Архивы

GƏDƏBİYYAT: BƏXTİYAR VAHABZADƏ. «ANA DİLİ»

”Dil açanda ilk dəfə «ana» söyləyirik biz”

Bu iddianın doğru olub-olub olmadığını hərə öz təcrübəsi ilə təsdiq edə bilər: ilk dəfə hansı sözü söyləmisiniz?
«Ana dili» adlanır bizim ilk dərsliyimiz.”

Bu, doğru deyil. İlk dərsliyimiz “Ana dili” yox, “Əlifba” adlanır. Mənim vaxtımda beləydi…
Sonra cəfəng sadalamar gılir:

“Bu dil bizim ruhumuz, eşqimiz, canımızdır”

Səməd Vurğunu xatırlatmırmı? “Bəşərin vicdanı, eşqi, ürəyi…” Səməd Vurğun bunu kommunist partiyası haqqında deyirdi. Yəqin Səməd Vurğunun şagirdi bu şeiri partiya hörmətdən düşəndən sonra yazıb.
“Bu dil bir-birimizlə əhdi-peymanımızdır”.

İnsafla deyin: dil necə “əhdi-peyman” ola bilər. Şəxsən mənim fikrimcə bizim dilimizdə yalan doğrudan min dəfə çox danışılır və yazılır.

Hansı dildə bizim dildəki qədər qarğışlar edilir?

Hansı dildə bizim dildəki qədər söyüş var?

Polis vətəndaşla “əhd-peyman”la danışır?

Məhkəmələrimiz “əhd-peymanlı” hökm çıxarır?

Mən hələ prezidentimizi demirəm, çünki o nə danışdığını bilmir…

Sonra:

“əcdadlarımızın bizə miras verdiyi…”

Miras – verilmir, dünyadan getmiş şəxs heç nə verə bilməz, qoyub gedə bilər. Ədəbiyyat akademiki özü dildən zəif olub…

“Qoruyub, nəsillərə biz də hədiyyə verək”

İrs oldu hədiyyə?

Ürəyimə dammışdı ki, şair dağa çıxacaq. Səməd Vurğun məktəbidir: Gah o dağdan, gah bu dağdan… Deyən olmayıb ki, a kişi, o dağ hansıdır, bu dağ hansıdır…

“Bizim uca dağların sonsuz əzəmətindən”

Azərbaycanın dağları, əlbəttə, ucadır. Başqa dağlar, yəqin ki, gödəkdir…

Akademik şair başlayır sadalamağa, çox şey sadalayır, elə bil mağazaya mal yığır, ya mal buraxır:

Bu torpaqdan, bu yerdən( torpaqla yerin fərqi nədir), elin bağrından (!?), çayların hiddətindən, güllərin rənglərindən, yanıqlı nəğmələrdən, Mil düzündən, Muğanın sonsuz genişliyindən…

Yox, hələ bitməyib.

“Ağsaçlı babaların əqlindən, kamalından,

(əql, kamal!)
Düşmən üstünə cuman o Qıratın nalından
Qopan səsdən yarandın.
Sən xalqımın aldığı ilk nəfəsdən yarandın.”

Başa düşdünüz? Yəni bu sadalanan şeylərin (türkün məsəli) hamısından Azərbaycan dili yaranıb…

“Qıratın nalından qopan səsdən…”

Özü də «o Qıratın». Neçə Qırat olub? Heca çatışmayıb, «o»-ni soxuşdurub…

Tfu…

Dilimizdəki sözlərin 60-70 faiszi alınmadır. Bəs onlar nədən yaranıb? Qıratın yəhərindən, cilovundan?

«Xalqımın aldığı ilk nəfəs» nədir, ay müsürmannar?  Bunu yazan dəlidir ya xalqı dəli sayır?

Bu akademik şair bu şeirdə Azərbaycan dili haqqıında nə dedi? Heç nə, ancaq batırıb-buladı. Belə cəfəng, qeyri-poetik, qeyri-estetik mətnlə dilimizi kiməsə sevdirmək olar? Dili gözəl şeir sevdirə bilər.

“Doğdu günəş, doldu cahan nur ilə,
Cütçü sürür tarlada cüt şur ilə…”

Sabir heç vaxt dilimizi alverçi bazarda malını tərifləyən kimi tərifləməyib. Sabir  elə mətnlər yaradıb ki, oxuyanda dilimizə vurulursan.

“Sanma əzdikcə fələk bizləri viranlıq olur.
Un təmənnası ilə buğda dəyirmanlıq olur!”

Belə!

Yoxsa nə bilim Qıratın nalı, yalı, quyruğu…

Mən bu şeirin müəllifinə “Ana dili”ndən heç “üç” də verməzdim…

X.X.

11. 04. 2025, Samara

USTA ZAHİR HƏSƏNOVA

Qışqıraraq hikkəli,

Kəsir benzinmişarı.

Acı tüstü yüksəlir,

Göz dəlinir, yaşarır.

 +

Enir şığmla balta,

Parçalanır yoğun tir.

Bu gücün qabağında,
Duruş gətirməz dəmir.

 +

Atır baltanı birdən,
Qapır usta çəkici.

Çəkicin dəstəyində,

İndi cəm olur gücü.

 +

Ölçür-biçir və sonra,
Deşir, yarır və keçir,

Dolsa da qumla, tozla,
İki gözünü içi.

 +

Dayanmışam lap yaxın,

Baxıram göz çəkmədən,

Çörəyi daşdan çıxan,

İnsanın işinə mən.

 +

Yazı-pozu deyildir
Bu ağır iş, ciddidir.

Basməmmədi elədi –

Ömr eləməz tikdiyi.

 +

Çat yaranar divarda,
Başına uçar tavan.

Dayana, baxa burda,
Hər nəsr, nəzm yazan…

 +

Gördüm çörəyə dəyən,

Bir şey yazamamışam.

Şeirdən – nə yaxşı! – mən,

Çörək qazanmamışam…

 

06. 04. 2025, Samara

İNSAN NƏ EDİRSƏ — ODUR…

“İnsan nə yeyirsə — odur” – haçansa

Feyerbax işlədib bu ifadəni,

Yediyimiz qana çevrilir yəni,
Və işlədir beyni, ürəyi qansa.

 +

Başqa alim kişi  deyir: ət yeyən

Millət üstün olur bitki yeyəndən…

Zəiflər əzələ, yatar beyin də,
Yeməsən bitkidən özgə heç nə sən…

 +

“İnsan nə edirsə — odur” – almanın
Sözünə qüvvət tək deyilə bilər.

İşi, yaratdığı deyilmi məgər,

Kimliyi, məzmunu hər bir insanın?

 +

Şekspir, Bethoven kimi düha da,
Tarlada tər tökən, barı hörən də —

Taleyin yazdlğı işi görəndə
İnsandır — ən böyük fəxr bu adda.

 +

Və Cənnət vədinə əgər inansaq

İşləmir, gətirib kiminsə bəxti,
Yeyir, məzələnir orda əbədi —
Ona insan adı yaraşmır ancaq…

 

31. 03. 2025, Samara

 

MÜSTƏBİDİN PİŞİK SEVGİSİ

Diktatorlar nə qədər qəddarsa insanlara,
Çoxdur məhəbbətləri heyvanlara o qədər.

İtləri çox sevirdi, ət də yemirdi Hitler,
Yanındaydı Blondi, gedirsə fürer hara.

 +

Pişiklərə elə də sevgisi yoxdu ancaq,
Boğub uşaqlığında beş-altısını bəlkə.

Əbədi, dəyişməyən bu dünyada nə var ki? –

Pişiyi sığallayan rəhbərə gəlin baxaq.

 +

Başına sığal çəkir, quyruğuna əl atır,
Dalına-qabağına keçir, pişik burcudur.

Quyruğu pırpızlanır, dişlərini qıcıdır,
Ya da bezir yorulur, ayaq üstəcə yatır.

 +

Müstəbid də  çəkilmir, inadını yeridir,
Pişik müstəqilliyi cırnadır da deyəsən.

Sığalıyla, yalıyla sınır nə qədər insan,

Sınmayanlar var ancaq, görəsən səbəb nədir?

 +

Gözlərini bir anlıq qapayır müstəbid də…

Pişik cavan şir kimi görünür ona bəlkə,

Diksinir, əl uzadır yenə də sığal çəkə,
Pişik qalxıb dik durur dal ayaqları üstdə…

 

27. 03. 2025, Samara

PUTİNİN DUASI

            Trampa sui-qəsddən sonra

                       Putin kilsədə onun üçün dua eləyib

 

Güllədən qorudun Trampı, Tanrı,
Sənə əyilirəm kilsədə indi,

O mənə qardaşdan yaxın, əzizdir,
Yoxdur sirdaşım da Trampdan ayrı.

 +

Tanrı, yenə qoru onu güllədən,

Zəhərdən həm qoru, həm də bıçaqdan.

Dua eləyərəm mən də uzaqdan,

Əyilib-qalxaram min dəfə gündə.

 +

Şam da yandıraram, nə var ki çətin,

Milyonu, milyardı əsirgəmrəm.

Neçə şəhəri mən yandıraram həm,
Elə indi yanır, görürsən yəqin.

 +

Qurban da verərəm minləri birdən,
Sayını milyona çatdıraram lap.

Oğuldan, qardaşdan əzizdir Tramp,
Tanrı, ricam budur: qoru onu sən.

 +

O, gözəl fürsətdir əlimə düşüb,
Bir daha çətin ki, gələ beləsi.

Nə qədər ölməyib, gəlir nəfəsi,
Tutum, zəbt eləyim, kəsim, bölüşüm.

 

22. 03. 2025, Samara

«SƏN SAVADSIZ BİR QADINDIN…»

                            Sübü bacımın xatirəsinə

Sən savadsız bir qadındın,

Adını yaza bilməyən,

Qızıldan ürəyin vardı,

Dünya hikmətinə dəyən.

 +

Yazıb-oxumayan bacım,
Bir kitablıq xatirən var.

Hansı səhifəni açım –

Gözüm yenə yaşla dolar.

 +

Səsin gəlir qulağıma,
Elə bil ki, yaxındasan.

Səs həminki – şirin, doğma,
Həm bacısan, həm anasan.

 +

Yüz kişi çəkə bilməyən,
Yükü çəkən igid qadın!

Gözəl bacıydın sən… heyf,

Yaxşı qardaşın olmadı…

 

21. 03. 2025, Samara

Запись опубликована 21.03.2025, в şeirlər-2025.

«SONUNCU ARZU NƏ? — YUXUDA ÖLMƏK…»

Sonuncu arzu nə? – Yuxuda ölmək…

Yox, bir arzu da var –qeybə çəkilmək!
Yatağın yerində, yoxsan özünsə,
İstin, hənirin var, itib izinsə.

Bütün bazalardan  tez silinəsən,

Heç axtarışa da verilməyəsən.
Necə ki, yox idin doğulmamışdan,

Elə yox olasan öldüyün andan.

Yaxşın da, pisin də qalmaya yadda,
Adam yaşamayıb sanki sən adda!
Qismət olaydı kaş yuxuda ölmək,
İsa tək göyə yox, qeybə çəkilmək!
Nə kəfən, nə dəfn, nə xərc-xəcalət,
Nə qınaq, nə tənə, nə də ki, minnət.

Qoyun cəmdəyi tək nə ölüyuyan,
Fırlada, çevirə, gülüb-oynaya…
Nə xatirə qala, nə də bir nişan,
Necə ki, yox idin yaranmamışdan…

 

15. 03. 2025, Samara

«Ə» HƏRFİ HAQQINDA ŞEİR

Əsrlərin səyi, əməyi ilə,

Yetişən meyvədə qurda da bənzər.

Safdan, elə bil ki, dadmırıq məzə,
Qurdlunu, xarabı seçirik  elə.

 +

Bənzədilə bilər gözə də bu hərf.

Çağırılmadığı bir yerə gəlib,

Əvvəl qıpıq olub, indi bərəlib,

Bütün Qərbə tərəf, latına tərəf.

 +

O bizə mirasdır sovetdən qalan,

Yeri onillərlə olub kirildə.

Var oxşarlığı da onun kilidə,
Sərhəddən, ağızdan, dildən asılan.

 +

Qərb əlifbasına bəlkə də elə,

Casus hoqqası tək tıxanıbdır o.

Güdür yazanı da, oxuyanı da,

Sonra da çatdırır lazımi yerə.

 +

07-08.03. 2025, Samara

YAZIÇI ANARIN ÖLÜMÜNƏ

Başımı ağrıtdı qara xəbərin,

Qalan beş ya altı dişim ağrıdı.

Sinəmdə ürəyim döyündü gərgin,
Ah, ölüm xəbərin necə ağırdı!

 +

Sədrlik elədin əlli il yəqin,

Hətta əlli ildən bəlkə çox olar.

Bütün rekordları sən təzələdin,

Stalin və Mao dalda qaldılar.

 +

Analoqsuz insan, sən niyə öldün?!

Çoxdur ölməlilər, biri elə mən!

Sənə nə dərd gəldi? Əzildi ödün?

Sidikdən kəsildin? Yoxsa yeməkdən?

 +

Şirəli Müslümov kimi niyə sən,
Yüz altmış doqquz il yaşamadın?

Nədəndi qıtlığın, korluğun nədən?

Nəyin əskik idi talış babadan?

 +

Var öz çətinliyi çox yaşamağın da,

Üz verir oğul, qız itkisi bəzən.

Sənin itkilərin ağırdır daha,
İtirdin ağlını, əqidəni sən.

 +

Öldün… yerin çətin görünər ancaq,
Çünki tutulacaq sabahdan elə —

Neçə min oğraşdan biri tutacaq.
Şanlı ənənənsə çox yaşar hələ.

 +

Düzdür ölməmisən, hələ dirisən,

Qucaqda gəlsən də, iş başındasan.
Yəqin səndən əvvəl gedəsiyəm mən,

Yazdım ona görə mən bəri başdan.

 

Mirzə TƏBİL

06. 03. 2025, Samara

VAR HƏR BİRİMİZİN İÇİNDƏ DƏRYA…

Var hər birimizin içində dərya,

Tükənməz, nə qədər axa, işlənə,

Yer yana, göy yana qurumaz yenə,
Azalmaz, nə qədər insan ağlaya.

 +

Körpəyə, cavana gülüş yaraşır,

Ağlamağın vaxtı yaş ötəndədir,

Adamsız bir küncə çəkil, tində dur,
Ağla, axıb getsin gözünün yaşı…

 +

Bacın yada düşür, gah da qardaşın,
Gözlərin önünə gəlir anan da,

Hönkür, kimsə əgər yoxsa yanında,

Sıxılma, saxlama, qoy axsın yaşın.

 +

Nə gözəl nemətdir bu saf gilələr!

Tükənmir, ürəyin boşalır ancaq.

Hələ ki, gözlərin yaş axıdacaq,
Nə ölər, nə solar qədim sevgilər.

 +

Qəbrinin üstündə indiyə qədər,
Anam, nə ağladım, nə gül gətirdim.

Yığılsa, bəlkə də bağ bitirərdim,

Burda axıtdığım göz yaşı əgər…

03.03. 2025, Samara