Архивы

POL VERLEN.  HƏQİR HƏYAT YÜNGÜL VƏ SEVİNCSİZ İŞLƏRİYLƏ

verlain-19

La vie humble aux travaux ennuyeux et faciles

Həqir həyat, yüngül və sevincsiz işləriylə,
Çoxlu eşq tələb edən çalışma seçimidir.

Şən olasan günlərin necə qəmli keçə də,

Həm də güclü — güzəran dözülməz ola belə.

 

 

Qulaq verəsən ancaq gərək kilsə zənginə,
İlahi, şəhərdəki səslərin arasında,
Və özün bu səslərin birini yaradasan,

Ki, uşaq xəyalların yetə bilə yerinə.

 

Tövbə edib yaşamaq günahkarlar içində,

Sükutu sevmək, ancaq danışmağı da hərçənd;

Böyük səbirlə keçən zaman necə böyükdür!

 

İnadlı peşmanlıq həm, həm götürqoymalar,
Və miskin dəyərlərin ətrafında qayğılar!

Fu, dedi Hafiz Mələk, alver edir təkəbbür!

28-29. 11. 2018

Samara

POL VERLEN. BƏXTİM QADINLARLA GƏTİRMİR NƏSƏ

verlain-19

Je n’ai pas de chance en femme

Kişilik yaşına qədəm qoyandan,

Qadınla mənimki gətirmir nəsə,
Hansına, haçansa ilişmişəmsə,
Dönüb qışqırıqçı ləçərə sonda.

+

Düzü, mən özüm də qışqırıqçıyam,

Nə deyim, rəziləm xasiyyətcə də,

Elə qadınlardan gördüyüm qədər.

Bəlkə bu cəhətdən yoxdur heç tayım.

+

Mənim qadınlarım sürüşkəndilər,

Düzü, sən özün də bir az eləsən.

Əzizim, bu müdhiş etirafı sən,

Heç kimə söyləmə ölənə qədər.

+

Özüm bir ayağı qaçaq idim mən,
Kim bilir, eləyəm bəlkə indi də,

Bu etiraf məni biabır edir,

Dəhşətə gəlirəm özümdən hərdən.

+

Nə eybi: əvvəlki kimi biz yenə,
Aşiq-məşuq olaq — alışan, yanan.

Sən bir yaxşı qızsan, mən cəsur insan,
Sən mən sevirsən, mən aşiq sənə.

Fransızcadan tərcümə

05.12. 2018

Samara

POL VERLEN. DEDİKLƏRİMİ GERİ GÖTÜRMƏRƏM

verlain-19

Ce que j’ai dit, je ne le reprends pas

Yetər! Götürmərəm mən dedikləırimi geri,
Çünki doğrudur onlar, çünki gəlib beyindən,

Qoruyaram onları ölən günüməcən mən,
Bütöv, bölünməz və saf, baxmayaraq ən ali

 

 

Küskünlüyün ən rəzil təkəbbürlə hərbinə,

Fəqət filizdən çıxan qürurlu metal kimi,

Sonda sizin buluddan sıyrılaram mən hökmən,

Hər cür öcəşmələrə, hər qəmə hazır yenə.

 

Qəlb açaram ürəyi mamırdan yuva sayaq,
Döyündürən həm adi, həm də şirin duyğuya!

Çirkin “qəlbi Parisin” indi unudular da.

 

Artuadan Qaskona və Şampandan, Arqondan

Tutmuş Burqonna qədər, fransız ruhu, canlan!

Yaşasın bir ürək ki, bir ürəyi yaşadar.

Fransızcadan tərcümə

03-04. 12. 2018

Samara

POL VERLEN. BÖHTANLANMALI ŞEİRLƏR

verlain-19

Vers pour être calomnié

Mən bu axşam əyilib yuxunu seyr edirdim,
Yataq sadə, yuxu dinc, bütün bədən uyumuş.

Və gördüm o düşünən, oxuyan düz buyurmuş,
Gördüm günəşin altda elə hər şey fanidir.

 

Ah necə də canlıdır, incədir bu möcüzə,
Bir anda boyun əyən çiçək kimiyik elə!
Ah, hökmən dəliliklə sonlanan düşüncələr!
Sən yat, körpəm! Qayğından yuxu gəlməz gözümə.

 

Ah, bu eşq səfaləti! Zavalı eşqim mənim,

Yox əvvəlki nəfəsi indi daha sinənin!

Bu qapalı baxışsa ölümün əlaməti!

 

 

Gülür dodaqlarımda yuxulu bu dodaqlar,
Başqa gülüşü gözlər, daha coşqun və şaqraq,

Tələs, oyan və söylə: “Ölümsüzmü ruh qəti?”

Fransızcadan tərcümə

01-02. 12. 2018

Samara

POL VERLEN. BİR MÖHTƏŞƏM XANIMA

verlain-19

Une grande dame

Müqəddəsi azdırar bu gözəl, girinc qalar,

Qoca hakim görəndə! Amiranə yeişli,

Danışanda parlayır inci kimi dişləri,

Nitqi italyancadır, bir azca rus ləhcəli.

 

 

Gözlərində qarışıb Pruss göyünə mina,
Almazın itiliyi, sərtliyi onlarda var,
Sinənin əzəməti, dərinin ağlığıyla,
Nə bir kurtizan çatar, nə kraliça ona.

 

 

Pişik Ninetin özü, Kleopatra hətta,

Kübar gözəlliyinə ola bilməz onun tay!

 “Bu, möhtəşəm xanımdır!” — bax, sevimli Buridan.

 

 

Günəş də odlu deyil  kürən saçları qədər,

Səcdə edəsən gərək diz çökərək önündə,
Bu qadının üzünü ya da qamçılayasan!

Fransızcadan tərcümə

30.11 – 01.12. 2018

Samara

POL VERLEN. EHTİYATLILIQ

verlain-19

Circonspection

Bu ağacın altında, ver əlini, yavaşıt,
Nəfəsini, oturaq, burda yel öləziyər.

Altında budaqların, burda bozumtul xəzəl,
Əzizləyər ağımtıl, həlim ay işığını.

 

 

Hərəkətsiz; əyilsin dizimizə başımız,
Qəlb açaq xəyallara. Qoy onlarla yenə də,

Qovuşaq səadətə, tükənən məhəbbətə,

Bayquşqanadlarıyla sığallansın saçımız.

 

 

Unudaq ümidi də, və tam sükut içində,
Qəlbimiz ayna olsun günün keçinməyinə,

Və günəşin gecədə dərin, dinc batımına.

 

 

Dinməyək, danışmayaq, gecə ötə yarını,

Yaxşı deyil oyatmaq axı şirin yatanı.

Təbiəti, bu ciddi, qaraqabaq Tanrını.

 

Fransızcadan tərcümə

26-27.11.18

 Samara

POL VERLEN.  SEVMƏK İSTƏYİRƏM MƏN TƏKCƏ ANAM MƏRYƏMİ

verlain-19

            Je ne veux plus aimer que ma mère Marie

Sevmək istəyirəm mən təkcə anam Məryəmi,
Bütün başqa sevgilər tövsiyədir, tələb ya.

Bəlkə zəruridirlər, tək mənim anam amma,
Onu sevən ürəkdə işıq yandıra bilər.

 

Tək onun xətrinədir bu qurbanı verməyim,
Düşmənlər əzizlənə Onun xətrinə gərək.

Ürəyimə şirinlik, xidmətə həvəs və səy,

Haçan diləmişəmsə, O mənə bəxş eləyib.

 

Onun sayəsində xoş mənə bütün bu qəmlər,
Ondan ötrü ürəyim Beş Yaradan ağrıyar.

Bu nəcib canatmalar xaçlara, yaralara,
Onu çağıran kimi, çanağımı bürüyər.

 

Yalnız anam Məryəmi istəyirəm düşünəm,

Müdrikliyin zirvəsi, mərhəmətlərə mənbə,

Fransaya ana həm, ondan həmişə, hökmən,
Biz şöhrət və ləyaqət gözləyirik vətənə.

 

Qənirsiz Məryəm ana, məhəbbətin cövhəri,
Həyati və səmimi bir inamın məntiqi,

Sənin məhəbbətinlə nə eləsəm, həqiqi,

Təkcə səni sevərək, ey Qapısı Göylərin!

 

Fransızcadan tərcümə

25-26. 11. 2018

Samara

POL VERLEN. OĞLUM ÖLDÜ

verlain-19

Mon fils est mort

Oğlum öldü. İlahi, qanununa heyranam. –

Gözümdən axan yaşı sayın yalan şəhadət.

Bərkidirsiniz yəqin cəzayla siz inamı,

Beləcə bir varlığa zəifləriyr məhəbbət.

+

Sizin cəzanız ağır. Əfsus ki, oğlum öldü,
Siz onu vermişdiniz, ixtiyar sizin ancaq,
Yorulmuş ayaqlarım bələdçi diləyəndə,

Bu çətin dar cığırda, onu əlimdən almaq.

+

Siz onu vermişdiniz, aldınız onu siz də,
Əfsus, cəlalınızı unutdum indiyəcən.
Sevgidən üzülənə yetişən xəzinələr,

Üstündür ömür boyu Əkrəmin verdiyindən.

+

Siz onu vermişdiniz, qaytarıram sizə mən

Məhəbbət, səmimilik, sevgi cövhəri tək saf,

Ona görə də, Cabbar, rəhm et zəifliklə sən

Qəlbini sınadığın insana, qadir Allah.

Qoyun ağlayım, xeyir-dualar da deyim həm,

Seçilmişə; yəqin ki, onun dualarıyla,
İstərsiz yaxınlaşa o an ki, dönə  biləm,
Ölümümdən sonra mən ona, ya həzrət İsa.

Fransızcadan tərcümə

22-23. 11. 2018

Samara

POL VERLEN. ÖLÜM

verlain-19

  La mort

Necə ki, biçinçinin kor orağı doğrayır,
Peyğəmbərçiçəyini, vəhşi qanqala qatıb,
Necə ağır qurğuşun od yayır şığıyaraq,
Üzr də diləmədən ürəyinizə batır;

 

 

Eləcə müdhiş ölüm əjdaha yəhərləyib,
İnsanlar arasından keçir ildırım kimi

Oda yaxır, sarsıdır qabağına gələni,
Ağımtıl əllərində yellədərək çinini.

 

Varlı, kasıb, gənc, qoca, itaətdədir hamı,
Onun səltənətinə; bu monstr yol edir,
Hər öləri qəlbinə, caynağı iti vanmpir!
Uşaqların zalımı, əsil qanlı canidir.

 

 

Sakit, qürurlu qartal, başının üstdə nə vaxt,
Görərkən pərvazlanır bu qaraquş səmada,

Bir ikrah (əlbəttə ki, qəzəbdən artıq ikrah),

Doğulur ürəyində, nəcib düha, o anda?

 

 

Nə ölüm, nə də ölüm qorxusunu sayaraq,
Hüqo, sən acıyırsan hüznlü məğlublara;

Yaxşı bilirsən haçan yaş axıtmaq yeri var,
Sıradan gedənlərə bir neçə isti damla.

 

Fransızcadan tərcümə

21-22.11. 2018

Samara

POL VERLEN. BİR QADINA

verlain-19

          A une femme

Xəyal gülən, ağlayan iri gözlərinizin

Ruha məlhəminədir mənim bu misralarım.

İçərimi sarsıdan qüssədən yaranıblar,

Təmiz ürəyinizə töhfədir onlar  sizin.

 

 

Əfsus! İzləməkdədir məni qorxulu kaşmar,
Daha divanə, qısqanc, daha da çılğınam  mən,

Canavar sürüsüdür sanki dalımca gələn,
Taleyimi didirlər, taleyimdən qan axar.

 

Mənim iztirablarım, ah, elə dəhşətlidir
Ki, cənnətdən qovulan o birinci insanın

Naləsi mənimkinin yanında xoş nəğmədir.

 

Sizin qəlbinizdəki qayğılarsa, inanın,

Səmada pərvazlanan göyərçinlərə bənzər,
Sentyabrda, gülüm, elə ki hava qızar.

 

Fransızcadan tərcümə

20-21. 11. 18

Samara