İslam qadınlara təvazölük tövsiyə edir və kişiləri tamaha sala biləcək bütün yerlərini örtməyi buyurur. Ancaq şairlərə qadın gözəlliyini, hətta çılpaq halda təsvir etməyi qadağan etmir. Hər halda belə bir qadağa bizim üçün eyni zamanda Cinayət Məcəlləsi və Mülki Məcəllə olan Quranda yoxdur. Qadağan olmayanı isə eləmək olar. Və bizim qüdrətli şairimiz Məhəmməd Füzuli sevdiyi xanımı hamamda təsvir edir.
Deməliyəm ki, “nyu”, erotika Nizamidə istənilən qədərdir. Öz əsilzadə qəhrəmanlarının zifaf gecəsini ustad Nizami anatomik təfərrüatlarla təsvir edir. Füzuli yatağa gedib çıxmır, xanımın xəyalən kinematoqrafiq surətini yaradır.
“Hamam” şeiri Füzulinin ən yaxşı qəzəllərindəndir və onu birinci beşliyə də salmaq olar. Məsələ burasındadır ki, eşq, ayrılıq, həsrət kimi ənənəvi mövzu və motivlərdə yazılmış qəzəllərdə Füzuli özünütəkrardan və ümumiyyətlə təkrardan qaça bilmir. “Hamam” mövzusu isə pikantdır, hər sənətkarın girə bilməyəcəyi və ümumiyyətlə hər yazanın giirişməyə cəsarət etmədiyi bir sahədir. Ona görə qəzəl janrında yazılmış bu şeirinn metaforik xalısı orijinal rəng və naxışlardan yaranır.
Qəzəlin ilk misrası “sərv” adlandırılan xanımın hamama getdiyini bildirir və deyilir ki, onun günəş üzüylə hamam işıqlandı. Sonra oxuyuruq ki, sərv” soyundu və “yeni ayını göstərdi tamam”.
Mavi rəngli qəftəyə bürünmüş çılpaq bədəni Füzulu bənövşə içinə düşmüş soyulmuş badama bənzədir. Sonra “sərv” hovuza girir, bu gözəlliyin şahidi olan camın da gözünə işıq gəlir.
Tas “sərv”in əlinə dəyəndə şairin bağrı həsəddən qaralır. Su çılpaq bədənə axdıqca şair qısqanclıqdan rahatlığını itirir, yəni cananını suya qısqanır.
Sona yaxın şair özünü saxlayıa bilməyib ağlayır, yəni şairin gözü həmişə ağlardır, indi bu ağlar gözün yaşları xanımın ayaqlarına töıkülür.
“Ki gərək su tökülə sərvin ayağına müdam…”
Böyüksən, Ustad!
Axırda şair deyr ki, hamam muzduna canını verər, qoy bu gümüşbədən xanım qızıl axtarmasın…
Füzuli belə Füzulidir….
Xeyrulla Xəyal
17.12. 2020, Samara
MƏHƏMMƏD FÜZULİ
QƏZƏL
Qıldı ol sərv səhər, nazilə həmmamə xüram,
Şəmi-rüxsarı ilə oldu münəvvər həmmam.
Görünürdü bədəni, çaki-giribanından,
Camədən çıxdı, yeni ayını göstərdi tamam.
Niligun futəyə sardı bədəni-üryanın,
San bənəfşə içinə düşdü müqəşşər badam.
Oldu pabus şərifilə müşərrəf ləbi-hovz,
Buldu didadi-lətifilə ziya dideyi-cam.
Sandılar kim, satılır daneyi-dürri-ərəqi,
Vurdu əl kisəyə çoxlar qılıb əndişeyi-xam.
Kakilin şanə açıb, qıldı həvayi mişkin,
Tiğ muyin dağıdıb, etdi yeri ənbərfam.
Tas əlin öpdü, həsəd qıldı qara bağrımı su,
Yetdi su cisminə, rəşk aldı tənimdən aram.
Çıxdı həmmamdən o, pərdeyi-çeşmim sarınıb,
Tutdu asayiş ilə guşeyi-çeşmimdə məqam.
Mərdümi-çeşmim ayağinə rəvan su tökdü
Ki, gərək su tökülə sərvin ayağinə müdam.
Müzdi-həmmam, Füzuli, verərəm can nəqdin,
Qılmasın sərf zər ol sərvqədü siməndam.