Lələmin xatirəsinə
— Bu qəbir kimindir? – Cahangirindir.
Görənlər deyirlər zəhmi ağırdı,
Özü ağırlıqda qızılı vardı,
Ancaq arvad-uşaq dağıtdı, yedi.
Bu da uşaqları. Hamısı deyil,
İkisi Salyanda basdırılıbdır,
Biri Neftçalada. Biri də vardı,
Saç-saqqal uzadır, gəzirdi veyil.
Mal-qara dalınca gedən deyildi,
Elə şeir yazdı, məqalə yazdı,
Axırda bir yerə çıxmadı yazıq.
Heç yeri-yurdu da bilinmir indi.
-Durur? – Çətin dura. Qalmaz indiyə.
— Nə əcəb bəs bura gətirməyiblər?
— Hardan? Bilən vardı yerini məgər?
Bir ətək xərci var gətirməyin də…
— Deyirsən Cahangir ciddi kişiydi?
— Ciddiydi. Doluydu altı qızılla,
Ancaq yarımadı oğulla, qızla.
Hamıdan yarıtmaz kiçiyi idi…
23.11. 2019, Samara