Архивы

UİLYAM ŞEKSPİR. 40-CI SONET

40 sonnet.jpg

                                  Take all my loves, my love; yea, take them all…

Götür sevgiləri sən ürəyimdən —

Əvvəllər olmayan nəyin var indi?
Gülüm, “əsil sevgi” deyə bildiyin,

Məndə nə vardısa, elə sənindi.

+
Səni qınamıram, sevgimi məndən,

Alırsansa mənə sevgidən, amma,

Zövqünə aldanıb, məhəbbət desən,

Qəlbin rədd edənə, səni qınaram.

+

Bütün olanımı apardınsa da,

Nəcib oğru, bil ki, bağışlanırsan.

Hərçənd bilirsən ki, dözmək asandır,

Sevgi yarasından kin ağrısına.

+

                     Gözəlsən, şərin də gözəl görünər,

                     Kinlə öldürsən də, düşmənə dönmə.

İngiliscədən tərcümə

29.01.2018

Samara

Qeyd: Ən mürəkkəb sonetlərdəndir; 5-6; 7-8-ci misralar müxtəlif tədqiqatçılar və tərcüməçilər tərəfindən müxtəlif cür yozulur. 

Şair onun sevgilisini əlindən almış dostunun xəyanətindən əzab çəkir, onu “gentle thief” adlandırır və onu bağışlamağa hazır olduğunu bildirir.          

UİLYAM ŞEKSPİR. 39-CU SONET

39 SONET.jpg

                                          O how thy worth with manners may I sing…

Necə tərif edim səni mən axı,

Ən yaxşı nə varsa məndə — bu sənsən.

Özünütərifin, nəyi, de, yaxşı,
Özümü öyərəm mən, səni öysəm.

 

Elə bu səbəbdən gərək ayrılaq.

Bilsinlər iki eşq daha dir deyil.

Vəsf edə bilərəm biz ayrı olsaq,

Səndəki bənzərsiz ləyaqətləri.

 

Ayrılıq işgəncə olardı, ancaq,
Öz şirinliyi var asudəliyin.

Sevgi həstrətiylə xəyala dalcaq,
Xəyal da aldanır, zaman da gedir.

 

                            Beləcə ayrılaq bölünməyərək,         

                            Uzaqda olanı burda öyərək.

 

İngiliscədən tərcümə

28.01.2018

Samara

UİLYAM ŞEKSPİR. 38-Cİ SONET    

shakespear                                            

                                How can my muse want subject to invent  

Qaçarmı ilhamım mövzu dalınca

Nəfəsin axırsa şeirlərimə?

Duyğu oyadırsan sən elə incə,

Yazmağa hər adi kağız yaramır.

 

Özünə sağol de, yazılarımda,

Nəsə tapsan əgər diqqətə dəyən.

Sənsən təxəyyülü alovlandıran,

Gərək gözsüz ola səni öyməyən.

 

On dəfə üstün ol doqquz Muzadan,

Onuncu Muzaya dönüb, dəyərdə.

Qoy elə yazsın ki, sənə üz tutan,

Oxunsun əsəri uzaq əsrdə.

 

                       Sadə şerimi kim bu gün bəyənsə,

                       Bilsin əməyimin ilhamı sənsən.      

İngiliscədən tərcümə

26-27.01.2018

Samara

UİLYAM ŞEKSPİR. 37-Cİ SONET

37 sonnet.jpg

                                   As a decrepit father takes delight

Gənclik əməlləri övladın necə,

İxtiyar ataya sevinc gətirər,

Taleyin qarğışı məni üzüncə,

Təsəlli tapıram ləyaqətinlə.

+

Gözəllik ya dövlət, ağıl ya əsil,

Bunların hamısı, daha çox ya da — 

Görəndə şahanə xassələrindir,

Mən də bu sərvətə sevgi bağladım.

+

Onda nə yoxsulam, nə həqir, nə şil.

Elə maya verir çünki bu xülya,

Sənin zənginliyin mənim elə bil.
Şərikəm həmişə şanından paya.

+

     Sənə arzularam yaxşı nə varsa,
     On dəfə xoşbəxtəm, gerçək olarsa.

İngiliscədən tərcümə

25.01.2018

  UİLYAM ŞEKSPİR. 36-CI SONET

36 SONNET.jpg

                             Let me confess that we two must be twain…

İzn ver deyim ki, gərək ayrılaq,

Birsə də bölünməz sevgilərimiz.

Adıma yayılan ləkələr ki var,

İstmirəm sala adına bir iz.

+

İki eşqimizdə birdisə şərəf,

Acısı ayrıdır həyatımızın.

Bu, eşqin özünü dəyişməsə də,

Yağmalayır sevgi nemətimizi.

+

Səni tanımaya bilərəm də mən,

Səni utandırmaz günahım onda.

Mənə hörmətini gizlə kütlədən,

Hörmət azalmasın sənin adında.

+

          Çəkin! Mən ki səni sevirəm belə,

          Mənimsən, adın da mənimdir elə.

 

İngiliscədən tərcümə

24.01.201

Samara

UİLYAM ŞEKSPİR. 34-CÜ SONET

34 sonnet.jpg

Why didst thou promise such a beauteous day

Niyə vəd etdin ki, sən gözəl  hava,

Plaşsız yollandım mən gəzintiyə.

Yolda göyü aldı rəzil buludlar.

Sənin çöhrəni də gizlədi məndən.

 

Yarıb buludları qurutsan da sən,

Yağışı üzümdə, mənə bu azdır.

Necə o məlhəmə yaxşı deyəsən,

Yaranı sağaldar, küsü sızıldar.

 

Dərdim yüngülləşməz xəcalətindən

İtkimi qaytarmaz təəssüflərin.

Üzr diləsə də necə incidən,
Yenə inciyənin küsüsü sönmür.

 

                     Fəqət mirvaridir bu göz yaşların,

                     Bütün günahların bağışlanılar.

 

İngiliscədən tərcümə

22.01.2018

Samara

UİLYAM ŞEKSPİR. 33-CÜ SONET

33.jpg

Full many a glorious morning have I seen

 Səhər çox görmüşəm günəş gözüylə,
Uca zirvələri necə əzizlər.

Öpər göy çəməni qızıl üzüylə,

Səmadan tökülər ağ sulara zər.

 

Rəzil buludları qoyur sonrasa

Kifir sıralarla gəzə üzündə.

Bu yetim dünyadan itir çöhrəsi,

Qərbdə ayıbını gedir gizlədə.

 

Bir səhər mənim də günəşim belə,

Fateh işığıyla məni oxşadı.

Heyf! Bircə saat qaldı mənimlə;

Sonra bulud aldı, itdi baxışdan.

             Göydəki günəşin varsa ləkəsi,
            Yerdəki günəşdən mən niyə küsüm? 

İngiliscədən tərcümə

21.01.2018

Samara    

UİLYAM ŞEKSPİR. 32-Cİ SONET

 

shakespear

                                      If thou survive my well-contented day

Əgər ölüm mənim sümüklərimi,

Qubarladan günü görüb yaşasan.

Dostunun haçansa yazdığı miskin,

Misralar gözünə qəfil sataşsa.

 

Müqayisə etsən indikilərlə

Hər yazan üstündür ustalığıyla.

Yox, sənət naminə demirəm, elə,

Sevgimiz naminə onları saxla.

 

İndi belə düşün: “zaman ötüncə,

Dostumun artsaydı ustalığı da,

Yazıb-yaradardı o daha incə,

Yeri də olardı ilk sıralarda.

 

                            Dost ölüb, şerinin dəyəri indi

                            Sevgidir, sənətsə özgələrindir”.

İngiliscədən tərcümə

20.01.2018

Samara

UİLYAM ŞEKSPİR. 31-Cİ SONET

SONNET 31.jpg

                               Thy bosom is endearèd with all hearts

Uzaq düşdüyümdən ölü sandığım,

Ürəklər sığınıb sənin sinənə.
Orda məhəbbətin hökmranlığı,

Ruhları dostların oyanar yenə.

+

Nə qədər qəm yaşı məzar önündə,

Məhəbbət gözümdəm alıb aparıb.

Görürəm hamısı qayıdıb indi,

Sənin ürəyində amma yer alıb.

+
Məzarsan — sevgilər yatıb dirilən,

Xatirə çələngi geyinən indi.

Onlara sevgimi sənə veririlər,

Çoxlarının olan təkcə sənindir.

                     +

                  Əziz surətləri səndə tapıram,

                  Onlar – elə sənsən, sizinəm tamam.  

ingiliscədən tərcümə               

  19.01.2018

Samara

     UİLYAM ŞEKSPİR. 30-CU SONET

shakespear

                               When to the sessions of sweet silent thought

Elə ki yığıram xatirələri,

Şirin və lal fikrin məhkəməsinə,

Ağır itkilərdən ürəyim əsir,

Tuturam boş keçən ömrə yas yenə.

 

Gözüm yaşarmazdı, sel axır indi,

Ölüm zülmətində itən dostlara.

Köhnə ağrıları eşqin incidir,

Yaşanıb bitənlər qaldırır haray.

 

Yenə dərd edirəm ötən dərdləri,

Yenidən yaşanır hüznlü nə var.

Yaslar təzələnir xatirələrdə,

Yenidən ödənir köhnə hesablar.

                      

          Əziz dost, sən ancaq düşən tək yada,     

          İtkilər qayıdar, bitər yasım da.

 

İngiliscədən tərcümə

18.01.2018

Samara