ŞARL BODLER.  XEYİRDUA     

бодлер

            Bénédiction

Səmai qüvvələrin haçan ki fərmanıyla,

Qüssəli bu dünyada birdən şair doğulur,

Ürəyi qorxu dolu, dili küfrlü ana,

Yumruğunu əsdirir rəhim Tanrıya doğru:

 

“Ah! Bircə sürü gürzə çıxarsaydım əgər mən,
Yaxşıydı yemləməkdən rəzil bu masqaranı.

Lənət o gecəyə ki, ani həzzin xətrinə,
Günahımın haqqı tək bu əkildi qarnıma!

 

Məni seçmisən bütün qadınlar arasında

Yəqin qəmli ərimdən ikrahla üz döndərəm.

Sevgi məktubu deyil axı, demə asandır,
Yöndəmsiz bu monstru tullayam oda birdən.

 

Üstümə yönəltdiyin nifrətini yığaram,

Əndərərəm şərindən doğan bu nəticəyə.

Mən bu miskin ağacı yaxşı burub bağlaram,
Mənfur düymələrini aça bilməsin deyə”.

 

Beləcə köpüyünü silir, udur kininin,

Əbədi yazılarda anlamayaraq heç nə,

Özü tonqal qalayır dibində Cəhənnəmin,

Analar törətdiyi ağır cinayətlərə.

 

Fəqət gözəgörünməz Mələk himayəsiylə,

Atılmış uşaq elə günəşlə bəsləniridi.

İçdiyi nə vardısa və nə tapıb yesəydi,
Ambroziyalıydı, zəngindi cövhərlə də.

 

Buludlarla damışır, küləklərlə qonuşur,
Məst olur oxuyanda xaç yoluyla səfərdən.

Və onu bu dünyaya gələndən izləyən Ruh

Sevincindən ağlayır quş tək onu görüb şən.

 

Kimi sevmək istəyir, ona baxır təlaşla,
Onun yumşaqlığından cəsarətlənib ya da,
Macal gəzirlər onu incidib qışqırdalar,

Onda qəddarlıqları keçirələr sınaqdan.
Onun payına düşən şərabı və çörəyi,

Küllə qarışdırırlar, üstəlik tüpürürlər.

Riya ilə atırlar toxunsa əli nəyə,

Danlayır, addımları izinə düşsə əgər.

 

Camaatın içində qışqıracaq arvadı:

“O məni gözəl sayıb başıma döndüyündən,

Özümü sənəmlərə istəyirəm oxşadım
Və başdan ayağacan qızıla tutulum mən;

 

Buxur, mirra və nardla, özümü məst edərəm,

Başımı hərləndirər təzimlər və ət, şərab.

Mənə vurğun ürəkyə istəyərəm ki, biləm,

Hakiməm və ilahi ehtiram qazanmışam.

 

Məni bezdirəndəsə bu şərəfsiz məzhəkə
İncə, güclü əlimi mən üstünə qoyaram,
İti dırnaqlarımla, harpun qarmaqları tək,

Ürəyini tapmağa sinəsini yararam.

 

Xırda quşcuğaz kimi titrəyən və çırpınan,
Al-qırmızı ürəyi sinəsindən alaram.

Çağıraram yanıma gələr sevimli heyvan,
İkrahla bu ürəyi qabağına tullaram.

 

Gözlərinə cəlallı taxt görünən Göylərə,
Sakit Şairsə mömin əllərini uzadır

Nurlu ruhundan qopan şimşək kimi şölələr,
Onu qara kütlənin gözlərindən gizlədir.

 

Tanrım, şükr sənə ki, əzab verirsən bizə,
Günahdan təmizləyən o, ilahi şəfadır.

Cövhərlərin içində o ən saf və ən gözəl,
Güclüləri müqəddəs həzzlərə hazırladır!

 

Bilirəm ki, Şairə saxladığın yer də var

Bəxtəvər sırasında ali müqəddəslərin

Dəvətinlə oturar əbədi bayramında,
Taxtların, Dəyərlərin, Hökm verən kəslərin.

 

Bilirəm ki, qüssənin nəciblikdə yox tayı,

Nə torpaq, nə cəhənnəm onu məhv edə bilər.

Mənim şair başıma mistik tac toxumağa,

Zamanlar, kainatlar gərək vergi verələr.

 

Fəqət qədim Palmirin itirilən daş-qaşı,
Tanınmayan metallar, dənizdə mirvarilər

Tanrı, sənin əlinlə bütün yaradılanlar,
Olmayacaq bu nadir diademə bərabər.

 

Bu tacdan ancaq təmiz, saf bir işıq doğular,
Müqəddəs ocaqdakı şölələrdən od alıb.

Oləri gözlərisə necə parlaq olalar,

Onu baxanda tutqun, qəm doğuran aynadır.

 

Fransızcadan tərcümə

18.07. 2018

Samara