Архивы

ƏVVƏLLƏR ELƏ BİL BELƏ DEYİLDİ…

20230721_135628

Şübhəli yerlərə əlini basıb,

Həkimin soruşur: “Burda ağrı var?”

Orta barmağını basır eləsi,

Deyirsən indicə dərin cırılar…

+

Biri var gücüylə sinəni vurur,
Biri ciyərini, biri qarnını,

Soruşur, ağrıyan odur ya budur,

İndi təsvir elə, deyir, ağrını…

 +

Vardır cürbəcürü həkimlərin də,
Biri təcrübəli, təzədir biri,

Alimi də olur, naşısı həm də,

Vurub əzəni var ağrıyan yeri.

 +

Ya qəlbən ya da ki, məsafə ilə,
Mənə yaxın olan xeyli adam var.

Süvər yerlərimə vururlar elə,
Naşı həkimləri yada salırlar.

 +

Elə bil əvvəllər belə deyildi,

Var idi həssaslar, qəlbi incələr,

Qalan naşılardır, yaxşılar gedib,
Biri çəkic vurar, biri iynələr.

+

Vurur, ürəyini alır hədəfə,

Zərbə alınmasa, vurur yenidən

Gözünün içinə deyir hər dəfə:

“Ağrını təsvir et mənə indi sən”…

 

19. 11. 2023, Samara

ÇİNGİZ ABDULLAYEVDƏN İSVEÇƏ NOBEL MƏKTUBU

Məktubu yazıram uzaq İsveçə,

Oxusun hən kral, həm kraliça:

Nobeldir xalqımın arzusu bircə,
Ölkəmiz sərvətdə çoxundan qabaq,
Təkcə Nobelimiz çatışmır ancaq.

 +

Elimiz seçilir ellər içində,
Quşlar “vau” deyir uçub keçəndə.

Keçi pianino çalır Laçında,
Danalar tezliklə zurna çalacaq,
Təkcə Nobelimiz çatışmır ancaq.

 +

Hər şeydən razıdır xalq, kefi sazdır,

Nə qədər qazana, demir ki, azdır,
Apar millətimi dünyanı gəzdir —
Qəlbi ölkəsində yenə qalacaq,

Təkcə Nobelimiz çatışmır ancaq.

 +

Sülh şəraitidir bizdə şərait,

İtin zənciri var, pişik də sakit,

Erməniyə dedik get dolan, qayıt,
Gəlsə qarşılarıq açaraq qucaq,
Təkcə Nobelimiz çatışmır ancaq.

 +

Yoxdur analoqu bizim rəhbərin,
Uşaq da böyük də deyir “afərin”,

On-on beş “afərin” deməyənlərin,

İnşallah, tezliklə sonu çatacaq,
Təkcə Nobelimiz çatışmır ancaq.

 

Mirzə TƏBİL

17. 11. 2023, Samara

 

«ŞAHİN KİMİ «SEYYİD»LƏRƏ, …RAŞLARA ORDEN

20230721_135628

Hər gün nə qədər imza atar fərmana rəhbər,
Paylar yenə qardaşlara, yoldaşlara orden.

 +

Layiq görülür ordenə  kimdirsə tayfadan,

Həm sevgili-cananlara, oynaşlara orden.

 +

Kim yurduna can qurban edib, muzdu medaldır,
Əyləncə ilə, keflə yayınmışlara orden.

 +

Aydın, işıqlı kəlləlilər türmə çəkərkən,
Almaqda və satmaqda zirək başlara orden.

 +

Düşmən sayılır doğru deyən, düz yazan insan,
Şahin kimi “seyyidlərə”, oğraşlara orden.

12. 11. 2023, Samara

BALIĞI DƏRYAYA ATMIŞAM…

20230721_135628

Balığı dəryaya atmışam, indi,
Özümdən razıyam, qayğılıyam həm.

Balığın dili yox, sular dərindir,
Xaliqə çatarmı bu iş – bilmirəm…

 +

Bu xaliq söhbəti bəlkə də yalan,
Elə yaxşılıq ya eləmə — birdir.

Kimdir hesab çəkən, yazıya alan?

Yemədin, buraxdın, yedin – kim bilir?

 +

Bəlkə dilsiz balıq metaforadır,
Əvəz iztəyənə yaxşılığından:

Birinin qolundan tutub qaldırır,
Gözləyir qoşulsun adına dastan…

 

11.11.23, Samara

…EV №26, DOSTUM CƏFƏRƏ

Elə həminkiyəm, bilmək istəsən,

Sıravi qocanın adi həyatı.

Pensiya ödəyir rus hökuməti,

Çatar boğazacan yeyib-içməsən.

 +

Rus davam eləyir müharibəyə,
Yekdil dəstəkləyir Putini də xalq,

Milyonlar ölümə gedir qalxaraq,
Kim ayrı söz desə, gedir türməyə.

 +

Mən heç danışmıram — ayrı söz nədir! —
Dilim dinc həmişə, başım aşağı.

Ya “bəli” deyərən, ya “yox” uzağı,

Sükut içində də günlərim gedir.

 +

Ömür də uzandı gözlənilmədən,
Gün var, həvəssə yox gün keçirməyə,

Bilmirsən cəzadır yoxsa hədiyyə.
Bu haqda özün nə fikirdəsən sən?

 +

Yetişdim yetmişə — bu rəqəm çətin,
Ali riyaziyyat məsələsindən.
Dolaşıb qalıram, çünki kütəm mən,
Qəlbdə, həm beyində ağrısa kəskin…

 +

Doğrultdum əsaslı şübhələrini,

Mənə əzizlərin və yaxınların,

Qaçmadım dalınca adın və varın,
Haqlıdır “uğursuz” görənlər məni.

 +

Təkcə uzaq deyil, yaddır həm Vətən,

Unudulur, ölür nə yazıramsa.
Özüm yaşayıram, canlııyam, sağam,

Nə etmək, belə bir klassikəm mən…

07.11. 2023, Samara

QƏZZA

Torpaq azad, Qarabağ azaddır,
Bu zəfər xalq üçün bəlaya dönüb.

 +

Dəyənək endirir polis dinənə,
Həyatı insanın cəzaya dönüb.

 +

Şəhidin, dustağın ağlar anası,
Sellənib göz yaşı, dəryaya dönüb.

 +

Məzədir Cütlüyə xalqın əzabı,

Hər biri sanki əjdahaya dönüb.

 +

Çox da ki, Azəribaycandır adı,
Zülmü artıb, daha Qəzzaya dönüb.

 

05. 11. 2023, Samara

BATAREYALI RADİO

         Ağənnə bacımın xatirəsinə

Radiomuz var idi bizim batareyalı,
Kəndimizə çox əvvəl işıq çəkilməmişdən.

Taxçamızda yerini yaxşıı xatırlayıram,
Qorunur, təmizlənir, əzizlənirdi həm də.

 +

Məməm həvəskarıydı  ədəbi verilişin,
Bir dəfə qulaq assa, əzbər danışacaqdı.

Yarımçıq qoyacaqdı dərsini, ya işini —

Radio teatrını çox sevirdi bacım da.

 +

Səsləri eşidərdik, səslərə vurulardıq.

Televizor yox idi hələ qonşularda da,

Radionun da yaxşı repertuarı vardı:

“Yevgeniya Qrande”, “Qorio ata” hətta.

 +

Taxçadaydı həmişə mənim də qulaqlarım,

Musiqi ölüsüydüm, xoş idi — nə çalınsa,

Sevirdim “Xoruz baba” danışan nağılları,

Bilmirdim özünü də görərəm mən haçansa.

 +

Salyana hər gedəndə lələm sarıq arası,
Tükənməmiş köhnələr, batareya alardı.
Özünnün radioyla yoxdu ancaq arası,
Bu işə  nə həvəsi, nə də ki, vaxtı vardı.

 +

Arvad-uşaq xətrinə pulu xərcləmirdi o,
O hər cür əyləncəni şeytan işi sayandı.

Dəqiq  vaxtı bilməyə lazım idi radio,

Saat çaş-baş olanda ya da ki, dayananda.

 +

Radio deyənlərin bircə kəlməsinə də
İnam yoxdu kişidə, qulaq asdı-asmadı,

Bolşevik planıyla kolxoz düzəldiləndə,
Varını almışdılar, qoyub “qolçomaq” adı.

 +

Bilirdi ki, dünyada hər şey müvəqqətidir,
İtirmişdi gözündə etibarı adamlar,

Təmizlə natəmizin fərqi bilinmir nədir,

Bu gün ağ deyilənlər sabah qara adlanar.

 +

Zaman məsələsində kələk yerimir ancaq,

Çatmır insanın hökmü saniyədə zərrəyə.

Gün ərzində saatla namazını qılaraq,
Borcunu intizamla ödəyirdi Tanrıya.

 +

Mənsə beş-altı yaşlı…Bilirdim ki, yediyim

Çörəyi Allah verir, lələmdir qazananı.

İndisə qanıram ki, o vaxt bütpərəst idim,
Daşlı radiomuzdu dünyanın yaradanı…

 

03-04. 11. 2023, Samara

«…BƏS NİYƏ YOXDUR ALAN «MİLLİ QƏHRƏMAN» ADI?»

09. 10. 23

Vardır hər qələbənin qəhrəmanları hökmən,

Ulduzlu göydə onlar parlaq bürc kimidirlər.

Onlardır ölümləri, qanı şərəfləndirən,
Doğrulur adlarıyla ən ağır itkilər də.

 +

Mənim də ordum zəfər çaldı ağır hərbdə,

Qurtardı səni, məni, xalqı ayıbdan əsgər.

Kişi kimi döyüşdü, qan, can əsirgəmədi,

Bəs hanı qəhrəmanlar, qazanılıbsa zəfər?

 +

Fövqəladə igidlik göstəribdisə əsgər,
Niyə yoxdur bəs alan “Milli qəhrəman” adı?

Bu ada layiq heç kim döyüşməyibsə əgər,

Bu “möhtəşəm” qələbə bəs necə qazanıldı?

 +

Əsgərimin haqqın kimlərdir mənimsəyən

Qızıl, neft və qaz kimi adı kim oğurladı?
Qəhrəmandan qəhrəman adı əsirgənirsə,
Zəfər də zəfər deyil, sevinci də haramdır…

 

26.10. 2023, Samara

ƏRƏSTUN ORUCLUYA: «AŞDI OKEAN, YATMADI, YORĞUN YENƏ GƏLDİ…»

Doldur qədəhi, saqi, Ərəstun yenə gəldi,

Aşdı okean, yatmadı, yorğun yenə gəldi.

+
Çox vacib işi qoydu yarımçıq o, ABŞ-da,
Millət çağırdı, millətə vurğun yenə gəldi.

 +

Yoxdur onun bərabəri elmi-siyasidə,

Əqli-kamalda hamıdan üstün yenə gəldi.

 +

Həm hərbiyə bələddir o, kəşfiyyata həm də,

Hər hadisəyə təhlili düzgün yenə gəldi
+

Məmmədli Qurbanın dalınca göndərin çapar,
Ərz eyləsin ki, çıx yola, dostun yenə gəldi.

 +

Var hər gözəldə bir qüsur, uzunçudur o da,

Mövzunu açınca gedəcək gün, yenə gəldi.

 +

Əfsus ki,  basıb-bağlamağa  meyli az deyil,
Var hay-küyü də —  fırtına, çovğun yenə gəldi…

 

25. 10. 2023, Samara

QULU ƏSGƏROVUN XATİRƏSİNƏ

qulu əsgərov

Necə hesablaşır xalq,
Böyük sənətkarıyla?

Xalqdan fəxri ad almaq

Necə olur? Nə yolla?

 +

Müəllif hüququnu,

Niyə, kim aldı ondan?

Nəğmələri Qulunun.

Oxundu xalq adından.

 +

Nə qoşdu, nə yaratdı —
Xalqı “mənimdir” dedi.
Layiq olduğu adı,

Quludan əsirgədi…

 +

Hökm, ad ixtiyarlı,

O “xalq” kimdir, hardadır?

Bəlkə ad verən ayrı,
Xalqsa üzü qaradır?

 

24. 10. 2023, Samara