Архив | 27.01.2018

«ÜÇ VERDİM, OTUR…»

27.01.2018.jpg

Keçən əsrin 70-ci illərinin əvvəllərində Bakıda daimi yaşayan bir kəndçimiz mərhum Baba Mirzəyevin filarmoniyadakı konsertindən danışırdı. Deyirdi hardasa konsertin ortasında müğənni bir Çahargah təsnifi oxudu, sabirabadlılar demişkən, segahı ilə. Bu segahla Baba Mirzəyev zilə qalxıb on-on beş dəqiqə zəngulə vurur. Birdən zalda bir nəfər durur, Baba Mirzəyevdən də bərk qışqırıb deyir: “Sənə üç verirəm, bəsdir!”

Mən son vaxtlar Şekspirin sonetlərini azərbaycancaya çevirirəm, hər gün də olmasa, günaşırı bir soneti səhifəmə qoyuram. Səhifəmin statistikası olduğuna görə baxışların sayını bilirəm: otuzla əlli arasında…İndiyəcən bir nəfər də münasibətini bildirməyib… Yox, bir nəfər bildirib. O bir nəfərin münasibəti belə olub: “Çox zəifdir”. Daha doğrusu, “çox zeifdir”. Yəqin “Ə” hərfi ilə ədavəti var…

İndi bilmirəm bu “çox zeifdir” rəyi qiymət kimi 3-dür ya 2. Yəqin iki olar. Zəif – 3-dür. Çox “zeif”, əlbəttə, iki… Mərhum Baba Mirzəyev (Mahmudoğlu) yaxşı qurtarıb…

Mən sonetləri 16-cı ildə çevirməyə başladım, sonra uzun fasilə oldu. Yəqin çevrilən sonetlərin sayı 50-ni keçib. Əlli sonet, yüzlərlə saat, günlər… Və bir qiymət… Yəni “2” qiyməti…

Ancaq yaxşı ki, müğənni deyiləm. Olasan müğənni, hər gün səhnəyə çıxıb “A ceyran bala” oxuyasan segahıyla. Zəngulə vuranda bir nəşəli salyanlı ya tiryəkli sovetskili qalxa deyə ki, “Üç verdim, bəsdir”…

Ədəbiyyatda bu yaxşıdır ki, yazıb sandığa da yığmaq olar. Emili Dikinson kimi. Onsuz da mən ədəbiyyatdan pul qazanmıram. Əslində mənim İnternet səhifəm də elə bağlı sandıq kimidir. Cəmi 30-40 baxan varsa…

27.01.2017

Samara

UİLYAM ŞEKSPİR. 38-Cİ SONET    

shakespear                                            

                                How can my muse want subject to invent  

Qaçarmı ilhamım mövzu dalınca

Nəfəsin axırsa şeirlərimə?

Duyğu oyadırsan sən elə incə,

Yazmağa hər adi kağız yaramır.

 

Özünə sağol de, yazılarımda,

Nəsə tapsan əgər diqqətə dəyən.

Sənsən təxəyyülü alovlandıran,

Gərək gözsüz ola səni öyməyən.

 

On dəfə üstün ol doqquz Muzadan,

Onuncu Muzaya dönüb, dəyərdə.

Qoy elə yazsın ki, sənə üz tutan,

Oxunsun əsəri uzaq əsrdə.

 

                       Sadə şerimi kim bu gün bəyənsə,

                       Bilsin əməyimin ilhamı sənsən.      

İngiliscədən tərcümə

26-27.01.2018

Samara

İOSİF BRODSKİ. «YOX, AĞLIM BAŞIMDADIR…»

BRODSKI.jpg

   Я не то что схожу с ума, но устал за лето

Yox, ağlım başımdadır, yorub yay məni ancaq,

Komodda köynəyini gün gedir tapanacan..

Qış gələ tez, aləmi qar bürüyə ağappaq,

Şəhəri, insanları, yaşıllığı qabaqca.

 

Paltarlı yatar, özgə kitabıbını açdığım,

Yerindən oxuyaram cari ilin qalanı,

Yolu qaydalı yerdə keçənəcən. Azadlıq –

Bu əgər tanımırsan atasını tiranın.

Ağzızı suyu şirin Şirazın halvasından.

Qoçun buynuzu kimi burulubsa da beynin,

Mavi gözündən ancaq axmaz bircə damla da.

 

1975

Ruscadan tərcümə

27.01.018

Samara