İKİ BACILAR YAN-YANA…

Lələm hələ əlli il bundan qabaq deyərdi ki, Salyanda köklü salyanlı qalmayıb, köklü salyanlılar çoxdan köçüb gediblər Bakıya.

Sonralar özüm də hansı salyanlıdan kökünü soruşurdum, məlum olurdu ki, Dayıkənddəndir, Quyuçudandır, Şorsuludandır,  Qızılağacdandır, Marışlıdandır…

Salyanın özündə də salyanlılıq az qalıb. İndi şəhərdə qədim heç nə yoxdur, bir hamam qalmışdı, onu da bir neçə il bundan əvvəl sökdülər. Salyan çoxdadır ki, salyanlıların deyil – gəlmə rəhbərləri Salyanın tarizi yox, burda yığacaqları sərvət maraqlandırır…

Hələ son əlli ildə şəhərin küçələrinin adları dönə-dönə dəyişdirilib. Lenin, Kalinin, Kirov – son illərəcən mərkəzdən günçıxana, Köhnə bərə ağzına gedən üç paralel küçə bu adları daşıyırdı. İndiki adlarını bilmirəm…

Salyan şəhəri var, salyanlılar yoxdurlar, əsil şəhərlilər, əsil salyanlılar şəhərlərinin başına bu oyunları gəririlməsinə yol verməzdilər.

Keçən əsrin 70-ci illərdində mən Salyan əfsanəsi doktor Şarovanın ailəsiylə dostluq edirdim. Doktor Şarovanın əməkdar həkim kimi imtiyazlarından biri limitli nəşrlərə abunə yazıla bilmək idi – “İnostrannaya literatura”, “Literaturnaya qazeta”, “Roman-qazeta”. Elə o vaxtdan mən də bu nəşrləri oxumağa başladım. Rus yazıçısı Çivilixinin “Roman-qazeta”da çap olunmuş böyük oçerki yadımdadır. Bu əsər yazıçının İsveçə səfərini təsvir edir. Mərhum Çivilixini Stokholmda gördüyü bir hadisə sarsıtmışdı. Şəhər parkındakı qoca bir palıdı şəhər rəhbərliyi kəsmək istəyəndə əhali ayağa qalxıb, paytaxt sakinləri parkda çadır qurub başlayıblar ağacın keşiyini çəkməyə — rəhbərlik qərarını dəyişməyə məcbur olub…

Salyanda bütöv bir tarixi  bağı məhv elədilər – heç kimin səsi çıxmadı…

İndi bir ayrı məsələ.

Vikipediyada Salyan haqqında məlumata baxdım. Əlbəttə, Vikipediya rəsmi mənbə deyil, ancaq bu tipli məlumatlar rəsmi statusa yaxın olur.

Milli tərkib
Etnik qruplar 2009 sa.[2]
Cəmi 121 871
türk 121 793
rus 5
kürd 4
tatar 2
ləzgi 2
Osetin 1

 

Bu cədvələ görə, şəhərdə azərbaycanlı yoxdur. Türklər var. Mən Salyanı babat tanıyıram, mən orda türk görməmişəm. 1918-ci ildə türk əsgərləri olublar, şücaətlə yerli əhalini erməni qırğınından qurtarıblar. Ancaq indi bu qədər türk hardan gəldi? Bəs azərbaycanlılar hara getdilər?

Bu cədvələ görə, Salyanda bir nəfər də talış yoxdur. Bir nəfər osetin var, talış yoxdur. Ancaq ən azı bir talışı mən özüm tanıyıram, avtovağzal bazarında meyvə-tərəvəz satır, bir neçə dəfə ondan kəklikotu almışam. Salyana son onilliklərdə onlarla talış qızı gəlin gəlib – onlar bəs hanı?

Rusların sayı bütün rayon üzrə cəmi beş nəfərdir. 1939-cu ilin məlumatına görə təkcə şəhərdə 1644 rus yaşayıb. Bu onu göstərmirmi ki, bizim “tolerantlığımız” əslində qondarma bir şeydir, biz istəyirik ki, Kamçatkadan tutmuş Kalininqarada qədfər hər yerdə özümüzü öz evimizdəki kimi aparaq. Gedirik də, aparırıq da. Əgər ruslar qaçıblarsa, deməli,onların rus kimi yaşaya bilməyinə şərait olmayıb. Bəlkə belə beyil?

 

Yenə talışlara qayıdıram. Salyanda talışların olduğunu gizlətməklə nə qazanırıq? Ümumiyyətlə, kim bu cədvəli tərtib edib və niyə azərbaycanlıları “türk” adlandırıb? Bu, azərbaycanlıların millət kimi mövcudluğunu danmaq deyilmi?

SALYAN ETNİK

Azərbaycanlılar, təəssüf ki, səhər yerdən durandan gecə yatana qədər yalan eşidirlər: qədim tarix – yalan, dünənimiz – yalan, bugünümüz – yalan… Uşaqlar yalan eşidə-eşidə böyüdürlər, qulaqları yalana öyrəşir, dilləri də yalan deməyə. Ətraf mühit insan xarakterinin formalaşmasında müfüm rol oynayır – arxitekrura, landşaft, hətta yer adları yazılmış lövhələr insan xasiyyətinə və hətta psixologiyasına, insanın öz ölkəsinə münasibətinə təsir edir. Bizi qondarma adlar, qondarma binalar, qondarma “rarixi” yerlər əhatə edir. Adamlar bilirlər ki, bunların hamısı əldəqayırmadır, saxtadır, qondarmadır, buna görə də bütün bu yalançı tarix, əlbəttə, hörmət doğurmür, gülüş doğurur, uşaqlar da öz tarixlərinə lağlağıyla yanaşmağa başlayırlar, şəhərin qondarma tarixi yöndəmsiz bir lətifəyə çevrilir…

 

24.08.2016

Samara

 

 

 

Реклама