tələbələrin otağında gördüm və hələ Azərbaycanda olan vaxtlar “Ulduz”a göndərdiyim bir hekayəmi oxuyub-oxumadığını soruşdum. Seyran Səxavət o vaxt jurnalda nəsr şöbəsinin müdiriydi, dedi ki, hekayəni görüb, hətta oxumağa başlayıb (göndərdiym vaxtdan az qala altı ay keçmişdi), qayıdandan sonra oxuyub qurtaracaq, mən burdan zəng vurub yazım barədə jurnalın qərarını öyrənərəm…

Sonra S.B. adlı tələbə mənə yaxınlaşıb dedi ki, Seyran müəllim bir qadınla təklənmək istəyir, yəni хочет перепихнуться с какой-то шалавой,  sənin otağın lazımdır (aspirantlar tək qalırdılar). Mən də S.B.-ya acıqlandım ki, bu adam indi mənim yatağımda ağnamaq istəyir? S.B. dinc adam idi, məni sakit elədi, dedi ki, başqa yer tapar…

Bildim ki, hekayəmin qərarını özüm çıxardım..

Ancaq bir müddətdən sonra özümü saxlamayıb “Ulduz”a zəng vurdum. S. Səxavət dedi ki, hələ oxuyub qurtarmayıb (əslində hekayəni on dəqiqəyə oxumaq olardı). Bir-iki həftədən sonra yenə zəng elədim. Daha bir dəfə… Seyran Səxavət mənə dedi ki, hekayənin yarısına çatmışdı, birdən əlyazması itdi…

Hekayənin surəti mən də də qalmayıb. Adı qalıb: “Rayon qəzetinin müxbiri”…

12.01. 2018

Samara

BU ADAMA MƏN NƏ DEYİM? BƏLKƏ “QURUMSAQ”?

Mehman_Əliyev.jpg

Əvvəl rusca yazmaq, adını “Засранец» qoymaq istəyirdim, çünki cənab Mehman Əliyevə bu söz “xançala gümüş kimi” yaraşır, ancaq fikrimi dəyişib öz dilimizdə yazıram.

Bu adamı əslində 2017-ci ilin yayında, həbs olunan vaxt tanımışam. O vaxtacan hərdən, ayda-ildə bir dəfə Contact.az saytının ruscasına baxır, ancaq onun Turan agetliyinə aidliyini bilmir və rəhbərinin kim  olduğu ilə maraqlanmırdım. Tutulanda Mehman Əliyevin 60 yaşı vardı və bu yaşda adamın türməyə salınmağı məni doğrudan darıxdırmışdı – başqa güclü sözlər işlətmək istəmirəm. Və Mehman Əlieyev həbsdə olduğu günlərdə öz bloqumda, Facebook səhifəmdə az qala hər gün bu barədə yazırdım. Mən populyar adam deyiləm, yazdıqlarımı iki cüt bir tək adam oxuyur, buna görə də mənim yazıb-yazmamağımın Mehman Əliyevə bir istiliyi-soyuqluğu ola bilməzdi. Ancaq mənim əlimdən gələn o idi, onu da elədim. Və buna görə Mehman Əliyevdən minnətdarlıq gözləmək eşşəklik olardı.

Bu öz yerində. Tezliklə Mehman Əliyevi azad elədilər. Buna sevinməmək olmazdı, hərçənd onun “yuxarıya” yalvaryaxarlı məktub yazmağı onu mənim gözümdən saldı…

Əlavə etməliyəm ki, Mehman Əliyev həbsdə olanda mən Contact.az saytında ona həsr olunmuş materiallara bir neçə dəfə şərh yazmışam. Və bu şərhlər çap olunub. Əlbəttə, bu şərhlərin də Mehman Əliyevin azad olunmağına iynənin ucu boyda təsiri ola bilməzdi. Bunu xatırlamağımın səbəbi ayrıdır.

Təxminən yarım il əvvəl Contact.az saytında Ermənistanla münasibətə həsr olunmuş bir məqaləyə kiçik şərh yazdım. Çap olunmadı. O vaxtdan bu sayta girmirdim. Bu yaxınlarda şeytan məni azdırdı, Contact.az-ı açdım. Ədəbiyyat mövzusunda bir məqalə nadanlığı ilə məni o qədər darıxdırdı ki, özümə qoyduğum qadağanı pozub şərh yazdım.

Çap olunmadı!

Turan agentliyi, Contact.az saytı öz xərcini özü qazana bilməz, yəni bu sayt hansı mənbələr əsasındasa maliyyələşdirilir. Yəni hansı şəxssə, ya hansı təşkilatsa bu sayta vəsait qoyur ki, vətəndaşlara obyektiv informasuya çatsın, onların, sadə desək, mədəni səviyyələri yüksəlsin. Yəni Rasim Qaracanın Contact.az-dakı nadan məqaləsinin nəşri xeyli pula başa gəlib. Məqalənin nadanlığına da dözmək olar, əgər bu məqalə oxucular, ekspertlər arasında geniş müzakirə doğurursa. Məqalə rus dilindədir. Altında üç-dörd cümləlik şərh var – Azərbaycan dilində, yazan adam da azsavadlıdır, ancaq müəllifə verdiyi sualları səmimidir. Yəni vəssalam. Rusca bir məqalə və azərbaycanca bir şərh. Mənim yazdığım şərh isə çap olunmur. Sponsorun pulunu belə xərcləyən redaktor, yəni Mehman Əliyev, «засранец» və yaxud yerinəişəyən deyilmi?

Təhsilimə görə peşəkar ədəbiyyatçı olsam da, Azərbaycanda, xüsusən rəsmi mətbuatda çap olunmaq iddiam və niyyətim yoxdur – ölkə belədir, mən beləyəm, tale belədir. Ancaq Contact.az guya müstəqil orqandır. Bəs niyə mən ora hətta şərh də yaza bilmərəm?

Deyim ki, belə bir iş mənim başıma “Azadlıq” radiosunun Azərvaycan xidmətinin saytında da gəlib. Mən BBC-nin, “Azadlıq” radiosunun rus redaksiyalarının saytlarına hərdənbir şərh yazıram – nə yazmışamsa, həmişə ixtisarsız çap olunub.

Buna görə də mən həmişəki şübhələrimi bir də iki cüt bir tək oxucumla bölüşürəm: azərbaycanlı demokrat ola bilərmi? Mənə elə gəlir ki, ola bilməz! Çünki demokrat  Elçibəyin yanında Həmidov kimi bandit dostu olur və onu nazir təyin edir. Bakıdakı son mitinqdə, səhv etmirəmsə, İsgəndər Həmidov İlqar Məmmədovla yanaşı dayanmışdı. İndi özünüz deyin, ağlı başında adam İlqar Məmmədova etibar edə bilərmi?

Azərbaycanda hamı bir-birinə qardaşdır, əmioğludur, yeznədir, qayındır, bacanaqdır, qayınatadır, kirvədir, baldızdır, yengədir və s. Allah bilir, Rasim Qaraca Mehman Əliyevin kimidir və nəyidir. Bəlkə də Qaraca onun dalınca afatafa gəzdirir, ya da əksinə, bu onun dalınca…

Azərbaycanlı olasan, korrupsioner olmayasan, bu mümkündürmü? Mənə elə gəlir ki, bu da mümkün deyil. Şərt deyil ki, Mehman Əliyev birbaşa sponsor pulunu ya qrantı  yesin. Əgər o, sponsor pulunu ya qrantı dostunun, aşnasının nadan yazılarının nəşrinə xərcləyirsə, bu, korrupsiya deyilmi?

Bəlkə də mənim adım hansısa qara siyahıda var, hərçənd bu, böyüklük maniyasına bənzəyir – mən kiməm ki, siyahılara salınmağa layiq olum? Lap deyək ki, siyahıdayam. Bəs onda niyə Mehman Əliyevin müdafiəsinə yazanda şərhlərim çap olunurdu?

İndi bu adama mən nə deyim?  Rusca belə adamlara «засранец» deyirlər. Azərbaycanca…

Qalmışam məəttəl…

Bəlkə “qurumsaq”?

31.01. 2019

Samara

MÖVLUD SÜLEYMANLI: «Tİ MENA UTOMLAYEŞ…»

mövlud_süleymanlı.jpg

1980-ci ilin avqustunda “Təzə ev tikilirdi” (https://xeyrulla.com/2013/05/12/təzə-ev-tikilirdi/ )adlı povesti bitirib özümü ciddi nasir saydım və yazını Salyan poçtundan “Azərbaycan” jurnalına “s uvedomleniyem” göndərdim. Bir neçə gündən sonra poçtdan kağız gəldi ki, əmanətim jurnala çatdırılıb. Ancaq nə qədər gözlədimsə, jurnalın özündən bir xəbər olmadı. Bilmirəm hansı ayda Bakıya gəlib redaksiyaya getdimNəsr şöbəsinə girib yazımı soruşdum. Şöbə müdiri Mövlud Süleymanlı dedi ki, mən adlı adamdan heç bir yazı alınmayıb. Redaktor Əkrəm Əylislinin yanına girib dedim ki, yazım jurnalda alınıb, poçtun sənədi var. Əylisli Mövlud Süleymanlı çağırdı, o yenə dedi ki, mən adlı adamdan yazı gəlməyib və bunu deyəndə Əylisliyə məzəmmətlə baxırdı, yəni ki, a kişi, sən mənə inanırsan, ya bu salyanlıya? və ya sən buna niyə baş qoşursan, qov getsin… Əylisli məndən ikinci nüsxənin olub-olmadığını soruşdu, dedim var. Dedi göndər ikinci nüsxəni…

Göndərdim. Bir müddətdən sonra zəng vurdum. Mözlud Süleymanlı dedi oxumayıb, gələn həftə zəng vur. Vurdum. Dedi gələn həftə. Beləcə bir neçə dəfə. Sonra dedi ki, yazımı bəyənmir. Dedim nəyini. Dedi “necə nəyini, bəyənmirəm”. Yenə təkid elədim ki, konkret iradını desin. Mövlud Süleymanlı dedi: “Ti mena utamlayeş!”

Dərhal başa düşmədim. Ancaq bildim ki, bu dəfə Mözlud Süleymanlının həbəş dodaqlarının arasından çıxan rus sözləridir. Sonra başa düşdüm nə deyir…

Ах ты подлец! Ах ты подонок! Я его утомляю!

Ay sənin… Mən bunu yoruram…

Mən Salyan rabitə şöbəsindən boğazımdan kəsdiyim pulla zəng vururam, bu da oturub Bakının düz mərkəzində, pəncərəni açıb dənizə, yəqin iy verən ayaqlarını qoyub stolun üstünə, katibəyə ya makinaçıya söz ata-ata mənə soğan satan səviyyəsində bildiyi rus dilində deyir: “Tı mena utomlayeş!”

Nəzərə alın ki, bu dam-daş dövlətindir, bu adam da dövlət qulluğundadır, bir ətək maaş alır, hələ qonorarı demirəm, gördüyü iş də mənim kimi müəllifləri həbəş dodaqları ilə po-russki çox uzaqlara göndərməkdir.

Nəzərə alın ki, bu “Azərbaycan” jurnalını Mövlud Sülüymünlının nə özü, nə ata-babası yaradıb, Əkrəm Əylisli də yaratmayıb, ancaq bunlar özlərini dədə-babalarının mülkündəki kimi aparırdılar.

Əkrəm müəllim indi özünün redaktoruğunu tərifləməyi sevir, guya çox hünərlər göstərib. Ay rəhmətliyin oğlu, nə hünər, sənin redaktorluğundan hansı böyük ədəbiyyatçı çıxıb? Porfessor Vaqif Yusifli? Əkrəm Əylislinin kadrlarından olan bu insan indiyəcən toy sağlıqlarına oxşayan tərifli məqalələr yazır və onun üçün fərqi yoxdur, istər Şekspir dramı olsun, istər yeni noutbukun reklam mətni. Eyni sözlərlə eyni resenziyanı yazar…

Ay Əkrəm müəllim, ay rəhmətliyin oğlu, Mözvlud Süleymanılını çoban iti kimi nəsr şöbəsinin qapısına siz bağlamamışdınızmı? Onun “seçib” çap etdiyi “əsər”lərdən  hansı Azərbaycan nəsrini zənginləşdirib? O “əsər”lər necə seçilirdi? Siz özünüzü redktordan çox partizan komandiri və bələkə hələ Napolen sayırdınız, sizi ətrafnızdakı yaltaqlar  riqqətli pıçıltıyla «ustad» adlandırır, siz isə guya Qlavlitlə vuruşur və müasir Azərbaycan ədəbiyyatının xilaskarı rolunu oynayırdınız. Hanı ədəbiyyat? 

Deməliyəm ki, ona qədər, 1979-cu ildə, “Azərbaycan” jurnalında bir resenziyam çap olunub, Sabir Əhmədovun “Yaşıl teatr” romanı haqqında. Ancaq yazını keyfiyətinə görə çap eləməyiblər, çünki kənardan gələn adamın, necə yazmağından asılı olmayaraq, çap olunmağı mümkün deyildi. Mənim də resenziyam yazıçı Eçinin proteksiyası ilə çap olunmuşdu… Əlbəttə, Əylisli şəxsən bəyəndiyi adamları gen-bol çap edirdi, ancaq siz jurnalın  onun redaktor olduğu illərdə çıxan çoxlu nömrələrdəki nəsrə, poeziyaya baxın, və bu sizdə Əylislinin iş üsulu, bədii zövqü barədə təsəvvür yaradar. Düzdür, Əkrəm Əylisli özü istedadlı yazıçılar doğa bilməzdi, yəni olan o idi.

Ancaq olan o idimi? Axı Mövlud po-russki rədd elədiyi təkcə mən deyiləm…

Bir qədər keçəndən sonra özüm Bakıya gəldim və redaksiyaya gedib nəsr şöbəsinə girdim. Mövlud yerindəydi. Əlbəttə, Azərbaycan sovet dövlətinə məxsus jurnalın ixtiyarı gündən qapqara yanmış kolxoz suçusuna oxşayan belə adamda ola bilərdi… Nədənsə mənə elə gəlirdi ki, o corabını həftə ilə dəyişmir…

Məni görüb yazımı tapıb stolun üstünə atıb dedi ki, zəifdir. Dedim ki, nəyi. Közövə oxşayan barmağını yazının başlanğıcına bası dedi ki. Burda “strategiya sözü var, strategiya Azərbaycan sözü deyil, nəsr sözü deyil”.

Yadıma Dostoyevski düşdü.  Dedim Dostoyevski “Antropofagiya” sözünü çox işlədir, “antropofagiya” da rus sözü və nəsr sözü deyil…

“Sən Dostoyevskisən?” – Mövlud sözümü kəsdi…

Mənim şübhəm yox idi ki, o, əlli bir səhifəlik yazının bir səhifəsini də oxumayıb, elə girişdə “strategiya” sözünü görüb, bilib ki, məni rədd eləməyə ayrı bəhanə axtarmaq, baş ağrıtmaq lazım deyil…

Mən o vaxtacan Azərbaycandan bir dəfə çıxmışdım, Leninqrada, məktəb yoldaşımın yanına getmişdim. Əsgərlik də görməmişdim. Bilmirdim ki, ölkədən necə çıxıb getmək olar. Mən kölə təbiətli adamam, həyatımı, zülm içində yaşasam da, dəyişmək üçün nəinki addım atmaq, yerində tərpənmək də mənim üçün çətindir. Ancaq Mövludla, qoyun iti kimi redaksiyaya bağlanmış bu vəhşi ilə üzləşəndən sonra Azərbaycanda qalmaq mənə türmə müddətinin uzanması kimi gəlirdi. Bax, sən ədəbiyyatçısan. Peşəkar ədəbiyyatçı. Təhsilin var, səriştən var. Ədəbiyyatçı gərək çap oluna. Azərbaycanda bir yarım ədəbi jurnal var. Bir – “Azərbaycan”, yarım  — Ulduz”.  “Azərbaycan”ın qapısına qoyun iti bağlanıb, “Ulduz” isə… “Ulduz” ayrı söhbətdir.. Hara gedəsən?

Və o vaxt Azərbaycandan getmək fikri başıma düşdü ki, bu da mənim üçün kosmos arzusu kimi bir şey idi. Sonra bu məsələ öz-özünə həll olundu…

Bir dəfə, o yazıdan xeyli qabaq, yazıçılar ittifaqının qabağında təsadüfən Mövludun söhbətini eşitmişdim. Çömbəlib oturmuşdu Xaqani 25-də küçə qapısının ağzında, bir neçə də yazan yanında. Bir az kolxoz suçusuna oxşayır, bir az da Xudayar bəyə. Deyirdi ki, “Azərbaycanfilm”də bir ssenari yazdım, kino-zad çəkilmədi, elə də qaldı, ancaq altı min verdilər. O pula bir maşın aldım…

Yeri gəlmişkən, qonşu qapıda,”Ulduz”da təzə-qəzə şöbə müdiri işləyən Vaqif Cəbrayılzadə həmin vaxtlar hər gələnə kəllə atır, hamıdan tələb edirdi ki, onun Azərbaycanın birinci şairi olduğunu səsləri çatınca bəyan edib qılıncının altından keçsinlər. Əlbəttə, Vaqinfin əlində qılınc yox idi, ancaq gözlərində açıq şizofreniya əlamətləri vardı…

Bu adamlara sovet xəzinəsindən ayda bir ətəklik maaş verirdilər ki, istedadlı müəllifləri tapıb jurnalları keyfiyyətli yazılarla təmin etsinlər. Ancaq bunlara istedadlı adam qaranlıq vaxt  bir dalanda rast gəlsəydi, tutub boğardılar…

Onlar gündüz-günorta çağı da boğurdular…

Onlar on yeddi yaşlarında Bakıya gəlmiş, yarıac-yarıtox yataqxanalar gəzmiş kənd uşaqlarıydılar. Əlləri vəzifəyə, heç bir zəhmət tələb eləməyən sovet maaşına, müftə qonorarlara çatan kimi qudurmuşdular…

Mövludla görüşümün bir xeyri oldu. Sonralar, Rusiyada fəhlələik illərində, günüm qara olanda, bu oğ…-ın sifətini yadıma salırdım, o dəqiqə işlədiyim alət sexi də, metro da, kərpic zavodu da mənim üçün sanatoriyaya dönürdü…

Mövludu tez-tez xatırlamıram, heç xatırlamazdım da. Ancaq görürəm ki, Azərbaycanda, təəssüf ki, heç nə dəyişməyib, bəlkə daha pisləşib. O vaxt hələ Əylislinin abırlı vaxtıydı və Əli Kərimin ölümündən heç on beş il də keçməmişdi…

X.X.

01-02.08. 2018

Samara, RF

 

SABİR ALMAZOV

Sabir_Almazov

Ötən əsrin 70-ci illərin ortalarında universitetə yay sessiyasına gedəndə yazdığım yekə bir tənqidi məqaləni də götürdüm və elə sessiyanın birinci günü macal tapıb “Ədəbiyyat və incəsənət” qəzetinə getdim. Orda mənə dedilər ki, bu cür yazılara Sabir Almazov baxır. Mənə Sabir Almazovu nişan verdilər. Səhv etmirəmsə, orta boylu, arıq, üzü təmiz qırxılmış qırx yaşlı bir adamdı. Mənə dedi ki, bu otaqda hay-küy var, çıxaq. Çıxdıq – ya aralıq bir otağa, ya da dəhlizə. Köhnə bir divan vardı, özü də oturdu, mənə də yer göstərib dedi ki, oxu. Mən də başladım oxumağa. Yenə də hay-küy kəsilmədiyindən mən ucadan oxuyurdum. Sabir Almazov da ağzını marçıldadırdı, hərdən deyəsən “bəh-bəh” də deyirdi. Bəlkə də məni lağa qoyurmuş, deyə bilmərəm, o vaxt belə düşünmürdüm. Ancaq sonralar eşitmişdim ki, məsələn, “Ulduz” jurnalına şer gətirən bir qadını stolun üstünə çıxarıblar, deyiblər ki, elə belə durduğun yerdə oxu, o qadın da qolunu-qıçını ata-ata oxuyurmuş…

Sabir Almazov ağzını marçıldada-marçıldada mənim uzun məqaləmə qulaq asdı, dedi ki, iki gündən sonra gəl, deyərəm sənə qərarımızı. İki gündən sonra gəldim, dedi ki, hələ qərar qəbul olunmayıb, ancaq qərar müsbət olacaq, çünki məqalə yaxşı məqalədir, Belinski, Dobrolyubov və s. Getdim, yenə gəldim. 30 günlük sessiya da əriyib qurtarmaqda. Növbəti dəfə gələndə dedi “dördüncü gün gəl”. Dördüncü gün gəldim, otağa çatmamış məni bur arvad saxladı, dedi ki, hara gedirsən. Dedim Sabir Almazovun yanına. Dedi bala, niyə ürəyimizi qana döndərirsən, Sabir Almazov ölüb…

Bunu eşidəndə az qaldım mən də ayaq üstdə öləm. Xəcalətdən…

İndi baxıram İnternetə, Sabir Almazovdan bircə səhifə məlumat var, yerliləri qoyublar. 1976-cı ildə ölüb. 39 yaşında…

Görəsən məni niyə get-gələ salırmış? Elə bilirmiş bu oyun min il çəkəcək?

Bəlkə öləcəyini bilirmiş və ölümqabağı mənimlə məzələnirmiş?

İndiyəcən bu əhvalat başımdan çıxmır…

Sabir Almazov şöbənin əməkdaşı idi, müdir Sabir Rüstəmxanlı idi, otağa girənlərə eynəyinin altından əfi ilan kimi baxırdı, yəni yaxın gəlmə, çalaram…

Belə-belə işlər…Öləcəyimiz günü bilmirik…

24.05. 2013

Samara

Реклама