Архив тегов | Ərəbqardaşbəyli

ŞİRİN SƏSLƏR: ƏŞRƏF BƏDƏLOV EDİNBURQA GEDİR…

Ərəbqardaşbəyli. Şiralı Bədəlovun həyəti. Talvarın altında xeyli adam var. Qohum-qonşu Şiralı və Rübabə Bədəlovların nəvəsi Əşrəfin Edinburq universitetinə qəbul olunması münasibətilə gözaydınlığına gəlib.

HÜSNİYYƏ: Bağda püssə, gözün aydın.  Şiralı, gözüüz aydın. İsmayılın canıyçın, eşidib o ğədə söönmüşəm ki. Ancağ billəm inanmıyassan

ŞİRALI: Nöş inanmıram aaz?

HÜSNİYYƏ: Xəsyətü billəm də. Urbaba, gözün aydın. Nəvün Əmerkiyə gedir, day bizi bəyənmərsən.

RÜBABƏ (gülür): Bıy, bı dəli olub ey. Nöş bəyəmmirəm aaz? Nəvəm Amerkiya girmiyib, ayrı yerə girib.

HÜSNİYYƏ: İndi gizzəd. Gözüm dəyəcəy? Zəhləm qaçır də xasyətünnən. Nöş gizzədirsən? Ədə, Şiralı, nəvün Əmerkiyə girmiyib?

ŞİRALI: Yo, Amerka döör. Amerkaan yanındadı. Aralarından Kür kimi su axır.

HÜSNİYYƏ. Gəə mən diyən olır də. Sağ-salamat oxuısın.

RAZİYYƏ: Şiralı, Əşrəf Xeyrulla olan yerə gedir?

ŞİRALI: Nə Xeyrulla aaz? Xeyrulla bırda döör bə.

RAZİYYƏ: Bırda hardıydı, ay Şiralı. On ildi üzün görmürüy.

ŞİRALI: Özü gəlmir də. Başı qarışıb kefə. Əşrəf uzağa gedir. Əşrəf gedən yer Şotlandıyadı.

RAZİYYƏ: Sağ-salamat oxusun gəlsin. Xeyrulla gəlmədi (ağlayır)

BAĞDA XALA: Aaz, nöş ağladun? Şiralı, Yavər diyir Əşrəf gedən yerdə kişilər arvad tumanı giyir. Düz diyir?

ŞİRALI: Yavəri də qoyasan bəzəsin. Yox hamam eliyir. Arvad tumanı nədi?

BAĞDA XALA: Ədə Yavər, dimürdün?

YAVƏR: Giyillər. Televizorda görkəzillər. Əməlli-başdı arvad tumanı.

KAİNAT: Əmi, kilt şotlandların qədim geyimidir, indi bayramlarda giyillər.

YAVƏR: Bayramda ya hər nə. Tələbələrə də giydirillər məcburi. Əşrəfə dimişəm bi-iki dəs də biziyçin alıb göndərsin. Mal qabağına gedəndə giyərüy. Onsuz da bu kümət bizi arvada döndərib.

ŞİRALI: Ağız büzənimiz öyün içindiymiş. Hələ çox söz çıxacağ. Bə arvaddar orda nə giyillər?

YAVƏR. Arvaddar heç nə giymillər.

ŞİRALI: Sən day ağ elədün, səə sözüm yoxdı.

ALIHÜSEYN: Şiralı, Yavər zarafat eliyir də, xəsyətin bilmirsən? Şiralı, yadundadı, məə də xaricə göndərirdilər.

ŞİRALI: İndi eşidirəm. Haçan?

ALIHÜSEYN: Ağronomluğı qutaranda, lələ caa, qardaş caa.

ŞİRALI: Bə mən nöş bilmirəm? Bi yerdə quratmamuşuğ?

ALIHÜSEYN: Şiralı, lələ caa, məə tapşırdılar ki, heç kimə dimiyim. Sekretni bi şey idi.

ŞİRALI: Bə nöş gedmədün?

AlIHÜSEYN: Dədəm qoymadı. Didi xarijdə pozularsan.

ŞİRALI: Sən dədüün sözünə baxdun?

ALIHÜSEYN: Baxdım də. Üşşəxaam da didi gedsün səə gözzəmiyəcəm…

ŞİRALI: Diyirsən də, Alseyn, qalmışam məətəl.

HÜSNİYYƏ: Alseyn, Şiralı münkirdi ey, baş qoşma. İsmayılın, Namidin canıyçın, Şiralınlnın işi-gücü elə adam incidməydi. Uşağın xətrinə gəlmişəm, üzünnən zəhləm qaçır.

BAĞDA XALA: Aza, o sənən zarafa eliyir, sən də coşursan. Səən xətrüü çox issiyir Şiralı.

HÜSNİYYƏ: Ay Bağda bacı, mıın issəməyi belənçiydisə, gör issəməsiydi nə təər olardı…

SEYFULLA: Şiralı, diyirəm bərkə bizzə yığışıb gedəy xaricə?

ŞİRALI: Gedməy hasatdı? Xaricə bizi bıraxıllar gedəy? Lap elə bıraxsınnar, sən Zenfiraan qorxısınnan heç kəddən qırağa çıxammirsan.

SEYFULLA: Şiralı, öz aduu məə qoyma. Mən arvaddan qorxan dörəm.

ŞİRALI. Boy, mən səə didim arvaddan qorxursan?

SEYFULLA: Dimədün, ancağ eyham vırdun.

PİRALI: Şiralı, sən bu eyhamları yığışdır. Özün boyda nəvələrün var. Afser nəvün var.

ŞİRALI: Bıy, mıın ürəyi dolıymış ki.

ABBASQULI: Şiralı, mən saba səər tezzən bırığa gedəcəm. Şamun gec olacağsa, mən gedim öydə yiyim.

ŞİRALI: Hara gedirsən? İndi yiməy çəkiləcəy, arağımız da var.

ABBASQULU: Arağ dicəyin bırda içən kimdi ki…

 

20. 08. 2025, Samara

ƏRƏBQARDAŞBƏYLİNİN ARVADLARI VƏ KİŞİLƏRİ. 5. QANLI SURRA TOYU, ƏZİZAĞA VƏ SALAH QARDAŞLARI

İYUL 2023

Bizim Kür aparan evimiz Yusif kişinin yurdundan təxminən yüz metr qaqabda, suya ən yaxın ev idi.  Çəpərimizin qabağından Surra yolu keçirdi – indi Kürün yatağının nə qədər dəyişdiyini təsəvvür edə bilərsiniz. Kür yavaş-yavaş yola yaxınlaşdı, çəpərə dirəndi, çəpər getdi, bağı yeməyə başladı… Kişi xeyli dalda, Hüseynbala kişinin yurdunun qabağında, İmanqulu ilə Ərəstunun evlərinin günbatan tərəfində ev tikməyə başladı. 1963-cü ilin payızında köçdük. Köhnə yurdu isə Kür qarış-qarış yeyir və dayanmaq bilmirdi. Sonra evi də apardı…

Yusif kişini heç vaxt görməmişəm.o, çoxdan ailədən getmişdi və Salyanda başqa arvadla yaşayırdı. Kəndə, mən bilən, ayaq basmırdı. Ailəni Xanımsoltan xala idarə edirdi. Onlarla bağlı ilk xatirəm qızı Asiyənin gəlin getməyidir.Asiyə özü yadımda deyil. Ancaq gəlin getmə mərasimi qəribəliyinə görə xatırlayıram – gəlini elə evin qabağındakı suvata yan almış kiçik gəmiyə mindirib Aşağı Surraya aparıdılar.

Xanımsoltan xalagilin həyətində həmişə çox qorxulu it olardı, itlər dəyişə də, “Pələng” adı irs kimi keçirdi. Həyət uzunu məftil basdırılmış, itin zənciri bu məftilə keçirilmişdi. Və Pələng uzaqdan, lap bizim evin qabağından Surra tərəfə gedənin hənirini eşitcək həyət boyu o baş-bu başa qaçıb özünü yırtırdı. Zəncirini qıran vaxtları da olmuşdu. Səhv etmirəmsə, sonuncu “Pələng” Rahiləyə hüum edib ağır xəsarət yetirmişdi. Xeyli keçəndən sonra Pələngi tüfənglə   elə həyətdəcə vurub öldürdülər. Gülbahar bir müdddət quranla qonşuları gəzib and içdirirdi ki, Pələngi vurub-vurmadığını desin. Bizim Süleymanın da yanına gəlmişdi və Süleyman bərk acıqanmışdı. Süleyman isə acıqlananda bərk acıqlanırdı…

Sonralar məlum oldu ki, Pələngi Ağalar vurdurub. Yəni bacısının qisasını alıb. Kimə vurdurduğu da bilindi. Sərrast gecə atıcısı Gülbahargil batan adam deyildu, ona görə üstünü vurmadılar…

Mən, pələnglərdən qorxsam da, Zəkulla ilə hərdən onların həyətinə gedirdim. Onların qrammofonu var idi. Yəni kinolardan gördüyümüz qrammofonlardan. Gülbahar onun dəstəyini xeyli fırladır, sonra isə valı qoyurdu. Vallarda nə oxunduğu yadımda deyil…

Xanımsoltan xalaqaraqabaq, hətta zəhmli arvad idi, deyib-gülən deyildi, həmişə ciddi, amiranə tonla danışırdı. Tez-tez “axıllı, ol”, “otur yeründə” deməyi var idi. Xanımsoltan xalanın böyük oğlu Kazım böyük və varlı Oktyabr kolxoz sədri idi. O da özünü sədr anası kimi, yəni ağır və hətta sərt aparırdı. Yəqin Yusif kişi sədr anasının yanında olmaqdansa sədrin özünün yanında olmağı üstün tutmuşdu – o, Salyanda oğlu ilə qonşuluqda yaşayırdı…  Xanımsoltan xalanın bizə gəlib-getməyi yadımda deyil. Məməm daldakı ikinci qonşumuz Səkinə xala ilə yaxın idi. Məməm onun qızı yerində olsa da, çox mehriban idilər. Səkinə xala məzəli danışar, gözləri yaşaranacan gülərdi. Əşrəf kişini görsəm də, nə üzünü, nə səsini xatırlayıram. Bizim onlarla qonşu olduğumuz vaxtlar kənddə Əşrəf kişi ilə Səkinə xalanın ailəsini zəlzələ kimi sarsıtmış və xeyli adamım taleyini kəskin dəyişmiş iki hadisə baş verib.

Ya 1959-cu, ya da 1960-cı ildə, çox güman ki, 1959-da Bala Surranın bir toyunda yəqin ki, bu iki kəndin tarixində ən ağır dava düşüb. Bəyin adı, səhv etmirəmsə, Ağarəzi (yəqin ki, Ağarza) olub. Əlbəttə, mən bu davanı gözümlə görməmişəm, o vaxt məni uzağı altı-yeddi yaşım olub. Ancaq bu davanın söhbəti bir neçə il danışılıb. Xüsusən ilk vaxtlar, mən danışılanları gözümün qabağına gətirdikcə qorxudan əsirdim…

Dava surralılarla ərəqardaşbəylilər arasında düşmüşdü. Əslində “düşmüşdü” demək olmaz. Gözlənilmədən, qabaqcadan hazırlanmayan dava haqqında “düşdü” deyərlər. Surra toyundakı dava isə qabaqcadan hazırlanmışdı.İki kəndin cavanları arasındakı ədavətin səbəbi barədə üstüörtülü söhbətlər eşitmişəm, ancaq indi yadımda deyil…

Davanın özünüi isə müharibə səhnəsi kimi təsvir edirdilər. Odlu silah, mən bilən, işlədilməmişdi. Yəqin ki, hazırlıqlı gələn Ərəbqardaşbəyli cavanlarında bıçaq olub. Su qrafinini sındırıb sınığıyla da vururlarmış. Bəyə də xəsarət yetirib qarnını cırıblar. Qan su yerinə axırmış…

Davanın kim və necə yatırtdığını bilmirəm. Salyan milisinə, maşın və telefon olmayan vaxtlar, xəbər ancaq səhər çata bilərdi. Xəbər çatan kimi dava iştirakçılarını başlayıblar yığmağa. Səhv eləmirəmsə, kəndçilərimizdən Əlisahib, Əzizağa tutulmuşdular. Qonşumuz Əzizağanın həbsdə olduğunu eşitmişdim, müddətini bilmirəm. İmanqulu Rzayev Əkbəri cinayət məsuliyyətindən yayındırmaq  üçün onu əsgər göndərmişdi. Ümumiyyətlə, İmanqulu kişi Surra davasının Ərəqardaşbəyli cavanları üçün ağır nəticəsini yüngülləşdirmək üçün xeyli çalışmışdı, çünki əsas iştirakçılar yaxın qohumları idilər…

Əkbər dəniz donanmasına düşdü və o vaxtın qanununa görə dörd il xidmət elədi.1963-cü ildə tərxis olunub kəndə qayıtdı və bir neçə aydan sonra təsadüfən atılan güllə onu öldürdü…

Əzizağa bəstəboy, kiçik qabaritli olsa da, gəncliyində davakar və döyüşkən olduğunu deyridilər. Tullanıb kəllə vurmağını tərifləyirdi. Kiçik qardaşı Salahın necə döyüşkən olduğunu özüm kəndimizdəki toyların birində görmüşəm. O toyda qan tökülmədi, ancaq şanlı dava oldu, Salahla mənim qardaşım Süleyman ikilikdə, yalan olmasın, on adamı vurub yıxdılar. Ucaboy, uzun qollu Salah üzbəüz döyüşdəki məharəti, fövqəladə çevikliyi ilə Jan Pol Belmondonu xatırladırdı. Salahı tanıyanlar onun doğrudan da Belmondoya oxşadığını təsdiq edərlər…

Salahın döyüşçü kimi yetişməsində qonşusu və onunla təxminən bir yaşda olan Əlyarla mübarizəsinin böyük rolu olmuşdu. Əşrəf kişinin evi Heydərin, yəni Əlyarın atasının yurdu ilə çəpər-çəpərə idi. Salah da, Əlyar da müharibə dövrünün uşaqları idilər. Kənddə xeyli adam, xüsusən azyaşlı uşaqlar 1941-45-ci illərdə aclıqdan ölüblər. Kəpək, jmıx tapıb yeyənlər sağ qalıblar. Əlyarın uçaqlığı daha çətin olub, çünki az yaşından yetim qalıb. Alman filosofu Nitsşe deyib ki, səni öldürməyən hər şe səni daha güclü edir. Yetim Əlyarı öldürə bilməyən müharibə doğrudan da onu güclü elə eləmişdi, bu adamda enerji tükənməzdi. Təəssüf ki, bu enerjini istəkli qonşumuz Əlyar həmişə gərəkli işə sərf eləmirdi…

Deməli, Salah da, Əlyar da uşaqlıqda dələduz olublar, Nyu York kimi bir yerdə bunlar birləşib banda yaradar, gedib bank ya zərgər dükanı yarardılar. Salahla Əlyar isə hər gün qoyurmuşlar bir-birinin ənginə. Əlyar boyda Salahın yarısıycan olsa da, Salaha can vermirmiş. Məməm danışırdı ki, o Əlyarın p vaxtlar subay bacısı Əminə əlləşənləri ayırmağa çalışaraq ağlaya-ağlaya deyirmiş: “Ay yetim, gəl gedəy, Salah səni öldürəcəy…”

Salahın davakarlığı, Süleymanla birgə elədiyi dava istisna olmaqla, elə uşaqlığında qaldı. Xüsusən evlənəndən sonra hövsələli, təmkinli olmuşdu, yəni başını aşağı salıb pul qazanır, Salyanda yekə ev tikir və hətta kiçik biznes də yaradırdı. Arvadı Ceyran, arbatanlı qızı, məməmin yaxın qohumu idi və kənddə olduqları vaxt bizə tez-tez gəlirdi. Gözəl gəlin, həm də çox mehriban adam idi…

Elə o vaxtlar, ilini dəqiq deyə bilmərəm, 60-cı illərin lap əvvəlində Səknəxalagildə təsir gücünə görə bəlkə qanlı Surra toyuna bərabər hadisə baş verdi. Kamil müəllimin kiçik qardaşı, Əzizağanın qaynı, iki uşaqla dul qalmış taksi şoferi Ağalar Əşrəf kişinin kiçik qızı Əzizəni qaçırdı…

X.X.

24.12. 2024, Samara

(ardı var)

əvvəli burda:

ƏRƏBQARDAŞBƏYLİNİN ARVADLARI VƏ KİŞİLƏRİ. 4. CAHANGİR VƏ İMANQULU

      PİŞİK

                       

                                                                                                              unudulmaz səslər

Ərəbqardaşbəyli. Cahangir kişinin yurdu. Həyətin qabağnda Raziyə xala qonşusu hardansa gələn Şirali Bədəlovu görür.

— Buy, ay Şiralı, diyəsən Bəkidən gəlirsən?

— Bəkidən gələnə oxşıyıram?

— Paltaurunnan bildim. Kainatgilə gedmişdün? Nətəərdilər?

-Olar yaxşıdılar. Mən bitəər olmuşdum.

-Bitəər nöş olurdun?

— Əşşi, Kainatgildə bir həngamə variydi ki, gəl görəsən.

— Nə həngamə, ay Şiralı? Kainat sakit oğlandı.

— Əşşi, diyirsən də. Kainat pişig saxlıyır.

-Niyaxşı. Pişig öyün yaraşığıdı.

-Əşşi, sən də yaraşığ tapdun. Zəhləm gedir pişiydiən.

-Yox, ay Şiralı. Pişiy olmasa, mən tək qala bilmərəm (ağlamsınır). Hardan götürüb pişiyi?

-Diyir tappuşşuq. Məə görə diyir. Bakıda pişiylər çölə tökülüb ki, tapasan? Yəqin alıb, mənnən gizzədir.    -Bəkıdə pişig satıllar?

-Bəkidə satılmayan şey var?

-Ay Şiralı, Məmməsseyinin həyti doludu pişiynən, Ülügil yığıb aparalar Bəkidə satalar.

-Dinən də Səmayiyə.

-Diyərdim ey, ancağ Məmməsseyinin həytindəki pişiylər oğrudular, satarsan, zöyüş yiyəsi olarsan. Kainat pişiyi neçiyə alıb?

-Məə diyər? İndi öyün böyüyü də, kiçiyi də pişiydi. Ay mını yisin, ay ou yisin. Professora aparacağlar.

-Azarrıyıb?

-Yox, diyillər birdən azarrıyar… Kainat işdən hər saatda zəng eliyir şəkilli telfunnan. Vüsalə gərək pişiyi görkəzə, olmasa Kainat işdiyə bilmir.

-Bəziyirsən ey, Şiralı…

-Nə bəziyirəm? Telfuna şəklin qoyub, iş görəndə də cibindən çıxarıb baxır.

-Tiyatırsan ey, Şiralı. Pərigil nətəərdi?

-Yaxşıdılar. Qonaqlıq eləmişdi.

-Səə görə?

-Nə mən aaz? Dədə-zad yaddan çıxıb. Pişiyin qonaqlığıydı…

-Oyunun olsun, ay Şiralı. Pişig yaxşı pişiydi?

-Pişiyin nə yaxşısı? Gözzərindən bilirsən kimə oxşatdım? Səən qoşun var ey. Adın dimiyəcən, özün bilirsən…

-Ay Şiralı, məə xatıya salma. Heç oynadıb-eləmədün?

— Mən pişig oynadanam? Özü gəldi oturdu qucağımda, issədim götürüb atam yerə, Kainatın xətrinə dəymədim… Mən Kainata diyirdim it saxlasın, sözümə baxmadı. Dədə-babadan bizim həmişə itimiz olub…

— Ay Şiralı, süzün ittərüüz yaman adam tutan olurdu.

— Sən də söz danuşdun. Bizim it kimi tutmışdı?

— Məə tutmuşdu. Qıçımı Qaştan parçalmışdı…

— Yox, hamam eləmişdi. İndi çaşıb ağzın atıb.

— Diyirsən də… Bəki yerində elə pişig yaxşıdı, ay Şiralı. İtin xərci ağırdı.

— İtin nə xərci? Səən qoşun varıydı ey, yeddi-səkkiz it saxlıyırdı. Olara yiməy verirdi? Hürüb-hürüb yorulurdular, səssəri kəsilirdi.

— Yox, ədə, yiməysiz it qalmaz.

-Necə qalmaz? Canı da çıxar… Bıy, pişiyün gəldi. Aaaz, bu səən başua çıxdı ki?

— Ay Şiralı, bı belənçiydi. Başıma çıxır. Neynəy, qoy çıxsın. Bı olmasa, lap bağrlm çatdıyar. Gələn-gedən yoxdı. Day Xeyrulla gəlmədi. Ay Şiralı, diyirəm Xeyrulla gəlməz (ağlayır).

-Diyan ey. Ağlamağ nədi… Geci-tezi gələr. Hara gedsük, axırda bura gəllüy. Darıxdırma özüü. Mən Kainatın pişiyini bəziyirdim ki, kefün açılsın…Sən də ağladun. Ağlama…

28. 11. 2024, Samara

YETMİŞİN ÜSTÜNƏ BİR İL DƏ GƏLDİ…

            

qardaşlarımın, bacılarımın xatirəsinə…

 

Yetmişin üstünə bir il də gəldi,

Saydır bu ömürdə təkcə möhtəşəm.
Evim yanmasaydı, elə bilərdim,
Bu ildə bir gün də yaşamamşam.

 +

Özüm can atmadan və gözləmədən,
Mən bütün ehtimal hədləri keçdim.

Bacı-qardaşlardan çox yaşadım mən,
Hamıdan böyüyəm – qəribə işdir…

+
Ailə süfrəsi  başında sanki,
Yenə oturmusan bardaş quraraq,
Qabına qoyulub ən ləziz tikə,
Yeyirsən, baxmırsan heç kimə ancaq…

 22. 11. 2024, Samara

 

AH, O VAXT OLSAYDI İNDİKİ AĞLIM…

09. 10. 23     

                          Yusif Süleymanlıya

Ah, o vaxt olsaydı indiki ağlım,

Başımdan aşırdı sərvətim indi.

Yan-yörəm qiymətsiz xəzinə idi,
Nə istəyə bildim, nə zorla aldım.

 +

Lələmi, lələmi danışdırmadım!

Nələr danışardı, bir Allah bilər…

Doğum tarixi – on doqquzuncu əsr,

Üstəlik yaxşı da yaddaşı vardı.

 +

Gərək qılığına onun girəydim,
Əl atmaq olardı şantaja hətta,

Keçmişi içində dəfn edən ata,
Bəlkə də çox şeyi açıb deyərdi.

 +

Nənəmdə, nənəmdə nələr olarmış!
Sandığı kasıbdı, yaddaşı zəngin.

İyirminci əsrin əvvəli yəqin,
Bəzəksiz, yalansız orda qalarmış.

 +

Sinədəftər idi anam doğrudan,
Məharətli idi söhbətində də.

Yazaydım kaş bircə söz ötürmədən,

Dəftərə, yaddaşa gərək o zaman.

 +

Qonşular dünyanın özü tək qədim,

Tükəzban xala da, Bəyim xala da.
Oyuncaq tapança çəkərək hətta,

Bir kitablıq söhbət ala bilərdim.

 +

Zəli tək yapışıb dayım Sabirə,

Tarixi soraydım mən ondan gərək.

Şimallar, türmələr mən də onun tək
Görərdim, gedərdim bəlkə Sibirə.

 +

Virtuoz cibgirlər cib kəsən sayaq,

Bir şey hər yaddaşdan gərək çəkəydim,
Həm zəngin olardım mən, həm də qədim,
Varımı hər kəslə bölərdim ancaq.

 +

Ah, o vaxt olaydı indiki ağlım…

Nə bilim hər insan xəzinədardır,
Hər adi sinədə xəzinə vardır…

Sərvət itirmişəm, tükənmir ağrım…

09-10. 08. 2024, Samara

BACIM QIZI GÜLBAHAR ÜÇÜN

GÜLBAHAR

 Adına oxşayan çoxmu adam var? –

Nə Xeyir? Nə Allah? – məni götürsən….

Sən gülən, gülləri solmayan bahar,

İstəkli bacımın balasısan sən.

 +

Nə sərvət qazandım, nə ad qazandım,

Ancaq sevgi gördüm fövqəladə mən.

Sən “dayı” deyəndə ya da yazanda,

Bu gözəl rütbəmlə fəxr elədim mən.

 +

İlin doqquz ayı burda soyuq var.

Doyunca yayda da isinmirəm mən.

Qəlbimə xatirən gətirir bahar,

Pəncərəmdə açan gül kimisən sən.

27. 05. 2024, Samara

«TOYUQDAN-CÜCƏDƏN HAÇAN NƏ BİŞSƏ…»

Toyuqda-cücədən haçan nə bişsə,
Yeyərdi boyunla ayağı anam.

Deyərdi: “Bunları sevirəm nəsə,

Ətlə uşaqlıqdan olmayıb aram”.

 

Biz də inanırdıq onun sözünə,
“Ayaq, baş sevəndir məmə”, deyirdik.

Buddan, döş ətindən bəxtə düşsə nə,
Bir göz qırpımında basıb yeyirdik.

 

Çorəyin boyadı, çayın qalmışı,
Qazanın kəfgirlə sıyrılan dibi,

Paltarın köhnəsi. güvə salmışı –

Yaxşını qıymadı ölənə kimi.

 

Oğul-uşaq yedi yaxşını, geydi,
Şirin, dadlı bizə düşəydi gərək.

Qazanın dibində qalanı yedi,

Qalmayanda yedi anam şor-çörək.

 

Tikənin yağlısı, ya təzə paltar,
Çaşdırır, indi də məni, pərt edir.

Mənə xatırladır anamı bunlar,
Nə yesəm, nə geysəm, haram kimidir…

  1. 04. 2024, Samara

DOSTUM İLHAMIN 70 İLLİYİNƏ. «ƏDƏ, SƏN DƏRƏDƏN ÇIX, SƏN MÜƏLLİM OĞLUSAN…»

İLHAM-colorized

Bu gün İlham Kamil oğlu Ağayevin 70 yaşı tamam olur. Biz yaşıdıq – mən ondan iki ay yarım böyüyəm, ancaq bir il qabaq məktəbə getmişəm.

Mən kəndimizdəki cavanların tanımadıqları, yaşlıların unutduqları İlhamdan danışmaq istəyirəm.

İlham uşaqlığından işlək, zirək və işində çox səliqəli idi. Dəmir kimi biləkərində fövqəladə güc vardı.  Kamil müəllim uşaqlarını işsiz qoymurdu. Qonşular, qohumlar çağııranda da İlham gedib işləyirdi. Bəlkə indi az adam inanar ya heç kim inamaz, ancaq mən də İlhamla birgə mərhum Gülağanın, Ağası müəllimin, Rasimin, Cəlilin evlərinin tikintisində — kərpic kəsiləndə. Barı hörüləndə, suvaq vurulanda – işləmişəm. İlham hər ağır işin öhdəsindən gəlirdi. Məni ayrıca köməyə çağırmırdılar, mən İlhama qoşulub gedirdim. Ən çox rəhmətlik Rasimin evinin barısında işləmişik. O vaxt mən də siqaret çəkirdim. Günortaya qədər siqaretltlərmizi çəkib qurtarır, nahardan sonra evin özülünə tökülmüş tüləklərimizi yğıb çəkirdik… Rasim də bizim siqaretimizi çəkirdi. Razim çox sarafatcıl adam idi, işləyə-işləyə danışıb bizi güldürürdü. Ancaq rəhmətlik bərk adam idi…

Ərəbqardşbəylidə kim bərk deyil ki?

Hə, bir neçə dəfə İlhamla qonşu Əlyara da kömək eləmişik, deyəsən, növbəti tikili üçün kərpic kəsirdik. Bir dəfə işdən sonra rəhmətlik Əlyar “heyf ki, sənəimi atdım” deyib qarmonunu evdən götürüb oturduğumuz aynabəndə gətirdi. İlham da, mən də qarmon çala bilirdik. Qarmonu alıb baxanda məəttəl qaldım. “Əlyar, bunun yarımdilləri qoxdur ki?!” Əlyar sakitcə dedi: “Hə, yoxudur”.

Əlyar gəncliyində kəndin xınayaxtılarında qarmon çalırmış. Sonralar Rusiyada naməlum şəkildə ölmüş ya öldürülmüş surralı Fərhad isə balaban çalırmış…

Əlyar bir dəfə İlhamı Salyabstroya (Kürkənd?) aparır. Bacısı Əminə təzə ev üçün kərpic kəsdirirmiş. İş yerinə çatan kimi İlham soyunub girir palçıq dərəsinə. Deyir ki, yarım saat işləmişdik ki, bir də gördüm Əminə evdən çıxıb əlində bir stul yüyürür dərəyə sarı və uzaqdan qışqırır: “Ədə, İlham, sən çıx dərədən, sənə olmaz, sən müəllim oğlusan…”.

Əminə qız vaxtı kənd məktəbində xadimə işləmişi, yəni Kamil müəllimin işçisi olmuşdu…

Bunları yazdıqca ağladım…. Allah ölənlərə rəhmət eləsin, qalanlara da rəhm eləsin…

Yaxşılıqları unutmayaq. Adamlara damğa vurmağa yox, onların tanımağa, onlarda olan yaxşını görməyə tələsək…

04. 02. 2024, Samara

«ALÇANIN ALTINDA, HİSLİ OCAQDA…»

20230721_135628

Alçanın altında, hisli ocaqda,
Bəlkə otuz ildir qalaylanmayan,

Qədim mis qazanda, tavada ya da,
Xörək bişirərdi yay günü anam.

+

Əlinə gələndən ataraq qaba,

Pörtər, qızardardı, ya qaynadardı.

Yeməyin ətriylə dolardı hava,
Ləzizdi, lətifdi, yoxsa da adı…

 +

Ana yeməyinə, ev xörəyinə,
Həsrətəm, hərçənd ki, qarnım ac deyil.

Nə qədər səy ilə bişirəm, yenə,

Ətri heç, dadı da yoxdur elə bil…

 +

Hisli ocaq üstdə mis qazan asıb,

Mənə ləziz xörək bişirənlərim!

Məməm, Sübü bacım, Ağənnə bacım!

Əzizdim, yuxarı başda da yerim…

 +

Kəndə gəlib çıxsam möcüzə ilə,

Məni çaşqın görən sayar yol azan,

Nə ocaq qalıbdir, təndirimiz nə,

Türklərə satılıb bəlkə mis qazan…

 +

Özümü toplayıb it hürüşməyən,

Bir həyətə bəlkə orda  girərəm.

Qaz pilətəsində qaynayan, bişən,
Xörəkdən çəkərlər, alıb yeyərəm…

 +

Nə iştah duyaram, dad bilərəm nə,
Dinməz gəvələrəm qabımdakını,

Sonra kənd yoluna çıxaram yenə,

Qəbiristan sarı yol çəkər məni…

 +

Bilmərəm ki, məni tanıdılarmı,
Saydılar yol azmış yolçu ya da ki.

Dedilər bəlkə də: “Olsun haramı,

Boş əllə gəlmişdi, yedi mal kimi”…

 12. 12. 2023, Samara

TÜKƏZBAN XALANIN XATİRƏSİNƏ

18.11. 19

“Ədə, nöş gəlməmişdin,

Millət var idi bizdə…

Yanmışın adı nədi…

Zeynab… tuman da dizdən…”

 +

Özü çox vaxt ertədən,

Qapımıza gələrdi,
Televizora hökmən,

Bizi dəvət elərdi.

 +

Futbol olsun, ya konsert —

Yarıkənd olardı cəm,

O əsl  mədəniyyət,

İdman naziriydi həm.

 +

Gülər üz idi özü,
Dəvətsiz gələnə də.

Oğlu Məmmədhüseyn,

Səmayə gəlini də.

 +

Nə qədər axşamları,

Keçirdim o evdə mən…
Cib yaylığından iri,
Deyildi bəlkə ekran,

 +

Böyük mədəniyyəti,
Sığışdırırdı ancaq,
Anladırdı ruh nədir,
Nədir saf, nədir uca…

 +

Atsa da həyat yolu

Uzağa —  unutmadım,

Üzü qırışla dolu,
Həzin səsli arvadı.

 

13.06. 2023, Samara