Архивы
İLMƏ İLMƏ DALINCA…
İlmə ilmə dalınca
Gələr, naxış yaranar.
Damla damla dalınca
Gələr, yağış yaranar.
Addım addım dalınca
Gələr, yeriş yaranar.
Adam adam dalınca
Gələr, yürüş yaranar.
Əsgər əsgər dalınca
Gələr, xidmət yaranar.
Zəfər zəfər dalınca
Gələr, şöhrət yaranar.
Fəsil fəsil dalınca
Gələr, müddət yaranar.
Nəsil nəsil dalınca
Gələr, millət yaranar.
Millət qeyrət qılıncı
Çalar, tarix yaranar —
Belə yazıb yaradan.
19.07. 2010
Ərəbqardaşbəyli
HƏRƏ OLANINA, ADINA GÖRƏ
Hərə olanına, adına görə-
Ya buket, ya kitab — maşına gədər.
Doğum günlərinə, ildönümlərə,
Gələn hər hədiyyə məclisi bəzər.
Vaxt da elə keçir… Bu ildönümlər
İllərin özünü ötür elə bil.
Təzə təntənəyə tər-təzə güllər,
Təbiət yetirib çatdıra bilmuir.
Vaxt ötür… Haçansa qanı qaynadan,
Atəşfəşanlıqdan nəfəs tutulur.
Haçansa ürəkdə sevinc oyadan,
Hədiyyələr indi təsəlli olur…
31 oktyabr 2007, Samara
EVSİZ
Hansı zirzəmidənsə,
İndi çıxıb, bilinir.
Oğru tək baxır, əsən
Qapqara əllərini
Qaldırır ağır-ağır.
Gün işığı bəlkə də,
Gözlərini ağrıdır,
Bəlkə də üzündəki
Qançırları gizlədir.
Belə yəqin yaşınıb,
Yumruq zərbələrindən,
Zirzəmi yoldaşının.
Baxmır gəlib-gedənə,
Tapdığını gövşəyir.
Dadı yox yediyinin,
Ya ağrıyır dişləri –
Gözlər elə bil indi,
Hədəqədən çıxacaq.
Yaşamaq şirin şeydi,
Həyatdadır acılıq…
11.04. 2008 Samara
KƏŞFLƏR, BİLİKLƏR GÜNBƏGÜN ARTIR…
Kəşflər, biliklər günbəgün artır,
Artır günbəgün də bilmədiklərim.
Başım, ha sındıram, anlamır artıq,
Ayağı biləni indikilərin.
Teleşəkillərin, telesəslərin,
Bilmirəm nə yolla yarandığını.
Mobil rabitənin prinsipləri,
Mənə, ha öyrənəm, qaranlıq qalır.
Adi hesab deyil indi rəqəmlər,
Bəs nədir? – Bu haqda yox təsəvvürüm.
İşi, idarəsi peyklərin də,
Mənə aydın olmaz, həsr edəm ömrü.
Aydan, ulduzlardan məlumatım az,
Ordan o yananı hələ demirəm.
Təhsilim yarımçıq, düşüncəm dayaz,
Yaşla əlaqəli geriləmələr…
Dünən bildiklərim çıxır yadımdan,
Yadımda qalanlar gümandır ancaq.
Bilmirəm hardayam, kiməm, hayandan,
Kimçinəm, neyçinəm və haçanacan.
Görəndə elmli indikiləri,
Düzü, utanıram nadanlığımdan.
Bircə təsəlli var: ən ümdə sirri,
Heç zaman, heç kimə demir yaradan…
21-25avqust 2009, Ərəbqardbəyli
XOŞBƏXTLİK BAŞ AĞRISI…
Nədir təbəssümünü
Əyən, dəyişdirən qəm?
Nədir qıran səsini?
Xoşbəxtsənmi? – bilmirəm.
Dünəndən əl üzülüb,
Bu günün sevinci yox.
Sabaha nə yazılıb?-
Gələcəkdən qorxuruq.
Heyf! Sevgi “ardı var”
Romanlardan deyildir.
Başlanar, başa çatar,
Hər nə varsa deyilər.
Bir sevincə uğrasaq,
Əvəzi min kədərdə.
Xoşbəxtlik baş ağrısı –
Gələr də, çəkilər də…
18-19 mart 1993, Samara
ÖZGƏ DƏRDİ
Biz ağuş açırıq özgə dərdlərə,
Özgə dramlarla sarsılırıq biz.
Özgə hıçqırığı bizi titrədir,
İslanır sinəmiz, çiyinlərimiz.
Dəli qışqırığı özgə ananın,
Dinir yuxumuzda əks-sədayla.
Özgə uşaqların dərdi dünyanı,
Bizə də dar edir… Günlə ya ayla…
Sonrasa… Bəlkə də canıyananlıq,
Ovudur… Sonu var faciənin də.
Biz həlim ürəkli tamaşaçıyıq,
Dərdsə faciə yox, sadəcə dərddir…
15-17 iyun 2007, Samara
ZƏNGİLAN SÖHBƏTİ (Şirvan Mürvət oğlunun 40 yaşının tamamına)
Qardaş, ayrı söz yoxdu?
Nə Zəngilan oldu bu?
Gecənin ən uzunu,
Yetirmir bu mövzunu!
Əslində yaxşı baxsan,
Nə yerdi ki Zəngilan –
Çöldü, daşdı, qayaydı,
Cib dəsmalı boydaydı.
Bir qaçqın yaş axıda,
Bəs etməz qurutmağa…
Əhali də onca min…
(“Vur-tut” desəm — incimə).
Qəhrəmandır hər biri
İndi…Xatirələrin…
Həyatdasa… Sən indi,
Nə təriflər desən də,
Torpağın duzu, yəqin,
Deyildi yerlilərin…
Kişilər lağlağılı,
İşdən çox kefə bağlı.
Çox yola yolçuydular,
Bir az kolxozçuydular,
Bir az araqbazdılar,
Bir az allahsızdılar…
O ki qaldı arvadlar –
Nə dağ maralıydılar,
Nə su sonasıydılar.
Batıq sinəliydilər,
Çatlaq damarlıydılar,
Partlaq dabanlıydılar,
Üzü danlaqlıydılar,
Azərbaycanlıydılar!
Zəngilan bir tikəydi,
Nə Gəncə, nə Bakıydı.
Nə Şuşa, nə Ağdamdı,
Sözü ancaq ağladır…
Bəli, qardaş, yuvaydı,
Hərçənd yaylıq boydaydı.
Qaıdı…Kimdi qaldıran?
Yaylığım da ki atam,
Başa bağlananı var,
Yara bağlayanı var.
Yaylıq var bayraqlanır,
Baş üstdə dalğalanır…
…Bəlkə səhər şehidir,
Səsini dəyişdirən?
Doğma ocaq hisinə,
Nə vaxtdan isinmirik…
Burdasa Zəngilanın,
Ağ kitabı yazılır
Min bir rus gecəsinin,
Zülmət səhifəsinə…
yanvar 2007 Samara
ITƏN GÜNÜN AĞISI

Gün gedir, qürub yaxın,
Toran düşər, ay doğar.
Qəlbimi alıb sıxan,
İtki qüssəsi ağır.
Saatlar, dəqiqələr,
Axıb – quma su kimi.
Mənə dərd qoyub gedər,
Hər ağrının həkimi.
Haçan gəldin – bilmədim,
Getməyə tələsən gün.
İşartıdın, şölədin,
İncələrək əsən gün.
Balıq kimi şütüdün,
İlğımlarda yer aldın.
Əllərimi üşütdün,
Gözlərimdə parıltın…
Sən gələndə həyatdın,
Sən ömürdün, yaş idin.
Nə sən məni yaşatdın,
Nə mən səni yaşadım.
Təqvimə düşməz adın,
İzin qalmaz ömürdə.
Bir nemətdin – duymadım,
Kimdi səni göndərən?
Bəlkə quşdun, çiynimə
Qondun – xəbər tutmadım.
Sabahlarda yenə mən,
Axtararam baxtımı…
05-08-1993 Samara
BAŞ ÜSTÜNDƏ GÖY ÜZÜDÜR…
Baş üstündə göy üzüdür,
Torpaq bizdən aşağı.
Hələ dolar gözümüzə,
Günəş, ulduz işığı.
Bədən isti, canda həvəs,
Hələ ürək döyünür.
Gedir-gəlir hələ nəfəs,
Ruh danışır, dil dinir.
Necə şirin, necə dərin,
Olursa da yuxumuz,
Ayılırıq, dirilirik,
Banlayınca bir xoruz.
Bütün bağın, çəmənliyin,
Bütün gülü, çiçəyi,
Bircə matəm çələnginə,
Toxunmayıb hələ ki.
Bükülməsin, anam, bacım,
Qollarınız sinədə.
Hələ dayaq ehtiyacı,
Çiyinlər var nə qədər!..
2003-cü ilin payızı, Samara