Архивы

ÜZ ÜZDƏN UTANIR…

Ermənistan prezidenti Sarqsyanla növbəti görüşə hazırlaşan İlham Əliyev arvadına deyir:

—         Mehriban, yaxşı ki, Ermənistanda prezidentlər dəyişirlər. Bizdəki kimi onlarda da həmişə  bir nəfər olsaydı,  üzüm-gözüm öyrəşərdi. Üz –göz öyrəşmək də pis şeydir, desəydi Beyləqanı, İmişlini də ver, gərək verəydim…

RƏSİZADƏ TBİLİSİDƏ

Tbilisi. Gürcüstanın yeni prezidenti and içir. Zalda qonaqlar arasında oturmuş qoca Artur Rəsizadə yanındakı gürcüyə deyir:

—         Şevardnadze yaman cavanlaşıb. Tanımaq olmur…

Gürcü deyir:

—         Batano Artur, bu, Şevardnadze deyil, Marqvelaşvilidir…

—         Yaxşı, bəs  prezident Şevardbnadze ola-ola bu adam niyə and içir?

—         Qenasvale! Şevardnadze çoxdan prezident deyil!

Rəsizadə təccüblənir:

— Necə Şevardnadze prezident deyil? Nə vaxtdan bəri Qafqazda prezidentlər dəyişir?

BAYRAMINIZ MÜBARƏK!

nar

Ah, Vətən! Bu gün Azərbaycanda bayramdır… Dirçəliş günü…
Ah, Vətən!
Muğamat, Aşura, şor…
Sünnət toyu, İmam ehsanı, Az TV…
Bu Dirçəliş günündə Vətənin necə dirçəldiyini görüb sevinməyən insan olmaz, olsa da ol şəxsdə vicdan olmaz!
Azərbaycan məşədilərin sayına görə dünyada birinci, kərbalayıların sayına görə ikinci, hacıların sayına görə üçünncü yerə çıxıb!
Azərbaycan dünyaya verdiyi töhfələrlə millətin başını ucaldıb: Azərbaycan Ermənistana Qarabağ və üstündə də yeddi rayion, Gürcünstana neft, qaz və Heydər babanını heykəlini, Rusiyaya iki milyon qastarbayter, Avropa diplomatiyasına tonlarla qara kürü verib!
Ah. Vətən!
Palçıq, yağış, qarğış, anaşa, bıçaqlaşma…
Bəy tərifi, qeybət, rüşvət, molla kəbini…
Əliyevlər Paşayevlər, Heydərovlar, Mehriban xanım, Mehriban xanıma ərizə…
Borc, kredit, faiz, infarkt, insult, türmə…
Qaçqınlar, köçkünlər, kefxanalar, hamamxanalar, yavaxanalar, Bayraq meydanı…
Heç bir ölkədə Allahın adı Azərbaycanda olduğu qədər çəkilmir. Bir gündə azərbaycanlıların neçə dəfə “Allah” dediyini saya bilən kompüteri hələ yahudilər və xaçpərəstlər yarada bilməyiblər, çünki qeyrətləri yoxdur…
İndi bu yazını oxuyan hər millət övladı deyəcək: “Mirzə Əlil, Allah sənin…”
Ah, Vətən!
Muğamat, bulvar, baobab, Aygün Kazımova…
Aşura, şor, dərd, göz yaşları…
Bayramınız mübarək…

Mirzə Əlil
17.11. 2013 Samara

MARAFON ƏHVALATI

nar

Əliyev: Ramil, eşitmişəm marafon olacaq, nə marafondur bu?
Usubov: Zat-aliləri, marafonu “Azadlıq” qəzeti keçirir.
Əliyev: Ramil, deyirəm bəlkə açaq sərhədi, bizdə ərazi bu marafona bəlkə çatmaya, qoy qaçıb getsinlər ya Rusiya tərəfə, ya da İrana-zada…
Usubov: Zat-aliləri, bunlar qaçış marafonu keçirmirlər, bunların firkri nəzir yığmaqdır… qəzet pulları qurtarıb…
Əliyev: Ramil, onda sərhədi hökmən açmaq lazımdır. Burda kimdir onlara nəzir verən? Qoy getsinlər Rusiyaya, Türkiyəyə, İrana, nəzirlərini yığsınlar. Həm de deməsinlər ki, biz demokratiyanı boğuruq…

ƏYLİSLİNİN ERMƏNİ XALQINA TƏMƏNNASIZ XİDMƏTİ

Əkrəm Əylisli rus jurnalına verdiyi müsahibədə “Daş yuxular “ romanını Nobel mükafatı üçün yazdığı barədə deyilənləri yalana çıxarıb. Cənab Əyıisli deyib: “Mən bu romanı erməni xalqım üçün təmənnasız yazmışam. Bir kron da lazım deyil”. 

CAVANLIQ DƏRMANI

nar

Azərbaycan alimləri cavanlıq dərmanı kəşf ediblər. Bu dərman bu günə qədər İlhamə Quliyevaya, Flora Kərimovaya, Ramiz Mehdiyevə, Zeynəb Xanlarovaya, Arif Əlizadəyə, Arif Paşayevə verilib və müsbət nəticə alınıb. İlhamə Quliyeva hətta on səkkiz yaşlı bir oğlana nişanlanıb, bu-gün sabah Heydər Əliyev mərkəzində toyudur. Həkimlər hələlik cavanlıq dərmanını Artur Rəsizadəyə verməyi məsləhət görmürlər, çünki Artur müəllim neçə ildir ki, uşaqlığa qayıdıb və iş gününü oyuncaqlarla keçirir…

PREZİDENTİN SƏHƏRİ

nar

Səhər çağı. İlham Əliyevin evi. Prezident səhər yeməyinə girişmək istəyəndə birdən duruxur və nökərə deyir:
-Mən stolun üstündə “Azadlıq” qəzetini görmürəm! Bəs bilmrsiniz mən “Azadlığı” oxumayanda çörək boğazıma getmir?
Nökər üçqat əyilərək deyir:
— Zat-aliləri, “Azadlq” bu gün çıxmayıb…
— Onda “Yeni müsavat”ı gətirin, birtəhər çörəyimi yeyim.
Nökər yarıuzanılı vəziyyət alır:
— Zat-aliləri, “Müsavat” da çıxmayıb, deyəsən pulları yoxdur…
Zat-aliləri, Elşad Abdullayevin təzə videosu var, bəlkə qoşum?
— Qoş, yoxsa kürü boğzımdan keçmir. Avropalılar düz deyirlər ki, kürünkü demokratiyadır…

 

OBAMA AZƏRBAYCANLILARIN AZADLIĞA ÇIXACAĞINA İNANIR

Prezident seçkilərinin nəticəsiylə bağlı Azərbaycan xalqına müraciətində Barak Obama ümidsizlyə uğramamağa çağırır. ABŞ prezidenti yazır: “Amerikada hələ dünənəcən qaradərililər qul idilər. Azadlıq gec-tez yetişir, azərbaycanlıların da bir gün azadlığa çıxacağına inanıram”. 

HÜQUQ QEYRƏTDƏN DƏ VACİBDİR…

nar

Təzə müdafiə naziri Zakir Həsənov deyib ki, «Azərbaycan ərazilərini işğaldan azad etmək hüququnu özündə saxlayır». Bunu eşidənlər Zakir Həsənovun ölənlərinə min rəhmət deyiblər, çünki millət elə bilirdi ki, bu hüquq çoxdan it-bata düşüb, ya da antimilli insanlar satıb-yeyiblər. Şükür allaha ki, hüquq yerindədir, hüququmuz olan yerdə də bizə zaval yoxdur, ermənilər lap Azərbaycanın qalan yarısını alsalar da…

QAPAZ AZƏRBAYCANDA MÜASİR BAŞ GEYİMİDİR

Azərbaycan kişilərinin motal papaq, başlıq, çalma, rus kepkası qoyan vaxtları olub. Amma Əliyevlər gələndən kişilərin çoxu başında qapaz gəzdirir və başı qapazlıların sayı get-gedə azalmır, artır…