TEOFİL QOTYE. GİZLİ YAXINLIQLAR

gautier_big-min

Affinités secrètes

Qədim bir məbədin frontonunda,
İki mərmər sütun, yaşı üç min il.

Yunan səmasının mavi fonunda,
Bəyaz arzuları baş-başa gəlir;
Donuq sədəflikdə Afroditanı

Anımla göz yaşı dalğa tək axır.

Sözlər danışırlar çətin anlanan,,

Girdaba gömülən iki mirvari.
Xeneralifedə suların hər gün,
Hönkürtü qoparıb ötüşən yeri,
Boadbil vaxtından iki qızılgül,

Çiçəkləyir, çiyin-çiyinə verib.

 

Qübbələri üstdə Venetsiyanın,
İki ağ göyərçin altın ayaqlı,

May axşamı orda eşq yuvasına,
Çəkilib, pozulmaz ittifaqları.

 

Göyərçin, qızılgül, mirvari, mərmər,
Hər şey aşılanır, məhv olub gedir.

Mirvari əriyər, mərmər tökülər,

Gül-çiçək saralır, quş köçəridir.

 

Yerini tərk edən hər bir hissəcik,

Dərin bir putaya düşüb qalanır,

Köpür universal xəmir tək, şişir,

Və Tanrı istəyən şəklə salınar.

Gözlə görünməyən dəyişmələrlə

Ağ mərmər qar tək ağ bədənə dönər.

Qızılgül dodaqlar solursa əgər,
Başqa bir bədəndə çiçəklər yenə.
Yenə göyərçinlər şirin dinəcək,

Cavan aşiqlərin sinələrində.

Gözəl mirvarilər dişə dönəcək,
Gülüş mücrüsünə qapaq yerində.

 

Rəğbətin mənbəyi burda deyilmi,
Bütün amiranə şirinliklərə,
Onlarla könüllər tanıyır, bilir,
Onlar doğmadırlar bacılar qədər.

 
Yenilib bir ətrin cazibəsinə,
Bir incə şölənin, bir rəngin ya da,

Arılar çiçəyə şığıyar necə,
Atom da atoma doğru can atar.
Beləcə arzular xatirə gəlir,

Fronton üstündə, ya da dənizdə,

Şəffaf, sərin sulu fəvvarələrin,
Yanındakı şirin söhbətimiz də.

 

Qızıldan günbəzli qübbələr üstdə,
Qanad titrəyişi, odlu öpüşlər
Əhdə sədaqətli hissəciklərsə,

Can atır eşq ilə hələ görüşə.

 

Ötənlər sıyrılıb çıxır dumandan,

Unudulan sevgi yenə oyanır.

Al dodaqlar üstdə gələrək cana
Birdən öz-özünü çiçək tanıyır.

 

Parlaq gülüşlərdə ya da sədəfdə,
Görər mirvarilər öz ağlığını.

Cavan bir qadının dərisi üstdə,

Mərmər tanıyar öz soyuqluğunu.

 

Yenə göyərçinə şirin səs gələr,

Əks-sədasından iztirabının,

Öləziyər bütün müqavimətlər

Alar ürəyini tanımadığın.

 

Siz ey qabağında yanıb-əsdiyim,
Hansı gül, fronton ya  fəvvarələr,

Hansı qübbə birgə tanıdı bizi,
Çiçək ya görərçin? Mirvari, mərmər?

Fransızcadan tərcümə

03-05. 09. 2018

Samara

Реклама