Архив тегов | bacı haqqında şeir

BAYRAMLAR AYINDA DOĞULAN BACIM…

26 SENT 2019. 2

     Ağənnənin xatirəsinə

 

Bayramlar ayında doğulan bacım,
Heç sənin toyun da bayram olmadı.

Tərk edib gedirdin zülm ocağını,
Eləydi getdiyin yerin də adı.

 

 

Xoş sözü ömründə  kimdən eşitdin? –

Atandan, anandan ya qardaşından?

Yıxıldın, hayına kimin yetişdi?

Ağladın, qoşulub kim yaş axıtdı?

 

 
Zəhmətin ağırdı, günün qaraydı,

Bayramlar ayında doğulan insan.

Demə, əziz bacı, təkcə bu ayda –

Həmişə qəlbimdə, yaddaşımdasan…

 

07. 03. 2020, Samara

SİBİRKƏ

             Sübü bacımın xatirəsinə

 

O vaxtlar ikiydi o kəndin adı,

Qırmızı Urxana, bir də Sibirkə.

Yaxında molokan kəndi də vardı,
Bu “Sibir” ruscadan gəlirdi bəlkə.

 

Yəqin gediş-gəliş çətinliyindən,

Onların gözündə bu kənd Sibirdi,

Bankədən çox uzaq deyildi hərçənd,
Yağış yağan kimi yol kəsilirdi…

 

 

Qom divarlı evlər üzü qibləyə,
Düzülüb gedirdi Kür qırağıyla.

Elə ki qalxırdı dəniz küləyi,

Bağa-bostana su çəkirdi çarxlar.

 

 

Hava qaralanda on-on beş qayıq,
Ağbalıq ovuna çıxırdı birdən.

Adamlar fəhləydi, tutulan balıq,

Yerli vətəgənin, idarənindi.

 

 

İdarə yanında uca dirəkdən,
Asılan fənərin gur işığında,

Puşkinin bir uşaq kitabını mən,
Oxuyardım… o vaxt mən də uşaqdım.

 

Səkkiz-doqquz yaşda. Yay aylarında,
Gəlib bacımgildə qonaq qalardım.

Nə döyər məni, nə danlayardılar,
Hələ başım hərdən sığallanardı.

 

 

 

Yeznə Zülfüqar da sakit adamdı,

Kələ-kötür üzü elə gülərdi.

Səssiz-səmirsiz də getdi dünyadan,
Gizlədib saxladı içində dərdi.

 

 

O fənər işığı, o yel çarxları,
Bostanlar və ətri təzə xiyarın.

Yadımdan nədənsə hələ də çıxmır,
Girir vaxtaşırı yuxularıma.

 

 

Mehriban bacımın qarabuğdayı,
Üzünün işığı həmişə yanar.

Məni, eybəcər və kifir uşağı,
Sevənin cənnətdə bəlkə yeri var…

 

 

 

Sibir deyilsə də, Sibir tərəfdir,
Mənim on illərlə qaldığım ölkə.

Sibirkə adında uzaq o kəndin,

Çetməz ölənəcən istisi bəlkə…

 

13.02. 2019

Samara

BACIMIN XATİRƏSİNƏ

ağənnə.jpg

                                              Ağənnənin xatirəsinə

 

Qıt alverdən yorğun gələn,

Həyətində var-gəl edən,

Çay üstündə mürgüləyən,

Yarı içib durub gedən.

 

Çörəyi də yarı yeyən,

Səksəkəli, yarı yatan.

Sadə gəzən, kasıb geyən,
Nisgilini içə atan.

 

İtirdilər əməyini,

Nə yığdınsa, dağıtdılar,

Gəlmədilər köməyinə,

İncitdilər, ağlatdılar,

 

Yoxsan, gedən yerim də yox,

Sənin evin vətən imiş,

Sən kimisi yerində yox,

Yurd da ölən-itən imiş.

 

Nə çox yatdın, dur ay bacım,

Gələrəm, yır-yığış elə.

Düşmənim var, bacarmıram,

Dur bir ağız qarğış elə…

 

15-16.02.2018

Samara

AY DƏYİŞİR, İL DƏYİŞİR…

Sübü bacımın xatirəsinə

Ay dəyişir, il dəyişir,

Dəyişirik, tanınmırıq.

Yurd dəyişir, el dəyişir,

Dünən ayrı, bu gün ayrı.

 

Sularında böyüdüyüm,

Çayla yenə görüşəndə

Tanımıram – ildən-ilə,

Məcrasını dəyişdirir.

 

Kölgəsiylə, meyvəsiylə,

Dolandığım ağacların

Ömrü gedir. Fəsil-fəsil

Dəyişirlər, qocalırlar.

 

Yer dəyişir, göy dəyişir,

Qəlb tanımır göz görəni.

Yubanıram görüşlərə,

Küsüb gedir gözləyənim.

 

Külək döyüb, yağış hopub,

Zaman əyib, daş dəyişib.

Neçə gözün yaşı hopub,

Yazıları düyün düşüb.

 

Başqalanır daş üstü də,

Daş altı da başqalanır.

Dərddir, illər ötüşsə də,

Nə dəyişir, nə yaşlanır.

 

Tələsirəm. Nə vaxtdı ki,

Qalxıb nəslin köçü gedir.

İndi  kimdi qabaqdakı?-

Qardaş gedir, bacı gedir…

                                16-21mart2009 Samara