Архив тегов | əsgər haqqında şeir

ROBERT BERNS. ƏSGƏRİN QAYITMAĞI

Robert Burns

1.

Bitdi müharibə, dəyişdi həyat,

Çoxdan arzulanan Sülh yenə gəldi.

Fəqət yas tuturdu nə qədər arvad,

Gör nə qədər uşaq atasız idi.
Getdim düşərgədən — sıradan çıxıb,

Zaman keçirmişəm orda nə qədər!

Həqir dal çantama nəyim var yığıb,

Gedirdim – kasıb və şərəfli əsgər.

2.

Sadiq, təmiz ürək sinəmdə vurur,

Oğurluq şeyə əl vurmamışam mən.

Doğma Şotlandiya önümdə durur,

Gedirəm yolumu sevincək və şən.

Koyl sahilləri düşürdü yada,

Mən yenə Nensimi də xatırlayırdım.

Gənclikdə arzu və həvəs oyadan,

Necə də ovsunlu gülüşü vardı.

3.

Sevimli düzənə gəlib yetişdim,

Burda gəncliyimi şən keçirmişəm.

Dəyirman, göyəmlik necə tanışdır! –

Burda Nensi ilə çox görüşmüşəm.

Əziz sevgilimdir yolumu güdən,
Durub anasının evi yanında.

Çevirdim üzümü görəndə birdən,
Gözümün selimi gizlədim ondan.

4.

Dəyişmiş səsimlə söylədim: “Gözəl!

Gözəlsən gəlişan çiçəyi tək sən,

Gör necə, gör necə olar bəxtəvər,

O insan ki, onu seçib sevərsən!

Pul kisəm yüngüldür, yolum uzaqdır ,

Sakinin olardım böyük həvəslə.

Xidmət eləmişəm krala, yurda,

Sən özün əsgərə mərhəmət elə.

5.

Dərin fikirliydi onun nəzəri,

Özü daha gözəl həmişəkindən.
Söylədi: “Bir zaman sevdim əsgəri,

Unuda bilmərəm bir də onu mən.

Bu sadə evimiz, nə varsa bizdə,
Sən özününkü bil bu gündən belə;

Nişanın, kokardan mənə əzizdir,

Özün buna görə əzizsən elə!”

6.

Baxdı, qızılgül tək o qızararaq,
Sonra zanbaq kimi ağardı birdən,

Və ağladı, məni qucaqlayaraq:

“Mənim əziz Villim deyilsənmi sən?”

“And olsun göyləri yaradan kəsə,
O kəs ki, göndərib sevgini nemət,

Villiyəm! Və sevgi həqiqidirsə,

Sevənlər vüsala yetər, nəhayət!

7.

Yurda qayıdıram, hərb bitib artıq,

Görürəm vəfalı, həminkisən sən.
Sevgidə zənginik, çox da kasıbıq,

Bir də ayrılmarıq bir-birimizdən.”

Dedi: “Qızıl qalıb mənə babamdan,

Səliqə-səhmanlı ferma həmçinin!

Yerin var göz üstdə, qəhrəman oğlan,

Xoş gəldin, vəfalı əsgərim mənim!”

Qızıl həvəsiylə tacir əlləşir,

Fermersə çalışır təsərrüfatda;

Döyüş şöhrətidir muzdu əsgərin,

Bütün sərvəti də şərəfdə, adda.

Soyuq baxma igid, kasıb əsgərə,

Yad və özgə sayma onu heç zaman.

O qalxıb özünü qabağa verər,

Ölkəyə thlükə yaranan andan.

1793

ingiliscədən tərcümə

07-08.07. 2024, Samara

++++++++++++

 ROBERT BURNS

The Soldier’s Return.

1.
When wild War’s deadly blast was blawn,
And gentle Peace returning,
Wi’ monie a sweet babe fatherless
And monie a widow mourning,
I left the lines and tented field,
Where lang I’d been a lodger,
My humble knapsack a’ my wealth,
A poor and honest sodger.
Читать далее

GƏDƏBİYYAT: MƏMMƏD ARAZ. «ƏSGƏR MƏKTUBU»

Aqil abbas 2

9-cu sinfin ədəbiyyat dərsliyinə Məmməd Arazın “Əsgər məktubu” adlı şeiri salınıb.

Şeirin təhlilindən əvvəl gəlin təsəvvür edək ki, Azərbaycan ordusunun əsgəri doğrudan da Məmməd Arazı tanıyıb və hətta ona məktub da yazıb. İndi gəlin bu məktubu oxuyaq.

“Hörmətli Məmməd Araz yoldaş! Mənim sizə bir neçə sualım var. Niyə əsgərliyə, xüsusən cəbhə bölgəsinə, ancaq fəhlə-kəndli uşaqları gedirlər. Niyə nazirlərin, deputatların, icra başçılarının, prokurorların, xalq şairlərinin, xalq yazıçılarının uşaqlarıni biz cəbhə bölgəsində görmürük. Götürək elə sizin nəvələrinizi. Düzəltmisiniz polisə, rüşvətlə, fırıldaqla varlanırlar, üstəlik narazılığını bildirmək istəyən vətəndaşları salırlar dəyənəyin altına, şərləyib tutdururlar. Niyə sizin nəvəniz əsgər getməsin? Yazırdınız, ki, mamır olub vətənin qayasına yapışmaq arzulayırsınız. Ancaq sağlığınızda,  otuz ildir ki, kürəkəninizi  ..x parçası kimi yapıdırmısınız Azərbaycan parlamentinə, nə silinəndir, nə yuyulan. Vətəniniz Şahbuz deyil? Bəs niyə kəndinizdə yox, Fəxri xiyabanda basdırılmaq arzulayırsınız? Çünki Fəxri Xyabanda basdırılanın qəbri uşaqları, nəvələri, nəticələri üçün rentadır. Sizin qəbrinizdən nəticələriniz də, kötükcələriniz də faydalanacaqlar. Yoldaş Məmməd Araz! Əsgərlə işiniz olmasın. Əsgər sizi tanımır. Əsgər az-çox Əliağa Vahidi tanıyır və onun “Dumanlı dağların başında durdum” şeirini oxuyur. Şeir yazmağınız gələndə, yazın deputat kürəkəninizə, polis nəvələrinizə…”

İndi keçək şeirə.

Nədənsə inanmıram ki, Məmməd Araz  əsgər məktubu ala. Əsgərin, özü də həqiqi əsgərin, düşmənlə üzbəüz duran əsgərin vaxtı, həvəsi harda idi ki, Məmməd Araza məktub yaza? Yəni mərhum Məmməd Araz yalandan deyir ki,

“Əsgər məktubları alıram hərdən,
Məhəbbət, cəsarət, dəyanət dolu…”

O uydurma məktubda “Məhəbbət, cəsarət, dəyanət” necə ifadə olunub? Bəlkə əsgər yazıb ki, son damla qanına qədər peysər Aqil Abbasın, onun polis oğlanlarının vəzifələrini, mal-dövlətini qoruyacaq?

“Nəğməsiz darıxır əsgər tüfəngi”.

Ay bu şeiri dərsliyə salan qurumsaq! Tüfəng necə darıxar? Əsgər tüfənglə postda durur, səngərdə oturur. Posrda, səngərdə nəğmə oxuyub yerini düşmənə bildirəcək?

“Bir əsgər qəlbində qopan zümzümə
Bir Vətən daşını isidəcəkdir”.

 Zümsümə daşı necə isidər? Qoy mənə təhsil naziri cavab versin. Əmrullayedir, deyəsən. Yəqin ki, əsgər olub, nəğmə oxuyub. Bilər ki, zümzümə daşı qızdırır ya yox? Necə, nə dərəcədə qızır? Qayğanaq bişirmək olar?

 “İnamla, qeyrətlə qorunur Vətən.
Bunlarsız silahlar lal-kardır”, – deyir”.

Yetmiş bir illik ömrünün əlli ildən çoxunu peşəkar şədəbiyyatla məşğul olan adamım misrasına diqqət edin: “Bunlarsız silahlar lal-kardır”.

Yəni ”inamsız, qeyrətsiz” silahlar “lal-kardır”.

Silah necə “lal-kar” ola bilər? Deyək ki, atılmayan silaha güc-bəla ilə lal demək olar. Ancaq sialahın karlığı necə ola bilər?

Qeyrətsiz adamın silahı açılmır?

“Bir nəğmə əsgərin barmaqlarında
Tətiyə söykənən cəsarət olar”.

“Tətiyə söykənən cəsarət”? Bütün o tay-bu tay Azərbaycan xalqı bir yerə yığıla, hətta YAP-la Cəbhə birləşə, bunu izah edə bilən tapılmaz, çünki bunun izahı yoxdur, çünki, Məmməd Arazın bütün yazdıqları kimi bu da cəfəngiyyatdır.

«Əsgər məktubunda quş səksəkəsi,
Əsgər məktubunda qaya təmkini».

 Baxı, böyüklər və uşaqlar! Bu adamda ritm duyğusu, dil mədəniyyəti də olmayıb. “Əsgər məktubunda quş səksəkəsi”. Bu cəfəng misranın ikinci hissəsində dil topuq vurur: «quş səksəsəkəsi”. “Quş səksəkəsi” demək istəyən şagirdin ağzından ayıb ifadədə də çıxa bilər və sonra qan tökülər… “Qaya təmkini” ? Qayada nə təmkin? Qaya sabitlik rəmzi ola bilməz, qaya uçub-dağılan şeydir.

“Hər sətri keşikçi nidası kimi…”.

Başa düşdünüz? Mən – yox. Əsgər ambar qarovulçusudur? Oğru, yəni düşmən gələndə qışqırır? Deyək ki, qışqırır. Məktubun sətri niyə qışqırmalıdır? Məktubun sətri onda qışqırardı ki, əsgər orduda ona edilən zülmdən yazardı. Ancaq əsgər Məmməd Araz yoldaşa yazır ki, son damla qanına qədər onun xalq şairi adını, kürəkəninin deputat statusunu, nəvələrinn polisdə vəzifələrini və rüşvətlərini son damla qanına qədər qoruyacaq…

Əsgərlər bunu yazmazlar. Əsgər ümumiyyətlə Məmməd Araza məktub yazmazdı. Ancaq yüzlərlə, minlərlə fəhlə-kəndli balası belə cızmaqaraçı xalq şairlərinin,  kürəkənlərin, nəvələrin zəngin həyatı uğrunda qanını axıdıb, canıını qoyub.

Öləndən sonra da Məmmədarazlar Azərbaycan uşaqlarının qanını içməyə davan edir. Belə “şeirləri” 15-16 yaşlı sütül oğlan və qızların başına yerirmək, onların ruhunu həmişəlik zədələməkdir. Belə “standartlarla”  “estetik tərbiyə” alan yeniyetmə həmişəlik əsl ədəbiyyatdan əsl poeziyadan uzaq düşür.  Bu cızmaqaraya şeir deyən ədəbiyyat müəllimi ya heyvərədir, ya da kölədir, “ağa deyir sür dərəyə, sür dərəyə” prinsipi ilə yaşayır.

Belə məktublarla rəftar birvariantlıdır: üstündən xətt çəkib geri göndərmək. Yazanı ölübsə, o dünyaya göndərmək. Ya da deputat kürəkənin, polis nəvələrin üstünə…

X.X.

10. 04. 2024, Samara

«HANI ƏSL MÜZƏFFƏR, MİLLƏTİN QƏHRƏMANI?..»

09. 10. 23

Ölümcül hərbə girdi,

Fəhlə-kəndli balası.

Dedi: Vətən, sənindir,
Yenə Şuşa qalası!

Dalğalandı, qabardı,
Allı-yaşıllı bayraq,

Nə istəkli xəbərdi,
Alınmağın, Qarabağ!

 +

Hanı o şanlı əsgər,
Qala fatehi hanı?

Hanı əsl müzəffər,

Millətin qəhrəmanı?

Niyə millətin özü,
Məyus və qaraqabaq?

İgidliyin yox izi –

Basılmış kimi, qorxaq.

 +

Xalqın işıqlıları,

Qolları bağlı, dustaq.

Solur qız uşaqları,
Zindana basılaraq,

Başını qaldırmağa,

Cəsarət eləmir xalq,

Sancılıb uca dağa,

Dalğalansa da bayraq,

Burda dayaınıb Ağa,
Başının üstdə oyaq.

Gözdən qoymur uzağa,
Yumruq qolaylanaraq –

Adın batsın, Qarabağ!

01. 04. 2024, Samara

«VƏTƏN ƏSARƏTDƏDİR, AZAD DEYİLSƏ FİKİR…»

12.11.22

Oranın azadlığı,
Buranın azadlığı

Uğrunda qanlar axır,

Al boyayır torpağı.

 +

Əsgər keçir canından,

Vuruşur torpaq üstdə,

Kölədir ancaq insan,
Yurd azad edilsə də!

 +

Torpaq azad eləyən,
Azad söz deyə bilmir.

Əsarətdədir vətən,

Azad deyilsə fikir.

 +

Kim ölür – dəmir medal,

Yardım alır sağ qalan.

Ölü tək diri də lal,

Danışır ancaq paxan.

 +

Can qoyub, əsgər, dünən,
Azad etdin torpağı.

İşlə, çalış bu gündən,
 Sal başını aşağı.

 

10.12. 2022, Samara

“AH, YENƏ BAŞLANDI YAĞIŞ MÖVSÜMÜ…”

  U LENİ. KİNO       

leytenant kəndçimiz Hüseyn Bədəlova

 

Ah, yenə başlandı yağış mövsümü,

Hey yağır andır bir ara vermədən.

 +

Gözlə görünmür giləsi, damlası,
Şırnaq ilə sanki axır vedrədən.

 +

Rəngi haçandır ki, açılmır göyün,

Qeyz ilə buz tək suları əndərir.

 +

Çox küçədə göl yaranıbdır dərin,

Var hünərin – keç dizəcən girmədən.

 +

Çətrini dartıb çevirər tərsinə,

Tərs külək əssə, gedəni büdrədər.

 +

Ah, bu yağışlar şəhərə neyləyər? –

Leysan özü burda bir əyləncədir.

 +

Gör nə qədər indi igid soydaşım,
Postda durubdur, ya da səngərdədir!..

 

29. 09. 2022, Samara

27 SENTYABR 2020-Cİ İL

əli_tagiyev

salyanlı əsgər Əli Tağıyevin xatirəsinə

Dan yeri qızarıb, tələsmir ay da,
Çəkilib getməyə göydən hələ ki.

Bəlkə son yuxudan durub piyada,
Baxmır aya, günə, gözü yol çəkir.

Nizam-intizamla dayanmış əsgər.

Geyim mükəmməldir, təzədir yaraq.
Baxışdan, üzdənsə uşağa bənzər,

Oda atılacaq indi bu uşaq.

Yersizdir Şekspir tərəddüdləri,
Burda “olum” yoxdur, “ölüm” var ancaq.

Hamletin taleyi öz əlindədir,

Beş əsr düşünür qərardan qabaq.

Səninsə taleyin bir əmrə bənddir,
Sahibi deyilsən öz həyatının.

Komandir “İrəli” qışqırar indi,

Gedərsən, minadır ayağın altı…

“Can, bala!” deyərək ağlayan anan,

Tikan qanadanda ayaqlarını,
Duyar aparanda səni qızıl qan,
Əl atıb dağıdar yanaqlarını…

Ay və gün yox olar, yer və göy itər,

Son verər bu savaş gənc həyatına,

Artırar Bakıda çevik fəhlələr,

Dəmir medalların hasilatını…

Şəklinə baxıram, şəklin ağladır,
Baxışdan uşaqsan, üzdən uşaqsan.

Zirvə söhbətləri hoqqa və lağdır,
Ölmüsən, haqqın var möhtəşəm yasa.

Məzarın önünə gəlib baş əyə,
Parket generalı, vəkil və nazir.

Ölkəni hərləyən, xalqı hərləyən,

Gəlib torpağına üz qoya bir-bir.

Qara bağlanaraq ensin bayraqlar,
Balaban çalınsın, Albinoni də.

Ali baş komandan, dizini qatla!

Müzəffər əsgərin borcunu ödə!

27. 01. 2021, Samara

ANIM GÜNÜ

Bu gün vətənimdə yaxşı hava var,
Xəstəyə dərmandır, hava deyil ki.

Belədə keçmişi insan unudar,
Gələcək günlərdir arzusu, fikri.

Daha şirə tutub bütün meyvələr,

Günəş kefə işlər, kef verər  indi,
Doğumu möhtəşəm, batımı gözəl,
Şöləsi yandırmır, məzələndirir.

Soydaşım, yenə də gözlərin xumar,
Fikrini gələcək aparıb yenə.

Amma gələcəyin gələcəyi var,
Sonrasa…Aydındır sonrası sənə…

Qıfıl deşiyindən necə baxarlar,
Gözünü eləcə keçmişə zillə.

Baxdığın zamanda çoxlu ölüm var,
Sənin öz ölümün orda yox hələ.

Soydaşm… Ağalar, gözəl xanımlar!

Hava nə gözəldir, eyvana çıxın!

Ölkədə kütləvi bu gün anım var,
Çevrilib bir illik keçmişə baxın.

Orda ölümü var bir neçə minin,

Heç biri sizinki, mənimki deyil.

Getdilər, öldülər vətən naminə,

Siz də yayındınız, mən də keçən il.

Gedənlər, ölənlər özgələr idi,
Yayınıb sağ qaldıq, müzəffərik  biz,
Qaldırıb bayrağı yellədin indi,
Özünüz yellənin, utanmayın siz.

Soydaşım! Ağalar, gözəl xanımlar!

Yəqin ki, fikriniz gələcəkdədir.

Ancaq gələcəyin gələcəyi var,
Canı bilirsinz sözümün nədir…

27.09. 2021, Samara

ŞƏHİD ƏSGƏRİN MEDALI

BAKIDA YAŞAMAQ MÖHTƏŞƏM FƏXR…

SONY DSC

Bakıda yaşamaq möhtəşəm fəxr,

Üstəlik vəzifə, gəlir də varsa.

Maşının bir neçə, mənzilin – qəsr,

Dənizdən də payın — ətrafı hasar.

Dağı var Bakının, var düzəni də,
Ancaq zirvədəsən sən harda olsan.

Soydaşın olsa da, sənə özgədir.

Həyatın dibində sürünən insan.

Paytaxtda yaşamaq fəxrdir, ancaq,

Burda da innsanın çatır axırı.

Adın, malın varsa, yer tapılacaq,

Gözəl Xiyabanda, özü də Fəxri.

Hardasa, könlündən, gözündən uzaq,

Kəndlər var, kəndlərdə adamlar da var.

Həyatsa fəxr yox, həyatdır ancaq,
Bir gözlə gülənin bir gözü ağlar.

Burda məzarlıq da adi və tanış,
O nə xiyabandır, fəxrdir nə də.

Təzə qəbirlərdən sıra yaranmış,

Yaslı analardır duran önündə.

Bəzənib qəbirlər allı-yaşıllı,
Toya alınanlar daşa bağlanır.

Şəkillər öpülür, ürək alışır,
Əsgərlər eşitmir analarını…

Burdan uzaqlarda fərari şəhər,
Bəzənir-düzənir, öz kefindədir.

Kefdə qəsrlilər, mersedeslilər,
Şərəf yox, qeyrət yox, həyatsa fəxri…

21. 01. 2021, Samara

KOMANDAN ÇAY İÇİR CIDIR DÜZÜNDƏ…

20.03. 2020

Komandan çay içir Cıdır düzündə,
Sağında arvadı, solunda qızı,
Ya da ki, tərsinə. Ana qızından,
Cavandır elə bil beş-on yaş azı.

Görünür dumanlı dağlar arxada,
Görünən heç nə yox həndəvərdəsə.

Çay içir komandan, qızı, arvadı,

Çəkənlər vurnuxur önlərindəsə.

Görünmür bu çayı qoyan, dəmləyən,
Paxlava bişirən görünür nə də.

Belində bu masa, stullar gələn,

Əsgər indi durub hardasa gendə.

Yox bu paxlavalı masa dalında,

Şəhəri yağıdan qanıyla alan.

Yalınəl əsgərin sağ qalanından,
Paxlavalı çaya yox çağırılan.

Çay içir komandan, qızı, arvadı,

Üçü də oturub hərbi geyimlə.

Yüz ildir ölkəni idarə edir,
Bir əsgər verməyib ailə hələ…

Yatır torpaq altda sütül uşaqlar,
Dəmirdən medaldır onların haqqı.

Ali Baş Komandan! Soruşmaq olar? –

Sizin öz oğlunuz hardadır axı?…

17. 01. 2021, Samara

“SƏN DAHA ORDUDA DEYİLSƏN, OĞLAN…”

26 SENT 2019. 2

Sən daha orduda deyilsən, oğlan,

Adi vətəndaşsan bu gündən belə.

Daha nə topun var, nə də tapançan,
Qayıdıb gəlmisən sən yalın əllə.

                             =====

Zirehli canlığın geri alındı,
Dəmir dəbilqən də qaldı hissədə.

Sən dünən adi bir cavan deyildin,

Bu gün seçilmirsən daha kimsədən.

                            ====

Yatıb dincələrsən hələ beş-on gün,

Qonaqlıq verənlər növbəyə durar.

Hamı maraqlanar necə döyüşdün,

Özün danışdığın özünü yorar…

                          =====

Sonra istirahət yetişər sona,
Gələr vaxtı işin, pul qazanmağın.

Yenə düyünçənə çörək bağlanar,
Gedərsən başını salıb aşağı.

                          =====

Gedərsən dinməzcə, gedərsən həqir,
Ordenlə, medalla bəzənmir sinən.

Bilmir tanımayan qəhrəman gedir,
Blmir ki, Şuşanı alıb gəlmisən.

                         ======

İşlərsən qaranlıq düşənə qədər,
Qəsr ucaldarsan, ya da göydələn.

Artırıb varını sən döyüşəndə,

Güllə qabağına səni göndərən.

                     ======

İşlədər, haqqını yubadar, kəsər,
Ağır söz də deyər, əl də qaldırar,
İndi Şuşa alan igid deyilsən,

Sənədsiz, günəmuzd fəhlədir adın.

                      ====

Dünən qan axıtdın, mənimsənildi,

Zəfər qazanmışdın, mənimsədilər.
Əməyin, qazancın yeyilər indi,

Yağıya toy tutan dünənki əsgər!

                            ====

Torpağa baş qoydu neçə yoldaşın,
Dağı itkilərin ürəyindədir.

İndi qarşındakı harın soydaşın,
İndi nə topun var, tüfəngin nə də.

                             =====

Sən daha orduda deyilsən, oğlan,
Silahsız, sursatsız, yalın əllisən!

Unutma, yağıdan Şuşa almısan,
Tanrı bağışlamaz indi əyilsən!

02. 12. 2020, Samara

YETİM ŞƏHİDİN XATİRƏSİNƏ

20.03. 2020

Tanrı mənə ömür verə nə qədər,
Qarabağ da cənnət ola təzədən,

O yerlərə ayaq qoysam mən əgər,
İlan çalsın dabanımdan gəzəndə.

=

Gedər olsam, ayaqlarım tutulsun,
Ödə dönsün, içsəm əgər suyundan.

Barı qalsın boğazımda, qan qusum,
Gülə baxsam, gözlərimi tuta qan.

=

Bu güllələr belə hardan atıldı,

Sütül əsgər, nə yıxıldın qəfil sən…
Yoxdu anan, yoxdu, oğul, atan da,
Ögeyliyi gördün həm də Vətəndən.

=

Bəlkə əsgər şəhidliyi şərəfdir,
Həlakının mənası da alidir.

Niyə yetim qabaqdadır, hədəfdir –

Mənə çatmır, anlamıram, vur öldür!

=

Qarabağa, oğul, ayaq qoymaram,

Azad ola, cənnət ola təzədən.

Yarı hopub, yarı yerdə qalır qan,
Hünər gərək orda gedib gəzəndə…

19.10. 2020, Samara