MÖVLUD SÜLEYMANLI: «Tİ MENA UTOMLAYEŞ…»

1980-ci ilin avqustunda “Təzə ev tikilirdi” adlı povesti bitirib özümü ciddi nasir saydım və yazını Salyan poçtundan “Azərbaycan” jurnalına “s uvedomleniyem” göndərdim. Bir neçə gündən sonra poçtdan kağız gəldi ki, əmanətim jurnala çatdırılıb. Ancaq nə qədər gözlədimsə, jurnalın özündən bir xəbər olmadı. Bilmirəm hansı ayda Bakıya gəlib redaksiyaya getdim. Nəsr şöbəsinə girib yazımı soruşdum. Şöbə müdiri Mövlud Süleymanlı dedi ki, mən adlı adamdan heç bir yazı alınmayıb. Redaktor Əkrəm Əylislinin yanına girib dedim ki, yazım jurnalda alınıb, poçtun sənədi var. Əylisli Mövlud Süleymanlı çağırdı, o yenə dedi ki, mən adlı adamdan yazı gəlməyib və bunu deyəndə Əylisliyə məzəmmətlə baxırdı, yəni ki, a kişi, sən mənə inanırsan, ya bu salyanlıya və ya sən buna niyə baş qoşursan, qov getsin… Əylisli məndən ikinci nüsxənin olub-olmadığını soruşdu, dedim var. Dedi göndər ikinci nüsxəni…

Göndərdim. Bir müddətdən sonra zəng vurdum. Mözlud Süleymanlı dedi oxumayıb, gələn həftə zəng vur. Vurdum. Dedi gələn həftə. Beləcə bir neçə dəfə. Sonra dedi ki, yazımı bəyənmir. Dedim nəyini. Dedi “necə nəyini, bəyənmirəm”. Yenə təkid elədim ki, konkret iradını desin. Mövlud Süleymanlı dedi: “Ti mena utamlayeş!”

Dərhal başa düşmədim. Ancaq bildim ki, bu dəfə Mözlud Süleymanlının həbəş dodaqlarının arasından çıxan rus sözləridir. Sonra başa düşdüm nə deyir…

Ах ты подлец! Ах ты подонок! Я его утомляю!

Ay sənin… Mən bunu yoruram…

Mən Salyan rabitə şöbəsindən boğazımdan kəsdiyim pulla zəng vururam, bu da oturub Bakının düz mərkəzində, pəncərəni açıb dənizə, yəqin iy verən ayaqlarını qoyub stolun üstünə, katibəyə ya makinaçıya söz ata-ata mənə soğan satan səviyyəsində bildiyi rus dilində deyir: “Tı mena utomlayeş!”

Nəzərə alın ki, bu dam-daş dövlətindir, bu adam da dözlət qulluğundadır, bir ətək maaş alır, hələ qonorarı demirəm, gördüyü iş də mənim kimi müəllifləri həbəş dodaqları ilə po-russki çox uzaqlara göndərməkdir.

Nəzərə alın ki, bu “Azərbaycan” jurnalını Mövlud Sülüymünlının nə özü, nə ata-babası yaradıb, Əkrəm Əylisli də yaratmayıb, ancaq bunlar özlərini dədə-babalarının mülkündəki kimi aparırdılar.

Əkrəm müəllim indi özünün redaktoruğunu tərifləməyi sevir, guya çox hünərlər göstərib. Ay rəhmətliyin oğlu, nə hünər, sənin redaktorluğundan hansı böyük ədəbiyyatçı çıxıb? Porfessor Vaqif Yusifli? Əkrəm Əylislinin kadrlarından olan bu insan indiyəcən toy sağlıqlarına oxşayan tərifli məqalələr yazır və onun üçün fərqi yoxdur, istər Şekspir dramı olsun, istər yeni noutbukkun reklam mətni. Eyni sözlərlə eyni resenziyanı yazar…

Ay Əkrəm müəllim, ay rəhmətliyin oğlu, Mözvlud Süleymanılını çoban iti kimi nəsr şöbəsinin qapısına siz bağlamamışdınızmı? Onun “seçib” çap etdiyi “əsər”lərdən  hansı Azərbaycan nəsrini zənginləşdirib? O “əsər”lər necə seçilirdi?

Deməliyəm ki, ona qədər, 1979-cu ildə, “Azərbaycan” jurnalında bir resenziyam çap olunub, Sabir Əhmədovun “Yaşıl teatr” romanı haqqında. Ancaq yazını keyfiyətinə görə çap eləməyiblər, çünki kənardan gələn adamın, necə yazmağından asılı olmayaraq, çap olunmağı mümkün deyildi. Mənim də resenziyam yazıçı Eçinin proteksiyası ilə çap olunmuşdu… Əlbəttə, Əylisli şəxsən bəyəndiyi adamları gen-bol çap edirdi, ancaq siz jurnalın  onun redaktor olduğu illərdə çıxan çoxlu nömrələrdəki nəsrə, poeziyaya baxın, və bu sizdə Əylislinin iş üsulu, bədii zövqü barədə təsəvvür yaradar. Düzdür, Əkrəm Əylisli özü istedadlı yazıçılar doğa bilməzdi, yəni olan o idi.

Ancaq olan o idimi? Axı Mövlud po-russki rədd elədiyi təkcə mən deyiləm…

Bir qədər keçəndən sonra özüm Bakıya gəldim və redaksiyaya gedib nəsr şöbəsinə girdim…

(davamı var)

Реклама