Архив тегов | Şeksprin sonetləri

UİLYAM ŞEKSPİR. 145-Cİ SONET

sonnet 145.jpg
                              Those lips that love’s own hand did make

Sevgi kimi şirin dodaqlarından,
İki söz ucaldı: “Nifrət edirəm!”

Onun həsrətiylə yandığım zaman;

Qüssəli halımı amma görən dəm,

 

Şəfqət ürəyində yarandı birdən,
Dilini qınadı, şirin bilirdim,
Dilini həmişə, indi yenidən,
Elə bil ki, lütfə öyrədilirdi.

 

“Nifrət edirəmi” dəyişdi sonda,

Gecənin sonunda necə gün doğar.
Cin kimi qovulub gedər səmadan,
Gecə cəhənnəmə bəlkə qərq olar.

 

              “Nifrət edirəm”ə “sənə yox”u da,
              Artırıb, qaytardı məni həyata.

 

İngiliscədən tərcümə

07-08. 2018

Samara

QEYD: 145-ci sonet Şekspir sonetləri içində unikallığı ilə seçilir, çünki başqa sonetlərdən fərqli olaraq yambik pentametrlə deyil, yambik tetrametrlə yazılıb. Heca sayı ilə desək, hər misrada on yox, səkkiz heca var. Azərbaycancaya bu sonet də 11 heca ilə çevrilib, çünki bizim səkkizhecalı şeirlə, təəssüf ki, Şekspir sintaksisini orijinala nəinki adekvat, hətta yaxın da vermək mümkün deyil. Orijinala yaxın ölçü seçən rus tərcüməçiləri sonetdən çox az şey saxlaya bilirlər.

UİLYAM ŞEKSPİR. 144-CÜ SONET

              Two loves I have, of comfort and despair…

İki eşq yaşadar mənim ürəyim,
Birində təsəlli, birində qüssə.

Bəyazsaç kişidir yaxşı mələym.
Xəstə sifətlidir mələyin pisi.

Məni cəhənnəmə atmaq istəyən,
Pis mələk yaxşını məndən eləyir.

Pozur müqəddəsi;  şeytana, cinə,

Döndərir föhşlü cazibəsiylə.

Dönübmü şeytana mənim mələyim –

Şübhəli olsam da, deyiləm əmin.

Ancaq dostdularsa, biri deməli,
Düşüb o birinin cəhənnəminə.

                       Ancaq bunu  o vaxt mən biləriəm ki,

                       Pis mələyim qovar yaxşı mələyi.

İngiliscədən tərcümə

07.05. 2018

Samara

UİLYAM ŞEKSPİR. 143-CÜ SONET

Sonnet_143_1609.jpg

                         Lo, as a careful housewife runs to catch

Aralanıb getsə əgər bir cücə,

Gör necə dalınca cumur sahibə,
Atır körpəsini, az qalır uça,

Tutub qırılmışı qaytara bilə.

 

Ağlayır atılmış uşaq, istəyir,
Çatsın anasına, anasa hələ,
Qaçanın dalıncaq qaranəfəsdir.

Körpə sızıltısı gəlmir eyninə.
Qaçırsan dalınca səndən qaçanın,
Mənsə sənin körpən, sənin dalınca.

Tutsan ümidini, qayıt yanıma,
Ana tək əzizlə mehriban, incə.

 

            Tanrıdan istərəm, İstəyinə çat

            Ağlayan görörsən məni, qayıtsan.

İngiliscədən tərcümə

06.05. 2018

Samara

UİLYAM ŞEKSPİR. 142-Cİ SONET

sonnet 142.jpg

Love is my sin, and thy dear virtue hate

Günahım – sevgidir, sevgidən doğan,
Günaha nifrəti şərəf bilirsən.

Fəqət iki halı yanaşı qoysan,
Görərsən ki, nahaq qınanıram mən.

 

Gərək dodaqların qınaq deməyə,

Onlarda qızaran günah qanıdır.

Saxta sevdaları möhürləyərək,

Alıblar həzzini yad yataqların.

 

Səndədir gözlərim, necə səndədir,
Səni sevənlərin həris gözləri.

Rəhm toxumu sal qəlbinə, bitir,

Özgə rəhmini də görərsən elə.

 

                Özün gizlədərək almaq istəsən,

               Sən də rədd cavabı alarsan hökmən.

 

İngiliscədən tərcümə

05-06.2018

Samara

UİLYAM ŞEKSPİR. 141-Cİ SONET

Sonnet_141_1609.jpg

    In faith, I do not love thee with mine eyes…

Vallah, gözlərimlə sevmirəm səni,
Səndə çünki onlar min eyib görür.

Ürəyimsə gözlər bəyənməyəni,
Sevir və eşqinlə sənin döyünür.

 

Yox qulaqlarıma səsində ləzzət,

Duymaram incə həzz əlləsəm əgər.
Arzulamaz nə dad, nə qoxu dəvət,
Ehtiraslı kefə səninlə birgə.

 

Beş duyğum və ağlım necə çalışsa,

Yenə xidmətində səfeh ürəyim.

Özüm kişi kimi dayanmışamsa,
Məğrur ürəyinə fəqət köləyəm.

 

              Düşdüyüm bəlanın bir qazancı var:

              Günaha salan da cəzalandırar.

   

İngiliscədən tərcümə

04-05.2018

Samara        

UİLYAM ŞEKSPİR. 140-CI SONET

 

Sonnet_140_1609.jpg

Be wise as thou art cruel; do not press

Müdrik ol amansız olduğun qədər,
Bir belə nifrətlə səbrimi kəsmə.

Yoxsa ki, dil açar içimdə kədər,

Danışar nə əzab verirsən mənə.

 

Məni eşitsəydin, yaxşı olardı,
Deyərdin sevirəm, sevməsən də sən.

Xəstəni necə ki, həkim aldadır,
Can üstdə də deyir cana gəlirsən.

 

İtər ağlım axı,  itsə ümidim,
Səndən pis nə varsa dilimə gələr.

Elə xarab olub bu dünya indi.

Danışan dəlidir, inanan dəli.

 

                Gözlərin qoy məndə olsun, eləsə,
                Özün harda oldu gəzə bilərəsən.

İngiliscədən tərcümə

04.05. 2018

Samara

UİLYAM ŞEKSPİR. 138-Cİ SONET

Sonnet_138_1609.jpg

      When my love swears that she is made of truth

Sevgilim and içir su kimi safdır,

Mən də inanıram, desə də yalan.

Bəlkə də o məni nadan gənc sayır,
Guya xəbərim yox hoqqalarından.

 

Düşünmək xoşdur ki, məni gənc sayır,

Fərəhli günlərim bitsə də dalda.

Sadəcə dilinə etibarım var,
Mən də gizlədirəm doğrunu, o da.

 

Niyə bəs demir ki, məni aldadır?

Niyə gizlədirəm yaşımı mən bəs? –

Zahiri etibar eşqə qaydadır,

Yaşlı eşqə düşsə, yaşını deməz.

 

             Nə qədər aldadaq  bir-birimizi,
             Hər ikimiz belə yalanla razı.

 

İngiliscədən tərcümə

03.05. 2018

Samara

UİLYAM ŞEKSPİR. 137-Cİ SONET

 

sonnet 137.jpg

                                    Thou blind fool love, what dost thou to mine eyes

Kor sevgi, neylədin gözlərimə ki,

Görmür görünəni, baxsa da onlar.

Bilərək hardadır, nədir gözəllik,
Yaxşının yerinə pisə vurular.

 

Bütün kişilərin yelkən açdığı

Körfəzə gözlərim lövbər atırsa,

Gəzəri gözlərdən yonub qarmağı,
Qəlbimi bağladın niyə axı sən?

 

Abırlı guşə tək mənə görünən,
Yer karvansaraymış, anlayır ürək.
Bunu görən gözüm yox deyir niyə,

Bu çirkin yalanı suya çəkərək?
                 

               Ürəyim, gözlərim doğru olanı,
              Tanımır, əsiri olub yalanın.

 

İngiliscədən tərcümə

02-03.05.2018

Samara

QEYD: Bu sonetdə şair yenə sevgilisinin sədaqətsizliyindən gileylənir, onu “bütün kişilərin yelkən açdığı körfəzə”, “karvansaraya” (orijinalda: the “wide world’s common place”) bənzədir.

UİLYAM ŞEKSPİR. 136-CI SONET

sonnet 136.jpg

If thy soul check thee that I come so near,

Qəlbin əgər məni qaçaq qovarsa
De kor qəlbinə ki, İstəyinəm mən.

Və qəlbin İstəyə bilir, razısan;

Sevgi diləyimi  ödə indi sən.

 

Sevgi xəzinəni doldurar İstək,
Orda istəklər çox, mənim biri də
Bir şeydən elə ki çox olur, demək,
Onların içində biri heç nədir.

 

Məni bu sırada hesaba alma,
Sənin siyahında qalaram hərçənd.

Sən məni heç nə say, istərəm amma,

Əziz bir şey olsun sənə bu heçnə.

 

                  Təkcə adımı sev, adımsa  — İstək,
                  Məni sevəcəksən, adımı sevcək.

 

İngiliscədən tərcümə

01-02.05. 2018
Samara
QEYD: 135-ci sonetin davamıdır; şair yenə “Will” (Burda – istək, kişi adı və s.) sözü ətrafında sö oyunu yaradır.

   UİLYAM ŞEKSPİR. 135-Cİ SONET

sonnet 135.jpg

                      Whoever hath her wish, thou hast thy Will

Hər kəsdə arzu var, səndəsə İstək,
İkinci, üçüncü İstək üstəlik.

Yox həris istəyən səni mənim tək,
Bununla artıran səndə istəyi.

+

Böyük, tutumludur istəyin sənin,
Bəlkə məndəkini alıb gizlədə?

Özgə istəyini sən bəyənirsən,
Bəs niyə mənimki səni bezdirir?

+
Nə qədər su ola dənizdə, yenə,
Artırır yağışla ehtiyatını.
Sən də qat İstəyi öz İstəyinə,
Mənim istəyimlə İstəyin artar.

+

       İncidib soyutma istəyənləri,

    Olsun bu İstəkdə mənim də yerim.

İngiliscədən tərcümə

30.04-01.05.2018, Samara

QEYD: Başqa dillərə tamdəyərli tərcüməsi mümkün olmayan sonetlərdəndir. Söz oyunu üstündə qurulub. “Will” sözü 13 dəfə işlədilib, həm xüsusi ad kimi (şairin öz adı, həm də, gümana görə, dostunun-rəqibinin adı), həm də istək mənasında. İngilis şərhçiləri Şekspir dövründə bu sözün konkret anatomik məna daşıdığını da bildirirlər.