Архив по авторам | Xeyrulla Xəyal

ŞARL BODLER.  SAAT

бодлер

L’Horloge

Saat! Soyuq, duyğusuz, nəhs, qorxulu tanrı,
Hədələr barmağıyla, bizə deyər: Xatırla!

Bu-gün sabah sinəni deşib titrək Ağrılar
Xof dolu ürəyinə hədəf kimi sancılar.
Dumanlanaraq Həzz uçar üfüqə sarı,
Necə pərdə dalına silfid çəkilib gedər.

Ömrün boyu payına kef düşübsə nə qədər,

Yeyər bir tikəsini həyatının hər anı.
Üç min altı yüz dəfə hər saatda Saniyə

Pıçıldayar: Yada sal! — Söyləyər mənə İndi,
Cəld və böcək səsiylə: Keçmişəm, tanıdınmı,

Həyat şirəni sordum kirli xortumumla mən.

 

Remember! Yadına sal! İsrafçı, Esto memor,
(Nə dil varsa, danışır, mənim metal boğazım.)

Tikəsidir, oyunbaz, dəqiqələr filizin,
Qızılını almamış əldən onu buraxma!

 

Xatırla ki, Zaman bir ehtiraslı qumarbaz,
Udacaq hiyləsiz də, bu, qanundur, hər dəfə.

Gün gedib, gecə uzun, Unutma ki, həmişə,
Girdab susuzdur;  axar,  qum da saatda qalmaz.

 

Tezliklə saat vurar, onda ilahi İmkan
Və müqədəs Ləyaqət, bakir arvadın sənin,

Və hətta Peşmançılıq (sonuncu karvansara!)

Deyərlər: qoca qorxaq, Öl! Daha yubanmısan!”

Fransızcadan tərcümə

02-03.06. 218

Samara

ŞARL BODLER. KABUS

бодлер

   Le Revenant
Vəhşi heyvan gözlü mələk kimi mən,
Yataq otağına yenə dönərəm.

Bürünüb gecənin kölgələrinə.

Sivişib yanına səssiz girərəm,
Mən səni ay kimi, mənin əsmərim,
Soyuq öpüşlərə qərq eləyərəm.

Məzar ətrafında qıvrılan ilan

Nəvazişlərini məndən alarsan.

 

Solğun, ayaz səhər açılan kimi,

Adamsız görərsən mənim yerimi.

Ordan soyuq getməz axşama qədər.

 

Əgər başqaları mehribanlığa

Əl atırsa sənə yaxın olmağa,

Mən sənə qorxuyla yiyələnərəm.

Fransızcadan tərcümə

01-02.06. 2018

Samara

   ŞARL BODLER. AMUR VƏ KƏLLƏ

бодлер

 Qədim çıraqaltlığı
Amur çıxıb kəlləsinə,
Bütün bəşəriyyətin,
Gəlir ordan gülüş səsi,

Yox neç nəyə hörməti,

 

Nəfəsindən kürəciklər,
Yaranır ədəbsizin.

Dünyaları elə bil ki,

Qovuşdurmaq istəyir.
İşıqlı və kövrək kürə,

Birdən uçub yüksəlir,
Qəlbini əzir tüpürür,
Altın bir arzu kimi.

 

Eşidirəm kəlləni, hər

Kürəcikdə yalvarır:

“Zalım oyun çoxmu sürər,

Deyin, sona vararmı?

 

Müdhiş qatil, çünki sənin

Çeynəyərək atdığlın,
Mənim qanım, mənim beynim,

Mənim dərimdir axı!”

 

1 iyun 1855-ci ildə çap olunmuşdur

Fransızcadan tərcümə

01.06. 2016

Samara

FÜZULİ VƏ…BODLER. GÜNƏŞ HƏR YERDƏ GÜNƏŞDİR…

Ay doğar, ulduz yanar sanma ki; göy dehqanının,
Gecə ahim dağıdar gündüz yığılmış xırmanın,

Yaddaşla yazdığım, yəqin ki, hardasa təhrif etdiyim Füzuli beyti ədəbiyyat dərsliklərində parlaq metafor nümunəsi kimi sitat gətirilirdi.Məlumdur ki, “gündüz yığılmış xırman “ – günəşdir. Oxşar metaforu Bodlerin kiçik xatirə şeirində gördüm:

Et le soleil, le soir, ruisselant et superbe,
Qui, derrière la vitre où se brisait sa gerbe…

Axşam… uşaq günəşi pəncərə dalında görür. “Günəşin dərzi dağılıb”… Əlbəttə, dərz xırman deyil ancaq bənzətmə oxşarlığı şübhəsizdir…

Və yəqin ki, günəşi, günəş şüalarının zəmiyə, taxıla, xırmana, dərzə oxşadan təkcə Füzuli və Bodler deyil, bina görə bu oxşarlıqdan uzağa gedən nəticələr çıxarmağa dəyməz. Ciddi şeir bilicisi üçün bəlkə də belə metaforlar bayağılıqdır…

03.06. 2018

Samara

   ŞARL BODLER. İNDİ DƏ YADIMDADIR, ŞƏHƏR HƏNDƏVƏRİNDƏ…

бодлер

Je n’ai pas oublié, voisine de la ville

İndi də yadımdadır, şəhər həndəvərində,
Balaca, ağ evimiz, sakit, yox gəlib-gedən.

Gips Pomonanın da, qoca Veneranın da,

Örtürdü ayıbını sısqa meşəlik orda.

Və günəş axşamçağı, əzəmətli və parlaq,
Durur,  gündüz yığdığı xırmanı dağıdaraq.

Baxır maraqla dolu iri gözüylə göydən,
Necə nahar edirik səssiz və tələsmədən.

Muma bənzəyən gözəl şüalarını düzər,
İpək pərdələri və sadə süfrəni bəzər.

 

Franslzcadan tərcümə

31.05 – 01.06. 2018

Samara

ŞARL BODLER. QAN FƏVVARƏSİ

 

бодлер

      La Fontaine de Sang

 

Elə gəlir mənə hərdən ki, qanım dalğalanır,

Sanki fəvvarədir hönkürtü vurur ahənglə.

Qanın şırıltısıdır titrədən qulaqlarımı,

Tapmıram bir yara ancaq, necə mən səy eləyəm.

 

Keçib gedir şəhəri bağlı bir ərazi kimi,
Döşənmə daşları bir anda döndərir adaya.

Ovudar, soyudar həm təşnə yandırarsa kimi,

Və təbiətdə olan hər nə varsa al boyayar.

 

Nəfis şərablara mən vaxtaşırı baş vurdum,

Ki, yatırtsın canımı sarsıdan bu qorxuları;

Artdı həssaslığı içdikcə fəqət duyğuların!

 

İstədim dünyanı eşqin yuxusunda unudum,
Fəqət eşq indi yataqdır mənə, iynəylə deşər,
İçə bilsin qanımı qan hərisi fahişələr.
Fransızcadan tərcümə

31.05. 2015

Samara

ŞARL BODLER. BİR GECƏNİ KEÇİRDİM BİR EYBƏCƏR CUHUDLA

бодлер

Une nuit que j’étais près d’une affreuse Juive

Gecələdim bir dəfə  bir eybəcər cuhudla,

Meyit yanında yatıb bir meyit də elə bil.

Alınma bu bədənə baxdıqca arzuladım,

Həsrətində olduğum hüznlü gözəlliyi.

 

Təbii əzəməti gəldi gözüm önünə,
Cazibə, həm də qüdrət dolu baxışları da.

Ətirli dəbilqəyə dönən hörürklərinin,

Xatirəsiylə yenə eşqin odu alışdı.
Öpərdim ehtirasla nəcib bədənini mən,

Zərif ayaqlarından qara telinə qədər.

Nəvaziş xəzinəsi üstünə səpələrdim.

 

Sən haçansa bir axşam, ağlayaraq ürəkdən,
Soyuq gözlərindəki, qəddarlar məleykəsi,

Əzəməti bir azca əgər isidə bilsən.

 

Fransızcadan tərcümə

30.05. 2018

Samara

ŞARL BODLER.  DAĞILMA   

бодлер

  La Destruction

Dayanmadan vurnuxur İblis həndəvərimdə,
Görünməz hava kimi dolaşır ətrafımda.

Alıram ixtiyarsız, yanır ciyərlərimdə,
Föhşlü və əbədi bir ehtiras yaradır.

 

Bilərək ki, Sənətə böyük məhəbbətim var,
Tamahlandırır məni, girib qadın cildinə.

Və kafir tək cürbəcür işlədərək hoqqalar,

Dodaqlarımı haram içkilərə öyrədir.

 

 

Məni Tanrı gözündən uzaqlara o çəkir,

Hüdudsuz və adamsız Qüssə vadilərinin,
Ortasına aparır yorğun, nəfəsi qara.

 

Təəccübdən partlayan gözlərimə yelləyir,
Qartmaqlı geyimləri, irinli yaraları,

Və Dağılmanın bütün qanlı diləylərini.

 

Fransızcadan tərcümə

29.05. 2018

Samara

İT HAQQINDA       

30.05.jpg

Qayalı yerində çay qırağının,
Yaşıl pöhrəlikdə yataq salaraq,
Xəstə it haçandan yıxılıb qalır,
Gözləri də qara, yunu da qara. 

+

Yanında sümüyü, tikəsi də var,
Paydır burdan keçən balıqçılardan.

Arabir başını qaldırar, baxar,

Yeməyə nə həvəs, nə güc var ancaq.

+

Laçın bir it olub yəqin haçansa,
Neçə cür kefini görüb dünyanın.

Azad it həyatı necə çətinsə,

Sevgilər yaşayıb, gəzib, oynayıb.

+

Ölüm yatağından Volqanın geniş

Sinəsi görünür. İsti havada,
Çaya az girməyib. Öləndə leşi,

Bəlkə bu sulara atılıb axar…

+

Halı pis olsa da, duyur gələni,

Narahat dikəlib bir ağız hürər.
Duruxur, istəmir onu elə bil,

Ölüm yatağında bir adam görə…

29-30. may 2018

Samara

ŞARL BODLER.   SED NON SATİATA

бодлер

Sed non satiata[i]

Gecənin zülmətinə bənzəyən qəribə sənəm,
Havana müşk ilə ətrində qarışmış elə bil,
Hansı Faust ya cadugar əlinin qüdrətidir,
Bu qaranlıq bədənində, ya doğuldun gecədən?    

 

 

Nə şərabın, nə tiryəkin, yuxunun  ləzzətini,
Sevirəm sevgili ağzındakı cövhər kimi mən.

Yürüyər üstünə karvan tək ehtirasım, o dəm,

Qəlbim istər soyuda  gözlərində xiffətini,

 

 

O qara gözlərin ki, qəlbinin nəfəsliyidir,
Rəhmsiz huri! Məni odlayır, Stiks deyiləm,

Dolanım mən necə doqquz dəfə dövrəndə sənin.

 

 

Föhşə mail Meger, əfsus, nə gücüm var, nə halım,

Əzib iradəni yoram səni, əldən düşəsən,

Sənin yataq cəhənnəmində Prozerpin olam.

 

Fransızcadan tərcümə

26-27.05. 2018

Samara

[i] Sel non satiata – fəqət doymamış (lat.)

Запись опубликована 30.05.2018, в Bodler.