Архив тегов | şəhər həyatı haqqında şeir

LENİNQRADSKAYA KÜÇƏSİ

Bu küçə min yddi yüz doxsan ikinci ildə,

Xəritələrə düşüb, adı dəyişilibdir

O vaxtdan dönə-dönə, indiki ad yüz ildir
Qalır, Leninqradın öz adı dəyişsə də.

 

Elitar küçə olub – sübutdur tikililər,

Divarlarında keçmiş sahiblərin adı var,

Malı, mülkü olanlar, zənginlər, imkanlılar,
Xoş günlər keçiriblər bolşeviklərə qədər…

 

Burunlarından gəlib o xoş günlər onların,
Tikib yaratdıqları alınıb əllərindən.

Arxivlərdə məlumat tapılar hər birindən,
Bir-birinə bənzəyən faciədir sonları…

 

Həyatın hər gününü keflə keçirənlərə,
Burdan min dəfə gözəl yer çox olsa da indi,
Zəngini, imkanlını o da əyləndirəndi,

Ürəyi istəyəni tapar, pul olsa, hərə.

 

Piyada zonasıdır dörd kvartalı çoxdan,

Samaranın Arbatı, Nevskisidir ya da,

Elə ki axşam düşür həftənin sonlarında,
Yayda xüsusən, axır bura neçə min insan.

 

Barlar, qəhvəxanalar, kafelər, restoranlar
Dolur, boşalır, dolur gecə keçənə qədər.

Zənginlər kürsülərdə əyləşib dincəlirlər,

Elə ayaq üstdəcə yetib-içər qalanlar.

 

Cavanlardır oturan, cavanlardır gəzənlər,
Yeniyetmələrin də hərçənd az deyil sayı.

Har kəsə burda yer var qocalardan savayı,

Əlilsiz, qocasızdır elə bil ki, bu şəhər…

 

Piyada zonasının amma lap axırında,
Qızğın şahmat oynayır dörd-beş qoca yığılıb,

Atlar, fillər hücumda, piyadalar yıxılıb,
Qocaların zamanla gedir döyüşü burda…

 

Burdan mənim hücrəmə çox olsa – yüz metrədək,

Çalışıram həmişə uzaq keçəm bu yerdən.

Gizlədirəm üzümü keçməli olsam hərdən,

Burnumun ucunacan başılığı endirərək…

 

 08. 06. 2026, Samara