Архив тегов | Şeksprin sonetləri

             UİLYAM ŞEKSPİR. 13-CÜ SONET

shakespear

               O, hat you were yourself! but, love, you are …

 

Sən sənin olaydın! əzizim, amma,

Sən sənin deyilsən bitcək həyatın.   

Hazırla özünü qaçılmaz sona,

Səndə gözəl nə var, alsın övladın.

 

Səndə bu gözəllik müvəqqətidir,

Yararsız qalarsa, məhv olub gedər.

Amma yaranarsa törəmən indi,
Surətin özündən sonra ömr edər.

 

 Kim qoyar gözəl ev uçub-dağıla? —

Düşər səliqəyə səy edilərsə.

Ona bata bilməz qışda qasırğa,

Ölüm soyuğuyla lap didilərsə.

 

       Əziz dost, atadır səni yaradan,

       Bir gün ata olsun sənin də adın.

ingiliscədən tərcümə

24.12.2017

Samara

UİLYAM ŞEKSPİR. 11-Cİ SONET       

shakespear

As fast as thou shalt wane, so fast thou growest...

Necə tez artırsa qanından olan,

Sən də eləcə tez solub gedirsən.

Övlad damarında qaynayırsa qan,

Qanın soyuyanda özünkü say sən.

+

Budur həyat, hikmət, budur gözəllik,

Yoxsa ağıl gedər, qocalıq gələr.

Hamı sənin kimi seçərsə təklik,

İnsan nəsli bitər altımış ilə.

+

Övladsız qoy ölsün vəhşi, eybəcər.
Kimin ləyaqəti yoxsa artıma,

Kimə səxavətlə Təbiət verər,

Qoruya payı o gərək, artıra.

+

Möhür tək yaratmış səni təbiət,

Nümunən yaşaya, yarana surət.

 

İngiliscədən tərcümə

21.12.2017
Samara

UİLYAM ŞEKSPİR. 4-CÜ SONET

shakespear                                     

Unthrifty loveliness, why dost thou spend…

 

Sevimli israfçı, niyə beləcə,

Gözəllik irsini sən dağıdırsan.

Təbiət pay verməz, bil ki, borc verər,

Kim onun özü tək əli açıqsa.

 

Niyə kor baxırsan, ay gözəl simic,
Sənə səxavətlə verilən şeyə.

Sən gəlirsiz sərvət əlində girinc,

Heç nə yox özünə xərc eləməyə.

 

Sən özün-özünlə sövdəyə girib,

Özünü aldada bilərsən ancaq.

Bir gün çağıranda təbiət geri,

Sənin haqq-hesabın necə olacaq?

 

                       Ölər gözəllik də yetirməzsə bar,

                      Bar versə, həmişə xatirən yaşar.

İngiliscədən tərcümə

12.12.2017

Samara

UİLYAM ŞEKSPİR. 3-CÜ SONET                      

shakespear

                              Look in thy glass, and tell the face thou viewest

Üzünə güzgüdə baxıb de vaxtdır,

Bu üz başqasında yarana indi.

Aldanar təbiət yoxsa, bir qadın,
Mərhum olar ana səadətindən.

 

Hardadır o qız ki, arzulamaya,

Bakirə bətnini sən becərəsən?

Özünə sevgiyə məzar olub ya,

Nəsil yaratmaqdan kim qaçar görən?

 

Anana aynasan, o sanki səndə,

Ömrünün yazını səsləyir geri.

Sən də öz yaşının pəncərəsindən,

Baxıb görəcəksən qızıl günləri.

                    

               Amma tək yaşayıb tək ölsən əgər,

               Sənin surətin də səninlə ölər.

 

11.12.2018

İngiliscədən tərcümə

Samara

UİLYAM ŞEKSPİR. 2-Cİ SONET

shakespear

                           When forty winters shall beseige thy brow,

Çöhrəni qırx qışın həmlələriylə,
Səngər tək qazılan qırışlar örtər.

İndi öyündüyün şux geyimləri,

Dəyərsiz cındıra zaman döndərər.

 

Onda soruşsalar: “hanı gözəllik,

Bəhrəli illərin hanı sərvəti?”

Batıq gözlərinin dibinə çöküb,

Desən, yaxar səni öz xəcalətin.

 

Alqış qazanardın desəydin ancaq:

“Cavanlıq, gözəllik əmanıtini,

Heç də itirmədim. Bu gözəl uşaq,

Mənim hesabatım, həm bəraətim”.     

 

            Övladla hər yaşda yenə cavansan,

             Ömrün qışında da qaynayacaq qan.

İngiliscədən tərcümə

10.12.2017

Samara

UİLYAM ŞEKSPİR. 66-CI SONET

shakespear

                                Tired with all these, for restful death I cry…

Ölüm istəyirəm, halım yox daha,

Görəm ləyaqəti dilənçi gündə.

Adı heçlik olan kefdə-damaqda,

Gülüncdür saf inam kütlə gözündə.

 

Oturur şərəfsiz yuxarı başda,

Düşüb bəkarətsə qara böhtana.

Kamilə, yetkinə nadan daş atır,

Gücü sarsıdırlar əyilə, sına.

 

İqtidar ağzını yumub sənətin,

Ağıllı dəlinin nəzarətində.

Düzün, sadəliyin düşüb qiyməti,

Şərin xidmətində xeyirdir indi.

 

              Üzülüb bunlardan gedərdim, nə qəm,

               Sevdiyim tək qalar fəqət mən ölsəm. 

             

İngiliscədən tərcümə

09.12.2017

Samara

UİLYAM ŞEKSPİR. 123-CÜ SONET (əruzla)

shakespear

                   No! Time, thou shalt not boast that I do change.

                   Thy pyramids built up with newer might

Mənim dəyişməyimlə heç də sən öyünmə, Zaman!

Yeni cəlalla sənin tikdiyin ehraramlarda,

Görmürəm heç nə yeni, heç nə təəccüblü olan,

Əski görüntüdür onlar təzə paltarlarda.

+

Gətirər vəcdə hər insanı qədim varsa nəyin,

Çünki insanın öz ömrü qısadır dünyada.

Zövqə, istəklərə uyğun sayırıq köhnəliyi,

Köhnə təsvirlərisə onların çıxır yaddan.

+

Nə indidə, nə də keçmişdə var maraqlı olan.

Yox, məni qorxuda bilməz sənin yazın-hesabın

Yazılanlar da yalandır və nə görsək də yalan,

Tələsən, titrəyən əlinlə, bil, onlar yaranıb.

      Mənsə and içmişəm və pozmaram öz andımı mən,

      Nə qədər, hər necə sən dünyanı alt-üst edəsən.

İngiliscədən tərcümə

06.10.2016, Samara

UİLYAM ŞEKSPİR. 89-CU SONET

UİLYAM ŞEKSPİR

    89-CU SONET

                          Say that thou didst forsake me for some fault,
                          And I will comment upon that offence…
 

Məni atdın sən hansı eybə görə? —

Söylə, gizlətmə, bilim eybimi mən.

Desən ki, axsağam, inan, əyərəm,

Yerişimi, sözündən incimədən.

Məni atsan da sən, çalışma, yarım,

Məni indən belə gözdən salasan.

Özümü mən elə gözdən salaram,

Məni görüb tanımaz bir insan

Çıxmaram bir də mən sənin yoluna

Şirin adınsa dilimdən silinər,

Yığıb içimdə saxlaram olanı,

Görməz heç kəs də sevgimizdən əsər.

 

        Özümlə indi çəkişməm, hərbim,

        Sən atan insanı sevməz qəlbim.

 

İngiliscədən tərcümə

04.10.2016

Samara

UİLYAM ŞEKSPİR. 130-CU SONET

                                      UİLYAM ŞEKSPİR

        130-CU SONET

              My mistress’ eyes are nothing like the sun;
Coral is far more red than her lips’ red…

 

Bənzəri gözlərinin yox günəşə,

Daha aldır dodağından mərcan
Qar kimi ağ deyil əsmər sinəsi,

Saçı məftil kimi qara, burulan.

 

Dəməşq qızılgülü var qırmzı, ağ,

Bənzəməz onlara yanaqları da.

Daha gözəl və xoş ətirlər var,

Nəfəsindən onun gələn qoxudan.

 

Necə sevsəm də yarın nitqini mən,

Daha xoşdur, bilirəm, nəğmə səsi.

Necə gəzir ilahə, görməmişəm,

Mənim yarımsa torpaq üstdə gəzir.

 

Bilirəm mən, yenə çatmaz amma,

         Saxta tərifli gözəllər yarıma.

    

 

İngiliscədən tərcümə

29.09.16

Samara

UİLYAM ŞEKSPİR. 28-Cİ SONET

shakespear

      

                   How can I then return in happy plight,
                  That am debarred the benefit of rest?..

Qayıda bilmərəm əvvəlki bəxtəvərliyimə,

İstirahət kimi nemət məni tərk etmişsə.

Gündüzün zülmünə indi gecə məlhəm eləmir,

Gecə-gündüz, gecə-gündüz, üzür məni qüssə.

+

Sanki Gündüz Gecəylə heç qatı düşmən də deyil,

Verərək əl-ələ onlar mənə işgəncə verər.

Məni Gündüz üzür əzabla, Gecə inləyirəm,

Ki, uzaqsan yenə məndən, əzablarımsa hədər.

+

Deyirəm Gündüzü yumşaltmaq üçün: sən nursan,

Səma qaralsa buludlarla, yetirsən haraya.

Gecəyə söylərəm: ulduzlar əgər yanmazsa,

Örtülər nuru çöhrənin və bənzəməzsən aya.

+

       Artırır dərdimi Gündüz yenə hər gün amma,

       Gecənin  zülmü də artır, acıyan yox halıma.

İngiliscədən tərcümə

26-27.09.2016

Samara