Əkrəm Əylislinin “Daş yuxular” romanına hər hansı – mənfi, müsbət, neytral – münasibət onun Azərbaycan ədəbiyyatı qarşısındakı xidmətlərinin üstündən xətt çəkə bilmədiyi kimi, onun hər hansı məsələ barəsindəki rəyinə qiymət üçün də əsas ola bilməz. Mən “Azadlığ”ın İsa Hüseynova həsr olunmuş verilişinə qulaq asdım, məndə belə təsəvvür yarandı ki, veriliş iştirakçıları arasında yeganə sağlam fikir sahibi Əkrəm Əylislidir. “Azərbaycan” jurnalını təmsil edən cənabın danışıq və düşüncə səviyyəsi filoloji təhsili olan hər kəsi dəhşətə gətirməyə bilməzdi – niyə ədəbiyyatımız bu günə düşüb?
Mən, təəssüf ki, İsa Hüseynovun son otuz ildəki yaradıcılığına bələd deyiləm, ancaq onun erkən nəsrini çox sevmişəm. Mənə elə gəlir ki, mərhum İsa hüseynov da bir vaxt Asif Əfəndiyevin keçirdiyi faciəni yaşayıb, əslində bu, ruhi xəstəliyə yaxın haldır. Mənim fikrimcə, mərhum yazıçının “xəstəlikdən” qabaq yazılmış mətnlərini qorumaq, ayrıca nəşr etdirmək lazımdır. Qoqol “Ölü canlar”ın davamını yandırıb, qalan parçaları oxuyanda görürsən ki, elə yanmağa layiq imiş. İsa Hüseynovun yazdıqlarını yandırmayıb, ancaq elə-bil ki, cızıq-cızıq edib – elə bil Da Vinçinin ya Rafaelin tablosunun üstünü lopa-lopa rəngləyirsən…
Əkrəm Əylislinin xalqın maarif geriliyi ilə narahatlığını başa düşürəm və bu narahatlığı qorxmadan ifadə etdiyi üçün onu alqışlayıram.