Архивы

UİLYAM ŞEKSPİR. 96-CI SONET

 

sonnet 96.jpg             

                  Some say thy fault is youth, some wantonness

Çılğın gəncliyində var günah görən,
Kİmsə gəncliyini məlahət sayar.

Sevilir günahın, məlahətin həm,

Səndə günahın da məlahəti var.

 

Necə barmağında kraliçanın,

Ən ucuz bir daş da qiymətə minər,

Sən də hansı günah eləsən haçan,

Uca bir əxlaqi dəyərə dönər.
 

Özünü quzuya oxşada bilsə,

Qurd nə qədər quzu aldada bilər.

Toruna düşərdi sənin neçəsi,

Fitnəni salsaydın işə tam əgər.

 

                             Yox, çəkin, sevirəm səni elə ki,

                             Həm özün mənimsən, həm adındakı.

 

İngiliscədən tərcümə

23.03.2018

Samara

UİLYAM ŞEKSİR. 95-Cİ SONET

Sonnet_95_1609.jpg

              How sweet and lovely dost thou make the shame

Ətirli qızılgül qurd salan sayaq,

Ləkə sala bilən qönçə adında,

Ayıbın da sənin gözəldir ancaq,
Nə günah eləsən, şirindir dadı.

 

Bəzən ikibaşlı eyham ataraq,

Sənin həyatından söz dağıdanın,
Dilində tərifə çevrilir qınaq,

Qeybəti təmizə çıxarır adın.

 

Səni mənzil edən günahlar elə

Gözəl bir sarayda tapıb sığıncaq,

Hər ləkən gözəllik duvağı ilə,
Örtülər, gözəli görər göz ancaq.

 

                  
             Qoru bu vergini, salma nəzərdən,

             Bıçaq naşı əldə düşər kəsərdən.

 

İngiliscədən tərcümə

22.03.2018

Samara

UİLYAM ŞEKSPİR 94-CÜ SONET

sonnet 94.jpg

                                      They that have pow’r to hurt, and will do none…

Ağrıtmaz, qadirsə, kim ağrıtmağa,

Göstərməz əlindən gələ biləni.

Daşdır, başqasını kim ki dağıdar,

Soyuq, hərəkətsiz, qaynamaz qanı.

 

Halaldır onlara rəhmi göylərin,

Təbiət verəni xərcləməyənlər.

Sanballı görkəmin  şanlı bəyləri —
Qalanlar onlara əl-ayaq verər.

 

Bahar çiçəyinin ətri şirindir,

Özüyçün açılıb çiçək solsa da.

Əgər xəstəliklə yoluxsa birdən,

Onu ləyaqətdə alaq da adlar.

 

                     Şirin  turşuyandır öz əməliylə.

                   Çürüksə, alaqdan gül pis iy verər.

 

İngiliscədən tərcümə

21-22.03.2018

Samara

QEYD: Şekspirin oxucu üçün ən çətin sonetlərindən sayılır; bəzi tədqiqatçılar birinci iki bəndlə üçüncü bənd arasında məna əlaqəsinin zəifliyini göstərirlər.

 

UİLYAM ŞEKSPİR. 93-CÜ SONET

 

Sonnet_93_1609.jpg

So shall I live, supposing thou art true…

Aldadılan ər tək yaşaram, nə qəm,

Səni düz bilərək, üzündə bəlkə,

Özün dəyişsən də, sevgi görərəm,

Mənə baxdığın vaxt gözün yol çəkər.

 

Gözlərində nifrət olmadığından,

Görə də bilmirəm başqalaşmısan.

Baxışdır, duruşdur sirri dağıdan,

Gözlərdir yalanı çoxunda açan.

 

Elə yaratmış ki, səni səmasa,

Həmişə çöhrəndə məhəbbət yaşar.

Fikrin. duyğuların sənin nə olsa,
Gözəl gözlərindən şirinlik daşar.

 

                        Sənin gözəlliyin Həvva alması,

                       Aldanıb dərəni yıxar bəlası.     

 

İngiliscədən tərcümə

20-21.03.2018

Samara                

UİLYAM ŞEKSPİR. 92-Cİ SONET

Sonnet_92_1609

                                   But do thy worst to steal thyself away

Özünü al qaçır məndən indi sən,

Nə qədər ömrüm var, mənimsən ancaq.

Ömrümsə asılı məhəbbətindən,

Yaşaram qəlbində sevgi qalınca.

 

Onda niyə qorxum böyük küsüylə,

Ömrümə son qoyar xırda acı da.

İndi vəziyyətim heç də pis deyil,
Asılı deyiləm kefindən daha.

 

Heç də incimirəm dönüklüyünlə,

Məni xəyanətin öldürər, nə qəm.

Belə bəxtəvərlik düşərmi ələ —

Sevginlə xoşbəxtəm, xoşbəxtəm – ölsəm!

 

                              Dünyada bir gözəl varmı qənirsiz?

                              Bəlkə aldadırsan, mənsə xəbərsiz.

 

İngiliscədən tərcümə

19.03.2018

Samara

UİLYAM ŞEKSPİR 91-Cİ SONET

Sonnet_91_1609.jpg

  Some glory in their birth, some in their skill…

Bu, ağlını, o da əslini öyər,

Varından bu razı, gücündən o da.

Bu, təzə paltardan – eybəcərsə də,

Şahindən, tazıdan biri, birisə atdan.

 

Var hər həvəsdəsə ayrıca ləzzət,

Başqa sevincləri üstələyir də.

Tapmıram onlarda mənsə səadət,

Mənin sevincimə səbəb özgədir.

 

Əsildən üstündür mənə məhəbbət,
Sərvətdən zəngindir, geyimdən gəşəng.

Şahindən, atdan çox sevgidə ləzzət,
Mənimsən – hər şeyim mənim var demək..

 

                          Məndən əgər bunu sən geri alsan,

                          Olaram dünyada ən yazıq insan.

 

İngiliscədən tərcümə

18-19.03.2018

Samara

UİLYAM ŞEKSPİR. 90-CU SONET        

90 sonnet.jpg

Then hate me when thou wilt, if ever, now…

Elə nifrətini, indidən elə.

İndi dünya mənə qənimdir onsuz.

Qoşul taleyimə, döy ki, əyiləm,

Olma itkilərin ən sonuncusu.

 

Ürək bu qüssədən xilas tapan dəm,

Qısılıb bu dərdə gəlmə xəlvəti.

Yağışlı səhərlə açılar gecəm,

Yubatsan həllini aqibətimin.

 

Məni atırsansa, tələs, gözləmə,

Xırda müsibətlər haçan sarsıdır.

Səninki qoy olsun birinci həmlə,

Tale zərbəsi tək qaçılmaz, ağır.

 

             Və indi mən nəyə dərd deyirəmsə,
             Çətin dərd sayaram, səni itirsəm.

 

İngiliscədən tərcümə

18.03.2018

Samara

UİLYAM ŞEKSPİR. 89-CU SONET — İKİ TƏRCÜMƏ

SONNET 89.jpg

UİLYAM ŞEKSPİR

    89-CU SONET

                         Say that thou didst forsake me for some fault…

Desən getməyinə günahkar mənəm,

Özüm qınayaram öz günahımı.

Desən ki, şikəstəm, axsaram hökmən,

Etiraz etmərəm ittihamına.

 

Bəraət axtarıb dəyişməyinə,
Çalışma sən gözdən məni salmağa.

Elə alçalım ki, sənin xətrinə,
Məni sənə layiq görməsin baxan.

 

Çıxmaram qarşına təsadüfən də,

Əziz adını da çəkmərəm daha.

Qorxuram deyərəm kiməsə birdən,

Sevgi bağlayırdı bizi haçansa.

 

                  Sənin tək özümlə davadayam mən,

                 Sənin sevmədiyin mənə də düşmən.

 

İngiliscədən tərcümə (HECA)

17.03. 2018

Samara

 

UİLYAM ŞEKSPİR

    89-CU SONET

                          Say that thou didst forsake me for some fault,
                          And I will comment upon that offence…
 

Məni atdın sən hansı eybə görə? —

Söylə, gizlətmə, bilim eybimi mən.

Desən ki, axsağam, inan, əyərəm,

Yerişimi, sözündən incimədən.

 

Məni atsan da sən, çalışma, yarım,

Məni indən belə gözdən salasan.

Özümü mən elə gözdən salaram,

Məni görüb tanımaz bir insan.

 

Çıxmaram bir də mən sənin yoluna

Şirin adınsa dilimdən silinər,

Yığıb içimdə saxlaram olanı,

Görməz heç kəs də sevgimizdən əsər.

 

        Özümlə indi çəkişməm, hərbim,

        Sən atan insanı sevməz qəlbim.

 

İngiliscədən tərcümə (ƏRUZ)

04.10.2016

Samara

UİLYAM ŞEKSPİR. 88-Cİ SONET

Sonnet_88_1609.jpg

                          When thou shalt be disposed to set me light…

Görsəm ki, salaraq məni gözündən,

Mənə güldürürsən başqalarını,

Andpozan olsan da, yenə özümlə,

Sənin tərəfində mən vuruşaram.

+
Öz günahlarımı yaxşı bilərək,

Danışa bilərəm sənin yerinə,

Elə işlərimdən, eşidən gərək,
Məni atdığına səni bəyənə.

+

Qəlbimin səninlə bağlılığından,
Mənim də qazancım olacaq hökmən.

Özümə vurduğum bütün bu ziyan,
Sənə xeyirdirsə, bəxtəvərəm mən.

+

                         Mən sənə eşqimlə sənin kölənəm,

                          Hazıram nə günah olsa, yüklənəm.

İngiliscədən tərcümə

15.03.2018

Samara

UİLYAM ŞEKSPİR. 87-Cİ SONET

Sonnet_87_1609

Farewell, thou art too dear for my possessing…

 Gücüm qiymətinə çatmaz, əlvida,

Sən də qiymətini yaxşı bilirsən

Belə bir dəyərlə azadsan daha,

Səndəki payımı geriyə al sən.

+

İstəməsən, necə saxlaram səni,

Və belə sərvətə layiqəmmi mən?

Daha səbəbi yox bu hədiyyənin,

Sənə ixtiyardan gərək əl çəkəm.

+

Vermisən, bilmədən öz dəyərini

Ya mənim barəmdə sən yanılmısan.

İndi bu hədiyyə qayıdır geri,

Həqiqi dəyəri bilinən zaman.

+

               Şirin bir  yuxuymuş mənim olmağın,

              Taxt-tac itirirəm, haçan oyağam.

 

İngiliscədən tərcümə

14-15.03.2018, Samara

QEYD: Don Petersonun fikrincə, sonetin əvvəlində örtülü sarkazm da görmək olar: “Səni saxlamaq mənə çox baha başa gələ bilər”.