ƏYYUBUN SƏBRİ

 

Sevinc balanın valideynlərinə

 

Dünyada torpaq çox, dünyada kül çox –

Başa sovuranlar ovunmur ancaq.

Dünyada yarpaq çox, dünyada gül çox,

Çələng toxuyanlar ovunmaz ancaq.

Bütün dərdlilərin təsəlli yeri –

Əyyubun səbri.

 

Dünyadan köçdüyü neçə min ildir,

Səbrini irs qoyub Əyyub elə bil.

 

Əyyubun səbri

Çoxdur varlıların səxavətindən,

Çoxdur kasıbların əziyyətindən.

 

Torpaqdan cücərər, günəşdən doğar,

Buludlarda yaşar, yağışla yağar.

Üşüyənə isti, yanana sərin –

Əyyubun səbri.

 

Düzləri dolaşar, zirvədə yatar,

Meşələrdə gəzər, sularda batar.

Sönər susuzluğu bircə damladan,

Beş çörəklə doyan beş min adamın…

 

Şeytan hiyləsiylə, şeytan şəriylə,

Döşləşər, bacarar Əyyubun səbri.

Allah qəzəbinin özündən belə,

Böyükdür, ucadır Əyyubun səbri.

Yaxşı ki…

 

16-18 fevral 2007-ci il, Samara

 

 

SEVİNC VƏ DƏRD

Sevincdən dodaq qaçar,

Dərdsə qırış salandır.

Sevinc əriyər, uçar,

Dərd qarıyıb qalandır.

 

Sevic xülya, duyğudur,

Dərd gerçəklik, həqiqət.

Sevinc şirin yuxudur,

Oyanırıq – yenə dərd.

 

Sevinc ipək qanadlı,

Kəpənək təmaslıdır.

Dərdin dəmir qandalı,

Sıxır ruhu, sarsıdır.

 

Sevincə nə etibar –

Gəlməyi-getməyi bir.

Dərddə it vəfası var,

Həmişə səninlədir.

 

Sevincin ömrü bir an,

Keçər, izi silinər.

Mərmərdən abidə yon –

Unudulacaq yenə.

 

Dərd daş olub asılar,

Ürəyin yaddaşından.

Ha yaş axıt, ha ağla –

Bu daş çətin aşına…

 

21-23 may 2000, Samara

 

XOŞBƏXTLİK BAŞ AĞRISI…

Nədir təbəssümünü

Əyən, dəyişdirən qəm?

Nədir qıran səsini?

Xoşbəxtsənmi? – bilmirəm.

 

Dünəndən əl üzülüb,

Bu günün sevinci yox.

Sabaha nə yazılıb?-

Gələcəkdən qorxuruq.

 

Heyf! Sevgi “ardı var”

Romanlardan deyildir.

Başlanar, başa çatar,

Hər nə varsa deyilər.

 

Bir sevincə uğrasaq,

Əvəzi min kədərdə.

Xoşbəxtlik baş ağrısı –

Gələr də, çəkilər də…

                                       18-19 mart 1993, Samara