Архив | 05.12.2022

“O QÜVVƏ Kİ, VARDI SƏNİN QOLUNDA…”

                     Süleymanın xatirəsinə

O qüvvə ki, vardı sənin qolunda,
Yerlə-göylə gərək sən əlləşəydin,

Ömrünü keçirdin sükan dalında,

Məsafələr yaxın, marşrut eyni.

 +

Baş alıb uzağa gedə bilərdin,

İqlimlər, ölkələr dəyişərək sən.

Ancaq yaxınlarda var-gəl elərdin,
Qızır, qaralırdı qanın hikkədən.

 +

Salyan, bu zəhrmar havalı şəhər.

Səni ovsunlayb əsir elədi,

Kiçikləri zağar, böyükləri şər,

Eyhamı fitnədir, sözü tələdir.

 +

Çörəyi şübhəli, suyu azarlı,

Yeyən əzab çəkir, içən ağrıyır.

Dağ kimi kişilər sarsılıb qalır,

Vurub kabab üstdən yerli arağı.

 +

Səndə bir dünyalıq enerji vardı,
Çarpışa bilərdin yerlə-göylə sən.

Ömrünün fəzası, heyf ki, dardı,
Elə özünkünə dəyirdi zərbən.

 +

Şəklin heç oxşamır qəbir daşında,
Boynuna qalstuk taxıblar hələ.

Qızğındın, coşandın sən, əlləşəndin,
Qardaş, aran yoxdu belə bəzəklə…

 

05. 12. 2022, Samara