Архивы

KƏND

                 kənd3.jpg

                                      Kainat Bədəlova

Burda unudulur ayın tarixi,

Başına ip atan yox saatların.

Tək-tük adam bilər gün hardan çıxır,

Burda vurğunu yox günbatarların.

 

Hadisə törətməz burda adamlar,

Özü hadisədir adam, təzəsə.

Yüz il qabaqki tək iyi xoş olar

Benzinin, tanınar hər maşın səsi.

 

Heyvan adsız olar, necə sevilsə,

Başı sığallanmaz itin, pişiyin.

Uşaq əzizlənməz, nəvə deyilsə,

“Yol daşı atılar yolun quşuna”.

 

Əgər məskən salıb burda yaşasan,

Bəlkə də tükənməz ömrün illəri.

Zaman məsrəfini yox bilən, sayan,

Bu yerdən yayınıb Tanrı nəzəri.

 

22-27.07.08

Ərəbqardaşbəyli

Yusif Süleymanlıya

Uzaqdan göyə  çalan,

Bu ağ sulara ha bax –

Çətin deyərsən çayın,

Yönü, axarı hara.

 

Gedir gəmi, ya qayıq,

Motor, ya əl gücüylə.

Bu gen-bol düzən çayı,

Yatağında dincələr.

 

Baxarsan, təsadüfən,

Gözlərinə sataşar.

Gah dayanan, gah gedən,

Bir budaq, ya talaşa.

 

Hey baxarsan sevincək,

Axarı tapdığına.

Talaşa üzər, çəkər,

Diqqətini, vaxtını.

 

Vaxt gedir, dayandığın,

Sahil özü də axar.

Harda olsaq, qıraqdan,

Sənə, mənə baxan var.

25-30 aprel 2008, Samara

ATLANTIN ÖLÜMÜ

 

Yay olsun, qış olsun – eyni qaydada,

Bəzən saatlrla, gün dönənəcən,

Bu qapı ağzında, bu skamyada,

Hər gün otururdu lap dünənəcən.

 

Çənəsi çəlikdə, başıaşağı,

Girənə-çıxana baxan deyildi.

Binanın o idi sanki dayağı —

Ağacı da əyri, beli də əyri.

 

Bu gün dəmirayaq skamya boşdur,

Görünmür çəlikli qoca səhərdən.

Durur çoxmərtəbə həmin duruşda,

Açılır-örtülür qapı yenə də.

 

İndi bu dünyada onu andıran,

Nə qaldı? Xidməti? Şöhrəti? Adı?

Bəlkə çəliyindən beton kandara,

Bir cızıq düşübsə, silinər o da.

 

Ovunmur, ağrınır bəlkə yaxını,

Qəlbi parçalanıb bəlkə kiminsə.

Bəlkə də kiminsə evi yıxılıb,

Həmindir nizamı yerin-göyünsə.

 

Bəlkə də çəliyi atılıb artıq,

Sabah çiyinlərdə qapıdan çıxar.

Bəlkə skamyada o vaxt bir ayrı,

Qoca oturacaq – fikirli, fağır.

 

Mənzilə tələsmir, ya da uzaqdır

Yolu, nəfəs dərir. Ömür də hərçənd,

Yolun özü deyil, dayanacaqdır,

Mənzilə çatınca nəfəs dərəsən.

 

                                                         15-19 yanvar 2008, Samara

 

YAYINMIŞLAR

        

Barmaq himə bağlı – basılar tətik,

Qırpımıq — atəşin dindiyi dəmdə.

Hədəfdən yayınan güllə kimiyik,

Güllədən yayınan hədəfik həm də.

 

Güllə qatarının quş qatarıyla,

Sayındakı fərqik. Gizlədi bizi,

Səssizlik, sözsüzlük. Yatdı qıyyalar,

Dumanlarda seçdik bir-birimizi.

 

Yoxuq siyahıda, kitabda yoxuq,

Düşməz adlarımız ad arasına.

Biz yazı deyilik, şifrəyik, koduq,

Basılma, yenilmə müəmmasına.

 

Qatardan qalanıq, yoldayıq amma,

Bu, tarix yoludur, deməli düzdür.

Özgə anaların gözündə yanan,

Qınaqdır, tuş olsa, büdrədən bizi…

                                            25-28 avqust 2007, Ərəbqardaşbəyli

Süleymanın xatirəsinə

с братом Сулейманом 2006

Nazı bu ağacların

Çəkilməyir haçandır.

Enlənir, ucalırlar,

Otun, kolun içində.

 

Susuzluq çəkib, arxın,

Çatlayıb dodaqları.

Çiçəklərə yox baxan,

Ləçəkləri dağılır.

 

Çəpəri çökmüş bağın,

Qapısında duran yox.

Girilir, yağmalanır,

Hay vuran, çığıran yox.

 

Şüşəsi bura baxan,

Pəncərələr pərdəli.

Bu bağ bağ deyil daha,
Bu bağ yas çələngidir.

 

13-14 avqust 2007 Ərəbqardaşbəyli

LÖKBATAN ZONASI

 

Əhəng vadisində bura salınmış,

Buranın ətrafı əhəng dağıdır.

Yerə yetişməmiş gillənər yağış,

Külək saç ağardar, başı ağrıdar.

 

Ayın, ulduzların gedib işığı,

Rəngini itirib buranın göyü.

Dizibükülüyük, üzüaşağı,

Başımız üstündə yerin böyüyü.

 

Yuva bağlamışıq, quş deyilik biz,

Burda yerişi də yadırğayan var.

Dağ-daş içindəyik, daş deyilik biz,

Əgər sınırıqsa, ağrıyırıq da.

 

Burda itki — qazanc, qazancsa itki,

Qiyməti tərsədir varın, yoxun da.

Günləri saymaqla gün keçiririk,

Gedən sevindirir, qalan qorxudur.

 

Hardasa xurmalı çeşmələr axır,

Baş qoyur yorulan gül balış üstə.

Burda hər yanımız əhəng dağları,

Biz həm daş altdayıq, həm də daş üstdə.

 

                                                       12.08.08 Ərəbqardaşbəyli

 

GƏMİLƏR GEDƏRDİ BU ÇAYDA BİR VAXT…

KÜR 7

                          Cahangir Süleymanlıya

 Gəmilər gedərdi bu çayda bir vaxt.

Təmiz, al-yaşıllı göyərtələrdə,

Qəribə adamlar vurnuxardılar,

Qıraqdan baxardıq, heyrət edərdik.

 

Hər gün saatlarla əsir-yesirdik,

Beş-on qoyun quzu qabağımızda.

Qürub yubanırdı, biz tələsirdik,

Tikan sızıltısı ayağımızda.

 

Nədənsə axşamlar keçərdi onlar,
Ayın, ulduzların alışan çağı.

Mühərrik səsiylə ürək çırpınar,

Birdən canlanardı Kürün qırağı.

 

Dünyada nə yaxşı mahnı vardısa,

Həmin gəmilərdə dinərdi hökmən.

Nəğmə yarılanır, dalğalardasa

Davamı, sonuydu coşub səslənən.

 

Gözdən itərdilər tini burulub,

Sükut bürüyərdi suyun üzünü.

Qayanın üstündə bir az da durub,

Qapıya sürərdik qoyun-quzunu.

 

Nə səs eşidirdik, nə də rəng seçir,

Nə aya baxırdıq, nə ulduzlara.

Gəmi çıraqları göz vurub keçir,

Ürək qayğılanır, fikir azırdı.

 

Tələsir, allahın heyvanı bizdən

Yeyin yeriyirdi, cığırı tutub.

Toranlıq bürümüş evlərimizdən,

Süzülən işıqlar hüznlü, tutqun.

 

Candərdi hürərdi qonşu itləri,

Danlaqla çıxardı valideynlər.

Gördükcə titrəşən siluetləri,

Qüssə işləyərdi iliyə qədər.

 

Fikirlər çəkirdi ərşə yuxunu,

Uzaq ulduzlartək uzaqdı səhər.

Burda dayanmışdı zaman axını,

Qumlamış gəmilər kimiydi evlər.

 

16-30 avq. 2010 Ərəbqardaşbəyli

 

 

RONDO

           

Pasportum cibimdə, ağlım başımda,

Biletim alınıb, pulumdan qalıb.

Vağzal meydanında düşüb maşından

Qatara minərəm, düşərəm yola.

 

Sərhədi keçəndə neçə poqonlu,

Ruhuma tüpürər, cibimi eşər.

Başsız atlı kimi çapar vaqonlar,

Təbiət dəyişər, ölkə dəyişər.

 

Sahmana salaram yatacağımı,

Sonra girişərəm yol yeməyinə.

Ağac-uğacına, ot-ocağına,

Yolların baxaram, gözüm göynəyər.

 

Zəifləyər, batar təkərin səsi,

Yüz yerdən ucalan xorultularda.

Donuq pəncərədə ay gülümsəyər —

Min il yol gedəsən duracaq orda.

 

31.08 — 04.09.08

                                                           Ərəbqardaşbəyli

 

QƏBİRİSTAN HAVASI

 

1

Hasarın o yanı sükuta dalıb,

Göz açmağa qoymur külək bu yanda.

Alışqan tükənib, kibrit boşalıb,

Keçir şamın odu alışan anda  —

Yaxşı hava olmur qəbiristanda.

 

2

Hasardan o yana toranlıq enir,

Hasardan bu yana qara boyanır.

Hasardan o yana behişt sərini,

Bu yanda hələ də daş, dəmir yanır –

Havası xoş olmur qəbiristanın…

 

3

Orda göy üzündə quş qatarlanır,

Qurğuşun səpilib sanki bu yanda.

O yanda qışda qar, yazda yağışlar,

Bu yan ya ilğımda, ya da dumanda –

Yaxşı hava olmur qəbiristanda.

 

4

Hasardan o yanda üfüqlər geniş,

Doğranıb, qapanıb fəza bu yanda.

Hasardan o yanda gəliş, həm gediş,

Burda daşa dönüb durub zaman da –

Fəsillər dəyişmir gəbiristanda…

                                         20-25 sentyabr 2007-ci il, Samara

 

 

KƏSƏR BU YAĞIŞ DA, GÜN DOĞAR YENƏ…

Kəsər bu yağış da, gün doğar yenə —

Çətirsiz olsam da hələ gəzirəm.

Gedib dəyişərəm sonra əynimi,

Çökərəm önündə televizorun.

 

Başqa yerlər var ki, yağır aramsız,

Çayları daşdırır, yıxır bəndləri.

Başqa şəhərlər var — evlər adamsız,

Sel yuyub aparır başqa kəndləri.

 

Hardasa zəlzələ, dağıntı, qırğın,

Canlı bombalar da partlar hardasa.

Dərdi, müsibəti başqalarının
Sadəcə adlanır: “xəbər”, “hadisə”.

 

Beləcə baxaram gecə keçincə,

Sonra keçirərəm televizoru.

Yerimə girərəm, soyuq balınca,

Baş qoyub yataram üzü divara.

 

Yetişməz nəfəsim, divarı dəlib,

Kimsəyə. Bilmirəm orda kim yaşar.

Başqalıq – məsafə, uzaqlıq deyil,

Başqalıq – bu divar dalında başlar…

 

sentyabr-31 dekabr 2009, Samara