Архив тегов | meyxanaçı Sabir

SABİR ARBATANLI

Arbatanlı Sabir.jpg

Baba böyülk molla, Nəcəf məzunu,
Ata müəllimdi Şura gələndən.

Özüsə az sürən ömrü uzunu,
Meydən əl üzmədi. Bir də qələmdən.

Bilmirəm ki, necə yazarmış dayım,

Adam içindəmi, ya da xəlvəti.

Əvvəl eynəyini axtarıb yəqin,

Tapanda görərmiş  dəftəri itib…

Yazılıb yarıya qəzəl çatanda,

Düşüb arvadıyla davası bəlkə.

Hikkə soyuyanda, dava yatanda,

Yarı yazılanı cırıb körpələr…

Bəlkə də yazarmış çayxanalarda,
İlhamı daşanda samovar sayaq.

İçib yavan çayı tər axıdanlar,
Baxıblar dayıma, göz-qaş ataraq.

Nə qovluğu vardı, nə də çantası,
Taxçada, boxçada, cibdə — yazdığı.

Yazıb – bağışlayıb, itirib, satıb,
Arxiv səliqəsi baş ağrısıydı.

Nə döşünə döyən, nə  “mənəm” deyən”,
Ad iddiasında deyildi nə də.

Həqirdi, əsiri olsa da meyin,

Meyxana desə də böyük səhnədən.

Varı – yazdığıydı, o da dağıldı,
Yanlış, yarımçıqdır yadda qalanlar.

Hələ ki, yurdunda yaşayır adı,

Nəcib yaddaşlarda yaxşı ki, yer  var…

21.12. 2019, Samara

ANAMIN BAŞI ÜSTÜNDƏN ASDIĞI ŞƏKİL

SABIR

Bu şəklin «şəklini» məməm öləndən sonra çəkdim — otuz ildən çox idi ki, böyütdürüb başının üstündən asmışdı…

Sabir Cəbrayıl oğlu Zeynalov anamın üç qardaşından ən böyüyü,  özündənsə kiçik idi. 1980-ci ildə xərçəngdən ölüb. Sabir Zeynalov yeniyetməlikdən ədəbi istedadı ilə təkcə Salyanda yox, həm də Bakıda tanınmış, qəzəlləri, qoşmaları, bədahətən dediyi meyxanalarıyla sevgi və hörmət qazanmışdır. Təəssüf ki, sovet dövründə bu janrlara münasibət mənfi olduğundan sağlığıda dayımın əsərləri çap olunmayb. Onu yaxından tanıdığıma görə deyə bilərəm ki, özü də heç vaxt çap olunmağa can atmayıb. Əlyazmalarını da saxlayıb arxiv yaratmaq qayğısına qalmayıb. Əsil faciə isə öləndən sonra baş verib. Dayımdan qalan yazıları da bir  fırıldaqçı guya aparıb çap etdirəcək vədi ilə ailə üzvlərindən alıb aparıb və o gedən olub…

Ancaq salyanlılar Sabir Arbatanlını unutmurlar. Toylarda indiyəcən dayımın qəzəlləri oxunur. Ümid edirəm ki, gec-tez onu itmiş ya oğurlanmış şerləri özünə qayıdacaq…