
Bu ömür nə uzandı, ah,
Yaxınlaşır yetmişi də!
Əfəllərəm bu gün-sabah,
Mən bu qədər deməmişdim…
Gedib atam, gedib anam,
Gedib bacım, qardaşım da.
Cavanlardan utanıram –
Mən bu qədər deməmişdim…
Seçmək olmur günü gündən,
Seçmək olmur yazı qışdan.
Tarix olub təvəllüdüm –
Mən bu qədər deməmişdim…
Ömürlər də, ölümlər də,
Tanrım, sənin öz işindir.
Sözdür, indi deyirəm də —
Mən bu qədər deməmişdim…
05. 11. 2019
Samara