Архивы

Uistan ODEN. YOL AYRICINDA AĞLAYAN XANIM

AudenVanVechten1939

Xanım, ağlayırsan yol ayrıcında,
Deyirsən tapılar bu yerdə sevgin?

Bir sürü tazıyla keçər toranda,

Əlcəkli əlinini üstdə də şahin?

 

 

Ağacda quşları onda yemlə sən,
Kəsilsin səsləri, elə yemlə ki.

Göydən qov günəşi bircə himlə sən,

Gecə gələ bilsin gün gedən kimi.

 

Ulduza həsrətdir kim çıxır yola,
Qışın küləkləri işləyir qana.

Qaç, qabağındakı qorxunu adla,
Qalan peşmanlıqdır dalda, dayanma.

 

Yüyür, qulağına çatana qədər,
Əbədi okean harayı, durma.
Suyu şor olacaq, həm də ki, dərin,

Gərək dibinəcən içəsən amma

 

 

Enib zindanına dəniz dibinin,
Tabla, bütün səbrin tükənənəcən.

Axtarsan hər batan gəmini bir-bir,

Bəlkə qızıl açar əlinə keçər.

Dünyanın sonuna yollan, ələ al,
Öpüşlə zəhmli keşikçiləri.
Uçurum üstündə sınıb-dağılan,
Körpünü aş keç.

 

 

Atılmış, adamsız  orda qala var,
Dəyər öyrənməyə ondakı hər daş.

Mərmər pilləkənə ayaq basıb qalx,
Bağlı qapıların kilidini aç.

 

 

Keç sükuta dalan bal salonundan,

Tərk elə şübhəni, təhlükəni sən.

Hörümçək torunu üfür aynadan,
Nəhayət, özünü görə biləsən.

 

 
Əlini taxçada gəzdir  indisə —

Boynuna düşəni  başa vurmusan.

Əlinə bir iti tiyə keçdisə,

Saxta ürəyinə var gücünlə sanc.

 

1940

İngiliscədən tərcümə

12-13.04. 2020, Samara

 

QEYD: Orijinalda tək misralar (1-3) qafiyələnmir

 

Lady Weeping at the Crossroads

 

Lady, weeping at the crossroads,
Would you meet your love
In the twilight with his greyhounds,
And the hawk on his glove? Читать далее

SOSİAL DİSTANSİYA HAQQINDA BALLADA

20.03. 2020

Hanı mənim silahlarım?

Gətirin silahlanım!

Nə çatmırsa, tapın, alın,

Yeri qazıb çıxarın!

 

 

Hanı mənim revolverim,

Mauzerim bəs hanı?

Qoşalülə tüfəng verin,

Verin beşatılanı!

 

 

 

Hazır edin avtomatı,
Yeddi-səkkiz daraqlı.

Hanı mənim top atanım? –

Dursun hazır, yaraqlı.

 

Qılıncımı verin mənim,
Oxu-yayı verin həm,

Altdan-üstdtən zirehlənim,

Başımda da dəbilqəm.

 

 

Zirehləndim, silahlandım,

Döyüşə hazıram mən!

Mənə yaxın gələn adam,

İndi küssün özündən!

 

 

 

 Kişi, arvad – hər kim aşa,

İki metrlik həddi,

Hər silahdan atəş açar,
Qoruyaram sərhədi.

 

 

Top ataram, susduraram,
Kim uzaqda öskürə.

Sayıq dursam pusquda mən,

Sovuşar hər təhlükə.

 

 

Budur, yenə kimsə gəlir:

Dayan! Kimsən, nəçisən?

Qardaşımsan? Adın — Qabil?

Al payını onda sən!

 

27-28. 03. 2020, Samara

EVDƏ QAL!

SONY DSC

Evdə qal. Çək daha küçədən ayaq,

Bağla içəridən qapını möhkəm.

Sonra açarı da nəfəslikdən  at,

Çıxa bilməyəsən, dağıla aləm.

 

 

Uzan çarpayıda, divanda dincəl,
Göz dikib tavana saatlarla bax.

Yat da, mürgülə də, arada dirçəl,
Ye yığdıqlarını, yoxsa da iştah.

 

 

Elə ki, doyunca yedin və yatdın,
Qarışdır başını xatirələrlə.

Gözünün önündən keçsin həyatın,
İtməsin, batmasın bircə an belə.

 

 

Gördüyün işləri saf-çürük elə,
Görmədiklərini fikirdən keçir.
Vicdan sınağında bəlkə itkilər,
Verərək haçansa çəkildin geri.

 

 

Yada sal kimlərə nəyi, haçan sən,
Demək istəyirdin, demirdin ancaq.

Yada sal itirib başını bəzən,

Nələri kimlərə demisən nahaq.

 

 

Ulduz həsrətiylə, ay həsrətiylə,
Kövrəl, fürsət ikən, yaş töküb hönkür.

Baxmırdın gözünün ucuyla belə,
Necə günəş batır ya dan sökülür.

 

 

Tanrı qəzəbiylə qovulan Adəm! —
Dünya nə cənnətmiş, indi bilərsən.

Açarı axtarma, zavallı adam,
Əgər bacarırsan, divarı yar sən…

 

25-26. 03. 2020, Samara

TƏCRİD

2

Əlim ələ dəyən  yadımda deyil,
Doğma əli olsun, ya da yad əli…

Gəzirəm, adamsız cığırlar seçib,
Ayaq incisə də, başın salamat.

Keçən olanda da dinmədən keçir,

Bilmirsən kişidir, ya da ki, arvad…

 

 

Bu təcrid başlanan indi əsrdir,
Niyəsi, necəsi özümə sirdir…

Nəfəsim qızınmır dost nəfəsiylə,
Nə ürək açan var, nə də dinləyən.

Dəyişdim dünyanı quş qəfəsiylə,

Yox həvəs uçmağa, nəğmə deməyə.

 

 

Uzaq gəncliyimin yaxın adamı,

Hardasan? Necəsən? Yadındayammı?

Danış, eşidərəm. Ya da ki, öskür,
Üzü mənə sarı – qorxma azardan.

Uzat əlini də – təklik öldürür,

Əsrlik təcriddən üzülür insan…

 

17. 03. 2020, Samara

         BU NOVRUZ BAYRAMI ASAN İŞ DEYİL…

18.11. 19

Bu Novruz bayramı asan iş deyil,

Min cür hoqqası var, çətinliyi var.

Haçansa bəlkə də bir qazan aşdı,
İndiki tələblər başı ağrıdar.

 

 

Eyni intizarla gözləyər hamı,
Bütün uşaqların gözləri yolda.

Ancaq bayram günü gəlib çatdımı –

Darıxan da olur, məyus olan da.

 

Dəbdəbə yarışı qızışır hökmən —

Əfələ, kasıba, təkə ağırdır.

Baxırlar, ağzında daş olur tikən,
Tənələr, eyhamlar qəlbi ağrıdır…

 

 

Anamın tək vaxtı kənddə qapıya,
Gəlib qurşaq atıb bir neçə uşaq.

Görəndə anamın qoyduğu payı,
Gediblər, qapını daşa basaraq…

 

 

Özün  keç onların  günahlarından,
Uşaq yaşlarına bağışla, Tanrı!
Bilirsən anamın ruhu hardadır,
Ovundur o bayram ağrılarını!

 

 

Bizə bu bayramı sən buyurmadın,

Ancaq qüdrətinlə o da yaranmış…

Zəngin süfrəsinə ver xeyir-dua,

Əfəlin, təkin də qolundan yapış…

 

10.03. 2020, Samara

BAYRAMLAR AYINDA DOĞULAN BACIM…

26 SENT 2019. 2

     Ağənnənin xatirəsinə

 

Bayramlar ayında doğulan bacım,
Heç sənin toyun da bayram olmadı.

Tərk edib gedirdin zülm ocağını,
Eləydi getdiyin yerin də adı.

 

 

Xoş sözü ömründə  kimdən eşitdin? –

Atandan, anandan ya qardaşından?

Yıxıldın, hayına kimin yetişdi?

Ağladın, qoşulub kim yaş axıtdı?

 

 
Zəhmətin ağırdı, günün qaraydı,

Bayramlar ayında doğulan insan.

Demə, əziz bacı, təkcə bu ayda –

Həmişə qəlbimdə, yaddaşımdasan…

 

07. 03. 2020, Samara

Aleksandr PUŞKİN. KƏDƏRLİ DURMUŞAM MƏZARLIQDA

ПУШКИН

Kədərli durmuşam məzarlıqda,
Baxıram ətrafa –tamam  çılpaq,

Yaxın da çöldür, həm uzaqlıq da,
Tək ölüm mənzili – müqəddəs ocaq.

Və bu son mənzilin yanından elə,
Yolu kəndin keçir, hərdən araba,
Gedər-gələr o yolla, yük aparar.

Sağı düzən buranın, sol da belə.

Bir çay axmır ki, təbiət də gülə.

Gözə kol-kos dəyir hərdən burada,
Lal məzarlar və bu məyus daşlar,

Qəbirlər üstdəki ağac xaçlar,

Elə oxşar ki, qəlbdə qəm oyadar.

1834

Ruscadan tərcümə

27.02. 2020, Samara

 

 Александр Пушкин — Стою печален на кладбище Читать далее

SƏKÇƏ

U LENİ. KİNO

1960-cı illər

               

Yay günü Salyanda  olanlar  bilir:

İnsan diri-diri bişir istidən.

Altdan alov dəlir ayaqlarını,

Aramsız, amansız od yağır üstdən.

 

 

Əvvəl tər isladır küçədəkini,

Paltarı əynində əskiyə dönür.

Sonra su bədəndə  tükənib gedir,

Sinənin, üzünün duzu görünür.

 

 

Sanki Xeyir və Şər dünyasındasan,
Ölürsən, bir damla suyun möhtacı.

Gözünü verərsən bir udum suya,

Hanı Şər, tuluğun ağzını aça?

 

 

Tindən uşaq çıxır səkçə əlində,
Ağac kömürü tək qara və kövrək.
Cin çıxır gözündən, Şər deyil hərçənd,

Yanana su verən mələkdir, mələk!

 

 

İt yalasa, doyar üzündə kiri,

Rəngi köynəyinin gedib haçandan.

Nemətdir, dərmandır səkçəsindəki:

Elə bil şərabla dolur stəkan!

 

 

Beş qəpik…on qəpik… alıb içirsən,
Ayıldır səkçənin suyu, dirildir.

“İlahi, min şükr!” deyib keçirsən,

Uşaq səkçəsini qaldırıb gedir…

 

 

Su satan salyanlı… səkçəli uşaq…

Kimin haqqı çatar qınaya axı?
Ölkə eləydisə, eləydisə xalq,

Nə günahı vardı zirək uşağın?

 

 

Torpaq zəngin idi, çörəksə qıtdı,
Təzək yandırırdıq neft, qaz olsa da.

Qızmarda bir qurtum su axtarırdıq,
Ölkəmiz həmişə sudan bolsa da…

 

 

Heykələ layiqdir səkçəli oğlan,
Özü də şəhərin düz ortasında.

Bəli, səkçədə su satırdı Salyan,
Dadlı heç nə yoxdu o sərin sudan…

 

22. 02. 2020, Samara

“CÜMLƏNİN ƏN SADƏSİNƏ SIĞDI ÖLÜM XƏBƏRİN…”

AĞASI müəl

Ağası müəllimin xatirəsinə

Uzun ola necə ömür,
Bitməyi var dərs kimi.

Zəngsiz ancaq gələr ölüm,
Həmişə də tərs kimi…

 

 

Haçanıydı? Dünəniydi

Başlanğıcı həyatın?

Təmiz, ilıq yay günüydü,
Dolu məktəb həyəti.

 

Artırmada dayanırdın,
Köynək qardan ağ, təmiz.

Düppədüzdü şalvarında,
Çuqun ütü salan iz.

 

On səkkizdi yaşın onda,
Yaşın uşaq yaşıydı.

Bütün həyat hələ öndə,

Gözəl günlər qarşıda…

 

 

Gedir ancaq ayın, ilin —
Xəzəl kimi sovrulur.

Öz ömrü də müəllimin,

Təbaşir tək ovulur.

 

 

Nə əlifba sırası var,

Boy sırası var nə də.

Kimi əvvəl, kimi sonra,

Hər birimiz növbədə.

 

Cümlənin ən sadəsinə,

Sığdı ölüm xəbəri.

Nə qədər göz gəzdirəsən,
Heyf, yoxdur səhv yeri…

 

 

14. 02. 2020, Samara

KÖHNƏ BİLET

U LENİ. KİNO

Nəsə axtaranda, təsadüfən ya,
Tapırsan lap köhnə bileti birdən.

Atmağa gəlməyib əlin haçansa,

Səfərdən yadigar bəlkə bilmisən.

 

 

Təyyarə bileti, ya da ki, qatar,

Saxlanıb əlfəcin əvəzi bəlkə.

Tapanda kitab da yadında çıxar,
Biletə baxarsan, gözün yol çəkər…

 

 

Dinər qulağında mühərrik səsi,
Uçuş həyəcanı yaşarsan yenə.

Diktorun qəribə ingiliscəsi,

Lirik nəğmə kimi yatar qəlbinə.

 

 

Ya da ki, vaqonun plaskartına,

Girərsən, itələr dal da, qabaq da.

Yerini düzəldib, başını atıb,
Yatarsan, bir gözün qalsa oyaq da…

 

 

Hər uzun yolun da sonu var axı —
Gəlib yetişirsən…Həminki ölkə…
Adamlar da həmin. Əlini sıxıb,

Hal-əhval soruşub çəkiləcəklər…

 
Baxıb boylanırsan həndəvərinə,
Bilmirsən dalınca gəldiyin nədir.

Yola çıxacaqsan sən ancaq yenə,
Belə səyahətlər hələ öndədir.

 

 

Cənnət guşələr var yer kürəsində,
Yolu oralara düşən — bəxtəvər!

Sarsıdar ruhunu, zəngin edər həm,

Köhnə biletlərə baş tutan səfər!

 

11.02. 2020, Samara