Архивы

SƏS

KÜR 2

                anam üçün

I

Əl, göz təmasındayıq,

Yaxınlarla biz ancaq.

On addım uzaqdasa,

Yetir səsimiz ancaq.

 

Tanrıya ünvanlanan,

Nə söz desən — deyiblər.

Bizi səsdən tanıyar

Tanrı – tanısa əgər.

 

II

 

Maneələri yarar,

Güllədən iti gedər.

İndisə qabaqlayır,

Səs öz sürətini də.

 

Sürətdə işıqlanıb,

Səsin yetişdi mənə.

Tanrıya alqış deyim,

Ya mobil telefona?

 

Keçib bulud qatından,

Ulduzlar sırasından,

Bir sərhəd tanımadan,

Səsin yetişdi mənə!

 

III

 

Səs çıxmamış boğazdan

Gözdə yaş gilələnir.

Bunun mənbəyi harda,

Bunun sürəti nədir?

 

27 fevral 2007 Samara

KİM DEYİR Kİ…

в джинсовой куртке                              

Yuxuma girər atam

Bəzən gecəaşırı.

Qəfil gələr, oturar,

Nə dinər, nə danışar.

Ha yalvaram, and verəm,
Susar qaşlı-qabaqlı.

Qəfil də durar gedər,

Baxışları qınaqlı…

Yuxular təlaşlı, kəm,

Təəssüratı acı –

Kim deyir ki cəhənnəm

Sonra olacaq?

Qardaş xiffəti yorur –

Görüşə tələsirəm.

Əlindəki soyuqluq,

Ləngidir nəfəsimi.

Susur, duruxur anam,

Könülsüz gülür bacım –

Kim deyir ki cəhənnəm

Sonra olacaq?

Uzaqlardan qanrılıb

Mənə baxan o qadın…

Lənətləmir, qarğımır,

Bəlkə heç qınamır da.

Adımısa dilinə

Bir də gətirməz ancaq –

Kim deyir ki cəhənnəm

Sonra olacaq?

Bilirəm, yeri-göyü,

Ağacları, quşları –

İndi hansını deyim –

Ən çox da uşaqları

İncitmişəm. Yox mənim

Bəraətim, əlacım –

Kim deyir ki cəhənnəm

Sonra olacaq?

Ömür keçdi. Qalan vaxt

Nə bir səhv düzəltməyə,

Nə də günah yumağa

Çatar. Bu vaxt bəs edər

Xatırlayaraq hər dəm

Ağrınmağa. Sonacan –

Kim deyir ki cəhənnəm

Sonra olacaq?

                                          19 yanvar 2007, Samara

 

ƏZİZİM, SAĞALMIR BÜTÜN XƏSTƏLƏR…

Xeyrulla XƏYAL

                                 Ş.K.

Əzizim, sağalmır bütün xəstələr,

Ha çalış – hər dərdin yoxdur əlacı.

Vallah, mənası yox vaxt itirməyin,

Otur çarpayımın qırağındaca.

 

Arxayın danışaq nədən istəsək –

Vətəndən, futboldan, İraqdan-zaddan.

Gəl nə səs ucaldaq, nə də söz gəzək,

“Bağışla” hər kəlmə arasında da.

 

Sonra qəfil sükut çaşdırar bizi,

Baxışma, təbəssüm… Azı yüz kərə

“Bağışla” deyərik bir-birimizə —

Sən qala bilmirsən, mən də ötürə.

 

Dalınca qapını yavaşca çəkib,

Gedərsən. Və yoxsan… Mən özüm elə

Bir addım səsindən başqa nəyəm ki?

Əzizim, dəyərmi vaxt itirməyə?

 

                           8-9 mart 2007 Samara

ÖMRÜN ƏVVƏLİNDƏ YOLA ÇIXANA…

Ömrün əvvəlində yola çıxana,

Barmaq qalınlıqda budaq – körpüdür.

Şığıyıb aşırıq çılğın axını,

Dərə adlayırıq – dibi görünmür.

 

Geri qayıdırıq min ehtiyatla,

Qorxu çəkindirir, ləngidir fikir.

Bir göz qırpımında keçilən yola,

Saat itiririk, gün itiririk.

 

Çılğın axınların hikkəsi yatar,

Körpülər atılar – dayağı dəmir.

Bizdəsə nəinki dönməyə — hətta

Dönüb baxmağa da iradə yetmir.

 

19-iyul 2007 Samara

MƏNIM GÖRDÜYÜM İŞİ…

Mənim gördüyüm işi,

Mənəcən atam görüb.

Atamsa bu vərdişi,

Atasından götürüb.

 

Qatılıbdır bu işə,

Babamın babası da.

Kəsəsi: ayrı peşə,

Tanımırıq dünyada.

 

Qonşum da bu işdədir,

Qonşumun qonşusu da.

Nəsillər dəyişsə də,

İş həmin iş – sonu yox.

 

Niyyətindən bu işin,

Hərçənd hamı xəbərsiz,

Əl-ayaq yer-göy eşir,

Qabarlı ya qabarsız.

 

Biz kişili-arvadlı,

Tərliyik, palçıqlıyıq.

Tikirik, yaradırıq –

Bir növ inşaatçıyıq.

 

İşin yiyəsindəsə,

Nə mərhəmət, nə aman.

Qamçılar, tələsdirər,

Qamçıda qurumaz qan.

 

Ehramlar ehramıdır,

Bu səylə ucaldılan.

Zalım Fironun adı,

Hamıya bəlli – Zaman…

 

                                                27-28 iyul 2007, Samara        

QƏRİB ÖLÜMÜ

Maşına nə var ki – dünən tərəvəz,

Sırağagün meyvə, cənazə bu gün.

Başqa maşınlardan yolda seçilməz,

Sürəti ləngiməz — bu qara yükün

 

Bütün ağırlığı özündən qabaq,

Maneə bilmədən çatıb ünvana.

Kənddə bölüşsə də yaxın və uzaq

Dərdlə, bircə gündə əyilər ana.

 

Vətəndə bayraqlar sənin şəninə

Enməz və çalınmaz təntənəli marş.

Biriydin çörəkçin gedən minlərin,

Pul üstündə düşdü öldüyün savaş.

 

Sərhədi keçərsən – ruhun inciməz,

(Ruhun indi aşar başqa sərhədi).

Sənə poqonlular yaxşı yol deməz –

Ölkədən ölkəyə cənazə gedir…

 

Min dəfə deyilər: ”Qibləyə tutun!”

Qəbrə qoyulunca. Eh nə fərq elər

İndi bu? Qürbətdə elə çoxunun

Hər günü keçmirmi üzü qibləyə?

 

Bacın dünənəcən qərib canına

And içərdi. İndi ölümün, adın,

Anda çevriləcək, çağırılacaq –

Bacın ölümünə inanmasa da…

27-29may 2007 Samara

 

 

 

SƏİDİN XATİRƏSİNƏ

səid həsrərov

Sən qar altdan tapılınca,

Anan Xatirənin saçı

O qardan da ağ oldu.

Əsgər idiz, yaraqlıydız,

Ancaq hələ uşağıydız,

Bu dağ özgə dağ oldu.

 +

Nə güllədən, nə mərmidən,

Öldünüz siz. Uçdu birdən

Üstünüzə qar dağı.

On iki sərv ağacıydız

Qar altında. Hansı yazda

Qüdrət var oyatmağa?

 +

On iki gənc sinəsində

Od alışdı, şölələndi,

Dağın buzu yanmadı.

Siz on iki nəfərdiniz –

Bəs hardaydı rəhbəriniz,

Bəs hardaydı tanrınız?

 +

Siz ən adi gənc idiniz

Vətən adlı faciənin

İndi qəhrəmanısız.

Hərçənd cəbhə bölgəsiydi,

Siz güllədən ölmədiniz

Yox təltif fərmanınız.

 +

Soyuq olur yurdun üzü

Bəzən. Qarda uyudunuz.

Bu-gün sabah yaz idi…

Ata-ana yaddaşına,

Bir də pulsuz baş daşına,

Adlarınız yazıldı…

 

                                               11 aprel 2007 Samara 

                              

MAŞINLAR BAŞ-BAŞA, DALĞA-DALĞADIR…

Maşınlar baş-başa, dalğa-dalğadır,

Sanki yoldur axan təkərlər altda.

Kim vurub küçüyü yol qırağında?

Kim onu sürüyüb səkiyə atdı?

 

Qoca sahibini qabaqlayaraq,

Keçmək istəyirmiş yolu, indisə,

Sahibi cəsədi qucaqlayaraq,

Əlinin dalıyla gözünü silir.

 

Hər dəfə küçüyə sığal çəkəndə,

Bəlkə düşünüb ki, qoca, calanar

İt ömrü ömrünə. Anlayır indi,

Ona qalan itin günüdür ancaq.

 

Axırlar, aşırlar, dalğalanırlar,

Maşınlar baş-başa, çiyin-çiyinə.

Qara asfalt üstdə quruyur al qan,

Kimsə bu nişanı almaz eyninə…

03-04.05. 2007, Samara

QAYITMA

Qapı həmin qapı, qıfılı özgə,

Hasar ucaldılıb bir neçə daş da.

İt hürmür, duyaraq iyini bəlkə

Köhnə zəncirindən, baxır təlaşla.

 

İndi yıxılardı ayaqlarına,

Bir vaxt bu xaltanı gəzdirən köpək.

Burnunu sürtərdi başmaqlarına,

Ulardı, yad torpaq iyini bilcək.

 

Əyilmək istəyir, əyilmir, gedir,

Zəncir cingiltisi, boğuq bir hürüş.

Baxır, addımını keçən ləngidir,

Tanımır. Gör haçan olub son görüş…

 

Qatar sıyrılaraq çıxır şəhərdən,

Sancılır zülmətə. Vaqonda yeri

Yandadır. Söykənib şüşəyə düşən

Əksinin çiyninə, yuxuya gedir…

16 may 2007, Samara

QLOBAL İSTİLƏŞMƏ

Leysan yanvar yağışı,

Döyəcləyir çətrimi.

Bu küləyə qarışan
Yoxsa Muğan ətridir?

 

Hava gəlib deyəsən,

Ağacların başına.

Qışın günü bəs nədən,

Tumurcuqlar irişir?

 

Elə dəyişib iqlim,-

Qütbləri çaş salır

Quşlar – ayıra bilmir,

Baharları, qışları.

 

Çəkilmir başağrısı,

Avropanın haçandır.

Dağların başı qarsız,

Kurortlarsa ziyanda.

 

Şimalda ayıların,

Qış yuxusu pozulub.

Deyirlər haray vurur,

Gəzirlər başılovlu.

 

Hələ bunlar nədir ki –

Guya bütün Arktika

Bir cam dondurma kimi,

Gec-tez əriyib axar.

 

Peşmandır yenə tanrı,

Bəlkə yaratdığına?

Yenəmi adamların,

Planlayır qərqini?

 

Bəs niyə başlayan yox,
Gəminin inşasına?

Gecə-gündüz bəlkə Nuh,

Şitillikdə çalışır?…

Yanvar 2007, Samara