Архив тегов | gədəbiyyat

GƏDƏBİYYAT: BƏXTİYAR VAHABZADƏ: «BELƏ GETSƏ, ÖLÜLƏR MÜRDƏŞİRİ YUYACAQ…»

Bir sirdaş istəyirik
Qəlbimizi duyacaq;
Təmizsə — qəlbimizi
Gəlin özümüz açaq.

Başa düşdünüz? Akademik şair hər kəsi öz qəlbini açmağa dəvət edir. Və şərt qoyur: əgər təmizsə.

Sual çıxır: Təmiz qəlbin açılmağına nə dəvət, nə təklif, nə təkid? Yalnız açılası, deyiləsi sirləri olan qəlblərin açılmağında məna var. Yaxşı, bunun başına ip atmayaq.

Birinci bənd Sabirin şeirini xatırlatmırmı? “Zahida, gəl soyunaq bir kərə paltarımızı…” Sabir zahidə nə təklif edir:

“Gəl yazaq şərt üçün öz tərcümeyi-halımızı,
Həm də doğru olaraq şərh edək əhvalımızı

… Hər kimin ağı qara isə utansın, a balam!
Bəlkə illərcə yatanlar bir oyansın, a balam!”

Yəni akademik şair yox, əsl şair Mirzə Ələkbər zahidi duelə çağırır.

Akademik Bəxtiyar Vahabzadənin konkret kimə müraciət etdiyi məlum deyil. Yəqin ki, bütün xalqa. Və gözləmək olardı ki, Bəxtiyar professor özündən başlayacaq, qəlbini açıb nümunə göstərəcək. Ancaq gözləntimiz boş çıxır.

“Acgöz yedikcə açar,
Dilənçiyə əl açar,
Zənn etmə ki, tamahkar
Axır bir gün doyacaq.”

Bu bəndin birinci bəndlə hər hansı əlaqəsi varmı? Bəxtiyar akademik ya bir başqası burda qəlbini açırmı? Yox, Bəxtiyar Vahabzadə əsl müsəlmandır, katolik xristian deyil ki, pərdə dalında oturmuş ruhaniyə batdığı günahları etiraf eləsin, desin ki, dönə-dönə cildə girib, iki öndər, üç-dörd-rəhbər dəyişib, Leninə poema həsr edib Heydər Əliyevin köməyi ilə SSRİ Dövlət mükafatı alıb. O, əsl müsəlman kimi  özünü yox, başqalarını ifşa edir. Yaxşı, bu da cəhənnəm, qoy eləsin. Ancaq necə eləyir? Bu bənddə şeirlik nəsə varmı? Necə yəni “acgöz yedikcə acar”? Yaxşı bu da cəhənnəm. Acgözün dilənçiyə əl açmağı? Bu, Azərbaycan universitetinin ədəbiyyat professorunun səviyyəsidir…

Aralıq yekunu vuraq: ikinci bənddə vəd olunan qəlb açılışı yoxdur. Keçək üçüncü bəndə.

Ucaldıqca biz endik,
Düz yoldan geri döndük;

Gördüyünüz kimi, alademik yenə “mən” demir, “biz” deyir. Və “akademik” şair “biz” deyirsə, ona zəncir ocağı qədər sitayiş edən oxucuların ağlına da gəlməz ki, bu müqəddəs vücud da “biz”in içindədir. Bəxtiar professor, əlbəttə, başqalarından, pis adamlardan danışır. Özü isə şübhəsiz ki, fövqəladə gözəl insandır.
“Özümüzü düşündük,
Özümüzü biz ancaq.”

Bəxtiyar Vahabzadə özü qəlbini açmadı, gözləmədi də ki, xalq qəlbini açsın, bilir ki, xalq düzünü deməyəcək, ona görə özü xalqın, Sabir demişkən, paltarını soyundurur.

“Qana həris zəlilər
Sorduğunu az bilər”

Bəxtiyar Vahabzadə təkcə qarğa və şahin mütəxəssisi deyilmiş, zəlilərin də dabbaqda gönünə bələdmiş.

Diqqət: şeir bitəcək:
“Belə getsə, ölülər
Mürdəşiri yuyacaq.”

Bir şey başa düşdünüz? Bu nə horrordur belə? Bəlkə bunu yazanda akademik şair qızdırmalı ya içkili olub? Bəlkə bu beyti başa düşmk üçün yüz əlli-iki yüz vürmaq lazımdır? Mən içən deyiləm. Ümid edirəm ki, içən qardaşlardan ya bacılardan biri özünü lazımi kondisiyaya çatdırıb bu beytin sirrini millətə açar…

X.X.

29.04. 2025, Samara

GƏDƏBİYYAT: BƏXTİYAR VAHABZADƏ. «HƏYAT, SƏN NƏ ŞİRİNSƏN…» I

Səndən doymaq olarmı, həyat sən nə şirinsən!
Ancaq hamının deyil, sən həyatın qədrini yalnız bilənlərinsən!..

Mübahisəli iddiadır. Vaxtını kimin necə keçirməyindən assılı olmayaraq, həyat hər kəsə şirindir – bu, təbiətdir, biologiyadır. Akademik şair bir neçə misra sinra özünü təkzib edir:

«Həyat sən nə şirinsən, kim səndən doydu getdi?
Gedənlər bu dünyada qəlbini qoydu getdi.”

Hə? Belə çıxır ki, həyat hamınındır?

«Ömür paylanan zaman görün kimə nə düşdü
Üç yüz il boz qarğaya, on il şahinə düşdü.»

Qarğanın üç yüz il yaşamağı mifdir, orta hesabla iyirmi ildən çox yaşamır, akademik şair bunu yazanda Vikipediya olmayıb, ancaq universitet həmkarlarından soruşa bilərdi. Yadımdadır, Azərbaycan televiziyasında heyvanlardan veriliş var idi, iki nəfər aparırdı, birinin adı Qara müəllim idi… Əlli il əvvəl…

Və deyə ki, elə akademik şair deyəndir.  Bu nəyə işarədir? Yəni yaxşılar az yaşayır, pislər çox? Bəxtiyar Vahabzadə özü 84 il yaşadı. Müşfiq 28 yaşında öldürülüb, Əli Kərim 37 yaşında ölüb. İndi hər kəs özü nəticə çıxarsın…

“Dünən qoca bir qarı dilində ahu-zarı.
«Bu dünyanın əlindən gəlmişəm zara»- dedi.”

Qarının cavanı da olur?

Sonrasına baxın:
«Ölmürəm ki, bir dəfə canım qurtara»- dedi.

Akademik şair açıq-açığına xaltura edir. Xalq ifadəsi necədir: “Ölmürəm ki, bir dəfəlik (!) canım qurtara. Şair misraya sığışdıra bilməyib, ona görə “bir dəfə” yazıb. Nə alınır? – bir dəfə canım qurtara! Halbuki, zruri olmayan «ki», bağlayıcısını atsaydı, «bir dəfəlik» yerləşərdi…
“Ürəkdənmi söylədi o, bu sözü görəsən?
Xeyr, inanmıram mən!”

Akademik şair inanmır! Niyə? Həyatından bezənlər, hətta intihar edənlər azmıdır?

“Dili söyləsə də, ürəyində o dərhal
«Lənət şeytana!»- dedi.”

Allahu əkbər! A kişi (sağlığına deyirəm), hardan bilirsən? “Qoca qarı”nın ürəyinə girmisən? Bəs o “iksus” («uksus», sirkə turşusu) içib özünü öldürənlər niyə “lənət şeytana” deyib qərarlarını dəyişmirlər?

«Həyat, sevincin qədər əzabın da şirindir,
Səni mənalandıran o keşməkeşlərindir.»

“…o keşməkeşlərin”? Hansı keşməkeşlərin? “O” artıqdır, misra doldurmaq üçündür.


«Iki yüz il yaşadı ləzzət içində Loğman
»

Loğman iki yüz yaşayıb? Ləzzət içində? Bu məlumat akademik şairdə hardandır?

23.04. 2025, Samara

(ardı var)

GƏDƏBİYYAT: RAMİZ RÖVŞƏN. «BAŞI KƏSİK GÖZƏL KÖTÜK»

 Ramiz Rövşən gəncliyində “Qara, qara qarışqalar” misrası ilə başlayan şeir yazıb. Yeganə ləyaqəti sosializm realizminin tələblərinə, partiya və hökumətin ədəbiyyat sahəsindəki ideoloji təlimatına uyğunluğu olan cəfəngiyatın fonunda bu şeir qulağa xoş gəlir, ürəyə də yapışırdı. Hərçənd elə bu şeirdə gələcəkdə yazı manerasına çevrilmiş təkrarçılığın əlamətləri görünürdü:

“Qulağım batdı, tutuldu…”

Batdı ya tutuldu?

Və ya: “Toplaşdınız, top oldunuz…”

Bunun eybi yoxdur. Bəla burasındadır ki, Bakıya rayonlardan gəlib redaksiya qapılarında sülənən onlarla, yüzlərlə gənc əslində ədəiyyata daha əvvəl İsa İsmayılzadınin, Ələkbər Salahzadənin gətirdiyi bu yazı formasını, bu intonasiyanı yamsılamağa başladılar və… onsuz da qurd-quşla dolu olan Azərbaycan poeziyasını qarışqa basdı…

Başqalarının Ramiz Rövəni yamsılamağını qoyaq bir yana. Sonralar və indiyəcən Ramiz Rövşın iyirmi-iyirmi beş yaşındakı özünü yamsılayır və təkrarlayır.

Deməli, “Qarışqalar”ın uğurundan ruhlanan Ramiz Rövşən bəlkə də qarışqa mövzusunda silsilə şeir yazmaq istəyir və müşahidə üçün qarışqa topası axtarır. Qarışqa topası da ən çox harda olur? Bəli, kötükdə. Bakıda da kötük nə qədər desən. Bakıda ağaclar boya-başa çatmamış baltalanır… Hə, Ramiz Rövşən qarışqalı bir kötüyə xeyli baxıb bu qərara gəlir ki, onun qarışqalı şeir artıq var, yaxşısı budur ki, hələlik şeiri kötüyə yazsa yaxşıdır. Və yazır.

“Başı kəsik gözəl kötük”

Kötüyün bəlkə də gözəli olur, Samarada bəzən zərurətə görə ağac kəsiləndə kötüyünü sənətkarlar müxtəlif  fiqurlara çevirirlər. Ancaq adi kötüksə, onda nə gözəllik?

Bir məsələ də var: “Başı kəsik kötük” – bu, nonsens, yəni mənasızlıq deyilmi? Baş ağacda olar. Kötükdə nə baş? Belə deyil?
“bu dağı sənə kim çəkdi?
Baltanı sənə kim vurdu”

Müraciət kötüyə yox, ağaca edilməlidir. Kötükdə ağacı canlandırıb onunla danışmaq – xalq şairi və bir neçə hədiyyə mənzilin laureatı bu məsələni həll edə bilməyib.

İndi baxın:
“bıçağı sənə kim çəkdi?”

Ağacı bıçaqla kəsirlər? Ağacın nazik budağını bıçaqla kəsmək olar. Ancaq yekə ağacı bıçaqla necə kəsərsən? Bilirsiniz Ramiz Rövşən niyə bıçaq qapır? Yuxarıdakı  “bu dağı”ya qafiyə üçün. Nə vecinədir, kim onu məhkəməyə verəcək?

“İpək-ipək yarpaqların
Küləklərlə talandımı?”

Kötüyün “ipək-ipək yarpaqları”?
“Bilək-bilək budaqların
ocaqlarda qalandımı?”

Budaq qola bənzədilə bilər və bənzədilir də, budağa qol deyilir də. Bəs niyə xalq şairi “bilək-bilək” deyir? Yuxarıdakı “ipək-ipəyə” qafiyədir, ona görə!

Sonra şeirində ölçü dəyişilir.

“Küsdünmü taleyin acılığından?”

Şair bunu kötükdən soruşur, çünki kötüyə müraciət edir.

“Zalımlar keçmədi qocalığından”

Yəni zalımlar kötüyün (?)  qocalığına rəhm eləməyib başını (kötüyün!) kəsiblər…

Bu şeirdən filologiya üzrə fəlsəfə doktorluğu dissertasiyası yazan iddia edəcək ki, kötük – simvoldur, kötük əslində cəmiyyətin etinasızlığından, qəddarlığından başını itirmiş, atılmış qocadır. Yəni bir dissertasiyalıq demaqoqiya qondarıb “doktor”, professor olacaq, onun zəhmtkeş soydaşı alın təri ilə çörək qazananda o, dezodarant iyi verə-verə dissertasiyasındakı cəfəngiyatı tələbələrə danışacaq…

“Gözəl kötük, sızıldama, göynəmə,
Nə baltalar, nə bıçaqlar qalacaq.”

Yenı dedi bıçaq…
“Ucalıqdan yıxılsan da, qəm yemə,
Sən yıxılan ucalıqlar qalacaq.”

Kötük hardan yıxılıb? Kötük ağacın başıdır ki, yıxıla?

Sonra xalq şairi, prezident təqaüdçüsü və çoxsaylı mənzillər laureatı Ramiz Rövşən Con Lennanın gitarısın alır sinəsiə, “İmagine” oxuyur.

Dünyanın küləyi keçər,
Qarı yağışı keçər.
Qatar-qatar quşu keçər,
daş atarlar, daşı keçər

Körpə ağaclar yekələr,
Yekələr, qalxar, dikələr
sən yıxalan ucalığa…

Şeirin axırını elə bil Məmməd Araz yazıb.

“Yenə canın sağ olsun,
Bu dünyada
Sən yıxılan ucalıqlar qalacaq…”

Şeir uzundur, oxuyub axırına çıxınca elə üzülürsən, elə qeyzlənirsən ki, bir kötük axtarırsan ki, başını çırpasan…

X.X.

19. 04. 2025, Samara

GƏDƏBİYYAT: BƏXTİYAR VAHABZADƏ. «YALAN DÜNYA»

Qonçarov “Oblomov” romanında qəhrənamın atasını təsvir edərkən onun hərdənbir hərdənbir kitab oxuduğunu deyir. İlya İvanoviç “Çoxdan kitab oxumamışam” deyərək əlinə keçən kitabı götürür və məzmuna fikir vermədən həmişə eyni ləzzətlə oxuyur.

Bəxtiyar Vahabzadənin şeirlərini oxuyanda oxşar təəssür yaranır. Yəni akademik şair “çoxdan şeir yazmamışam” deyib dəftər-qələmini qoyur qabağına… Fasilə bir gün olsaydı da, Bxtiyar Vahabzadə üçün bu, “çoxdan kimi görünməliydi. Çünki buraxılan bir gün ərzində Nəbi Xəzri, Məmməd Araz, Rəsul Rza, Fikrət Qoca, sırtıq cavan şairlər beş-on şeir yazıb bir ətək pul qazanacaqdılar. Yəni şeirin yazılmadığı gün olacaqdı, hüquqi dillə desək, “əldən çıxmış qazanc…”

Nədən yazsın? Zalım oğlu Şekspir, zalım oğlu Füzuli hər şeydən yazıblar… İndi dünyanın yalanlığından yazmaq dəbdədir, toyda da arağın üstündən yaxşı gedir…

Bəxtiyar Vahabzadə bu şeiri yazmağa balıqçı balıq ovuna gedən kimi hazırlaşır. Balıqçı tilovunu səliqəyə salır, ov yemini hazırıayır: soxulcan, başqa qurd-quş, sıyıq və s.

Bəxtiyar Vahabzadə “yalan” sözünə qafiyə olan sözlərin siyahısını tutur: “çalan”, “alan”, “qalan”, “filan”…

Gah başıma tumar çəkən,
Gah ilantək çalan dünya.”
Burda pauza edib “dünya”nın nə olduğunu özümüz üçün aydınlaşdıraq. Mənim İnternetdə tapdığım lüğətdə “dünya” sözünün izahı belədir: “Bir küll olaraq maddənin bütün formalarının məcmusu; kainat. Yer kürəsi, yer üzü, cahan, aləm. məc.”

İndi özünüz deyin, bu sadalanların birini belə ilan şəklində təsəvvür etmək mümkündürmü? Şərq klassikləri, fələklə, talelə ya da taledən danışırdılar və əslində tale də, fələk də Yaradanın, Tanrının sinonimi və yaxud efvemizmidir. Tale hər şəkildə insanı vura bilər. Bəs dünya? Yox!

“Gah sinəmə dağlar çəkən,
Gah könlümü alan dünya.”

Bunu naqqal aşıqlardan milyon dəfə eşitmişik. Aşıqların hamısının sinəsi dağlanmışdı. Bəzi sovet aşıqları özləri sinələrini dağlamışdılar, yəni Leninlə Stalinin şəklini döydürmüşdülər. Aşıq Pənahın sinəsində, deyilənlərə görə, Karl Marksın da şəkli döyülübmüş…
“Gah dağılan, gah qurulan,
Bəzən açan, bəzən solan”.

Yuxarıda ilana dönən dünya indi  gah dağılır, gah qurulur. Dağılan bütün dünyadır ya ayrı-ayrı hissələri?
“Gələnləri yola salan,
Özü baqi qalan dünya.”

Yuxarıda ilana bənzdilən dünya indi “gələnləri yola salır”, özü isə “baqi qalır”. Yəni “əbədi”. “Əbədi” sözü misraya sığmır, ona görə akademik bu yazı üçün yöndəmsiz “baqi” sözünü pərçim edir. Və yadınızda olar, bir beyt yuxarıda dünya vaxtaşırı dağlırdı, indi akademik şair deyir ki, dünya “baqi qalır”.

“Bir yanda at, bir yanda ot”

Bir şey başa düşdünüz? Mən – yox. Bəlkə akademik şair demək istəyir ki, atın ağzı ota çatmr? İstəmək ayrı, deyə bilmək ayrı. Misra cəfəngdir.
“Solu günəş, sağı bulud.”

Nəyin sağı, nəyin solu? Dünyanın? Yəni yer kürəsinin? Taleyin? Taletyin sağı ya solu olur? Bulud niyə sağdadır, solda deyil?
«Dovşana qaç, tazıya tut»-
Deyən köhnə filan dünya.

 Bəxtiyar Vahabzadə tutduğu siyahıdakı bütün sözləri işlətməlidir. O cümlədən “filan”ı.  Bəndin dördüncü misrasına diqqqətlə baxın: “köhnə-filan dünya”.  Bu nədir? Bunu yazan, bunu yazmaqdan utanmayan adam oxucularının mallığına, kütlüyünə arxayındır, bilir ki, ağzından ya qələmindən nə çıxsa, qapıb çeynəmədən udacaqlar. Çünki adı çıxıb… Zəncir ocağına, hansı seyidinsə ölüsünün yuyulduğu yerə nəzir aparan xalqı hərifləməyə nə var ki…

“Min rəngi var, min donu var”

Söhbət arvaddan getmir, söhbət dünyadan gedir…
“Neçə — neçə oyunu var”

Bəlkə konkretləşdirəsən, akademik? Neçə oyunu var?
«Nə əvvəli, nə sonu var”

Bəs yuxarıda deyirdin dünya vaxtaşırı dağılır?
“Yalan dünya, yalan dünya!”

A kişi, dünya hardan yalan oldu? Heydər Əliyevin sənin döşünə taxdığı ordenlər də yalan idi? Professor, akademik adı, xalq şairi adı yalan idi? Oğlanlarını düzəltdiyin yağlı vəzifələr də yalan idi?

Min dona girən dünya deyil, akademik, sənin kimi oyunbazlardır…

X.X.

18. 04. 2025, Samara

 

GƏDƏBİYYAT. BƏXTİYAR VAHABZADƏ: «BİR SALAMA DƏYMƏDİ»

“Bu gün mən səni gördüm,
Salam vermək istədim.”

Yadınızda saxlayın: şair sevdiyi xanımı görür, salam vermək istəyir.
“Üzünü yana tutdun.”

Xanım şairin ağzını tutmayıb, xanım öz qulaqlarını tutmayıb. Yəni salam vermək istəyirsən, ver salamını.
“Söylə, illərdən bəri
Qəlbimizin bir duyub
bir vurduğu illəri,
Axı, nə tez unutdun?”

Müsürmannar, baxın, akademik və professor şair “əsər”lərinin çoxu üçün xarakteRik olan tavtologiyaya yol verir: “illərdən bəri”, “bir vurduğu illəri”.

Bu, şeir dili deyil!

Beş ildə gözümüzdən axan o qanlı sellər”

Aha! Bunlar beş il imiş sevişirlərmiş!  Bəs niyə bu beş il ərzində hər ikisinin gözlərindən “qanlı sellər axıb”?

Yaş yox, su yox, sellər!

Müsürmannar, yadınızdadırsa, İraq şairi (mən Nizamini Azərbayucan şairi adlandıranların acığına belə deyirəm) Məhəmməd Füzuli deyirdi “gözümdən qanlı axar su”. Bəxtiyar Vahabzadə əndazədən çıxır: qanlı sellər. Elə bil gözləri Bakının kanalizasiya borularıdır…

Müsürmannar, bu kişi dedi ki, beş il gözlərindən “qanlı sellər axıb”? Dedi! İndi dalına baxın.

“Həyəcanla, fərəhlə, qəmlə dolu o illər
Bir salama dəymədi?”

Sonrakı misrada deyir ki, illər fərəhlə dolu olub. Bu nə işdir?

“Heç üzümə baxmadan yanımdan necə keçdin?”

Müsürmannar, bu da akademikin əvvəl dediyi ilə düz gəlmir. Əvvvəl demişdi ki, “üzünü yana tutdun”. Əvvəl baxmasaydı, üzünü yana necə tutardı?

“Yoxsa sən öz əhdinə, ilqarına ağ oldun?”

Kiminsə, məsələn, böyüyün üzünə ağ olmaq bilirəm nədir. Məncə, ilqara, əhdə ağ olmaq düz ifadə deyil. Qulağı deşir.
“O qədər yaxın ikən, bu qədər uzaq oldun.”

Bu, şeir guya sevgi tarixçəsidir? Ancaq bu deyilənlərdən başa düşmək olarmı ki, bunların arasıında nə olub? Nə qədər yaxın olublar? Yaxın olub neyləyiblər? Qanlı sellər axıdıblar? Ya ayrı şeylər də olub?

“Şirin gülüşlərimiz, acı fəğanlarımız
Bir salama dəymədi?”

Akademik yenə getdi çıxdı on beşinci əsrə. Ancaq İraq şairi Məhəmməd Füzulinin fözqəladə söz duyğusu olub. O “fəğanlar” deməzdi. Bakı və Şəki şairi Bəxtiyar Vahabzadə Azərbaycan xalq şairi adını daşısa da, Azərbaycan dilinə yiyələnməyib.

“Qayğılı anlarımız, qayğısız anlarımız”.

Bu sözlərin arxasında nəsə durur? Bu sözləri yazıb-oxumağı bacaran hər kəs işlədə bilər? Burda nə bədiilik var? Qayğılı, qayğısız…

“Sən neylədin, bir düşün!”

A kişi, səbrimiz kəsildi, axı bu xanım neyləyib? Allah Əliağa Vahidə rəhmət eləsin, o, ürəyimizi üzmürdü, deyirdi xanım özgələrlə gəzib. Özü də incimirdi. “Get hər kiminlə gəzirsən gəz, inciyən deyiləm!” Yəni kefini çək.

Bəh-bəh!

“Yalnız indi anladım: ah, sən daha mənimçün”
Əlçatmaz bir çiçəksən”.

(“Ah”a baxın, “ah”la misranı doldurur…)

Beş il bir yerdə “qanlı sellər” axıdandan və bəlkə ayrı işlər görəndən sonra çiçək qalar? Çiçək olar ilk həftələrdə, uzağı aylarda… Beş ildə istənilən xanım bu hoqqalardan sonra boranı tağına dönər…

“Əlçatmaz” —  ulduz haqqında deyilib, çiçək haqqında yox…

Birdən akademik şair Cəfər Cabbarlının eynəyini taxır.
“Qop, ey tufan, əs, ey yel! Xəzəl olum, tökülüm”
Cəfər Cabbarlının “Ana” şeiri yadınızdadır? Müsürmannar, müqayisə edin, görəcəksiniz ki, Cabbarlı şairdir, Vahabzadə isə şair deyil, özünü şairliyə qoyub.

“Bir günlük həsrətimə dözə bilməyən, gülüm”

Əlçatmaz çiçək indi oldu gül. Yaxşı ki, bu fars sözləri var…

“Düz beş il ürəyimdə Bəslədiyim məhəbbət…”

Vallah, bir şey başa düş bilmirəm…
“Getdin, dalınca baxdım, can ayrıldı canımdan…”

Yenə büründü Füzuli əbasına. A kişi, sən Füzuli yerişi yeriyə bilərsən?

“Ah çəkdim, başım üstə yarpaqlar əsdi, gülüm…”

Akademik yazdığının nə qədər gülünc olduğunu anlamır…Biz də özümüzü qanmazlığa qoyaq?

İraq şairi Məhəmmdə Füzuli necə demişdi?

“Fələklər yandı ahimdən, muradım şəmi yanmazmı?”

Şəki-bakı şairi deyir ki, ahından yarpaqlar əsib…

Müsürmannar! Yəqin ki, hər birinizin həyatında sevgi olub, hər birinizin sevgi tarixçəsi var. Bu cəfəng mətndə həqiqi sevgi tarixinə azacıq da olsa bənzəyən nəsə var?

Bəxtiyar Vahabzadə on illərlə universitetdə dərs deyib. Vəzifəsi filoloji fakultənin tələbələrində yüksək dil mədəniyyəti tərbiyə etmək olub. Ancaq iyirminci əsrin sonunda və ya iyirmi birincinin əvvələrində “qablı sellər”, “ahım yarpaqları tərptdi” kimi əcayib ifadələr işlədən müəllim şagirdlərdə, təəssüf ki, ancaq dil mədəniyyətsizliyi tərbiyə edə bilərdi…

Mən FB-un lentində Azərbaycanda ad çlxamş yazıçıların postlarını görürəm. Mübtədaları ilə xəbərləri uzlaşmr! Dünən, yəqin ki, əlli kitabı çıxmış birinin postunu gördüm. Yazır: “Bir neçə insanlar..”

Akademik şairin şeirindəki qanlı sellərə and olsun!

 X.X.

17. 04. 2025, Samara

 

GƏDƏBİYYAT. BƏXTİYAR VAHABZADƏ: «ALLAH». (İlahi, keç günahımızdan…)

“İdraka yol açmış gecədən gündüzə Allah!”

Bunu tərcümə eləmək olar: Allah idraka gecədən gündüzə yol açır. Ancaq sual yaranır: Gecə ilə gündüzün arasında yol bağlı olur?
“Güldürməsən öz könlünü gülməz üzə Allah!”

Tərcüməsi: insan gərək öz könlünü güldürə ki, Allah da onun üzünə gülə.

Burda əngəl var: insanın könlünün gülməyini gərək Allah istəyə. Allah istəməsə, mən öz könlümü necə güldürə bilərəm? Akademik şair çox vacib şeyləri qarışdırır.
“Qəlbin gözü yanmazsa görünməz gözə Allah!”

Qəlb — yəni ürık? Ürəyin gözü? Yaxşı, özümüzü akademik şair kimi arsızlığa qoyub razılaşdıq ki, ürəyin gözü olar. Ancaq yenə əngəl çıxır: axı ürək özü yanar, ürəyin gözü varsa, yanmaz, uzağı işıqlanar…

Müsürmannar, qəlbin gözü necə yanar axı? Canavar gözü kimi?

“Allah, bilirik, cism deyil, bəs nədir Allah?”

Aha, cism deyil, bəs nədir? Akademik deyəcək.
“Ən yüksək olan haqda həqiqətdir Allah”.

Yox, bunun tərcüməsi çətindir. “Allah ən yüksək haqda olan həqiqətdir”. Bunu buraxaq.
“Dondunsa təkamülcə gözəllik qabağında.”

Bəlkə bunu tərcüməsiz başa düşdük? Yox? Burda “gözəllik” sözü aydındır. Qabağında (türkün məsəli) “təkamülcə” sözü var. Onun yerində əslində “kamil” ya da “mükəmməl” sözü olmalıdır. Yəni ingiliscə “perfect”. Kamil gözəllik. Dərd burasındadır ki, “kamil” və “mükəmməl”  sözləri vəzni pozur. Ona görə akademik xalqın avam olduğunu nəzərə alıb “təkamülcə” sözünü qondarır. “Təkamül” sözü var, yəni evolyusiya, təkamülcə isə nonsensdir, yəni cəfəngiyatdır. Bəxtiyar Vahabzadə, böyük vətənpərvər, basməmmədi eləməkdən heç vaxt çəkinməyib. O, əlli il universitetdə müəllim professor olub, minlərlə gələcək məktəb müəlliminə diplom verib  və yaxşı bilib ki, onun “savad” verdiyi müəllimlərin özləri də, şagirdləri də basməmmədiyə “poeziya inciləri” deyəcəklər…
“Dərk et, bu təəccübdə, bu heyrətdədir Allah”

Bu şeir Nəsiminin dilindən yazılıb. Nəsimi Allahı təəccübdə görmür, gözəllikdə, gözəldə görür. “Qorxdular həq deməgə, döndülər insan dedilər”.

“Bildik, bilirik gizlidir insandakı qüdrət.”

İnsanın qüdrəti niyə gizlidir, kimdən gizlidir? Qüdrət varsa, aşkara çıxır. Nəsiminin qüdrəti kimi. Ya da Üzeyir bəyin.
“Hər kəs onu fəhm etməsə acizdir o əlbət.”

Müsürmannar! Baxın, “o əlbət” nə əlbətdir? Yaxşı deyək ki, hər kəs qüdrəti fəhm etməyə acizdir, hərçənd bu da cəfəng zözdür. Ancaq “o əlbət nədir”? Mən Azərbaycan xalqının bu cür ələ salınmağına qarşı etirazımı bildirirəm!
“İnsanın əzəl borcudur insanlığa hörmət.
İnsanlığa hörmətdə, ləyaqətdədir Allah!”

İnsanlığa hörmət insanın borcudur, hörmət də Allahdır…

Zirvə olduğu kimi, dib də var. Dib görünmür, vallah, dib görünmür…

“Fitrətdə yatır sözdə sözün öz yükü fikrim.”

Bunu bağışlayaq, yəqin şeirin burasını yazanda akademik içkili olub. Yoxsa belə ağ eləməzdi.”sözdə sözün…”
“Seçmiş, seçəcək daima tükdən tükü fikrim.”

Bu misra dəlləklər üçündür. Yadıma salyanlı məşhur dəllək Məşədi Həmid (“Maşdəmid”) düşdü…

“İnsan! — Təpədən dırnağa sən arzu-diləksən.”

Elə bilirdim ki, tükdən sonra dırnaq gələcək…Kompleks xidmət –manikür, pedikür…
“Zülmün üzünə haqq deyilən şilləni çək sən.
Şillən də möhürlənmiş o qeyrətdədir Allah!”

Şilləni kim çəkir? İnsan ya Allah? Yixarıda insana müraciət edilir, belə çıxır ki, şilləni o çəkməlidir. Bəndin sonundakı misradan başa düşmək olmur ki, şillə çəkən kimdir, Allah qeyrətdədir, ya  şillədə…

Və ya da dəmir yumruqda…

“Cahil enər alçaqlığa öz qəddini yenməz.”

Cahil alçaqlığa enər – bunu bildik. “Öz qəddini yenməz” nə deməkdir? Yəni qəddini məğlub etmək? Bu necə olur? Bu, Molla Nəsrəddin lətifəsindəki kimi öz-özünə kəllə atmaqdır.
“Vicdandan əgər dönsə də, öz xeyrindən dönməz.”

Bu misranın mənasızlığı bir yana, əruz vəzni də vəhşicəsinə pozulub.
“Zülmətdə, cəhalətdə, ədavətdə görünməz.
İlqarda, sədaqətdə, məhəbbətdədir Allah!”

Bu “şeir”  “Fəryad” pyesindəndir. Bəxtiyar Vahabzadənin cəfəng pyesləri illərlə alademik (!) teatrda oynanılıb və yəqin indi də oynanılır.

Dağılasan, Azərbaycan səhnəsi…

X.X.

15. 04. 2025, Samara

GƏDƏBİYYAT: BƏXTİYAR VAHABZADƏ. «HEYİF»

 “Heyif o gözlərə o baxışlara,
Özgə birisinə baxacaq həmən”.

“Həmən”, yəqin ki, burda zərfdir. İnternetdə lüğətlərə baxıram: “həmən” —

“o saat, dərhal, əlüstü.” Yəni Bəxtiyar müəllimin “o gözlərə, o baxışlara” heyfi gəlir, çünki “o saat” (dərhal, əlüstü) özgə birisinə baxacaq. Yəni ki, xanım zirəkdir. Birindən aralanan kimi “özgə birisini” tapır… İnternet olmayn vaxtlarda!!!

Yenə soydaşlarımın diqqətini birinci misraya yönəldirəm: “o gözlərə, o baxışlara”. Qrammatik qanunla, “baxacaq” bu iki sözün hər ikisinə aid olmalıdır. Yaxşı, gözlər baxacaq. Bəs baxışlar? Belə çıxır ki, “baxıçlar baxacaq”. Hə? Mən bunu akademik Vahabzadənin Azərbaycan dilini nə dərəcədə bildiyini göstərmək üçün deyirəm.
 “Heyif o ilahi qövsi qaşlara
Sınacaq kədərli düşüncələrdən.”

Qövsi qaşları təsəvvür etdik. Bəs qaş necə sənır? Qaş, dartılar, əyilər, ancaq sınmaz, çünki qaş poladdan deyil…

Heyif o alovlu ötən çağlara”

“Çağlar” – yəni “vaxtlar”, “zamanlar”, alınma sözlər daha öyrəşiklidir.
“Uçan yad budağa tez qonacaqdır.”

“Uçan yad budağ”ın nə olduğunu bilən var? Bəlkə akademik şair bunu Flora Kərimovaya həsr edib və şeiri müğənni xanım əcəb eləyərək polyaka qoşulub Polşaya gedəndə yazıb? Bəlkə yad budaq Floranın polyak sevgilisidir? 

Mən əlbəttə bunu akademiki birtəhər təmizə çıxarmaq, onun cəfəngiyatını mənalandırmaq üçün deyirəm. Yaxşı, bunu saxlayaq. “…tez qonacaqdır”. Necə yəni tez qonacaq? Gec qonmaq da olur? Burda “tez” sözü artıqdır. “Tez” sözü qışqırır ki, məni burdan götürün, məni bura heca sayını düzəltmək üçün soxublar…

Zaman vaxt, çağ budağa necə qonur?
“Heyif gülə bənzər o dodaqlara,
Özgə bir dodağa toxunacaqdır.”

Toxunacaqdır! Akademik çox məsum sayılacaq dərəcədə həyalı olub. “Öpüş” sözünü ayıb bilərək işlətməyib. “Toxunacaqdır”. Elə bil ki, xanımı kişi yox, öz nənəsi öpür…

Bilən varmı ki, nə olub — əgər Flora-polyak əhvalatı deyilsə? Bəlkə qurumsağın biri şairin ailəsini dağıdıb?
“Gülüm, heyif sənə yazıqlar mənə…”

A kişi, sözünün canını de. Kim kimdən ayrılır?
“Qoruya bilmədim məhəbbətimi.”

Hə? Dodağı dodağa yaxşı toxundura bilməmisən…
“Özüm bilə-bilə verirəm yenə,
Özgə birisinə səadətimi.”

Bilə-bilə verir. Səadətini… Yəni sevgilisini? Bilə bilə “özgə birisinə”? Belə kişilərə hansı dildəsə kukold deyirlər. Vallah, hə…

Bu sözlərə mahnı yazılıb. Flora Kərimova əcəb eləyərək oxuyub. Maraqlıdır, dinləyici başa düşürmü ki, nə məsələdir?

Mən başa düşə bilmirəm…

X.X.

09. 04. 2025, Samara

GƏDƏBİYYAT: NƏBİ XƏZRİ. «KÜLƏK»

“Yenə payız gəldi qonaqlar kimi…”

Payız, məlum olduğu kimi, hər il gəlir. Bəs “yenə” nəyə işarədir? Yəni ayrı cür gələ də bilir, qonaqlar kimi də? Payızın “qonaqlar kimi” gəlməyini necə başa düşmək olar? Yəni qonaqlar gələndə yasa batırıq? Bəlkə qonaq yaxşı qonaqdır, özü də pay-parça ilə gəlib?

1-ci misra, şübhəsiz, cəfəngdir. BİZ ONU FRANSA PARLAMENTİNİN QƏTNAMƏSİ KİMİ QƏTİYYƏTLƏ RƏDD EDİRİK!

“Soldu məhəbbətim yarpaqlar kimi”.

Payız gələndə məhəbbət niyə solurmuş? İnsan pişik deyil ki,  eşqi martdan marda coşub başına vursun.

“Ürək pıçıldayır dodaqlar kimi”.

Dodaqların pıçıldamağı – gerçək nitqdir, piçiltı da olsa, eşidiləndir. Ürəyin “pıçıltısını” yalnız ürək sahibi eşidər. Ona görə müqayisə eybəcər və absurddur. Gözünün qabağına ağzı, dodaqları olan ürək mulyajı gəlir…

“Külək, niyə belə əsirsən, külək?
Niyə ümidimi kəsirsən, külək?”

Yəni bunu ürək pıçıldayır. “Məhəbbət «yarpaqlar kimi” solubsa, buna külək neyləsin?

2-ci bənd.

“Sevgilim görüşə çağırmış məni”

Yadınızdan çıxmayıbsa, şairin məhəbbəri birinci bənddə solmuşdu. İndi sevgilisi onu görüşə çağırır…Çətin məsələdir….

“Mən necə unudum olub-keçəni?”

Aha! Nə isə “olub-keçib”? Mən Azərbaycanın ali və ədalətli məhkəməsinə müraciət edirəm: nə olub-keçib?

Protokola salaq: 1. Nəbinin məhəbbəti solub. 2. sevgilisi onu görüşə çağırıb.

“O deyir astaca: “Sevmirəm səni…”

Aha! Deyir sevmirəm! Bəs nə desin? Məhəbbəti solmuş kişiyə qız nə deməlidir?Elə oğlanın məhəbbəti hər payız gələndə solacaqsa, o nə kişidir…

3-cü bənd.

“O, ürək ağrıtdı, ürək incitdi”.

Kim ağrıtdı? Və ya nə ağrıtdı? Payız? Külək? Sevgili?
“Bir eşqin sevimli nəğməsi bitdi.”

1-ci bənddə demişdi ki, məhəbbəti solub. Solan məhəbbətdə nə nəğmə?

Bir şey başa düşdünüz? Burda kim kimi atır? Niyə atır?

Bəlkə payız gələndə müəllifdə avitaminoz olurmuş və bu səbəbdən solurmuş, halsızlaşırmış. Halsız kişiyə də elə hər qadın “sevmirəm” deyər. Flora Kərimova demişkən, əcəb eləyər…

Əlbəttə, bu, şeir deyil, şokoladlı konfet kağızına bükülmüş gildir. Millət də ağzını marçldada-marçıldada udur…

X. X.

08. 04. 2025, Samara

GƏDƏBİYYAT. BƏXTİYAR VAHABZADƏ. «NEYLƏRƏM»

«Sən getdin, elə bil dünya boşaldı

Yaz da köçüb getdi, yeri boş qaldı…»

Yadnızda saxlayın: yazın yeri boş qalıb!

Elə arxasınca: “Bahar ürəyimi sənsiz qış aldı”

Sual: yazın yeri boş qalıb ya yerini qış alıb?

Əlbəttə, “boş qaldı” “boşaldı”ya qafiyə üçündür. Yəni müəllif basməmmədi eləyib malını sırıyır oxucuya. Ya da xanəndəyə. Baba Mirzəyev bir ağlaşma quracaq ki, gəl görəsən…

İndi akademik Bəxtiyar müəllimin Azərbaycan dilini necə bildiyi barədə.

“Bahar ürəyimi sənsiz qış aldı”

“Bahar ürəy”i necə başa düşmək olar? Çevirək azərbaycancaya: “Yaz ürəyimi” qış aldı? Necədir? Cəfəngiyyatdır? Əlbəttə!Azərbaycan akademiki farsca “bahar” deyib yenə oxucunu hərifləmirmi?

Yaxşı, deyək ki, şair ürəyini yaza bənzədir.Bunu da yadda saxlayaq.

Eşqimi aparıb sən getdin demək,

Eşqsiz bir könül nəyimə gərək?

Mən ömründə ən azı bir dəfə sevdiyi insandan ayrılmış hər kəsə müraciət edirəm: əgər sevgili üz döndərib gedirsə, ürəkdən sevgini də aparırmı? Əgər belə olsaydı, sevgi faciələri olardımı? Yox! Bəxtiyar Vahabzadə eşqdən elə yazır ki, guya sevdiyi qız ya qadın cehizini götürüb gedib. Yükləyib taksiyə ya da KAMAZ-a, gedib. Şairin də “könlü” qalıb eşqsiz…

Müsürmanlar!  Mən sizi ayıq başla dediklərimə fikir verməyə çağırıram!

“…demək getdin”…

Elə bil polis protokoludur. Cehizini, olan-qalanımı yığışdırıb gedib… Qızıl-gümüşü…

“Soyuq daşa döndü o gündən ürək”

Şeirdə bənzətmələr üzvi şəkildə bağlanmalıdır. Yuxarıda ürək yaz fəslinə bənzədilmişdi. İndi ürək “soyuq daşa dönür”. Yuxarıda ürəyi qış almışdı. Belə çıxır ki, qış daşa dönür?

«Həmişə ayrıyıq, gecə-gündüzük»

Necə yəni “həmişə”? Yəni xanım getməmişdən qabaq da?

“Birimiz təpəyik, birimiz düzük”.

Mən, mümkün olsaydı, akademik şairdən xahiş edərdim ki, konkretləşdirsin: təpə kimdir, düz kimdir? Akademik özü düppədüz idi, əqidəsini demirəm, qamətini deyirəm. Yəqin xanımı təpəyə bənzədir, yəqin ətli-canlı imiş…

«Üstünün qaşıyla tanınar üzük,

Əgər üzük yoxsa, qaşı neylərəm?»

Bir şey başa düşdünüz? Xanım eşqi cehiz kimi götürüb gedib. Üzüyə bənzədilən nədir? Üzüyün qaşına bənzədilən bəs nədir?

«Niyə yaşayıram, mən niyə sənsiz?»

Biz nə bilək?

«Nə yerə baxaram, nə göyə sənsiz»

Bəs hara baxarsan?

«Mən ki, kor olmuşam hər şeyə sənsiz»

Aha! Kor olub!

«Kor gözün üstündə qaşı neylərəm?»

Müsürmannar! Bundan cəfəng, antiestetik, antipoetik misranı ancaq Səməd Vurğun ya Rəsul Rza yaza bilərdi. Baxın: aşiq kor olub. Deyir “qaşı neynərəm”. Təsəvvür edin ki, sevgilisi getmiş aşiq, məsələn Vahabzadə özü, dəlləyə gedib qaşlarını qırxdırır… Nəzərə alın ki, bu heyvərə misranı gözlərinin işığını həqiqətən itirmiş insanlar da eşidir ya oxuyurlar! Bu, adamdolamaq olsayd, dərdyarı idi. Bu, basməmmədilikdir. Akademik xalq şairi qafiyə xatirinə nə gəldi, soxuşdurur. Bilir ki, sonra Baba Mirzəyev milləti mələdəndə heç kim  onun nə yazdığının fərqinə varmayacaq…

07. 04. 2025, Samara

GÜLMƏLİ ŞEİRLƏR: ƏNVƏR ƏLİBƏYLİ. «AZƏRBAYCANIM».

Ənvər Əlibəylinin sözlərinə Rauf Hacıyevin yazdığı “Azərbaycan” mahnsının ən geci keçən əsrin 60-cı illərinin sonunda ən geci 6o-cı illərin əvvəllərində yarandığını güman edirdim. İnternetdə bu mahnının tarixinə həsr olunmuş videoya baxıb gördüm ki, elədir: mahnı 1962-ci ildə yazılıb. Onu müxtəlif müğənnilər oxuyublar. 1963-cü ildə “Azərbaycanım” Flora Kərimovanın ifasında lentə yazılıb – o vaxt müğənninin yaxşı səsi və … şəvə kimi bığları vardı. Haşiyə çıxaraq deyim ki, bəzən müğənninin bioqrafiyasında bığ mühüm yer tutur. Alim Qasımovun bığlı vaxtları ilə bığsız vaxtlarını müqayisə edin. Bığını qırxdırandan sonra səsinin elə bil ki, yarıdan çoxu getdi. 60-ci illərin çəkilişlərinə baxın –bığlı Floranı sonrakı Flora ilə müqayisə edin…

Mən hələ aşağı siniflərdə olanda bu mahnını nəğmə dərslərində oxuyardıq. Heç bir musiqi təhsili, bəzən heç musiqi eşidimi olmayan müəllim mahnını başlayır, biz də düşürdük onun dalınca.

Al bayraqlı vətənimsən, Azərbaycanım…

Sinifdə yaxşı səsi olan yox idi, mahnının da ritmi ləng idi, bizim ifamızda “Azərbaycanım” mahnısı kasıb yasında yediyi cücənin keyfiyyətindın narazı qalan mollanın oxuduğu Yasinə bənzəyirdi…

Sonralar bu mahnı elə bil təzədən doğuldu, tamamilə yeni ritmlərlə, yeni ruhla səsləndi. Bu möcüzəni Rəşid Behdudov yaratdı. Daha doğrusu, Rəşid Behbudovla onun ansamblının rəhbəri, gözəl musiqiçi, metroda partlayış zamanı həlak olmuş Rafiq Babayev. Dünənəcən elə bil ki, bronxial astmalı kimi nəfəs alan, candərdi sürünən mahnı birdən cins at kimi kişnəyərək şahə qalxdı…

Al bayraqlı  vətənimsən…

Rəşid Behbudov çox mahnıya, o cümlədən xalq mahnılarına yeni həyat verib.

İndi mahnının sözlərinə baxaq.

Qabaqcadan onu deyim ki, Ənvər Əlibəyliyə mənim hörmətim şərtsizdir. Bu kişi həqiqi zabit olub, döyüşçü olub. Mahnının sözlərinin ötəri təhlilində məqsəd nə oxuduğumuza diqqət çəkməkdir. Biz nə yediyimizə fikir veririk? Bəs nə oxuduğumuz barədə niyə düşünməyək? Axı yemək insanı fiziki cəhətdən formalaşdırdığı kimi, bu mətnlər də bizdə zövq ya zövqsüzlük tərbiyə edir.

“Özün kimi vüqarlıdır uca dağların”.

Uca olmayan dağ var? Azərbaycanın dağları çox ucadır? Hansı dağlardan? Himalaydan, Pamirdən?
“Hüsnünə bir yaraşıqdır yaşıl bağların”

“Hüsn” ərəbcə gözəllikdir. “Yaraşıq” da gözəllikdir. Yəni bağlar yaraşığa yaraşıqdır?

Yaşıl bağlar? Bağlar həmişə yaşıl olur? Bəs qışda, bağlar lütlənəndə? Azərbaycan olur çirkin və eybəcər?
“Bizimlə bir başlamışdır gözəl çağların”

Bu misranı başa düşən var? Azərbyacanın gözəl çağları, deyək ki, başlayıb. Haçandan? Bizimlə — yəni kimlə? Bunu azərbaycanlıların Azərbaycana hardansa gəldiklərinə işarə kimi başa düşmək də olar. Yəni gəldik və ağ günə çıxdın…

Hə?

Ermənilərin qulaqlarına qurğuşun…

Ya bolşeviklərin gəlməyinə işarədir?
“El bilir ki, tükənməyən sərvətin vardır”.

El elə Azərbaycan deyil? Yaxşı, deyək ki, nəzərdə tutulan “xalq”dır.

Diqqətlə fikir verin: şair özü də bilmədən əbədi Azərbaycan probleminə işarə edir. Xalq tükənməz sərvətin olduğunu bulir. Bilir! Ancaq bu sərvətin sahibi deyil!

İndi elə deyilmi? Yəni diqqətlə baxanda şairin absurd misrası bu gün üçün aktual həqiqətə çevrilir!

Xalq – ayrı, Azərbaycan ayrı. Xalq bilir ki, Azərbaycanın tükənməz sərvəti var, ancaq bu sərvət ona məxsus deyil, çünki bu dövlətdə o, muzdlu işçidir, qastarbayterdir.
Sinən üstdə ağ pambıqlı göy tarlalardır…

Pambıq qozadan çıxıb açılanda, yəni ağ olanda, tarla göy olmur. Olur… Nə rəngdə deyim… Bizim kənddə toyuqpoxu rəngdə deyərdilər… Bakılı Ənvər Əlibəyli bunu bilməyə bilərdi, gərək soruşaydı…

Buruqlar dənizdə qatar-qatar… Yaxşı ki, Səməd Vurğunun şeirindəki kimi hayqırmırlar…

“Sənə şirin arzum deyim, diləyim deyim…”

Bu da aktualdır. Azərbaycan – arzudur. Feodal əsarətindən azad ölkə…

Bir haşiyə də çıxım. Mən “Azərbaycanım” mahnısını YouTube-da axtaranda Zeynəb Xanlarovanın ifasında “Azərbaycanım” adlı başqa bir mahnı çıxdı. Hansı təntənəli konsertdəsə yazılıb, beş-altı nağara və dümbək Ləzginka döyəcləyir, xalq artisti və deputat Xanlarova atılıb-düşür, oxuyan isə fonoqramdır,

Qaynayır qanım, Azərabcanım…

Ələkbər Tağıyevlə mazaqlaşanda Zeynəb Xanlarovanını qanı çox qaynar olub, düz deyir…Ancaq rəqsi də, oxumağı da, oxuduğu sözlər də o qədər iyrənc idi ki, tapançam yanımda olsaydı, özümü vurardım…

Mirzə Əlil

01. 04. 2025, Samara

P.S. Son cümlədəki “yanımda” sözü artıqdır. Mənim heç vaxt tapançam olmayıb. Samarada tapançası olmayan yeganə azərbaycanlı mənəm. Ancaq Azərbaycan musiqisinə qulaq asan adamın yanında ya belində gərək tapançası, ya da cibində mərgümüş ola. Dözmək olmur, ay müsürmanlar…

M.Ə.