Архивы

TEOFİL QOTYE.  BULAQ

gautier_big-min

          La source

İki daş arası, gölə lap yaxın,

Adamsız bucaqda qyanayır bulaq.

Həvəslə, yüngülcə şütüyür axın,

Sanki uzaqlara gedib çıxacaq.

 

 

Zümzüməylə deyir: “Nə xoşdur indi!

Elə qaranlıqdı torpaq altdasa!

Daha sahillərim yaşıl çəməndir,

Aynamda göylərin parlaq əksi var.

 

 

Göy yaddaş çiçəyi pıçıldayaraq,

Deyir ki, unutma məni, nə olar.

Cırcırama iti qanadlarıyla,

Oynayaraq məni azacıq dalar.

 

Quşlar içir mənim camımdan indi,
Kim bilir, bu yolu xeyli dolanıb,
Bəlkə də bol sulu bir çaya döndüm,

Onda içirdərəm düzü-dünyanı.
Bəyaz köpüyümlə bəzənər mənim,
Qranit sahillər və daş körpülər.

Məndə tüstülənib yol gedər gəmi,
Böyük Okeana çıxana qədər”.

 

Cavan bulaq dil-dil ötür beləcə,
Gələcək günlərə qurur yüz plan,

Elə bil ki, onun şütüyüb keçən,
Suları istəyir çıxa camından.

 

Beşik təmasdadır məzarla ancaq,

Gələcək nəhəng də körpəcə ölər.

Bu körpə bulaq da yuvarlanacaq,
Gölün sularına, qoymadan əsər

Fransızcadan tərcümə

01-02.10. 2018

Samara

TEOFİL QOTYE.  BULUD

gautier_big-min

  La nue

Üfüq üzərində bulud yüksəlir,
Donu mavilikdən biçilib onun.

Çılpaq bakirədir baxsan elə bil,
Ayna sularından çıxır bir gölün.

 

Sədəfdən ləyənin içində durub,

Gedir mavilikdə dalğalanaraq.

O da Afrodita kimi yoğrulub,

Hava köpüyündən yaranıb ancaq.

 

Görünür göz oxşar hər duruşundan,
Gərdəni naməlum cizgiləriylə.

Yağış tək çiləyir şəfəq anbaan,

Atlas çiyinlərə qızıl gülləri.

 
Mərmər ağlığı var onda, qar həm də,
Bu iki çaları qovuşdurur eşq.

Sanki Korredjonun bir əsərində,
Çılpaq Antiopa yuxuya dalmış.

 

 

İşığa bürünüb uçur, qalxır o,

Alpdan, Apenindən yüksəyə daha,

“Əbədi qadınlıq”  bacısıdır o,

Onda ilk yaranış gözəlliyi var.

 

Mənsə ehtirasla qanadlanaraq,
Əbəs can atıram yenə də ona.

Uçur mənim ruhum buluda sarı,

Hazır İksion tək basa bağrına.

 

 

Ağlım mənə deyir: “Bu, bir dumandır,
Onda öz arzunu görürsən elə.

Ya bir kölgədir o, külək oynadan,

Köpük tək dağıla, kimə fərq elər?”

 

Duyğu cavab verir: “Fərq elər hökmən!

Dünyada gözəllik sayılan nədir?

Sevimli bir kabus, qəlbi titrədən,

Yoxluqdan, heçlikdən yaranır qəfil.

 

Qəlb aç İdeala, ürəyinə sən,
Gözlərin doyunca göyləri doldur!

Bulud da, qadın da sevə bilərsən,

Vurul və sev ancaq! Ümdəsi budur!”

 

Fransızcadan tərcümə

28-29.09. 2018

Samara

TEOFİL QOTYE. GÖYƏRÇİNLƏRİN DEDİKLƏRİ

gautier_big-min

Yarpaqlar tökülür göz önündəcə,

Xəzələ  saralmış çəmən bürünür.

Sərin külək əsir səhər və gecə,
Əfsus! Sonu çatdı gözəl günlərin!

 

Bağa keşik çəkən gözəl güllərin,
Son dəfə açılır xəzinə ağzı.

Son dəfə kokardı taxır georgin,

Gülünbaharların ləçəyı qızıl.

 

Qovuqlar yaradır soyuq yağışlar,
Göllərin səthində, görəyçinlərin

Damların üstündə iclası başlar:

Budur, soyuq gəlir, budur, qış gəlir!

 

Köç hazırlığına başlayır onlar,

Dinir nəğmələri səfər önündə.

Söyləyir birisə: “Afinada, ah,
Qədim divarları görəm yenə də!

 

Uçuram mən ora və Parfenonun,

Yuva bağlayıram metopasında.

Karnizin birində yuvamla onun

Mərmi deşiyinə qapaq salıram.

 

Digəri: “Mənimsə xrdaca hücrəm,

Smirnada kafe tavanındadır.

Qızmar günəş altda orda hacılar,

Təsbeh çevirirlər əmbər dənəli.

 

Girirəm-çıxıram adəti üzrə,
Ağuş buxarında çubuqların mən,

Tüstüdə uçarkən qanadım dəyər,
Onların fəsinə, çalmalarına.

 

Üçüncü: “Balbekdə, frontonundan,
Məbədin yuvamı hər il qururam.

Caynaqla asılıb qalıram ordan,
Hər yedizdirəndə balalarımı”.

 

Dördüncü söyləyir: “Ünvanım mənim,
Rodosdur, sarayı cəngavərlərin.

Hər qış çalışıram kapitelini
Sütunun yuvama orda çevirəm”.

 

Beşinci: “Yaş məni ağırlaşdırır,
Fikrim var dayanam buna görə də,

İlıq Maltanın ağ terraslarında,

Orda səma da göy, orda su da göy”

 

Altıncı sözləyir: “Mənə xoş gəlir,
Qahirə; başında minarələrin,
Bir naxış yapıram samanla, gillə,
Hazırdır beləcə qış evim mənim”.

 

Yeddinci söyləyir: “yuva qururam,

Mən Nilin ikinci astanasında.

Orda yaxşıca bir yuva yeri var,

Qranit fironun tacına baxsan”.

Hamı: “Qatarımız nə qədər ölkə,

Üstündən aşaraq uçacaq sabah,

Düzən, qarlı zirvə və ağ köpüklə,
Bəzənən dənizlər qalar arxada”

 

Sıralanıb yapma çıxıntılarda,
Çığırtı qoparır, qanad çiləyir,

Görəndə meşədə qızıl pas artır,
Coşur sevinci də göyərçinlərin.

 

Onlar nə desələr, mən anlayıram,
Çünki şair özü quşa bənzəyər.

Ancaq əsirdir o, qanadlarını,

Görünməz barmaqlıq sındırar, əzər.

 

Qanad, qanad, qanad verin ki, uçum,

Ryükert nəğməsində dediyi kimi

Qanadımı qızıl günəşə açım,
Al-yaşıl bahara tutum üzümü.

Fransızcadan tərcümə

16-17. 09. 2018

Samara

TEOFİL QOTYE. KAMELİYA VƏ QIZÇİÇƏYİ

gautier_big-min

Camélia et Pâquerette

Heyranıq şitillik çiçəklərinə,
Onlar uzaqdırlar doğma günəşdən,

Şüşəyə salınmış incilər kimi,

Büllur günəş altda şölələnərlər.

 

 

Nazlamır, oxşamır dəniz yelləri,
Onları sehrli öpüşləriylə.

Doğulur, yaşayır, onlar ölürlər,
Maraqcıl kütlənin önündə elə.

 

Xəzinə açırlar sinələrində.

Yarımşəffaf divar dalında onlar,
Sevimli kurtizan qadınlar qədər,

Qızıl qiymətinə onlar alınar.

 

İşvəli qızlar tək baş-başa verər,
Çini güldanlarda dəstələnərək.

Ya da qaytanlayar onları bir əl,
Məclisə gətirər, buket hörərək.

 

Tez-tez arasında yaşıl otların,
Barmaqlardan qaçaq, baxışdan qaçaq,
Sükutlu, kölgəli meşənin qalın,
Uzaq  yerində də bir çiçək yaşar.

 

Sadəliyi qədər gözəlliyi var,
Həm torpaq, həm səma ona vətəndir.
Və sadə ətrini axıdar, yayar,
Tənhalıq xətrinə, Tanrı xətrnə.

 

Titrəyən, vurnuxan bir ağ kəpənək,
Ya da təsadüfi zillənən baxış,
Saplağı üstündə nazlanan çiçək,

Sadəliyi ilə sizi çaşdırır.

 

Oynamayın onun həyadan əsib,
Titrəyən təzə-tər ləçəkləriylə.
Qoy onun təmiz və ətirli qəlbi,
Dolsun içinizə uzaqdan elə.

 

Qızıla alınmış kameliyanı,
Dəniz yollarıyla gələn zanbağı,

İnsan unudacaq, bəlkə bir anlıq,
Ot altında xırda çiçəyə baxıb.

 

Fransızcadan tərcümə

14-15.09. 2018

Samara

TEOFİL QOTYE. GİZLİ YAXINLIQLAR

gautier_big-min

Affinités secrètes

Qədim bir məbədin frontonunda,
İki mərmər sütun, yaşı üç min il.

Yunan səmasının mavi fonunda,
Bəyaz arzuları baş-başa gəlir;
Donuq sədəflikdə Afroditanı

Anımla göz yaşı dalğa tək axır.

Sözlər danışırlar çətin anlanan,,

Girdaba gömülən iki mirvari.
Xeneralifedə suların hər gün,
Hönkürtü qoparıb ötüşən yeri,
Boadbil vaxtından iki qızılgül,

Çiçəkləyir, çiyin-çiyinə verib.

 

Qübbələri üstdə Venetsiyanın,
İki ağ göyərçin altın ayaqlı,

May axşamı orda eşq yuvasına,
Çəkilib, pozulmaz ittifaqları.

 

Göyərçin, qızılgül, mirvari, mərmər,
Hər şey aşılanır, məhv olub gedir.

Mirvari əriyər, mərmər tökülər,

Gül-çiçək saralır, quş köçəridir.

 

Yerini tərk edən hər bir hissəcik,

Dərin bir putaya düşüb qalanır,

Köpür universal xəmir tək, şişir,

Və Tanrı istəyən şəklə salınar.

Gözlə görünməyən dəyişmələrlə

Ağ mərmər qar tək ağ bədənə dönər.

Qızılgül dodaqlar solursa əgər,
Başqa bir bədəndə çiçəklər yenə.
Yenə göyərçinlər şirin dinəcək,

Cavan aşiqlərin sinələrində.

Gözəl mirvarilər dişə dönəcək,
Gülüş mücrüsünə qapaq yerində.

 

Rəğbətin mənbəyi burda deyilmi,
Bütün amiranə şirinliklərə,
Onlarla könüllər tanıyır, bilir,
Onlar doğmadırlar bacılar qədər.

 
Yenilib bir ətrin cazibəsinə,
Bir incə şölənin, bir rəngin ya da,

Arılar çiçəyə şığıyar necə,
Atom da atoma doğru can atar.
Beləcə arzular xatirə gəlir,

Fronton üstündə, ya da dənizdə,

Şəffaf, sərin sulu fəvvarələrin,
Yanındakı şirin söhbətimiz də.

 

Qızıldan günbəzli qübbələr üstdə,
Qanad titrəyişi, odlu öpüşlər
Əhdə sədaqətli hissəciklərsə,

Can atır eşq ilə hələ görüşə.

 

Ötənlər sıyrılıb çıxır dumandan,

Unudulan sevgi yenə oyanır.

Al dodaqlar üstdə gələrək cana
Birdən öz-özünü çiçək tanıyır.

 

Parlaq gülüşlərdə ya da sədəfdə,
Görər mirvarilər öz ağlığını.

Cavan bir qadının dərisi üstdə,

Mərmər tanıyar öz soyuqluğunu.

 

Yenə göyərçinə şirin səs gələr,

Əks-sədasından iztirabının,

Öləziyər bütün müqavimətlər

Alar ürəyini tanımadığın.

 

Siz ey qabağında yanıb-əsdiyim,
Hansı gül, fronton ya  fəvvarələr,

Hansı qübbə birgə tanıdı bizi,
Çiçək ya görərçin? Mirvari, mərmər?

Fransızcadan tərcümə

03-05. 09. 2018

Samara

ŞARL BODLER. BURDAN ÇOX UZAQDA            

BaudelaireNadard-thumb

Bien loin d’ici

Bura dualanmış ərazi, mənzil,

Burda bəzəkli qız, gözəl və nazlı,

Ürəyi buz kimi, həmişə hazır,

 

İncə balınclarda başı dincəlir,
Bir əllə döşünü o  yelpicləyir,
Hovuz naləsini qəlbi dinləyir.

 

Bura otağıdır Doroteyanın,
Dinir uzaqlarda külək də, su da.

Yarı nəğmə deyir, yarı ağlayır,

Ərköyün bu uşaq bəlkə də yata.

 

Başdan ayağacan, qayğı və səylə

İncə dərisini cilalayıblar
Ətirli yağlarla, benzoy çəkiblər

 — Küncdə çiçəklərsə bayılıb qalar.

 

Fransızcadan tərcümə

20.07. 2018

Samara

ŞARL BODLER. NİFRƏT ÇƏLLƏYİ         

 

бодлер

       Le Tonneau de la Haine

Bir çəlləkdir ki Nifrət, doludur Danaidlə,

Bura güclü, qırmızı əlləriylə İntiqam,
Toranda başılovlu vedrə-vedrə əndərir,

Ölənlər axıtdığı göz yaşları, tər və qan.

 

Gizli deşiklər açıb İblis bu girdabdasa,
Onlardan axıb gedir min illərin qan-təri.

Əgər qurbanlarını cana gətirə bilsə,
Yenə də Nifrət sıxıb, qanlarını çəkərdi.

 

Nifrət əyyaşa bənzər meyxana küncündəki,
Təşnəsi şiddətlənər, çox içərsə nə qədər,
Kəsildikcə çoxalan Lerna hidrası kimi.

 

Bəxtəvər əyyaş bilir xumarlıqdan yenilər,
Yaslı tale yazılıb Nifrətinsə adına,
Yuxuya getməz heç vaxt girib masa altına.

Fransızcadan tərcümə

11.06. 2018

Samara

UİLYAM ŞEKSPİR. 145-Cİ SONET

sonnet 145.jpg
                              Those lips that love’s own hand did make

Sevgi kimi şirin dodaqlarından,
İki söz ucaldı: “Nifrət edirəm!”

Onun həsrətiylə yandığım zaman;

Qüssəli halımı amma görən dəm,

 

Şəfqət ürəyində yarandı birdən,
Dilini qınadı, şirin bilirdim,
Dilini həmişə, indi yenidən,
Elə bil ki, lütfə öyrədilirdi.

 

“Nifrət edirəmi” dəyişdi sonda,

Gecənin sonunda necə gün doğar.
Cin kimi qovulub gedər səmadan,
Gecə cəhənnəmə bəlkə qərq olar.

 

              “Nifrət edirəm”ə “sənə yox”u da,
              Artırıb, qaytardı məni həyata.

 

İngiliscədən tərcümə

07-08. 2018

Samara

QEYD: 145-ci sonet Şekspir sonetləri içində unikallığı ilə seçilir, çünki başqa sonetlərdən fərqli olaraq yambik pentametrlə deyil, yambik tetrametrlə yazılıb. Heca sayı ilə desək, hər misrada on yox, səkkiz heca var. Azərbaycancaya bu sonet də 11 heca ilə çevrilib, çünki bizim səkkizhecalı şeirlə, təəssüf ki, Şekspir sintaksisini orijinala nəinki adekvat, hətta yaxın da vermək mümkün deyil. Orijinala yaxın ölçü seçən rus tərcüməçiləri sonetdən çox az şey saxlaya bilirlər.

UİLYAM ŞEKSPİR. 108-Cİ SONET

sonnet 108.jpg

                                  What’s in the brain that ink may character

 

Beynimdə yazmağa nə var dəyərli,

Qəlbimlə deməmiş olam mən sənə?

Axı mən təzə nə deyə bilərəm,

Dəyə sənin ali ləyaqətinə?

 

Heç nə, gözəl oğlan; amma dua tək,

“Sən mənm”, “mən sənin” deyəm gərək mən,

Köhnə olduğunu düşünməyərək,

İlk dəfə adını sanki çəkirəm.

 

Solmaz təravəti əbədi eşqin,

O bilməz zamanın qubarı nədir.

Yeri yox heç yaşda onda qırışın,

Onun zaman özü xidmətindədir.

 

 

                          Harda doğulubsa, yaşayar orda,

                          Eşqim, zaman onu ölü saysa da.

İngiliscədən tərcümə

04.04 2018

Samara

UİLYAM ŞEKSPİR. 68-Cİ SONET

Sonnet_68_1609.jpg

                     Thus is his cheek the map of days outworn…

Onun üzündəki zaman başqadır —

Gözəllik gül ömrü yaşardı onda.                                               

Yapma yaraşıqlar yaranmamışdı,

Yoxdu bər-bəzəklə  üz yaradan da.

 

Qızılı saçları ölən gözəlin

Torpağa gedərdi, kəsilir indi,

Ayrı baş onlarla yenə bəzənir,

Kiməsə ölənin teli sevincdir.

 

Ondasa görünür ötən xoş zaman,

Hər şey bəzəksizdi, doğru, əsildi.

Yayı yaratmırlar saxta yaşıldan,
Gözəldə heç nə yox köhnə əsirdən.

                     

                           Yaşar bu gözəllik bir nümunə tək,

                           Əsili saxtadan ayıra bilək.

İngiliscədən tərcümə

24.02.2018

Samara