Архив тегов | dolma festivalı

DOLMA BİZİMDİR? YARPAQLARI YA ƏTİ? BİZİMKİ ŞORDUR, ŞORDAN BƏRK YAPIŞAQ…

Belə görünür ki, Azərbaycanla Ermənistan arasında bütün mübahisəli məsələlər həll olunacaq, hətta ermənilər konstitusiyalarına dəyişiklik edəcəklər. Bəlkə də həll olunmamış bir məsələ qalacaq ki, o da dolmadır. Yəni dolmanın məxsusluğu, harda, kim tərəfindən icad edildiyi, yəni döyülmüş ətin kim tərəfindən yarpağa bükülüb bişirildiyi. Bu, çox prinsipial məsələdir və ermənilər dolma müəllifliyini neftə, qaza da dəyişməzlər. “Millət acından qırılır, çörək tapmır yeməyə” deyən azərbaycanlılar səsləri aclıqdan zəifləsə də, ədalətli iddialarını dünya ictimaiyyətinə çatdırmağa çalışırlar: “Dolma bizimdir…”

Təxminən on beş il əvvəl Novruz bayramı günlərində yaxın bir tanışım qabağıma çıxdı. Dostuna dəyib bayramlaşmaq istədiyini deyib təkid elədi ki, onunla gedim. Dostugilə gəlib gördük ki, ev sahibi iş dalınca gedib, arvadı dilə tutdu ki, bir az oturaq. Çay verdi, sonra kiçik boşqablarda dolma və çörək gətirib dedi ki, bu, bayram yeməyidir, gərək hökmən yeyək. Məni ora aparan yoldaş yeməyə girişib mənə göz elədi ki, ye, yoxsa inciyərlər. Yoldaş dolmanı yarpaq qarışıq yeyirdi, mən isə mədəm nasaz olduğuna görə gərək əti yarpaqdan çıxaraydım. Başladım dolmanı soyundurmağa. Yarpağı yarpaq dalınca çəkib açıram, ət görünmür. Axırda, sonuncu yarpağın üstündə xardal tumu boyda ət çıxdı…

Mən məktəbə 1960-cı ildə getmişəm. Ona qədər olanlardan yaddaşımda çox az şey qalıb. Ancaq sonralar Kür yuyub aparan köhnə evimizin həyətində duzlanmış balıqla dolu çəlləklərin olduğu yadımdadır. Mən yaşda və məndən daha yaşlı adamlar təsdiq edərlər ki, mənim dədəm kasıb olmayıb, və evdə yemək də qıt deyildi. Bunu ona görə deyirəm ki, mən kasıblıqdan danışanda öümüzü ya hər hansı başqa ailəni nəzərdə tutmuram. Ümumilikdə və orta hesabla götürsək, bizim kənd, yəqin ki, Azərbaycan kəndlərinin əksəriyyəti kimi, 60-cı illərdə kasıb və hətta çox kasıb idi. Kənd mağazasında, əlbəttə, soyuducu yox idi, kərə yağı elə piştaxtanın üstündəki yastı qaba qoyulurdu, yağ isti havalarda əriyirdi və tədricən tünd yaşıl rəngli kiflə örtülürdü. Kilosu 3 manat 60 qəpiyə olan yağı almağa kəndçilərin əksəriyyətində pul yox idi. Bəzi ailələr əti qurban kəsiləndən-kəsilənə yeyirdilər, qurbanı isə kənddə tək-tük kəsən olurdu. Hərənin beş-on qoyunu vardı ki, onlar göz bəbəyi kimi qorunurdu. Qoyunsuz həyətlər də var idi. Qoyun ətinin dövlət qiyməti 1 manat 60 qəpik, mal əti 1 manat 80 qəpik idi. Ancaq dövlət qiymətinə əti ancaq iri şəhərlərin mağazalarında almaq olardı, o da həmişə yox.

Mən xingəlin ətli xörək olduğunu çox sonralar bildim, bizdə xingəl yağlanıb üstünə sarımsaqlı qatıq tökülən xəmir xörək idi…

“Çörəkqatığı” sözünü bilən var? Kənddə bu yeməyi tez-tez bişirərdilər. Yəni bu, ətsiz sup idi. İçinə “əlinə gələndən” atılırdı. O cümlədən göyərti, turşu. Soğan qovrulurdu. Olurdu yavanlıq. Çörəyinə qatıq. Mənim məməm də hərdən çörəkqatığı bişirərdi. İndi olsaydı, gözümə təpərdim, ətsiz də olsa…

Ətli xörəklər, şübhəsiz ki, Azərbaycanda olub, ancaq xalq mətbəxində olmayıb. Axı heç xalqın mətbəxi də olmayıb… Məmmədhəsən əminin evini gözünüzün qabağına gətirin, itmiş eşşəkdən ötrü ağlayıb üzülmüş Əhməd anasından yemək istəyir, anası nəlbəkiyə qatıq töküb qoyur qabağına…

Belə qidalanan insanların əlli yaşa çatmamış bellərinin bükülməyi, əllilni keçər-keçməz azara düşməyi, ölməyi təsadüfidirmi?

Azərbaycanlının kasıblığının səbəbləri çoxdur, bunlar kompleks şəkildə baxılmalıdır. Bu mənim yazımın məqsədi deyil. Mən demək istəyirəm ki, xalqımız ətyeyən xalq olmayıb. Dolma, başqa ətli xörəklər kimi, seçmə adamların yeməyi olub…

Yetmişinci illlərdə kənd toyları  da “məclis” formatına keçdilər, bundan sonra kənd toyu ümumxalq şənliyi deyildi. Və o vaxtdan “yeddi-səkkiz cür yemək”, “boğazacan yedik”, “töküldü qaldı”, “əti, balığı, kürüsü… ürəyin nə istəsə” kimi söhbətlər kənd həyatının daimi mövzularına çevrildi. Ailədən bir nəfər qalan beş, altı, yeddi ailə üzvünün boğazından kəsərək o toya gedir və qarnı tutduqca yeyir və insan mədəsinin çox kiçik olduğuna təəssüf edirdi…

Sonra şadlıq sarayları yarandı. Orda da vur-çatlasın, töküldü qaldı və s.

Və eyni zamanda xalq zarıyır ki, “acından qırıldıq”. Bığıburmakişilər uşaqpulu davası eləyirlər, dünən erməniyə od qoymuş qəhrəman əsgərlər Mehriban xanıma yalvarırlar, özlərini yandırırlar…

Dolmanı kim yeyir? Ayda ya ildə neçə dəfə yeyir? Ya neçə ildən bir?

Əlbəttə, bizdə tənək yarpağı çoxdur, bütün dünya ermənilərini dolma kimi bükə bilərik. Təəssüf ki, dolma təkcə yarpaqdan olmur, dolmanın gərək əti ola… Hərçənd yarpaqların arasına keşniş tumu boyda ət qoyub dolma adlandıranlar da var…

Ermənilər özlərini öyməkləri ilə ad qazanıblar. Bu belədir. Ancaq biz özümüzü onlardan az öymürük. Biz niyə dolmanın davasını eləyirik? O dolma davasına çıxanla əvvəl maraqlansınlar ki, Azərbaycanda adambaşına nə qədr ət yeyilir. Rəsmi statistikaya görə ermənistanda olduğundantəxminən on beş kilo az. Ancaq bu rəqəmlər özü də tam həqiqəti əks etdirmir. 40-43 kilo ət orta hesabladır. Yəni o demək deyil ki, hər adama bu qədər ət düşür. Bəlkə elə ailələr var ki, onlar  heç ildə beş kilo ət almırlar. Başqa ailə orta hesabla olduğundan dəfələrlə çox yeyir. Uzağa, dərinə getməyək, kababxanaların daimi müştərilərini, quzu, hətta ceyran ətiylə can bəsləyənləri götürək…

Nə demək istəyirəm? Gəlin dolma üstündə dava eləməyək. Dolma söhbəti ancaq bizim eybimizi aça bilər. BMT işə qarışar, ekspertlər gəlib bir-bir soruşarlar, kim haçan dolma yeyib. Mən şəxsən haçan dolma yediyimi xatırlamıram. Məməm 2009-cu ildə ağır xəstələndi və bindan sonrakı illərdə, yəni 2015-ci ildə ölənəcən yay məzuniyyəti vaxtı yeməyi özüm bişirirdim. Əlbəttə, dolma yox. Məməm azarlayanacan bişirərdi, özü də dolmanın əti keşniş tumu boyda deyildi, yekə, lap yekə olurdu… Vallah…

Yox, dolma bizlik deyil. Bizim xalq yeməyi şordur. Ona heç kim iddia edə bilməz. Eləsə, gərək bütün millət qalxa. Heç bir millət o cür möcüzəli qida məhsulunu yarada bilməz. Bir nəlbəki ilə on-on iki baş ailən yedirib doyduran əsl möcüzədir. O bizim milli sərvətimizdir, o bizim DNT-mizdir…

 

 04. 08. 2026, Samara