Архив тегов | Ərəbqardaşbəyli

ƏRƏBQARDAŞBƏYLİ, SENTYABR, 1963

                      yaddaşdan səhnələr

 

Qiyamət qopurdu hər gün heç nədən,

Evimiz təzəydi,  həmindi rəftar.

Ölmək istəyirdim həyat görmədən,

On yaşa çatmağa  hələ üç ay var…

 

Matros köynəyində qabardıb sinə,

Gəzir kənd-kəsəyi Əkbər Bədəlov.

Baltik ya da Şimal donanmasında,

Dörd illik xidməti bitirib gəlib.

 

Kənddəki ikicə QAZ 51-in,

Birinə qız-gəlin dırmaşıb dolur.

Gestapoçu kimi durub briqadir,

Yuyulmamış ağzı söyüşlə dolu.

 

Ayından-oyundan büküb əskiyə

Tezdən arvad-uşaq gedir pambığa.

Çoxunun naharı para çörəyə

Yaxılmış duzlu şor, bir də baş soğan…

 

Qapançı, təhkimçi, partkom, aqronom.

Onları çəkidə aldadacaqlar,

Kommunist biletli, haram pul qıran

Arvad haqqı yeyən harın qoçaqlar,

 

Hamı qaşqabaqlı, acıqlı nəsə,

Gülən olursa da, özgəyə gülər.

Dolayıb əlinə mal ciyəsini,

Qonşu arvadını qovur hər səhər…

 

Gah orda, gah burda qopur çığırtı:

“Tezliklə, ay uşaq, parçalanasan!”

Uzanır davası iki arvadın:

“Görüm bir əlcəklə yuyula nəslin!”

 

Yenə yetirilmir beşillik plan,

Kənddə un çatışmır, şəhərdə çörək.

Böyük tənəffüsdə yavan yeyilən,

Çörəyin yarısı bəlkə də kəpək.

 

Şalvarının dalı, dizi yamaqlı,

Mal qoşur naxıra kənd kişiləri,
Ayağı qaloşlu, əli çomaqlı —
Sanki hamısının yaşları birdir.

 

Bir növ Hayd Parkdı naxır qabağı,

Burda qızışırdı debatlar hər dəm.

Burda Kennediyə qınaqlar yağır,

İmperializm pislənirdi həm…

 

Kilometr idi məktəbin yolu,

Təlaşla gedirdim onu həmişə.

Rastıma çıxan bir qurumsaq oğlu.

Qorxurdum boyuma yenə sataşa…

 

Nəfəsi tütünlü, gur öskürəkli,

Müəllim gəlirdi – sinif cəhənnəm.

Çubuqdan qaçırdı təkcə zirəklər,
Mən də zirək idim… Vəhşi idim həm…

 

Sentyabr ayı, nar bol, üzüm bol,

Nədənsə bir təlaş didir ürəyi.

İki ay çəkməz ki Əkbər Bədəlov,

Tuş gələr yanlış və qəfil gülləyə…

 

11.09.2016

Samara

 

 

QARA BAYRAMIN GƏLİR..

ANAMIN XATİRƏSİNƏ

8

 

Qocanın atılmışı –

Sənə asanmı gəlir?

Səhərin açılmamış,

Qərib axşamın gəlir.

 

Çay-çörəyin gecikir,

Şişir, udulmur tikə,

Süfrənə elə bil ki,

Öd dolu camın gəlir.

 

Gözün yola zillənir,

Sözün öz-özünlədir.

Nə yazan, nə zəng edən,
Nə bir adamın gəlir.

 

Məmə, yaz gəlir yenə,

Qəbrin otla bürünər.

Getdi qara günlərin,

Qara bayramın gəlir.

 

    27.02.2016 Samara

 

 

SƏN QEYRƏTLİ KİŞİ İDİN…

   qardaşım Seyfullanın xatirəsinə

 

Sən qeyrərtli kişi idin,

Yaradandın, qurandın.

Yerlə, göylə əlləşirdin,

Nə gərəksə, varındı.

 

Yuxudasan on beş ildir —

Yuxu sevən deyildin.

Yatır atan, qardaşın da,

Yoxdu səni ayıldan…

 

İndi, qardaş, qəbrin üstdə

Tikan, şoran göyərib.

Gələn-gedən belləsə də,

Yenə bitir şoğərib.

 

Fağır, qərib təbəssümün,

Donub qalıb daşında.

Hardasansa, üzün gülsün,

Qardaş, səksən yaşındı!

14 noyabr 2015

 Samara

ƏLİMİ SİNƏNƏ QOYUB BİR ARA…

ANAMIN XATİRƏSİNƏ

               6

Əlimi sinənə qoyub bir ara,

Biləyini sıxdım – nə nəfəs, nə nəbz.

Boynunda haçandan çırpınan damar,

Dərinin altında indi görünməz.

===============

Öpdüm yanağından – soyuyub gedib,

Gedib can istisi, yay istisi də.

Mənimsə alnımı bir öpüş yeri,
Yandırar, ömürdən illər ötsə də…

 

04.10. 2015 Samara

SİNOPTİKLƏR KƏNDƏ YAĞIŞ DEYİRLƏR…

ANAMIN XATİRƏSİNƏ

              4.

Sinoptiklər kəndə yağış deyirlər,

Yağış da başladı kənddə, dayanmır.

Yolları istəyər keçəndən hünər,

Bəzən bir neçə gün işıq da yanmır.

======

Axşama bənzəyər gündüzü kəndin,

Nə ay işiqlanar, nə ulduz amma.

Gur yağış ikinci günə keçəndə,

Qədim evimizin damından damar.

======

İsladar tavandan süzülən sular,

Qədim şifoneri, yatağı-yeri.

İslanar kitabla dolu qutular,

Nəm çəkər dünyanın klassikləri.

========

Neçə ildlən bəri ilk dəfədir ki,

Qorxmuram mən hava proqnozundan.

Yox daha günlərlə yola göz dikib,

Çürük tavan altda yaşayan insan.

=========

Qədim evimizi Nuh seli yuya,

Nigaran deyiləm anamdan daha.

O köçən dünyanın yox qışı, yayı,

Nə payız var orda, nə də ki bahar…

25.09. 2015 Samara

DOYUB SƏRİN SUDAN, DOYUB GÖY OTDAN…

SENTYABR 2016 MƏMƏ

ANAMIN XATİRƏSİNƏ

            2

Doyub sərin sudan, doyub göy otdan,

Qazlar arx döşündə düşərgə salıb.

Qoyunlar yatışıb söyüdün altda –

Mənzərə elə bil yüz ildən qalıb.

====

Çıxıram – bəlkə də bu son dəfədir,

Yox daha yanına döndüyüm insan.

Dişsiz ağzı ilə alnıma hər il,

Xeyir-duasını möhür tək basan.

======

Daha bu ağızda nə qınaq dinər,

Nə də dualarla çağrılar adım.

Özüm öz əlimlə ulduz öləndə,

Köhnə yaylığıyla sıxıb bağladım…

11-12 sentyabr 2015, Samara

  USTA

İbrahimi 1968-ci ildən tanıyıram, Əlibayramlıda pedaqoji məktəbdə oxumağa başlayandan. Məndən bir il əvvəl girmiş İbrahim Salyandan olduğumu bilib özü mənə yaxınlaşmış, məni öz “dəstələrinə” qatmışdı. Dəstə İbrahimin kəndlisi və sinif yoldaşı Telman Süleymanovdan və Aşağı Surralı İnqilab Əsgərovdan ibarət idi. Və maraqlı burasıdır ki, bu kiçik dəstə də, bütün qrupları da İbrahimə o vaxt “usta” deyirdi. İbrahimin yaşı o vaxt on altı ilə on yeddi arasında idi. Ancaq ustalığına söz ola bilməzdi…

“Usta” ərəbcə müəllim deməkdir, hərçənd “müəllim” də ərəb sözüdür. Əslində “usta” və “ustad” sözləri dəyişik şəkildə işlənən bir sözdür. İbrahimə bu sözlərin hər biri yaraşır İbrahim müəllimə. O, 44 ildir müəllimdir. Atası mərhum Əsəd müəllimin müəllimliyini bura qatsaq, Hüseynovlar ailəsinin pedaqoji stajı bir əsr çıxar. Mən onu adıyla çağırıram və bu mənim üçün fəxrdir. Usta, ustad, müəllim İbrahim mənim dostumdur.

Mən mərasimləriə o qədər də əhəmiyyət vermirəm, yas mərasiminə də. İnsana qayğı sağlığında daha çox lazımdır. Ancaq anamın yas günlərində İbrahimin yanımda olmağı mənə çox təsəlli oldu.

İndi İkinci Qaralı məktəbinin direktoru olan Telman Süleymanova da yaddaşı, sevgisi üçün çox minnətdaram.

İnqilab səhhətinə görə gələ bilməmişdi. Ona can sağlığı arzulayıram.

Sağ ol, İbrahim!

Ömrün uzun olsun, Usta!

11.09. 2015 Samara

IBRAHIM 1

IBRAHIM 3İBRAHİM TELM.IBRAHIM 2

YAŞINI DAŞINDA GÖRƏN YAD İNSAN…

ANAMIN XATİRƏSİNƏ

Yaşını daşında görən yad insan,

“Mənə də bu qədər” deyər həsədlə.

Başın çəkənləri yazıya alsan,

Bu daşdan mini də çətin bəs edər.

10.09.2015 Samara