Архивы

UİLYAM ŞEKSPİR. 18-Cİ SONET

 

             shakespear                

                Shall I compare thee to a summer’s day?..

 Səni yay gününə bənzədimmi mən?

Sən daha mülayim, daha gözəlsən.

Sarsılar qönçələr mayda küləkdən

Ömrü qısa olur həm də bu fəslin.

 

Bəzən od yağdırır gözündən səma,

Tutulur qızılı çöhrəsi bəzən.

Bu gün gözəl olan qorxudur sabah,

Təbiət hökmüylə ya təsadüfən.

 

Əbədi, solmazdır sənin yayınsa,

İtib gedən deyil gözəlliklərin.

Ölməz misralarda əgər yaşasan,

Sənə yaxın düşməz ölüm kölgəsi.

 

         Nə qədər həyat var, görəsi göz var,

         Mənim şeirlərim səni yaşadar.

 

İngiliscədən tərcümə

31.12.2017 – 01.01.2018

Samara

UİLYAM ŞEKSPİR. 17-Cİ SONET  

shakespear

                     Who will believe my verse in time to come…

 

Səni vəsf eləsəm şeirlərimdə, 

Kimi gələcəkdə inandıracaq?                              

Mənim əsərimdə görünər hərçənd,           

Ləyaqətlərinin yarısı ancaq.

 

Yazsam gözlərinin gözəlliyini,

Desəm səndə hansı cazibələr var,

Bir vaxt söyləyərlər “həqiqət deyil –

Yalnız mələklərdə belə üz olar!”

 

Saralmış kağızda şeirlərimə,
Naqqal qocalar tək inanmaz heç kim.

Uydurma sayarlar dəyərlərini,

Ya da ki, deyərlər mahnıdır qədim.

 

                Olsaydı o zaman ancaq övladın,

               Şerim yaşadardı səni,  həm də o.

 İngiliscədən tərcümə

29.12.2017

Samara

UİLYAM ŞEKSPİR. 16-CI SONET

 

shakespear                            

              But wherefore do not you a mightier way…

 

Niyə zaman adlı qanlı tiranla,

Qovğaya girmirsən daha əzmlə.

Şerimdə qüdrət yox qarşı dayana,

Qocalıb getməyə və tənəzzülə.

 

Gənclik zirvəsində sən tutunca yer,

O qədər bağ qalıb  becərilməyən,

Əkdiyin toxumdan çiçək yetirər,

Şəklindən daha çox sənə bənzəyən!

 

Zaman karandaşı çəkən xətləri

Bu naşı qələmlə necə düzəldim.

Gözəl surətini törəmələrin,

Saxlaya biəlcək bəlkə əbədi.

 

                    Saxlana bilərsən, özünü versən,

                    Yaşadacaq səni, kimi yetirsən. 

 

İngiliscədən tərcümə

28.12.2017

Samara

UİLYAM ŞEKSPİR. 15-Cİ SONET

shakespear

When I consider every thing that grows…

Görəndə böyüyən, canlı  nə varsa,

Kamillik yaşayır bircə anlığa,

Dünya nəhəg səhnə, tamaşadırsa,

Hər şey ulduzların hökmünə bağlı.

+

Görəndə bitki tək boy atır insan,

Göy də gah soyudur, gah da isidir.

Şöhrətə can atır qaynadıqca qan,

Qocalıq gələndə ölür həvəs də.

+

Onda anlayıram bu gəldi-gedər
Həyatda gənclikdir sənin sərvətin.

Zamanla fənalıq mübarizədə,

Çevrilə gündüzün qara zülmətə.

+

           Dost, mən də girmişəm hərbə zamanla.

           Şerimdə qalacaq, nə səndən ala.

İngiliscədən tərcümə

26-27.2017

Samara

UİLYAM ŞEKSPİR. 14-CÜ SONET

shakespear

Not from the stars do I my judgment pluck…

 

Ulduzlardan gəlmir məndəki hikmət

Astronomiyanı bilirəm hərçənd.

Xeyir, şər xəbəri vermirəm fəqət,

Demirəm nə olar hər gələn ildə.

 

Demirəm heç kəsin yaxın baxtını,
Yağışmı yağacaq başına, qar ya.

Demirəm şahlara uğur vaxtını,

Sadəcə baxmaqla uzaq səmaya.

 

Mənim biliklərim gözlərindədir,

Bu qoşa ulduzsa deyir: həqiqət,

Əbədi yaşayar gözəlliyinlə,
Bir gün törəmənə keçsə bu sərvət.

               

           Yoxsa, proqnozum belədir: əgər,     

          Sən ölsən, gözəllik, həqiqət ölər.

 

İngiliscədən tərcümə

25.12. 2017

Samara

             UİLYAM ŞEKSPİR. 13-CÜ SONET

shakespear

               O, hat you were yourself! but, love, you are …

 

Sən sənin olaydın! əzizim, amma,

Sən sənin deyilsən bitcək həyatın.   

Hazırla özünü qaçılmaz sona,

Səndə gözəl nə var, alsın övladın.

 

Səndə bu gözəllik müvəqqətidir,

Yararsız qalarsa, məhv olub gedər.

Amma yaranarsa törəmən indi,
Surətin özündən sonra ömr edər.

 

 Kim qoyar gözəl ev uçub-dağıla? —

Düşər səliqəyə səy edilərsə.

Ona bata bilməz qışda qasırğa,

Ölüm soyuğuyla lap didilərsə.

 

       Əziz dost, atadır səni yaradan,

       Bir gün ata olsun sənin də adın.

ingiliscədən tərcümə

24.12.2017

Samara

         UİLYAM ŞEKSPİR. 12-Cİ SONET

shakespear

 

                            When I do count the clock that tells the time…

 

Saatdan eşidib necə gedir vaxt,

Görürəm gündüzü məhv edir gecə.

Qıvrim xurmayı saç olur ağappaq,

Solur bənövşələr göz önündəcə.

 

Altında sürülər kölgəlik tapan,

Ağacları indi lüt görürəm mən.

Dərzlər, tayalardır bahardan qalan,

Qış gəlib, onları örtüb ağ kəfən.

 

Məni fikrə salan gözəlliyindir,

Zaman yaradanı zaman dağıdır.

Bil ki, gözəllik də dünyadan gedir,

Görüb yeniərin yarandığını.

 

        Qanlı dəryazıyla gələndə əcəl,

       Dalında tək övlad dayana bilər.

 

İngiliscədən tərcümə

21-22.12.2017

Samara

UİLYAM ŞEKSPİR. 11-Cİ SONET       

shakespear

As fast as thou shalt wane, so fast thou growest...

Necə tez artırsa qanından olan,

Sən də eləcə tez solub gedirsən.

Övlad damarında qaynayırsa qan,

Qanın soyuyanda özünkü say sən.

+

Budur həyat, hikmət, budur gözəllik,

Yoxsa ağıl gedər, qocalıq gələr.

Hamı sənin kimi seçərsə təklik,

İnsan nəsli bitər altımış ilə.

+

Övladsız qoy ölsün vəhşi, eybəcər.
Kimin ləyaqəti yoxsa artıma,

Kimə səxavətlə Təbiət verər,

Qoruya payı o gərək, artıra.

+

Möhür tək yaratmış səni təbiət,

Nümunən yaşaya, yarana surət.

 

İngiliscədən tərcümə

21.12.2017
Samara

  UİLYAM ŞEKSPİR. 10-CU SONET

shakespear

For shame deny that thou bear’st love to any…

Demə ki, kiməsə vurulmusan sən,

Axı qayğısızsan öz həyatına.

Səni, ola bilsin, az deyil sevən,

Sən özün sevmirsən heç kimi amma.

Dağıdıcı kinlə elə əsirsən,

Özün toxuyursan özünə fitnə.

Ocağı qorumaq əvəzinəsə,

Özün çalışırsan onun məhvinə.

Fikrim dəyişərdi, dəyişsə fikrin,
Kin tutan yeri sən ver məhəbbətə.

İçin də xoş olsun görkəmin kimi,

Azından özünlə kəs ədavəti.

               Özündən başqanı yarat, amandır,

               Sənin gözəlliyin yaşasın onda.

   İngiliscədən tərcümə

19.12.2017

Samara                        

        UİLYAM ŞEKSPİR. 7-Cİ SONET

shakespear

                                       Lo! in the orient when the gracious light…

Şərqdə qaldıranda yanan başını,

Günəş şəfqətiylə, dünyada nə var,
Salamlayar onun görünüşünü,

Ali qüdrətinə deyər dualar.

 

Səma zirvəsinə dırmanar günəş,

Oğlan çağındakı igid sayağı.

Baxar ölərilər, heyrətə düşər,

Gördükcə yürüyür qızılı yanğı.

 

Ən uca zirvədən enərək amma

Əfəl qoca kimi gedəndə gündən,

Gündüz pərəstişlə ona baxanlar,

Üzünü kənara döndərir indi.

 

            Sən də gedərisən, yoxsa övladın,

             Yadından hamının silinər adın.

 

15.12.17

İngiliscədən tərcümə

Samara