ROBERT BERNS. AYRILANDA İLK ÖPÜŞ

Robert Burns

Şirin duyğuların nəm möhürüdür,

Ən incə rəhnidir gələcək həzzin.

Ülfətin qırılmaz bağını hörür,

Sevginin ilk qarı — safı, təmizi.

+

Asta danışıqdır, sözlü lal baxış,

Odun alışmağı, uşaq oyunu.

Qümri nəvazişi, bakirə ağuş,

Qızaran danıdır gələcək günün.

+

Son hərəkət — sevinc qəmə dönəndə,

(İndi ayrılalar dodaqlar gərək).

Səninki tək çılğın, səmimi həm də,

Sevgi ayrı nə söz deyə biləcək?

1791

İngiliscədən tərcümə

19.06.2024, Samara

+++++++

ROBERT BURNS

THE FİRST KİSS AT PARTİNG

Robert BERNS. NAHARQABAĞI ŞÜKRANLIQ

Robert Burns

Sən ey səxavətlə hər vaxt kəsin,

Hər ehtiyacını ödəyən, verən.

Bizə mərhəmətin nə göndərirsə,

Tanrı, sənə alqış deyirik hökmən.

Və sənə xoşdursa, Səmavi Rəhbər,

Olan yaxşımızı pis eləmə sən.

İstər əta elə, rədd elə istər —

Sənə azaltmasın şükrünü bəndən.

Amin!

+++++++++++

ROBERT BURNS

A GRACE BEFORE DINNER

O, thou, who kindly dost provide,

For every creature s want…

ROBERT BERNS. VARDI BİR SEVİMLİ QIZ…

Robert Burns

Bir qız vardı sevimli, necə də sevimli, ah,

Sevdiyi oğlan isə mehribandı, həm gözəl.

Bir gün hərbin həyəcan təbili çalınanda,

Göz yaşıyla və ahla ayrıldı sevgililər.

+

Dənizin o tayında toplar guruldayırdı,

Biganəydi qorxuya gözəl oğlan hələ də.

Sevdiyi gözəl idi yeganə bu dünyada,

Onu qorxuda bilən, onu fəth eləyən də.

ingiliscədən tərcümə

17.06. 2024, Samara

×××××××××××××

ROBERT BURNS

THERE WAS A BONIE LASS

There was a bonie lass, and bonie, bonie lass,

And she lo.ed her bonie laddie dear,

Till war loud alarms tore her laddie,

WI. monie sigh and frea her  arms tear…

ROBERT BERNS. ƏKİNÇİ NƏĞMƏSİ

Robert Burns

Gəzib-dolaşan zaman çöldə yaz səhəri mən,

Eşitdim gənc əkinçi nəğmə deyir şirin, şən.

Əkinçi nəğməsinin vardı bu sözləri də,

«Mənim may həyatım tək hansı həyat gözəldir?»

+

Səhər çağı torağay yuvasınl tərk elər,

Gecə şehi döşündə, qanad çalıb yüksələr.

Nəğmə deyər, fit çalar o, şən əkinçiylə bir,

Yuvasına qayıdar, görəndə ki  gecədir.

İngiliscədən tərcümə

17.06. 2024, Samara

×××××××××

ROBERT BURNS

As I was -wandering ae morning in spring

I heard a young ploughman sae sweely to sing,

And as he was singing this words he did say,

There s name life like the ploughman s in the month of sweet may.

ROBERT BURNS. ÖTƏN ZAMANLAR

Robert Burns

Unudulmalımı köhnə tanışlar,

Adları yaddaşdan silinməlimi?

Unudulmalımı köhnə tanışlar,

Eləcə ötüşən günlər — eləmi?

+

İçək şərəfinə ötən günlərin,

Yada ötənləri salaraq yenə.

Etibarlı dostla nə içsək, şirin,

Ötən zamanların içək şəninə.

+

Qaçardıq təpənin ətəyində biz,

Hər tərəf ağ-sarı qızçiçəyilər.

Yorulub o vaxtdan ayaqlarımız,

Gözəldi o keçmiş, o şanlı günlər.

+

Əzizim, üzərdik çayda doymadan,

Səhər açılandan axşama qədər.

Yaratdı, əfsus ki, ötən bu zaman,

Dostum, aramızda sonra dənizlər.

+

Bu mənim əlimdir etibarlı dost,

Əzizim, əlini sən də ver mənə,

Badəni qaldıraq, deyək gözəl tost,

İçək, yada salıb keçmişi yenə.

+

İçərsən, əlbəttə, dibinəcən sən,

Mən də özümkünü içərəm elə.

Xöş niyyət badəsi süzək təzədən,

Ötən zamanların xatirəsiylə.

ingiliscədən tərcümə

15.06. 2024, Samara

×××××××××××××

ROBERT BURNS

AUKD LANG SYNE

Should auld acquintance be forgot,

And never be forgot to min?

Should auld acquintance be forgot,

And auld lang syne?

ROBERT BERNS. QIZINA EPİTAFİYA

Robert Burns

Qönçə qızılgüldür burda uyuyan,

Qönçəydi, soldu o, qönçəliyində.

Ətir yayılardı məsumluğundan,

Yox elə qoxusu bir çiçəyin də.

+

Həyatdan gedişi kimə ki, dərddir,

Onlara bu böyük təsəlli də var:

Bu qəm dünyasını o, tərk edibdir,

İndisə cənnətdə qızılgül açar.

ingiliscədən tərcümə

13.06. 2024, Samara

××××××××××

ROBERT BURNS

Here lies a rose, a budding rose,

Blasted before its bloom.

Whose innocence did sweets disclose,

Beyond that flowers perfume…

YANĞINDAN SONRA

İYUL 2023

Qorxanam. Və nədən qorxmamışam ki?-

Açar itirməkdən o cümlədən də.

Cibə gündə gərək on dəfə bəlkə,

Əl vurub biləydim: açar — yerində!

+

İndi də, yəqin ki, unutduğumdan,

Başıma nə gəlib, hardayam, kiməm,

Cibimi yoxlayır əlim anbaan,

Barmaqlar boş yerə dəyir — əsirəm…

+

Açar yox cibimdə qapımı açam,

Ev də yox ki, girəm qapını açıb.

Dünyanın malından azad adamam,

Dünyanın yoludur üzümə açıq.

13.06. 2024, Samara

YANĞIN

İYUL 2023

Deyiblər iki şeyə baxmaq olar əbədi,

Odun yanmağldır bu, suyun axmağı bir də

Gözlərim, görün indi iki tamaşa birdən,

Əbədiyyət ömrü var ötən hər dəqiqədə.

+

Yanır yaratdıqlarım, yanıb gedir qurduğum,

Yanır alıb-yığdığım, yazdığım, oxuduğum.

Yanır nadir nəşrlər, şagird dəftəri yanır,

«Əlyazma yanmır» deyən, əlbəttə ki, yanılır.

+

«Fövqəladə» su vurur, su axır oda qarşı,

Bax, gözüm, möhtəşəmdir odla suyun savaşı!

Ehtirasın gücündən bir- birini məhv edən,

Çılğın sevgililərin beləcədir hərbi də.

+

Odun ehtirasını soyudub söndürür su,

Bədbəxt hadisəmi bu? cəzamı, sınaqmı bu?

Kül qalır iki saat əvvəl olan həyatdan,

Baxın, gözlərim, ancaq acı yaş axıtmadan.

+

Səcdə edərəm külə aralıdan mən elə,

Çıxaram heç səmtini bilmədiyim bir yola

Bircə yoldur dünyada tükənməyən, əbədi,

Həqir, başıaşağı yenə gedərəm indi.

07.06.2024, Samara

ROBERT BERNS. DOST HAQQINDA

Robert Burns

Şərəfli bir adamdı uyuyan bu məzarda,

Tanrı rəhməti çatsın hamı kimi ona da.

İnsanı sevirdi o, doğrunu sevirdi həm,

Müəllimdi gənclərə, ahıllarasa həmdəm.

Saflığıyla seçilən nadir ürəyi vardı,

Bilikli başı kimi çox az baş tapılardı.

Cənnətdir yeri hökmən, varsa o dünya əgər,

Bunu yaxşılaşdırıb o, gücü çatan qədər.

1783

ingiliscədən tərcümə

12.06. 2024, Samara

≈=============

Robert Burns

ON A FRİEND

An honest man here lies at rest,

As ever God with his image blesst.

The friend of man, the friend of truth,

The friend of age, and guide of youth.

ROBERT BERNS. YOXSULLUQ

Robert Burns

Siyasətə qoşulmaq keçirsə ürəyindən,

Düşünərək bu yolla güzəranın düzələr;

Yaxşı yadında saxla: kar ol, kor ol həm də sən,

Böyük adamlar ancaq görüb-eşidə bilər.

1793

ingiliscədən tərcümə

11.06. 2024, Samara

+++++++++++

ROBERT BURNS

POVERTY

İn politics if thou wouldst mix,

And thy fortunes be;

Bear this in mind — be deaf and blind,

Let great folks hear and see.