Архив тегов | Ərəbqardaşbəyli

DOSTUM İLHAMIN 70 İLLİYİNƏ. «ƏDƏ, SƏN DƏRƏDƏN ÇIX, SƏN MÜƏLLİM OĞLUSAN…»

İLHAM-colorized

Bu gün İlham Kamil oğlu Ağayevin 70 yaşı tamam olur. Biz yaşıdıq – mən ondan iki ay yarım böyüyəm, ancaq bir il qabaq məktəbə getmişəm.

Mən kəndimizdəki cavanların tanımadıqları, yaşlıların unutduqları İlhamdan danışmaq istəyirəm.

İlham uşaqlığından işlək, zirək və işində çox səliqəli idi. Dəmir kimi biləkərində fövqəladə güc vardı.  Kamil müəllim uşaqlarını işsiz qoymurdu. Qonşular, qohumlar çağııranda da İlham gedib işləyirdi. Bəlkə indi az adam inanar ya heç kim inamaz, ancaq mən də İlhamla birgə mərhum Gülağanın, Ağası müəllimin, Rasimin, Cəlilin evlərinin tikintisində — kərpic kəsiləndə. Barı hörüləndə, suvaq vurulanda – işləmişəm. İlham hər ağır işin öhdəsindən gəlirdi. Məni ayrıca köməyə çağırmırdılar, mən İlhama qoşulub gedirdim. Ən çox rəhmətlik Rasimin evinin barısında işləmişik. O vaxt mən də siqaret çəkirdim. Günortaya qədər siqaretltlərmizi çəkib qurtarır, nahardan sonra evin özülünə tökülmüş tüləklərimizi yğıb çəkirdik… Rasim də bizim siqaretimizi çəkirdi. Razim çox sarafatcıl adam idi, işləyə-işləyə danışıb bizi güldürürdü. Ancaq rəhmətlik bərk adam idi…

Ərəbqardşbəylidə kim bərk deyil ki?

Hə, bir neçə dəfə İlhamla qonşu Əlyara da kömək eləmişik, deyəsən, növbəti tikili üçün kərpic kəsirdik. Bir dəfə işdən sonra rəhmətlik Əlyar “heyf ki, sənəimi atdım” deyib qarmonunu evdən götürüb oturduğumuz aynabəndə gətirdi. İlham da, mən də qarmon çala bilirdik. Qarmonu alıb baxanda məəttəl qaldım. “Əlyar, bunun yarımdilləri qoxdur ki?!” Əlyar sakitcə dedi: “Hə, yoxudur”.

Əlyar gəncliyində kəndin xınayaxtılarında qarmon çalırmış. Sonralar Rusiyada naməlum şəkildə ölmüş ya öldürülmüş surralı Fərhad isə balaban çalırmış…

Əlyar bir dəfə İlhamı Salyabstroya (Kürkənd?) aparır. Bacısı Əminə təzə ev üçün kərpic kəsdirirmiş. İş yerinə çatan kimi İlham soyunub girir palçıq dərəsinə. Deyir ki, yarım saat işləmişdik ki, bir də gördüm Əminə evdən çıxıb əlində bir stul yüyürür dərəyə sarı və uzaqdan qışqırır: “Ədə, İlham, sən çıx dərədən, sənə olmaz, sən müəllim oğlusan…”.

Əminə qız vaxtı kənd məktəbində xadimə işləmişi, yəni Kamil müəllimin işçisi olmuşdu…

Bunları yazdıqca ağladım…. Allah ölənlərə rəhmət eləsin, qalanlara da rəhm eləsin…

Yaxşılıqları unutmayaq. Adamlara damğa vurmağa yox, onların tanımağa, onlarda olan yaxşını görməyə tələsək…

04. 02. 2024, Samara

«ALÇANIN ALTINDA, HİSLİ OCAQDA…»

20230721_135628

Alçanın altında, hisli ocaqda,
Bəlkə otuz ildir qalaylanmayan,

Qədim mis qazanda, tavada ya da,
Xörək bişirərdi yay günü anam.

+

Əlinə gələndən ataraq qaba,

Pörtər, qızardardı, ya qaynadardı.

Yeməyin ətriylə dolardı hava,
Ləzizdi, lətifdi, yoxsa da adı…

 +

Ana yeməyinə, ev xörəyinə,
Həsrətəm, hərçənd ki, qarnım ac deyil.

Nə qədər səy ilə bişirəm, yenə,

Ətri heç, dadı da yoxdur elə bil…

 +

Hisli ocaq üstdə mis qazan asıb,

Mənə ləziz xörək bişirənlərim!

Məməm, Sübü bacım, Ağənnə bacım!

Əzizdim, yuxarı başda da yerim…

 +

Kəndə gəlib çıxsam möcüzə ilə,

Məni çaşqın görən sayar yol azan,

Nə ocaq qalıbdir, təndirimiz nə,

Türklərə satılıb bəlkə mis qazan…

 +

Özümü toplayıb it hürüşməyən,

Bir həyətə bəlkə orda  girərəm.

Qaz pilətəsində qaynayan, bişən,
Xörəkdən çəkərlər, alıb yeyərəm…

 +

Nə iştah duyaram, dad bilərəm nə,
Dinməz gəvələrəm qabımdakını,

Sonra kənd yoluna çıxaram yenə,

Qəbiristan sarı yol çəkər məni…

 +

Bilmərəm ki, məni tanıdılarmı,
Saydılar yol azmış yolçu ya da ki.

Dedilər bəlkə də: “Olsun haramı,

Boş əllə gəlmişdi, yedi mal kimi”…

 12. 12. 2023, Samara

TÜKƏZBAN XALANIN XATİRƏSİNƏ

18.11. 19

“Ədə, nöş gəlməmişdin,

Millət var idi bizdə…

Yanmışın adı nədi…

Zeynab… tuman da dizdən…”

 +

Özü çox vaxt ertədən,

Qapımıza gələrdi,
Televizora hökmən,

Bizi dəvət elərdi.

 +

Futbol olsun, ya konsert —

Yarıkənd olardı cəm,

O əsl  mədəniyyət,

İdman naziriydi həm.

 +

Gülər üz idi özü,
Dəvətsiz gələnə də.

Oğlu Məmmədhüseyn,

Səmayə gəlini də.

 +

Nə qədər axşamları,

Keçirdim o evdə mən…
Cib yaylığından iri,
Deyildi bəlkə ekran,

 +

Böyük mədəniyyəti,
Sığışdırırdı ancaq,
Anladırdı ruh nədir,
Nədir saf, nədir uca…

 +

Atsa da həyat yolu

Uzağa —  unutmadım,

Üzü qırışla dolu,
Həzin səsli arvadı.

 

13.06. 2023, Samara

 

«SÜLEYMAN OLAN YERƏ DEYƏRDİM MƏNİ GÖNDƏR…»

    Süleymanın xatirəsinə

Bir əsr ötdü, qardaş —

Gör haçandır  sən gedən!

Elə çoxalıb ki, yaş,

Düzü, utanıram mən…

 + 

Getmirəm daha yurda,

Məmə köçüb gedəndən.

Kənd hələ yadımdadır,

Unudulubdur Vətən.

 +

Avtovağzala çatıb,
Avtobusdan düşərkən,

Məni qarşılasaydın,

Gələrdim yenə bəlkə.

 +

Orda məni axtarır

Bəlkə ölüm mələyi,

Kimsə qalmayıb axı,

Yerimi bilib deyə.

 +

Düşüb qarabaqara,
İzimə, gəlsə əgər,

Süleyman olan yerə,
Deyərəm məni göndər…

 

11.02. 2023, Samara

    “ŞƏHƏRDƏ ƏJDAHA TƏBİƏTİ VAR…”

                       Seyfulla Süleymanlıya

Gəlmisən böyük bir şəhərə, kəndin,

Uzaq olmasa da, qalıb arxada.

Bir neçə milyonun birisən indi,
Hamı hərəkətdə, hər kəs axarda.

 +

Şəhərdə əjdaha təbiəti var,
Səni uda bilər başlı-ayaqlı.

Ya da ki, çeynəyər, gəvələr, atar,
Zədəli, ağrılı, ürəyi dağlı.

 +

Başla yubanmadan  mübarizəni,
Vermə rəqibinə zaman möhləti.

Dolsun enerjiylə əzələlərin,
İrəli addımla əzmli, qəti.

 +

Cəld və amansız ol bank yaran sayaq.
Mənimsə şəhərdə nə varsa yaxşı.

Elmə iti olsun tamahın ancaq,

Biliyin üstünə qırğı tək şığı.

 +

Ata hesabından pul çıxaran tək,
Özününkü elə mədəniyyəti,
Şubert havasıını ciyərinə çək,
Hopdur ürəyinə incəsənəti.

 +

Mahir detektiv tək dolaş şəhəri,
Onun sirləri var özü tək qədim.

Səylə tədqiq elə tikililəri,
Öyrən kərpic qoyan, suvaq çəkən kim.

 +

Ayaq izləri var səkilərində,
Barmaq izləri var divarlarında.

Öyrən bu izlərin sahibi kimdir,

Öyrən tarixini adamların da.

 +

Açıq ol dünyaya, dinlə, bax, oxu,

Nə duysan, anlasan, yaddaşına yığ.

Yaddaşdan qiymətli xəzinə yoxdur,

Yaddaş zəngindirsə — diriyik, sağıq.

 +

Mənimsə şəhəri qarış-qarış sən,
Özününkü elə yaxşı nəyi var.

Gününü qonaq tək əgər keçirsən,

Günlərin bir günü çeynəyib atar —

Şəhərdə əjdaha təbiəti var

24.12. 2022, Samara

QARDAŞOĞLU MÜBARİZƏ CAN SAĞLIĞI ARZUSU

Eşitdim, qardaşoğlu,
Azarlamısan bir az.

Tezlilkə sağalıb dur,

Danış, gül, əylən və gəz!

 +

Hər səhər durunca ye,
Günorta olunca ye.

Canı salma gücə, ye,

Az-az, incə-incə ye.

Kəs həyətdən cücə, ye!

 +

Qatığa meylin artsın,

Çoxlu göyərti də ye.

Bildirçin yumurtası,
Qırqovul əti də ye!

 +

Cilovla tamahını,

Çox şor, çox acı yemə,

Ertədən ye şamını,
Yağlı şey gecə yemə.

 +

Bundan sonra bir daha,
Kombayna minmə, bəsdir!

Əl çəkməsə yaxandan,

Apar dağlara, azdır!

 +

Üç-dörd yaxşı tilov al,
Get Kürün qırağına.

Dincəl, saatlarla qal,

Çəkinin marağına!

 +

Girmə ağır işə sən,

Sənlik deyil şum, alaq.

Yüngül idman eləsən,

Cana xeyri olacaq.

 +

Deyinəndən uzaq qaç,
Nə də ki, özün deyin.

Hər şey burda qalacaq –

Yaxşı ye, yaxşı geyin!

 18.11. Samara

YENƏ QIŞQIRIRDI ANAM YUXUMDA…

Yenə qışqırırdı yuxumda məməm,
Deyirdi: “Hardasan, gəl, ay Süleyman!”

Harayı gəlirdi mal yatağından,

Qaçdım başılovlu, qaranəfəs mən.

Aşıb süd vedrəsi, yerdə ağartı.

Sarsıldım süd üstdə qanı da görcək.

Alıb buynuzuna dəlisov inək,
İndicə çırpacaq yerə arvadı…

Diksinib ayıldım, məməmin səsi,

Getmirdi hələ də qulaqlarımdan.
Yerə süd dağılıb, süd üstündə qan,
Yandırır içimi ana tənəsi.

Sağ ikən məni də çağırıb anam,

Buynuza sancılıb hərlənən zaman.
Süd yerə calanıb, südə axıb qan,

Haray eşitsəm də, ayılmamışam.

Qışqırır, qışqırır məməm yuxumda,

Diksinib dururam, ağlayıram da.

O südü torpağa mənəm caladan,
O qanı süd üstə mənəm axıdan…

18.12. 2021, Samara

NƏVƏSİNİ İTİRMİŞ QONŞUMUZ QİSMƏT HÜSEYNOVA

Ağamoğlan Kərimov

Çiynində dünyanın ağırlığı var,

Əliboş getməyin özü çətindir,

Bir çəngə otu da mal qabağına,
Qaldırb atmağa heyin yox idni.

                      ———

Divara söykənib baxırsan yola,
Görür, tanımırsan kim keçib gedir.

Hərdənbir dayanıb kimsə salamlar:

“Nə var, Qismət dayı, kefin necədir?”

                          ——

Axar gözlərinin yaşı sel kimi,
Ovcunla sildikcə dayanmaz, axar,

“Ay bala, görürsən necəliyimi,
Mənə indən belə nə gün var daha…”

                     ——-

Nə Şuşa görmüsən, nə də Kəlbəcər,
Ağdamda olmusan nə də bir dəfə.

Gördüyün Salyandır, bir də deyirlər,
Xəstə aparmısan İran tərəfə…

                           ————

Cənnət Qarabağdan nə gül üzmüsən,
Dərman havasını udmusan nə də.

Əsgər göndərmişdin, gəldi üstünə,

Tabutu bayrağa bürünmüş nəvə.

                              —-

“Ağamaoğlan!” deyib, qonşu, ağlama,

Nə qədər ağlasan, qayıdan deyil.

Zirvə söhbətinə bel də bağlama,
Tanrıya məlumdur hamının yeri.

                             ——

Təzə güllər apar qəbrinin üstə,

Ələ al özünü, qonşum, ağlama,
Salam verib-alsan, üzün də gülsə,
Bəlkə də xoş gedər Ağamoğlana…

19. 12. 2020, Samara

ZEYNƏB XANLAROVA

05.07. 2019

        1960-cı illər

Kosmosa uçan il Yuri Qaqarin,
Kennedi ağ evə gəldiyi vaxtda,
Bizim xalqımız da qalmadı geri,
Böyük bir hadisə yaratdı o da.

=

Radio vardısa evində kimin,
Bir gün eşidildi səsi Zeynəbin.

Bu səs oxşamırdı heç kimininkinə,

Bu həm doğma səsdi, həm də əcnəbi.

=

Dinəndə çaşdırar, məəttəl qoyar,
Başında tükləri ürpədər həm də.

Oxuyan nə Fatma Mehralıyeva,

Nə Şövkət, nə Sara, Tükəzban nə də.

=

Yoxdu televizor kənddə o vaxtlar,
Şəklini görən də Zeynəbin azdı.

Tək-tük qrammafon valı alanlar,

Görə bilərdilər şəklini üzdə.

=

Bu zalım qızıının, deyirdi hamı,
Bəlkə də gözəldir özü səsindən.

Baxışı ilan tək çalır adamı,
Bir də görürsən ki, alışır bədən…

=

Gəldi televizor dövranı sonra,

Kimin gücü çatdı, aldı kənddə də.

Cib dəsmalı boyda ekran, ağ-qara,
Verdiyi sevincsə dünyalar qədər.

=

Leonid Brejnev, Axundov Vəli —

Rəhbərlər gəldilər evlərə birdən.

Hərdən Əliağa, hərdən Lütvəli,

Gəldi Nəsibəylə  Bəşir də hərdən.

=

Yığışıb qonşuda futbola baxdıq,
Ağladııq baxaraq “Leyli-Məcnun”a.

Gözlədik il boyu Məşədibadı,

Gülüşdük qarnımız cırılanacan…

=

Sonra  qasırğa tək gəldi elə bil
Xanlarova  Zeynəb televizora.

Tanrı qəzəbi tək tək şığıdı qəfil,

Gəldi, camaatı saldı azara.

=

Qolu, çiyni açıq, sinəsi açıq,

İşvəli gözlərdə ocaq qalanmış.

Vardısa bir azca müsəlmançılıq,
Çıxdı axırına əndamı yanmış.

=

Dayanan deyilmiş səhnədə müti,

Açdı qollarını, oynadı zalım.

Sən bu kişilərdə gör məşəqqəti,

Hərənin çəkdiyi içində qalıb.

=

Baxır qaşqabaqlı Məmmədhüseyn,
Deyir «kim buraxır bunu bu halda”.

Qardaşı Ərəstun gülür, əksinə,

Deyir “səsi qəşəng, oynamağı da”.

=

“Sakit olun!” deyir Böyükkişə,
Özü oxuyandır, dəyər verəndir.

Ətirlənib gəlib, əyni də təzə,

Zeynəb ona baxır elə bil indi…

=

Durub qabağında televizorun,
Özünü Zeynəbə oxşadır Atlas.

Deyir məndə ola bəzəyi bunun,
Vallah,  gözəllikdə mənə tay olmaz…

=

Başını bulayır Tükəzban xala,
Düşür sümüyünə səsi Zeynəbin.

Deyir “əyni-başı abırlı ola,

Neynək, oynasın da, axı nə eybi…”

=

Əlini əlinə vurur Şiralı,
“Yaxşı qulaq asın, deyir, mənə siz,

Bizim qız-gəlin də, daha az qalıb,

Belə geyinəcək, görəcəksiniz…”

=

Əsəbi qatılır debata Yavər.

 “Əşşi, bir köpüklük oxuyan deyil”.

Əsir dodaqları, üzü, boynu tər,

Şeytanla döyüşə girib elə bil…

=

Gəldi dağlı qızı, gəldi qəfildən,
İtirdi özünü bizim kənd yazıq.

Dəyişdi baş-beyin, dəyişdi bədən,

Dəyişdi hərarət, nəbz və təzyiq.

=

Bilindi su deyil axan damarda,
Qandır — qaynamaqdır qanın xassəsi.

Günahkar yaradıb bizi yaradan,
Günah tək şirindi Zeynəbin səsi…

06-08. 09. 2020, Samara