Архив | Ноябрь 2017

«QƏMLİ NƏĞMƏLƏR» YOX, «QƏMLİ GÜRCÜSTAN»…

ПУШКИН

Puşkinin “Ne poy krasavitsa, pri mne” şerini həmişə aəzrbaycanca və Bülbülün səsiylə xatırlayıram – Ağabacı Rzayevanını rus şairinin sözlərinə yazdığı ronamsı uşaqlıqdan eşitmişəm. (Təəssüf ki, tərcümənin müəllifini tanımıram)

“Gözəl qız, gəl yetər, oxuma belə,

Gürcüstanın qəmli nəğmələrindən…”

Dünən şeiri tərcümə eləmək istədim və diqqətlə baxıb gördüm ki, elə əvvəldə orijinal mətnlə ciddi fərq var.

“Не пой, красавица, при мне,

Ты песен Грузии печальной…»

Əlbəttə, burda “qəmli” ya da “hüznlü” sifəti mahnılara yox, Gürcüstana aiddir. Yəni “qəmli mahnılar” yox, “qəmli Gürcüstan”…

Tərcümənin sonrası yaxşı yadımda deyil, Bülbülün yazısını isə You Tube-da tapa bilmədim.

Ancaq deməliyəm ki, Ağabacı Rzayevanın musiqisi gözəldir, mətnin tərcüməsi dəqiq olmasa da, musiqiyə yatır…

X.X.

         NASTYA

Özgə uşağısan, qanımız ayrı,

Ana dilim deyil sən danışan dil.

Sənə məhəbbəti qəlbimə Tanrı,

Çiçək toxumu tək salıb elə bil.

 

Bir ovuc torpaqdır sinələrdəki,
Ürəyi daş deyil yəqin heç kəsin.

Bir uşaq sevgisi bəs eləyər ki,

Qalxıb bu torpaqda çiçək cücərsin.

08.11.2017

Samara

ALEKSANDR PUŞKİN. ÇƏKMƏÇİ

ПУШКИН

ALEKSANDR PUŞKİN

             ÇƏKMƏÇİ[i]

              (rəvayət)

                Картину раз высматривал сапожник…

Baxırdı çəkməçi şəklə bir dəfə,

Və bir qüsur tapdı ayaqqabıda.

Rəssam yubanmadan düzəltdi səhvi,

Çəkməçi qürrəylə dindi yenə də:

“Zənnimcə üzü də bir az əyridir,

Sinə də, görürəm, açıqdır tamam.”

Rəssamın bu yerdə tükəndi səbri:

“Əzizim, çəkmədən yuxarı çıxma!”

 

Mənim də dostum var, bilmirəm haçan,

Hansı elmləri öyrənib qoçaq.

Sözündəsə sərtdir, şeytan elə bil,

Fəlsəfi söhbətə sövq edir, ancaq,
Səviyyə çəkmədən yuxarı deyil.

1829

Ruscadan tərcümə

07.11.17

Samara

 

[i] N.İ. Nadejdinə, onun “Poltava” haqqında məqaləsi ilə bağlı epiqram

 

ANNA AXMATOVA. STALİNİN MÜDAFİƏÇİLƏRİ

AKHMATOVA                             

ANNA AXMATOVA

 

STALİNİN MÜDAFİƏÇİLƏRİ

 

Onlardı qışqıran: “Yox, Varavvanı,

Bayram şərəfinə azad elə sən!”

Onlardı Sokrata zəhər camını,

Zindan guşəsində verib içirdən.

 

Onların böhtançı ağızlarına,
Elə o camdakı içkidən axa

Zülmü, işgəncəni həzz sayanların,
Yetim qoyanların milyon uşağı.

 

25 noyabr 1962

Ruscadan tərcümə

06.1.17

Samara

“LİKE”IN AZƏRBAYCANCASI “LOPAQ”DIR…

Azərbaycan dili deyəsən doğrudan da Azərbaycan millətinin başına bəladır – hərə bu bəlaya bir cür əlac axtarır. Osmanlıpərəstlər bir-birlərinə “hoca” deyirlər,”mı”, “mi” ədatlarını sözdən ayrı yazırlar. Osmanlıpərəst jurnalist yazmır ki, “atam kənddə öldü”, yazır “atam köyümüzdə ölümünə vardı”.

Dövlət adamları da maqqaşlarıyla, kəlbətinləriylə düşüblər dilin üstünə. “Proqnoz” sözünün guya azərbaycancasını yaradıblar. Yəqin “kitab”, “dəftər”, “hava”, “gül”, “bülbül” sözlərinin də azərbaycancasını tezliklə yaradarlar. “Bülbül” sözünün azərbaycancasını eşitməkdən ötrü ölürəm…

Ölürəm, ey…

Bilmirəm bu söz yaradanlara pul verirlər ya yox. Versəydilər, mən də öz təklifimi göndərərdim Bakıya, düz prezidentin üstünə. “Like” sözünün qarşılığını tapmışam. Mənə elə gəlir ki, bizim “lopaq” sözümüz “like” sözünün mənasını onun özündən yaxşı əks etdirir. Azərbaycan milləti də çox lopaqsevən xalqdır. Sırıyırıq bir-birimizə — sən mənə lopaq, mən sənə lopaq…

Ancaq ümid edirəm ki, mənim təklifimi möhtəşəm prezident lopaqla qiymətləndirməz, beş-on dollar pul göndərər…

Yaşasın Paşa holdinq!

Yaşasın Az TV!

Yaşasın Kürdəxanı türməsi!

Yaşasın”Bir gəncin manifesti!”

Yaşasın Azərbaycanın dilçi alimləri!

Mirzə ƏlİL

04.11.17

ALLAH ÜZÜMƏ BAXDI…

Sıldırım qayalıqdan,

Yıxıldım, qanım axdı.

Ölmədim, yaralandım,

Allah üzümə baxdı.

 

Dayanmasa da qanım,

Tutub kol-kosu qalxdım.

Yenə gördüm dünyanı —

Allah üzümə baxdı.

 

Yoldaşı harayladım,

Səsimi toplayaraq.

Yoldaş da yubanmadı —

Üzümə baxdı Allah.

 

Qurutdular qanımı,

Ağrımı yatırtdlar.

Düzəltdilər sınanı —
Üzümə baxdı Allah.

 

İlk dəfə deyil axı,

Yıxılmağım həyatda.

Hər dəfə arxayınam –

Allah üzümə baxdı!

 

Qorxuram bir gün amma,

Hamar yerdə büdrəyəm,

Yoldaşa səs çatmaya,

Tanrı da üz döndərə.

4 noyabr 2017

Samara

ANNA AXMATOVA. ZAMAN YÜRÜŞÜ

AKHMATOVA

ANNA AXMATOVA

        DORDLÜKLƏR SİLSİLƏSİ     

  1. ZAMAN YÜRÜŞÜ

                   Что война, что чума – конец им виден скорый…

Hərb olsun ya vəba – yetişir sona,

Oxunmuş kimidir hökmü onların.

Bəs “zaman yürüşü” çoxdan adlanan,

Dəhşətdən bizi kim qoruyar axı?

10 iyun 1951

Komarovo

Ruscadan tərcümə

03.11. 17 Samara

 

ANNA AXMATOVA. «BEATRİÇE DANTE TƏK…»

AKHMATOVA.jpg                                                 

ANNA AXMATOVA

               EPİQRAM

                           Могла ли Биче словно Дант творить…              

 

Beatriçe Dante tək yarada bilərdimi,

Eşqin tərənnümünə qadirdimi Laura?

Mən oldum qadınlara danışmağı öyrədən…

İlahi, indi necə susdurum mən onları!

1958

Ruscadan tərcümə

02.11.17

Samara

BORİS PASTERNAK. ÇÖRƏK

pasternak

BORİS PASTERNAK

      ÇÖRƏK

                         Ты выводы копишь полвека…

 

Əlli il yığırsan nəticələri,

Dəftərə yazmırsan ancaq onları.

Əgər deyilsənsə sən özün əlil,

Gərək anlayaydın vacib olanı.

 

Anladın ağ günə əmək yol açar,

Açıldl uğurun qanunu, sirri.

Tanrı lənəti var bekarçılıqda

Bildin səadəti hünər gətirir.

 

İbtidai bitki səltənətində,

Möhtəşəm heyvanlar aləmində də,

Vəhylər, mehrablar gərəkdi, bildin,

İgidlər, cəsurlar gözləniləndi.

 

Bildin talelərin qovuşuğunda,

Qaldı əbədilik ilkin vəhy tək.

Gələn nəsillərçin ulu əcdadın,
Yüzillərlə əkib-becərən çörək.

 

Yəni çovdar ya da buğda zəmisi,

Təkcə çağırmır ki, biçib-döyəsən,

Bu tarla —  səhifə, bu tarla — yazı,

Əcdadın haçansa həsr edib sənə.

 

Yəni ki, bu onun sözüdür elə,

Və onun misilsiz əməli həm də.

Doğumlar, hüznlər, ölübgetmələr

İçində, daimi gəlib-getmədə.

 

1956

Ruscadan tərcümə

30.10 – 01.11.2017

Samara